Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1273/2024 16.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt əsasında 12960 kub metrə görə əlavə qaz sərfiyyatına hesablanmış ümumilikdə 1555,2 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, Gəncə şəhəri, Tofiq Bağırov küçəsi, ev 153 ünvanda yerləşən fərdi yaşayış evi (aktda Gəncə şəhəri, Gülüstan qəsəbəsi kimi qeyd edilən) iddiaçının mülkiyyətindədir. Həmin ev üzrə abonent kodu **********13840 olmaqla, abonent kimi iddiaçı qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçının mülkiyyətində olan və yaşadığı sözügedən evə dair təbii qazdan istifadə qaydalarının pozulması barədə cavabdeh tərəfindən ******* saylı akt tərtib edilmiş, aktda sayğacın çıxış plastmas borusunun deşildiyi, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırıq olduğu barədə qeyd aparılmış, X1 İstismarı İdarəsi tərəfindən itirilmiş qazın bərpası hesabatı aparılaraq qaz itkisinin 12960 m3 (1555,2 manat) olması müəyyən edilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, mülkiyyətində olan Gəncə şəhəri, Tofiq Bağırov küçəsi,ev 153 ünvanında yerləşən mülkə dair Gəncə Regional Qİİ-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, xx.xx.2023-cü ildə ******* nömrəli akt tərtib edilmişdir. Tərtib olunmuş akt onun tərəfindən imzalanmamışdır. Akta əsasən guya qaz sayğacına müdaxilə olunduğu aşkar edilmiş və əlavə sərfiyyat hesablanmışdır. xx.xx.2023-cü il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib olunmuş və ümumilikdə 12960 kub metr əlavə sərfiyyat hesablanmışdır. Cavabdeh tərəfindən hesablanmış əlavə sərfiyyat tamamən qanunsuz və əsassızdır. Belə ki, o, heç bir zaman qaz sayğacına müdaxilə etməmişdir. Ona imza etdirilən akt isə sayğacın dəyişdirilməsi ilə bağlı olmuşdur. Sayğaca müdaxilə isə onu söküb apardıqdan sonra olmuşdur. Belə ki, cavabdeh tərəfindən onun mülkiyyətinə sayğac 2011-ci ilin sentyabr ayında qoşulmuş və xx.xx.2023-cü il tarixdə ******* saylı akta əsasən yenisi ilə əvəz olunmuşdur. Sayğac dəyişdirilərkən onun üzərində olan ümumi sərfiyyat 39141,7 kub metr olmuşdur. 2011-2023-cü illər ərzində ortalama illik sərfiyyat 1 ilə 3558,3 kub metr təşkil etmişdir. Yeni sayğac qoyulduğu tarixdən yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan sərfiyyat 2327,6 kub metr təşkil etmişdir. Yəni bir aylıq ortalama sərfiyyat 232,7 kub metr təşkil edir. Köhnə sayğac üzrə 1 aylıq ortalama sərfiyyat aylıq 296,5 kub metr təşkil etdiyi halda yeni sayğac üzrə 1 aylıq ortalama sərfiyyat 232,7 kub metr təşkil edir. Belə olduğu halda onun sayğaca müdaxilə etməyinə heç bir əsas yoxdur. Ödəniş cədvəlinə nəzər salınsa, görünər ki, o, aylıq sərfiyyat üzrə ödənişləri vaxtında həyata keçirmişdir. Gəncə Regional Qİİ-nin əməkdaşları tərəfindən edilmiş bu özbaşınalıq barəsində dəfələrlə ünvan 4 ünvanında yerləşən mülkə dair Gəncə Regional Qİİ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq tərtib edilmiş aktın əsli ona rəsmi olaraq təqdim edilməmişdir. Müraciətdən sonra ona təqdim olunan aktdan da aydın görünür ki, tərtib olunmuş akt qanunsuzdur. Bundan başqa tərtib olunmuş akta nəzər salınsa görünər ki, qaz işlədicilərinin orta günlük iş rejimi 24 saat və hesabat müddəti isə 90 gün kimi qəbul edilmişdir. Ümumiyyətlə əlavə sərfiyyat belə düzgün hesablanmamışdır. Yəni, X1 İstismar İdarəsinin gəldiyi nəticəyə görə evdə olan qaz işlədiciləri 90 gün dayanmadan işləmişdir ki, buda həqiqətə uyğun deyildir. Ümumilikdə ona 12960 kub metr əlavə qaz sərfiyyatı hesablanmışdır. Hesablanmış bu sərfiyyat düzgün hesablanmamaqla yanaşı, qanunsuz olaraq hesablanmışdır. Gəncə Regional Qİİ-nin əməkdaşlarının işə laqeyd yanaşması, vətəndaşları aldatması səbəbindən bu qanunsuzluqlar baş verməkdədir. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə etdi ki, iddiaçının əridir, cavabdeh təşkilat tərəfindən nə onun, nə də iddiaçının iştirakı olmadan əsassız olaraq akt tərtib olunaraq, sözügedən məbləğdə cərimə hesablanmışdır. Cavabdeh təşkilatın əməkdaşları blombun qırılaraq deşik açıldığını qeyd etsələr də, sayğaca heç bir müdaxilə olunmayıb. Sayğac evdən kənarda, küçədə yerləşir. Həmçinin, nümayəndə onu da əlavə etdi ki, iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizələrlə müraciət etsə də, sonradan ona məlum olmuşdur ki, iş materiallarında iki cür iddia ərizəsi olmuşdur və onun əsas iddia ərizəsi qaydasında olmuşdur, bu səbəbdən dəqiqləşmə ərizələrini geri götürmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli “əsassız hesablanmış borcun silinməsinə dair” ərizədən görünür ki, X1 İstismar İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın həmin akta əsasən X1 İstismar İdarəsinin rəis müavini Süleyman Qarayev tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə hesablanmış ümumilikdə 12960 kub metr əlavə sərfiyyatın silinməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, əks təqdirdə istehlakçının pozulmuş hüquqlarının bərpası ilə bağlı müvafiq məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, Gəncə şəhəri, Tofiq Bağırov küçəsi, ev 153 ünvanda yaşayan abonent İddiaçı yaşadığı ünvana quraşdırılmış G-4 markalı, İtron tipli, 1202AQ**********7 nömrəli sayğac yeni sayğacla – G-4 markalı, Zenner tipli, **********140 nömrəli sayğacla əvəz olunmuş, səbəb isə sayğacın əvəzlənməsi olmuşdur, digər qeydlər hissəsində isə sayğacın çıxış membranında deşiyin aşkar olunduğu qeyd edilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli 31 mart 2023-cü il tarixli aktdan və ona əlavə edilmiş sənəddən görünür ki, istehlakçı kimi qeydə alınmış İddiaçı yaşadığı ünvanda quraşdırılmış İtron tipli, G-4 markalı, 1202AQ**********7 nömrəli qaz sayğacına baxış keçirilmiş, Cavabdeh İB-nin 14-2-2/3-5-3210-1 nömrəli rəyə əsasən sayğacın çıxış plastmast borusunun deşildiyi, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırıq olduğu, sayğacın mənfiyə işlədiyi, sayğacın yaddaş arxivinin oxunduğu, sayğacda istismar müddətində ALARM-1 rejiminin aşkar olunmadığı, xətaların normaldan artıq olduğu, sayğacın minimal və nominal sərfiyyatda 100% nisbi xətayla işlədiyi, hesablama mexanizminin minimal və nominal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi, sayğacın istismara yararsız olduğu qeyd edilmiş və sayğacın dəyərinin ödənilməsi və dəymiş ziyanın 12960 m3 hesablanaraq abonent tərəfindən ödənilməsi qərara alınmışdır. “Dəymiş ziyanın bərpasına dair tələbnamə” adlı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, sözügedən ünvan üzrə icra olunacaq tədbirlər kimi mövcud sayğacın qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş, Gəncə şəhəri, Tofiq Bağırov küçəsi, ev 153 ünvanda yerləşən fərdi yaşayış evi üzrə abonent kodu **********13840 olan abonentin saldosundan görünür ki, abonent hesabına 2021-ci ilin yanvar ayında 1000 m3, fevral ayında 800 m3, mart ayında 400 m3, aprel ayında 100 m3, may ayında 100 m3, sentyabr ayında 100 m3, oktyabr ayında 280 m3, noyabr ayında 600 m3, dekabr ayında 760 m3, 2022-ci ilin yanvar ayında 667 m3, fevral ayında 500 m3, mart ayında 363 m3, aprel ayında 500 m3, may ayında 250 m3, iyul ayında 100 m3, oktyabr ayında 144 m3, noyabr ayında 440 m3, dekabr ayında 240 m3, 2023-cü ilin yanvar ayında 833 m3, fevral ayında 539 m3 olmaqla, qeyd olunan tarixlərdə ümumilikdə 8716 m3 sərfiyyat edilmiş, sərfin məbləği 1448,4 manat hesablanmış və həmin borc üzrə iddiaçı tərəfindən 1448,4 manat ödənilmişdir. 2023-cü ilin mart ayında 150 m3, aprel ayında 150 m3, may ayında 150 m3, iyun ayında 100 m3, iyul ayında 294 m3, sentyabr ayında 100 m3, noyabr ayında 360 m3, dekabr ayında 515,6 m3 sərfiyyat edilmiş, sərfiyyat üçün ödənilən məbləğ 585 manat təşkil etmişdir. Yuxarıda qeyd edilən Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Tərəflər 1202AQ**********7 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlı mübahisə edirlər. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvan üzrə qaz sayğacı üçün borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə faktı ilə əsaslandırır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvan üzrə quraşdırılan qaz sayğacı evdən kənarda yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3-cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün Cavabdeh İB tərəfindən müvafiq örtüklə örtülməlidir. Şərh olunan normalardan da göründüyü kimi fiziki şəxs olan istehlakçı yalnız plombun toxunulmazlığına görə məsuliyyət daşıya bilər. Sayğaca müdaxilə olunmadan hesablama mexanizmində xəta aşkarlanmışdırsa, buna görə fiziki şəxs olan istehlakçı məsuliyyət daşımır. Bundan başqa, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda qeyd edilən pozuntunun iddiaçının təqsirindən baş verməsini, 1202AQ**********7 nömrəli qaz sayğacına müdaxilə edilməsini təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, fiziki şəxs olan istehlakçıların sayğacları üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır, cavabdeh Azəriqaz İB tərəfindən 12960 m3 itirilmiş təbii qaz üçün 1555,2 manat borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, 35,55 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Gəncə şəhəri, Tofiq Bağırov küçəsi, ev 153 ünvanda yerləşən fərdi yaşayış evi (abonent kodu **********13840 olan) üzrə təbii qazın itkisinə görə Cavabdeh tərəfindən hesablanmış 1555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat pul məbləği silinsin. 35,55 (otuz beş manat əlli beş qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-1273/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1273/2024
16.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver