Məhkəmə qərarları › İş №2(125)-1278/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1278/2022

19.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1278/2022 19.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçılar İddiaçı2, onun və İddiaçı1 nümayəndəsi (vəkili) X7 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, X10 və X11 cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh3 qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və evdən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, X16 və X17 cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh3 qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərə ümumilikdə 5000 manat kompensasiya ödənilməklə, Gəncə şəhəri, Nizami rayonu, X19 küçəsi 86, ev 02, mənzil 13-ə istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, X19 küçəsi 86, ev 02, mənzil 13 (bundan sonra – mübahisəli mənzil) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 29 noyabr 2021-ci il tarixdə qeydiyyata alınmaqla verilmiş ********** qeydiyyat №-li çıxarış əsasında iddiaçıların xüsusi mülkiyyətlərindədir. 13 saylı mənzil bir otaqdan ibarətdir və hazırda həmin mənzildə cavabdehlər yaşayırlar. Cavabdehlərin onların mənzilində istifadə hüquqları vardır. Onların sözügedən mənzilə istifadə hüquqları məhkəmə qaydasında tanınmışdır. Belə ki, cavabdehlərdən Cavabdeh1 iddiaçılardan X1 arvadı, digər cavabdehlər X8 və Cavabdeh3 İddiaçı1 uşaqlarıdır. Cavabdeh1 və onun uşaqlarının məhkəmə qətnaməsi əsasında 13 saylı mənzilə istifadə hüquqları tanınmışdır. Cavabdehlər 13 saylı mənzildə yaşayırlar, cavabdehlər imkan vermirlər ki, onlar mülkiyyətlərində olan 13 saylı mənzildən istifadə edələr. Onlar dəfələrlə cavabdehlərə mənzili satıb, paylarına uyğun pul verməsini təklif etsələr də, cavabdehlər buna razı olmamışlar. Mübahisəli mənzil “Xruşovka” layihəli mənzil olmaqla, dəyəri təxminən 21000 - 23000 manat həddindədir. Mənzilin yerləşdiyi ərazidə bir otaqlı, eyni layihəli mənzilin kirayə haqqı 120-150 manat həddindədir. Cavabdehlər onların mülkiyyətində olan mənzildən sərbəst qaydada istifadə etdiklərindən və onların heç birini həmin mənzilə buraxmadıqlarından onlar məcbur olub hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edərək, keçmiş ailə üzvü olan cavabdehlərlə aralarında ailədaxili mübahisələr olduğundan və texniki göstəricilərinə görə həmin mənzildə birgə yaşamaqlarının mümkün olmadığını, cavabdehlərin keçmiş ailə üzvü və onlardan birinin əlil olmasını nəzərə alaraq, təklif edilən kompensasiyanın məbləğinin tərəflərindən artırıldığını bildirdi. İddiaçı2 tərəflərindən ümumilikdə 5000 manat kompensasiya verilməklə cavabdehlərin mənzilə istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etdilər. İddiaçılar İddiaçı2 və İddiaçı1 təmsilçisi Gəncə şəhəri, Nizami rayonu , X19 küçəsi 86, bina 2 mənzil 13 ünvanında yerləşən mənzilin xx.xx.2022-ci il tarixə orta bazar qiyməti 21000-23000 manat, kirayə haqqı isə 120-150 manat təşkil etməsini nəzərə alaraq, ümumilikdə 5000 manat kompensasiya verilməklə cavabdehlərin mənzilə istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq digər iddiaçılar və cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 kompensasiya məbləği ilə razı olmadığını, qızlarından Cavabdeh3 əlil olduğunu və təklif edilən məbləğin ayrıca yaşayış sahəsi satın alınmasına kifayət etməyəcəyini bildirərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehlərin nümayəndəsi (vəkili) rəy təqdim edərək Gəncə şəhəri, X19 küçəsi bina 86, mənzil 13 nömrəli mənzilinin bazar qiyməti 35000-40000 manat, aylıq kirayə haqqının məbləği 250-300 manat təşkil etdiyinin bildirdi və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, X19 küçəsi 86, ev 02, mənzil 13 nömrəli, ümumi sahəsi 29.20 kv.m olan mənzil İddiaçı2 adına 1/5 hissə, X10 adına 1/5 hissə, İddiaçı1 adına 1/5 hissə, X11 adına 1/5 hissə və X2 adına 1/5 hissə olmaqla xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Gəncə Şəhəri Nizami Ryaon Məhkəməsinin 2(044)-301/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı X2 cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh3 qarşı “evdən çıxarılma” tələbinə dair ilk iddiası təmin edilməmiş; Cavabdeh1, X6 və Cavabdeh3 X4 qarşı Gəncə şəhəri, Nizami rayonu, X19 küçəsi 86, ev 02, mənzil 13-ə istifadə hüquqları tanınmışdır. İş materiallarında olan "xxxx" MMCtərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 0243 nömrəli rəyindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, X19 küçəsi 86, bina 2 mənzil 13 ünvanında yerləşən mənzilin xx.xx.2022-ci il tarixə orta bazar qiyməti 21000-23000 manat, kirayə haqqı isə 120-150 manat təşkil edir. İş materiallarında olan X12 tərəfindən verilmiş “Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə” xx.xx.2022-ci il tarixli rəydən görünür ki, Gəncə şəhəri, X19 küçəsi bina 86, mənzil 13 nömrəli mənzilinin bazar qiyməti 35000-40000 manat, aylıq kirayə haqqının məbləği 250-300 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinə müvafiq olaraq yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit etdiyindən iddiaçı hazırkı iddianı irəli sürmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, istifadə hüququna xitam verilməsi ödəniləcək kompensasiya məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu yaşayış sahəsinin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Məhkəmə qeyd edir ki, cavabdehlərə təklif olunan kompensasiya məbləği onların birlikdə davamlı surətdə və müəyyən müddət daxilində həmin yaşayış sahəsinə oxşar digər bir otaqlı yaşayış sahəsində yaşamağa imkan verməlidir. Yuxarıda qeyd olunan mütəxəssis rəyinə əsasən məhkəmə hesab edir ki, bir otaqlı evlərin aylıq kirayə haqqı orta hesabla 100-150 manatdan götürülsə, təklif olunan kompensasiya məbləği cavabdehlərə birlikdə təxminən 3 il ərzində başqa yaşayış sahəsində kirayəçi kimi yaşamağa imkan verir. Bundan başqa, nəzərə alınmalıdır ki, Cavabdeh1 2004-cü ildən həmin mənzildə 2 övladı ilə birlikdə yaşamaqda davam edir və tərəflər keçmiş ailə üzvləri olsa da, ailə daxili münasibətləri münaqişəlidir. Eyni zamanda tərəflər arasında mövcud olan münaqişəli vəziyyət bir tərəfdən tərəflərin yaşayış binasının tərkib hissəsi olan Mənzildən birgə istifadəsini qeyri-mümkün edir, digər tərəfdən mülkiyyətçilərin öz əmlakından istədikləri kimi istifadə etmək hüquqlarını qeyri-mütənasib şəkildə məhdudlaşdırır. Bundan başqa, iddiaçıların təklif etdiyi kompensasiya məbləği cavabdehlərin eyni inzibati ərazi vahidində xeyli müddətdə kirayə mənzil haqqını ödəməyə kifayət etdiyindən həmin məbləğ ədalətli olmaqla cavabdehlərin hüquqlarının qorunması baxımından qəbul ediləndir. Bundan başqa, cavabdeh tərəfdən iddiaya etiraz kimi təqdim edilmiş rəy iddianın təmin edilməməsi üçün əsas hesab edilə bilməz. Belə ki, texniki göstəricilərinə əsasən, xruşovka layihə növündə tikilmiş beşmərətəbli binanın 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 29.2 kv.m olan və yaşayış sahəsi 16.6 kv.m ibarət olan bir otaqlı mənzillə oxşar ərazidə yerləşən mənzillər üçün aylıq kirayə haqqının 250-300 manat təşkil etməsi ağlabatan deyil. Təklif olunan məbləğin az olması və cavabdehlər tərəfindən ayrıca yaşayış sahəsinin satın alınmasına dair kifayət etməyəcəyi barədə dəlillərə münasibətdə Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülkiyyət hüququ ilə mülkiyyətçinin ailə üzvlərinin mənzilə istifadə hüquqları arasında ədalətli tarazlığa nail olunması baxımından nəzərə alınmalıdır ki, mülkiyyətçiyə məxsus əmlaka istifadə hüququnun mövcud olması heç bir halda qanuni istifadəçinin həmin əmlakın payçısı (şəriki) kimi qəbul olunmasına əsas vermir. Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan qərarında ifadə olunmuş hüquqi mövqedən də göründüyü kimi Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsini və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu vermir. Əks yanaşma özündə Konstitusiya ilə, qanunla və beynəlxalq hüquqla təminat verilən mülkiyyət hüququna əsassız müdaxiləni əks etdirmiş olardı. Ümumi (birgə) mülkiyyətin bölünməsi institutundan fərqli olaraq mənzildən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi institutunun məqsədi və təyinatı ondan ibarətdir ki, mənzildən istifadə hüquqlarına xitam verilən, başqa sözlə mənzildən çıxarılan istifadəçi bununla dərhal ağır şəraitə düşməsin, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanına malik olsun. Həm də belə imkan mülkiyyətçi üçün istifadəçini daimi və ya qeyri-müəyyən müddət ərzində yaşayış sahəsi ilə təmin etmək yükünə çevrilməməli, faktiki olaraq onun öz mülkiyyətindən və ya onun əhəmiyyətli hissəsindən məhrum olması ilə nəticələnməməlidir. Bu baxımdan təklif olunan kompensasiyanın məbləği ilə mülkiyyətçiyə məxsus əmlakın ümumi dəyəri arasında hər hansı paralel aparılması da qanuna uyğun deyildir. Məhkəmə nəzərə alır ki, cavabdehlərdən hər hansı birinin səhhəti ilə bağlı vəziyyət özü-özlüyündə iddianın birmənalı rədd olunmasına əsas vermir. İşdən görünür ki, iddiaçılar ilkin iddia ərizəsində cavabdehlərə 2400 manat kompensasiya təklif etsələr də sonra əlavə ərizə ilə məhkəməyə müraciət edərək, məhz cavabdehlər keçmiş ailə üzvü olduğundan və onlardan biri əlil olduğundan təklif edilən kompensasiyanın məbləğini 5000 manata artırmışlar. Yuxarıda sadalanan maddi hüquq normalarını və həmin normaların mahiyyətindən irəli gələn tələbləri işin müəyyən edilmiş hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən təklif edilən kompensasiyanın məbləği ağlabatan və ədalətli hesab edilməklə cavabdehlərin təxminən təxminən üç il ərzində başqa yerdə mübahisəli yaşayış sahəsində ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamağa imkan verdiyindən, iddia təmin edilməli, iddiaçılar tərəfindən cəmi 5000 manat kompensasiya verilməklə cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməli və cavabdehlər həmin məzildən əşyaları ilə birlikdə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, X16 və X17 tərəfindən 5000 (beş min) manat kompensasiya verilməklə cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh3 Gəncə şəhəri, Nizami rayonu, X19 küçəsi 86, 02 nömrəli evin 13 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilsin və Gəncə şəhəri, Nizami rayonu, X19 küçəsi 86, 02 nömrəli evin 13 nömrəli mənzilindən cavabdehlər Cavabdeh1, X8 və Cavabdeh3 əşyaları ilə birlikdə çıxarılsın. Cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat pul tutularaq iddiaçılara ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar