Məhkəmə qərarları › İş №2(125)-1357/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1357/2022

21.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1357/2022 21.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh və nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mirasın faktiki qəbulu və payların müəyyən edilməsi” barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X5 miras qalmış Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, döngə 10, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin ½ hissəsinin İddiaçı tərəfindən faktiki qəbul edildiyinin təsdiq olunması və İddiaçı və digər vərəsə Cavabdeh arasında payların hərəsinə ½ müəyyən edilərək, ½ hissədə mirası faktiki qəbul etməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 13 avqust 1971-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. X2, atası isə X10r. İddiaçı doğulan gündən bu günə qədər ailəsi ilə birlikdə X2 ilə birlikdə həmin ünvanda yaşamış, anasına qulluq etmiş, dəfn xərclərini çəkmişdir. İddiaçı 2020-ci ilə kimi həmin ünvanda qeydiyyatda olub. 2020-ci il tarixində şəxsiyyət vəsiqəsini yeniləmək istədiyi zaman ASAN xidmət mərkəzindən bildirilmişdir ki, evin mülkiyyət hüququna dair sənədləri qaydasında olmadığı üçün həmin evə qeydiyyata düşə bilməz. O, məcbur olaraq Tovuz rayonu, Əyyublu kəndinə qeydiyyata düşmüşdür. Qeydiyyatda Tovuz rayonu, Əyyublu kəndində olsa da, faktiki olaraq qızı və kürəkəni ilə birlikdə ünvan 2 ünvanında yaşamış X2na öldüyü günə qədər qulluq etmişdir. Hal-hazırda da qızı və kürəkəni ilə birlikdə atasına məxsus olan ünvan 2 ünvanında yaşayır. İddiaçı 22 iyul 2022-ci il tarixində mirasın faktiki qəbulu barədə Gəncə şəhəri 6 saylı Notariat Ofisinə ərizə ilə müraciət etmişdir. Gəncə şəhəri 6 saylı Notariat Ofisi imtina məktubu verərək bildirmişdir ki, İddiaçı mirası qəbul müddətini ötürmüşdür. X17 öldükdən sonra həmin mirası X2, qardaşı Cavabdeh və İddiaçı faktiki olaraq idarə etmişlər. X3 01 sentyabr 2021-ci il tarixdə öldükdən sonra isə mirası İddiaçı və qardaşı Cavabdeh faktiki olaraq idarə etmişlər. İddiaçı həmin ünvanda faktiki yaşamaqla, təsərrüfatı idarə etməklə mirası şəksiz faktiki olaraq qəbul etdiyini göstərmişdir. Digər vərəsə Cavabdeh mirasın yalnız faktiki olaraq ona məxsus olması barədə notariat orqanına ərizə ilə müraciət etdiyindən mirasın məhkəmə qaydasında bölünməsinə ehtiyac yaranmışdır. Cavabdeh iddiaya etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı 1993-cü il tarixdən Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 10-cu döngə, ev 5-də yaşamır. Belə ki, o 1989-cu ildə müddətli həqiqi hərbi xidmətə Gürcüstan Sovet Sosialist Respublikasına getmiş, bir neçə aydan sonra Bakıda Salyanski kazarmaya göndərilmişdir. Orada müddətli həqiqi hərbi xidmətini davam etdirmişdir. X21 başladıqdan sonra-xx.xx.1991-ci ildən ordu sıralarında yayınmışdır. Ondan sonra o qaçaq həyatı sürmüşdür. 1992-ci ildə X11 ilə ailə həyatı qurmuş və Tovuz rayonu, Əyyublu kəndində yaşamağa başlamışdır. Onun 2020-ci ilin iyul aymadək hər hansı sənədi olmamışdır. 2020-ci il iyul ayında Tovuz rayon İcra Hakimiyyəti Başçısının Əyyublu kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 277 saylı təsərrüfatbaşına kitabdan çıxarışına əsasən ilk dəfə şəxsiyyət vəsiqəsi almışdır. İddiaçı X11 ilə rəsmi nikahından 3 nəfər övladları vardır. xx.xx.1993-cü il təvəllüdlü X14, xx.xx.1996-cı il təvəllüdlü X6 və xx.xx.2001-ci il təvəllüdlü X1 rayonu, Əyyublu kəndi Rövşən Alıyev adına tam orta məktəbdə oxumuşlar. İddiaçının doğulan gündən ailəsi ilə birlikdə mübahisəli evdə yaşamaması onun uşaqlarının Tovuz rayonu Rövşən Alıyev adma tam orta məktəbdə oxumaları, həmin məktəbin məzunu olmaları və Tovuz Rayon İcra Hakimiyyəti Başçısının Əyyublu kənd İƏD üzrə nümayəndəliyinin verdiyi məktubla və Tovuz rayonu Rövşən Alıyev adına tam orta məktəbin direktorunun verdiyi bildirişlə təsdiq edilir. Tovuz rayon, Əyyublu kənd İcra nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 45 saylı məktubunda göstərilir ki, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı ilə xx.xx.1971-ci il təvəllüdlü Əyyublu kənd sakini X7 birgə nikahları var. İddiaçı və onun həyat yoldaşı X11 2020-ci ilə qədər övladları ilə birgə Əyyublu kəndində yaşayıblar. Hal-hazırda ailəsi ilə birlikdə Gəncə şəhərində yaşayırlar. Tovuz rayonu, Rövşən Alıyev adına Əyyublu kənd tam orta məktəbinin direktor əvəzi S.Namazov tərəfindən təqdim edilmiş bildirişdə göstərilir ki, İddiaçı övladları Tovuz rayonu, Rövşən Alıyev adma Əyyublu kənd tam orta məktəbinin şagirdləri olmaqla həmin məktəbin məzunları olmuşlar. Mərhum X2 atası ilə 1994-cü ildən ayrı yaşayırlar. Anası 1994-cü ildən 2017-ci ilədək Bakı şəhərində yaşamışdır. 2017-ci il tarixdə insult keçirmişdir. Anasını Bakı şəhərindən yanına gətirərək ona qulluq etmişdir. 2017-ci il tarixdən 2021-ci il tarixədək-ölən günədək Gəncə şəhəri, Nizami küçəsi, 10-cu döngə, ev 5-də onun yanında yaşamışdır. Anasının dəfn xərclərini də o çəkmişdir. Belə ki, onun yas mərasimi mübahisəli evdə keçirilmiş və dəfn xərci kimi sığorta kassasından xx.xx.2021-ci il tarixdə 600 manat ödəniş almışdır. Mülki iş materilları ilə tanış olan vəkili Vəkil2 iş materiallarında iddiaçı tərəfindən atasının və anasının ölüm haqqında şəhadətnamələrinin təkrar alınmış nüsxələrini və Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli, 3002 saylı arayışını görmüşdür. İddiaçının atası və anasına qayğı və diqqət göstərməməsinin göstəricilərindən biri də, onda mərhumların ölüm haqqında şəhadətnamələrinin əsllərinin olmamasıdır. Məhkəməyə təqdim etmək üçün məcburiyyət qarşısında qalaraq almışdır. Yoxsa o kim, ölüm haqqında şəhadətnamələri özündə saxlamaq kim. O, atasına və anasına nə hörmət qoymuşdur ki, bir də onların ölüm haqqında şəhadətnamələrinə hörmət qoysun. Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli, 3002 saylı arayışı iş üçün hər hansı sübut dəyərinə malik deyil. Belə ki, arayışın verilməsi üçün əsas kimi xx.xx.2022-ci il tarixdə tərtib edilmiş akt əsas götürülmüşdür. Həmin akt qanunsuzdur. Çünki, aktı tərtib edən şəxslər Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 10-cu döngədə nə sənəd üzrə pasport qedyiyyatındadırlar, nə də ki, orada faktiki cəhətdən yaşamırlar. Bununla bağlı olaraq vəkil sorğusu əsasında həmin şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri və aktın surətini məhkəmə hazırlıq iclasında təqdim edəcək. İddiaçı onun notariusda vərəsəlik şəhadətnaməsi almalı olduğunu bildikdən sonra məcburi şəkildə evə köçmüşdür. Bununla bağlı olaraq polisdə araşdırılma aparılmışdır. Bu isə son 2 ayı əhatə edir. Düzdür, onlar 2020-ci ildən Gəncə şəhərində yaşayırlar. Ancaq mübahisəli evdə yox, Gəncə şəhəri, Nizami küçəsi, 9-cu döngə, 1-ci dalan, 47A nömrəli fərdi yaşayış evində kirayədə yaşayıblar. Onların kirayədə yaşamalarını qonşular da, təsdiq edə bilər. Həmin qonşuları məhkəmə baxışı zamanı şahid kimi dindirilmək üçün vəsatət verəcək. Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 10-cu döngə, 5 saylı fərdi yaşayış evi faktiki cəhətdən o qəbul etmişdir. Belə ki, atası ölməmişdən qabaq və öldükdən bu günədək orada ailə üzvləri ilə birlikdə fasiləsiz olaraq yaşayır. Həmin ünvanda o və qızı X15 pasport qeydiyyatındadır. Mərhum atası X17 xx.xx.1999-cu il tarixdə vəfat etdikdən sonra qaz və işıqla bağlı dövlət ödənişlərini o etmişdir. Bu gündə mübahisəli evdə olan qaz və işıq sayğacları onun adınadır. Bunu təsdiq edən sübutu xx.xx.2000-ci il tarixli, AAA 043209 saylı, xx.xx.2000-ci il tarixli, AAA 225418 saylı və xx.xx.2001-ci il tarixli, 002855 saylı Qaz Sərfi üçün Mədaxil Qəbzləridir. Onun miras əmlakı faktiki cəhətdən idarə etməyinin digər sübutu qonşulardır. Qonşuları: X16, X18, X19, X23 və digərləri mübahisəli evdə yeganə vərəsə kimi onun yaşamağını təsdiq edəcəklər. Həmin şəxslər qonşuluqda faktiki cəhətdən yaşamaqla orada pasport qeydiyyatındadırlar. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, atası ölən zaman o, həmin ünvanda qeydiyyatda olmuşdur və təxmini 7-8 il yaşamışdır. Hazırki mənzildə tərəflər ½ hissədə yaşayırlar. İddiaçı tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh və nümayəndəsi (vəkili) Vəkil2 iddianı qəbul etməyərək bildirdi ki, polisdən rəsmi sorğu almışlar. Həmin sorğuda iddiaçının şəxsiyyət vəsiqəsini 2017-ci il də aldığı, Əyyublu kəndində qeydiyyatda olduğu müəyyən olunmuşdur. İddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, tərəfləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ölum haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ölum haqqında şəhadətnamədən görünür ki, X17 xx.xx.1999-cu il tarixdə ölmüşdür. İş materiallarında olan Gəncə şəhər 6 saylı Notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 494 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən, mirasın qəbul müddətini keçirmisiniz. Ona görə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə uyğun olaraq mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İş materiallarında olan Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 3002 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən ünvan 2 ünvanında yaşayır. İş materiallarında olan AR DİN tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 19.08.200-cü ildən ünvan 4 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər X25 və X8r. İş materiallarında olan Tovuz rayon İcra Hakimiyyəti başçısının Əyyubku kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli İddiaçı və arvadı X11 2020-ci ilə qədər övladları ilə birgə Əyyublu kəndində yayamış, hazırda ailəsi ilə birlikdə Gəncə şəhərində yaşayırlar. İş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 120- 28211-1222 nömrəli məktubundan görünür ki, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı Tovuz rayon, Əyyublu kəndinə qeydiyyata alınaraq xx.xx.2020-ci il tarixdə ilk dəfə AA20445445 nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur. Əvvəllər hansı ünvanda qeydiyyatda olması barədə məlumat yoxdur. İş materiallarında olan Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 66 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli şifahi sorğusuna əsasən araşdırma aparılmış, vətəndaşın orada yaşadığı müəyyən olunmuş və vətəndaş İddiaçı xx.xx.2022-ci il tarixli 3002 saylı yaşayış yeri barəsində arayış təqdim olunmuşdur. İddiaçı ünvan 5 ünvanına Tovuz rayonu, Əyyublu kəndindən gəlmiş, Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyinin təssərüfat başına uçot kitabında qanunvericiliyə uyğun olaraq 2 nömrəli formaya əsasən qeydiyyatsız yaşayan kimi qeydə alınmadığından xx.xx.2022-ci il tarixdən əvvəl hansı müddətdən orada yaşadığı onlara məlum deyildir. İş materiallarında olan Tovuz Rayon İcra Hakimiyyəti başçısının Əyyublu Kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 4841 nömrəli arayışından görünür ki, İddiaçı Tovuz Rayonu Əyyublu kəndində pasport qeydiyyatında olmağına baxmayaraq hal-hazırda Gəncə şəhərində yaşayır. İş materiallarında Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 4724 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 2 ünvanında hal-hazırda qeydiyyatsız yaşayır. İş materiallarında olan Samirə İsmayılova, Balaxanım Məmmədova və Elmar İsmayılov tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı ünvan 2 ünvanında doğulmuş, valideynləri X20 və X4 olduqları dövrdən həmçinin, hazırda ailə üzvləri ilə birlikdə ünvan 7 ünvanında yaşayır. İş materiallarında olan X29 və X39 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı valideynlərinə məxsus ünvan 2 ünvanında doğulub, bu vaxta qədər olan müddət ərzində və hazırda ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcələnin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə qanun üzrə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlərdir. (övladlığa götürənlər). Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Həmin Qanunun 60-cı maddəsinə əsasən, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də müəyyən etməyə çalışmalıdır. Beləliklə, vərəsəliyə çağırılmış vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi faktının rəsmiləşdirilməsi notariat qaydasında həyata keçirilir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 oktyabr 2022-ci il Qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, subyektiv hüquq kimi vərəsə olmaq hüququ mirasın qəbul edilməsi üsulu ilə şərtləndirilməmişdir. Qeyd edilən normalardan və hüquqi mövqelərdən göründüyü kimi mirasın qəbulunun iki forması, notarial qaydada ərizə verməklə qəbul və miras əmlakı idarə edərək əmlaka faktiki yiyələnmə formasında qəbul nəzərdə tutulur. Hazırkı iş üzrə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, döngə 10, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin miras əmlak olaraq faktiki qəbul edilməsi və ona payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin iddiaçı tərəfdən, əvvəla, daşınmaz əmlaka dair qeydiyyata alınmış hüquqları əks etdirən sənədin əsli, ya da lazımi qaydada təsdiq olunmuş surəti, həmin daşınmaz əmlakın miras kütləsinə daxil olması, habelə ölüm haqqında şəhadətnamələrdəki məlumata əsasən, iddiaçının vərəsə olması ağlabatan ehtimal olsa da, bu halı birbaşa təsdiqləyən dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçı tərəfindən notariat ofisinə qanunvericiliklə müəyyən edilmiş müddətdə müvafiq ərizə ilə müraciət edilmədiyindən mübahisəli əmlakın miras qismində formal qəbulu üçün lazımi hərəkətlər yerinə yetirilməmişdir. Bundan başqa, mübahisəli daşınmaz əmlakda iddiaçının hazırda yaşaması mirasın faktiki qəbul edilməsi anlamına da gəlmir. Çünki mülki qanunvericiliyin yuxarıda istinad edilən norması mirasın faktik qəbul edilməsi dedikdə miras əmlakı idarə etməyə başlamağı və mirasa yiyələnməyi nəzərdə tutur. Göstərilən hərəkətlər isə miras əmlakla öz mülkiyyəti kimi rəftar etməkdən ibarətdir. İddiaçı həmin əmlakı idarə etməsini, eləcə də həmin evə yiyələnməsini təsdiqləyən hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbini əsaslandırmaq üçün təqdim etdiyi xx.xx.2022-ci il tarixli aktlar mötəbərli sübut hesab edilə bilməz. Həmin sənədlərin həqiqiliyini (hansı şəraitdə kim tərəfindən təsdiqlənməsini) müəyyən etmək mümkün olmadığından, aktlarla verilən məlumat iş üçün əhəmiyyətli halların təsdiqi kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən, faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Bundan başqa, vərəsənin qeydiyyat ünvanı özlüyündə mirasın qəbul edildiyini sübut edən yeganə faktor olmamaqla, müvafiq Təlimata əsasən notariat hərəkətlərinin aparılması zamanı əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut ola bilər və məhkəmə araşdırması zamanı əvvəlcədən müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 99-cu bəndinə əsasən, ..... Vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bundan başqa, Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 oktyabr 2022-ci il qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Beləliklə, iddiaçının vərəsə qismində əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etməsi, yəni miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün hərəkətlərin icra edilərək bariz şəkildə nümayiş etdirilməsi, dolayısıyla onun miras aktivini və miras passivini qəbul etməsi müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “mirasın faktiki qəbulu və payların müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar