Məhkəmə qərarları › İş №2(125)-1294/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1294/2024

24.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1294/2024 24.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı, Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və evdən məcburi çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə 4000 manat kompensasiya verilməklə, İİ qrup Qarabağ əlili olaraq ona verilmiş ünvan 1dan cavabdehin istifadə hüququnun itirilmiş hesab edilməsinə və cavabdehin həmin mənzildən əşyaları ilə birgə məcburi çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1975-ci ildə Gəncə şəhərində doğulub boya başa çatmışdır. 1992-ci ildə Azərbaycan Respublikasının bütövlüyü uğrunda gedən İ Qarabağ müharibəsinə başlanan zaman yaşı çatmasa da, könüllü olaraq vətənin müdafiəsi üçün mtiharibəyə getmişdir və döyüşlərə qatılmışdır. 1993-cü ildə güllə yarası almış və İ Qarabağ müharibəsi qazisidir. O, Qarabağ müharibəsi iştirakçısı olmaqla İİ qrup Qarabağ əlilidir. O, İİ qrup Qarabağ əlili olaraq dövlət tərəfindən Qarabağ əlilləri üçün verilmiş imtiyazlardan istifadə edir. İİ qrup Qarabağ əlili olduğuna görə ona ev verilməsi üçün Gəncə şəhəri İcra Hakimiyyəti başçısının 19 sentyabr 2003-cü il tarixli, 433 nömrəli sərəncamı ilə mənzil növbəsinə götürülmüşdür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Gəncə şəhərində inşa olunmuş 36 mənzilli yaşayış binasındakı boş qalan mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə 18 iyul 2011-ci il tarixli, 11/7-115 nömrəli əmrlə İİ qrup Qarabağ əlili olması məqsədilə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 20 saylı binanın 19 saylı mənzili ona verilmişdir. O, 11 may 2011-ci ildə X4 ilə nikaha daxil olaraq evlənmişdir və onların birgə nikahlarından xx.xx.2012-ci ildə Səməd və xx.xx.2013-cü ildə Arif adlı uşaqları doğulmuşur. Münasibətləri tutmadığı üçün onun iddiası əsasında Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 11 mart 2016-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Məhkəmə qətnaməsi ilə müəyyən olunmuş hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat aliment ödəyir. Dövlət tərəfindən ona verilən evindən istifadə edə bilmir. Ona görə məcbur olub dövlət tərəfindən ona verilmiş evə köçürülməsi məqsədilə iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2(125)-2465/2023 saylı qətnaməsi ilə sözügedən mənzilə köçürülməsi və onların mənzildən istifadə qaydaları müəyyən edilmişdir. Beləliklə, o, dövlət tərəfindən ona verilmiş mənzilə məhkəmə qətnaməsi ilə köçürülmüşdür. O, hazırda dövlət tərəfindən ona verilən evə köçürülsə də, ona verilmiş evdə yaşaya bilmir. O, hər gün evə girib-çıxanda dava-dalaşla, polis vasitəsilə girib-çıxır. Mətbəxdən istifadə edə bilmir, cavabdeh deyir ki, “ev mənimdir.” Hər dəfə çölə çıxıb evə qayıdanda qapını arxadan bağlayır, o isə məcbur olub hər dəfə polis çağıraraq qapını açdırır. Bundan əlavə olaraq, cavabdeh başqa bir şəxslə yaşayır, onu evə gətirmək istəyir. Uşaqlara bıçaq verir ki, onu öldürsünlər, ona deyir ki, “səni zəhərləyib öldürəcəm.” Bir sözlə onun həyatını qaranlıq zindana döndərmişdir. Onu yaşamağa qoymur, nəinki onunla heç qonşularla da yola getmir. Daimi qonşularla da dalaşır. Onların birgə yaşamaları heç cür mümkün deyildir. Cavabdeh belə hərəkətlər etməklə dövlət tərəfindən ona verilmiş mənzildən onu məhrum etmək istəyir. Birgə yaşamaları qeyri-mümkündür. Ona görə də, cavabdehə kompensasiya verməklə onun sözügedən mənzilə istifadə hüququna xitam verilməsi və onun əşyaları ilə birgə həmin mənzildən çıxarılmasını istəyir. Odur ki, Cavabdeh 4000 (dörd min) manat kompensasiya verilməklə İİ qrup Qarabağ əlilli olaraq ona verilmiş ünvan 1-dan istifadə hüququ itirilməklə evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, ev ona sərəncamla verilmişdir. Uşaqları üçün hər şey etmişdir. Evin kommunalını da özü ödəyir. Cavabdeh ailə qurmuşdur, evdən çıxmalıdır. Özü də ailə qurmaq istəyir, çöllərdə qalmışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı ilə 2011-ci ildə ailə qurmuş, 2016-cı ildə nikahları pozulmuşdur. Birgə nikahlarından 2 övladları vardır. Uşaqları özü böyütmüşdür. Əvvəllər kirayədə yaşamışlar, evləndikdən sonra xəbər gəlmişdir ki, 2 otaqlı ev verilmişdir. 2016-cı ildən bəri həmin evdə yaşamaqdadır. İddiaçı hər dəfə içib evə gəlib uşaqları və onu döymüş, o isə evdən qovmuşdur. Uşaqlar üçün 150 manat aliment kəsilmiş, bu yaxınlarda artırılaraq 250 manat məbləğində kəsilmişdir. Neçə ildir ki, heç evə gəlməmişdir. Verdiyi kompensasiya məbləği onu qane etmir. Uşaqlar çöldə qalmalı deyil. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi X2 tərəflər arasında razılıq əldə ediləcəyi təqdirdə kompensasiya verilməklə cavabdehin sözügedən evdən çıxarılmasına heç bir etirazlarının olmadığını, iş üzrə yekun məhkəmə qətnaməsinin çıxarılmasını məhkəmənin mülahizəsinə buraxdıqlarını göstərdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AZ-İ 273927 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahları xx.xx.2018-ci il tarixdə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsində pozulmuşdur. Azərbaycan Respublikası Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, Ə 010128 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı İİ qrup müharibə əlili olmaqla Azərbaycan Respublikası qanunvericiliyi üzrə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, Ə- 538 nömrəli məktubun surətindən görünür ki, İddiaçı yaşadığı Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, 20 saylı binada yerləşən yaşayış sahəsi 42,5 m² olan 2 otaqlı sosial təyinatlı 19 saylı mənzili Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin sifarişi ilə QMƏ və şəhid ailələri üçün Gəncə şəhərində inşa olunmuş 36 mənzilli yaşayış binasındakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədi ilə 08 noyabr 2010-cu il tarixli 1/7-143 nömrəli əmrlə yaradılmış komissiyanın xx.xx.2010-cu il tarixli iclasının qərarından çıxarış əsasında QMƏ-i İddiaçı istifadəsinə verilmişdir. Gəncə şəhəri İcra hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, M.Hacıyev küçəsi, 15 saylı yataqxananın 133 saylı mənzilində yaşayan İddiaçı şəhər İcra Hakimiyyətində 2-ci qrup Qarabağ əlili kimi mənzil növbəsinə götürülməsi qərara alınmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Gəncə şəhərində inşa olunmuş 36 mənzilli yaşayış binasındakı boş qalan mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə xx.xx.2011-ci il tarixli, 11/7-115 nömrəli əmrlə yaradılmış komissiyanın xx.xx.2011-ci il tarixli iclasının qərarından çıxarışdan görünür ki, 2 otaqlı, ümumi sahəsi 78,56 m² faydalı sahəsi 42,5 m² olan, İİİ mərtəbədə yerləşən 19 nömrəli mənzil İddiaçı ayrılmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2465/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və istifadə hüquqlarının müəyyən edilməsi tələbin dair iddiası təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı ünvan 1 ünvanından istifadə hüququna qoyulan maneənin aradan qaldırılması, İddiaçı ünvan 1 ünvanına köçürülməsi və həmin mənzildən bərabər istifadə qaydalarının müəyyən edilməsi qət edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın surətindən görünür ki, tərtib olunmuş xx.xx.2023-cü il tarixli akta əsasən tələb tam şəkildə yerinə yetirildiyindən Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2465/2023 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Gəncə şəhər BPİ-nin 3-cü Polis Bölməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı və Cavabdeh birgə yaşamadıqlarına görə münaqişəli ailə kimi qeydiyyata götürülməmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)- 236/2023 nömrəli qətnaməsindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1047/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)- 1047/2022 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanından Cavabdeh əşyaları ilə birgə çıxarılması tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçının iddia etdiyi mənzil sosial mənzil olmaqla iddiaçının istifadəsinə verilmişdir. İddiaçı iddia etmişdir ki, cavabdeh onun hüquqlarını pozaraq evdə yaşamasına imkan vermir, ona görə də 4000 manat məbləğində kompensasiya qarşılığında cavabdehin mənzildən istifadə hüququna xitam verilməklə əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmalıdır. Cavabdeh tərəf isə iddianı qəbul etməyərək 2016-cı ildən bəri sözügedən mənzildə yaşadığını və iddiaçının təklif etdiyi kompensasiya məbləğinin çox az olduğunu bildirərək iddia tələbinə etiraz etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin izahatını dinləyib, işdə olan sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra Mənzil Məcəlləsi) 48.1ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Mənzil Məcəlləsinin 97.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri xüsusi sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara aid edilən vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Mənzil Məcəlləsinin 97.2-ci maddəsinə əsasən xüsusi sosial müdafiəyə ehtiyacı olan vətəndaşların kateqoriyaları qanunvericiliklə müəyyən edilir. Mənzil Məcəlləsinin 68.4-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi mənzil sosial kirayə müqaviləsi ilə onların istifadəsinə verilmiş mənzil olmaqla, həmin mənzil verilərkən ailə tərkibi kimi cavabdeh də nəzərə alınaraq mənzil 2 otaqdan ibarət verilmişdir. Tərəflərin nikahları pozulsa da, cavadeh həmin mənzildə yaşamağa davam etməklə iddiaçı ilə eyni hüquqlara malikdir. İddiaçının cavabdehə kompensasiya ödəməklə istifadə hüququna xitam verməsini tələb etməsinin hüquqi əsası yoxdur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və evdən məcburi çıxarılma tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən ödənilməmiş dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və evdən məcburi çıxarılma tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilməmiş dövlət rüsumu dövlət büdcəsinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qüvvəyə minir. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar