Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1293/2023 17.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Şakir oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı və Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil Fərhad oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “öhdəlik müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “öhdəlik müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 ilə onun arasında bağlanmış 09 avqust 2021-ci il tarixli öhdəlik müqaviləsinin etibarsız edilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə onun arasında 09 avqust 2021-ci il tarixdə Bakı şəhəri, 19 saylı notariat ofisində **********093 saylı öhdəlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtinə görə xx.xx.2021-ci il tarixli, BB 117421 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh1 buraxılış ili 2007-ci il olan “OPEL ASTRA” minik avtomobilini 27000 manata ona satmış, avtomobilin pulunu 36 ay müddətinə hər gün 25 manat olmaqla tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə notarius tərəfindən təsdiq edildikdən sonra avtomobil ona təhvil verilmişdir. Qeyd edir ki, bir müddətdən sonra cavabdehlər avtomaşını ondan alıb etibarnamə ilə Gəncə şəhəri, Totanlı küçəsi ev 66-da yaşayan X1 verilmişdir. Bununla bağlı avtomaşını idarə etmək üçün 21 avqust 2021-ci ildə Rövşən Qarayevin adına etibarnamə verilmiş və maşın ondan alınaraq Rövşənə verilmişdir. Bundan sonra maşın üçün ödənilməli pul da Rövşəndən tutulmuşdur. Yəni onunla cavabdehlər arasında olan öhdəlik müqaviləsi formal xarakter daşıyır. Rövşən Qarayev maşını yoxa çıxardıqdan sonra cavabdehlər onu məhkəməyə verib ondan avtomobili, yaxud onun dəyərini tələb etmişlər. Halbuki, cavabdehlərin onunla bağladığı öhdəlik müqaviləsi formal xarakter daşıyır. Ona görə də görünüş üçün bağlanan 09 avqust 2021-ci il tarixli öhdəlik müqaviləsi məhkəmə qaydasında etibarsız hesab edilməlidir. Məhkəmə hazırlıq iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirib işin məhkəmə baxışına təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil Fərhad oğlu tərəflər arasında mübahisələndirilən əqdə dair qanuni qüvvədə olan məhkəmə qətnamələri olduğunu bildirib, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş üzrə digər Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə gəlməyən Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(043)-598/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı Cavabdeh1 məxsus olan, “OPEL ASTRA” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı, ban tipi Xetçbek, ban nömrəsi W0L0AHL**********, 2007-ci il istehsalı, mühərrikin həcmi 1564, rəngi boz metallik olan avtomobil naturada, naturada alınması mümkün olmadıqda isə avtomobilin satış qiymətinin qalığı olan 25900 (iyirmi beş min doqquz yüz) manat pul alınaraq Cavabdeh1 verilməsi qət olunmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 iyun 2022-ci il tarixli, 2(104)-1866/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(043)-598/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “öhdəlik müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 ilə onun arasında bağlanmış 09 avqust 2021-ci il tarixli öhdəlik müqaviləsinin etibarsız edilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(043)-598/2022 nömrəli qətnaməsinə əsasən cavabdeh İddiaçı Cavabdeh1 məxsus olan, “OPEL ASTRA” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı, ban tipi Xetçbek, ban nömrəsi W0L0AHL**********, 2007-ci il istehsalı, mühərrikin həcmi 1564, rəngi boz metallik olan avtomobil naturada, naturada alınması mümkün olmadıqda isə avtomobilin satış qiymətinin qalığı olan 25900 (iyirmi beş min doqquz yüz) manat pul alınaraq Cavabdeh1 verilməsi qət olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 iyun 2022-ci il tarixli, 2(104)-1866/2022 nömrəli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(043)-598/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli, 02/2022 saylı qərardadında formalaşdırdığı hüquqi mövqeyə əsasən ki, məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə bir dəfə işə baxılmış və bununla bağlı artıq məhkəmələrin qanuni qüvvəyə minmiş qətnamələri mövcuddur. Ona görə də hazırki mübahisəyə yenidən baxılması hüquqi müəyyənlik prinsipi baxımından düzgün olmazdı. Belə ki, qanuni qüvvəyə minmiş və barəsində şikayət vermə imkanları tükənmiş yekun məhkəmə qərarının istənilən anda ləğv edilməsi mümkünlüyü qanunun aliliyi və hüquqi müəyyənlik prinsipləri ilə ziddiyyət təşkil edir. (Kapitalbank ASC-nin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 dekabr 2006-cı il tarixli qərar) Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələndirilməsinə MPM-də qeyd olunan tərzdə yanaşması ilk növbədə hüquqi müəyyənlik prinsipi ilə əhatələndirlməsi də ehtiva edilən qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir. Hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Həmin məhkəmənin başqa bir qərarı nəzərə alınaraq qeyd olunmuşdur ki, hüquqi müəyyənlik “res judicata” prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab oluna bilməz. Eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalmaq bu prinsipdən geri çəkilməyə haqq qazandırır. (İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Rrabx Rusiyaya qarşı” 24 iyul 2003-cü il tarixli işi) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 263.1-ci maddəsinə əsasən iş mahiyyəti üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır. Qeyd olunan Məcəllənin 263.6-cı maddəsinə əsasən məhkəmə tərəfindən qərardad, işdə iştirak edən şəxslərin çəkişmə, hüquq bərabərliyi prinsipinin təmin edildiyi, həmin Məcəlləyə müvafiq olaraq məhkəmə baxışının ümumi müddəalarına əməl olunduğu bir şəraitdə qəbul edilir. Beləliklə məhkəmənin gəldiyi qənaətə əsasən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “öhdəlik müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair 2(125)- 1293/2023 nömrəli mülki iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “öhdəlik müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair 2(125)-1293/2023 nömrəli mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə yazılı şikayət verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-1293/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1293/2023
17.03.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver