Məhkəmə qərarları › İş №2(125)-1386/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1386/2024

04.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1386/2024 04.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Gəncə Sukanal» TSC-yə qarşı cavabdeh tərəfindən qanunsuz və artıq hesablanmış 926 manat 34 qəpik məbləğində borcun silinməsi, pozulmuş istehlakçı hüquqlarının bərpa edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Gəncə şəhəri, Dəmiryolaltı qəsəbəsi, Məh V-4, sahə 30 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin fərdi yaşayış evində yalnız bir nəfər qeydiyyatda olmasına, əri X3 həmin ünvanda yaşasa da, başqa ünvanda qeydiyyatda olmasına baxmayaraq, «Gəncə Sukanal» TSC-nin əməkdaşları qeydiyyatda 5 nəfər olmasına görə ona şişirdilmiş məbləğdə borc hesablamışlar. Halbuki Gəncə şəhəri, Dəmiryolaltı qəsəbəsi, Məh V-4, sahə 30 ünvanında yerləşən fərdi yaşayış evində o və əri X3 yaşayır, R.S.Əhmədov anasının mülkiyyətində olan mənzildə qeydiyyatdadır. Bir müddət bundan əvvəl ona bildiriş gəlmiş və sudan istifadəyə görə 899 manat borc hesabandığı bildirilmişdir. Bununla bağlı o, «Gəncə Sukanal» TSC-yə müraciət etmiş və orada olan əməkdaşlar evdə 1 nəfərin qeydiyyatda olmasını qeyd etmişlər. Lakin ona əsassız hesablanmış süni borcun silinməsindən imtina etmişlər. O, hər ay sudan istifadəyə görə ödəniş etmiş və bunun əsasında qəbz almışdır. Həmin qəbzlərin bir hissəsini o, məhkəməyə təqdim etsə də, qalan hissəsini saxlamadığına görə təqdim edə bilməmişdir. Qeyd olunanlar nəzərə alınaraq, ona hesablanmış borc silinməlidir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı özünə məxsus olan Gəncə şəhəri, Dəmiryolltı qəsəbəsi, Məhəllə V-4, sahə 30 ünvanında yerləşən fərdi yaşayış evində sudan istifadə olunduğuna görə hesablanmış 926 manat 34 qəpik məbləğində borcun silinməsinə dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Lakin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin xidmətlərdən isifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar, yaşayış sahəsinə və kommunal xidmətlərinə görə vaxtında və tam məbləğdə ödənişlər ödəməyə borcludurlar. Belə ki, xx.xx.2011-ci il tarixdə sudan istifadəyə görə iddiaçının evinə sayğac quraşdırılmış, xx.xx.2015-ci il tarixdə isə sayğac sökülərək yenisi ilə əvəz edilmişdir. Sözügedən sayğac hazırki dövrə qədər işlək vəziyyətdədir. Sayğac dəyişdirilən zaman hər hansı bir nasazlıq aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli, 262 saylı qərarı ilə təsdiq edilmiş «Sudan istifadə qaydaları»nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Buna görə də borc iddiaçı iddia etdiyi kimi adam sayına görə yox, sayğacın hesablanmasına görə aparılmışdır. Sistemdə də borcun sayğac əsasıda hesablandığı qeyd edilmişdir. Bununla da "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyəti üzərinə düşən vəzifələri istehlakçı qarşısında yerinə yetirmişdir. Lakin istehlakçı üzərinə düşən vəzifələri vaxtlı-vaxtında yerinə yetirmədiyinə görə sudan istifadə və tullantı sularının axıdılmasına görə borc yaranmışdır. X2 iddianın əsassız olduğunu qeyd edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçıını və cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Dəmiryolaltı qəsəbəsi, məhəllə V-4, sahə 30 ünvanında yerləşən ev tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İşdə olan xx.xx.2023-cü il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Dəmiryolaltı qəsəbəsi, məhəllə V-4, sahə 30 ünvanında yerləşən fərdi yaşayış evində xx.xx.2012-ci il tarixindən İddiaçı qeydiyyatdadır və qeydiyyatda başqa şəxslər yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, "xxxx" ASC tərəfindən su təhcizatı və kanalizasiya xidmətlərinə görə İddiaçı 899 manat borcu olduğu və borcunu könüllü ödəməsi bildirilmişdir. İşdə olan «Gəncə Sukanal» TSC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hesab fakturanın surətindən görünür ki, su təhcizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə İddiaçı qalıq borcu 926 manat 34 qəpik təşkil edir. İş materiallarında olan **********000 abonent kartından görünür ki, 2011-ci ildən 2023-cü il tarixədək sudan istifadə və tullantı sularının axıdılmasına görə Rövşən Əhmədova 965 manat 94 qəpik məbləğində borc hesablanmışdır. İşdə olan xx.xx.2011-ci il tarixli, 892 nömrəli «Su təhcizatı və kanalizasiya xidmətlərinə dair» müqavilədən görünür ki, «Gəncə Sukanal» TSC ilə İddiaçı arasında Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "xxxx" ASC-nin «Sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə» qərarına uyğun olaraq istehlakçının istifadə etdiyi 1 m3 tullantı suyuna görə hesablaşma ƏDV ilə 36 qəpik müqabilində aparılır. İş materiallarında olan xx.xx.2011-ci il tarixli su sayğaclarının qəbulu aktından görünür ki, «Gəncə Sukanal» TSC tərəfindən 901846 nömrəli sayğac saz halda plomblanıb istismara buraxılmış, su sayğacı İddiaçı təhvil verilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Dəmiryolaltı qəsəbəsi, məhəllə V-4, sahə 30 ünvanında yerləşən ev iddiaçıya məxsusdur. Tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 892 nömrəli «Su təchizatı və kanalizasiya xidmətlərinə dair» müqavilə əsasında «Gəncə Sukanal» TSC tərəfindən İddiaçı su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə borc yaranmışdır. İddiaçı «Gəncə Sukanal» TSC-yə qarşı cavabdeh tərəfindən qanunsuz və artıq hesablanmış 926 manat 34 qəpik məbləğində borcun silinməsi, pozulmuş istehlakçı hüquqlarının bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini evdə qeydiyyatda olan şəxslərin sayının əsassız olaraq 5 nəfər qeyd edilərək borcun şişirdilməsi və onun tərəfindən aparılmış ödənişlərin hesaba köçürülməməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Nazirlər Kabibetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları»nın 7.4-cü bəndinə görə əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Həmin Qaydaların 8.1.1-ci bəndinə görə istehlakçının müvafiq yazılı müraciəti (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda STKM «Su təchizatı cə tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq istehlakçıların su təchizatını istehlakçını mütləq qaydada xəbərdar etmək şərtilə dayandıra bilər. Həmin Qaydaların 8.3-cü bəndinə əsasən istehlakçı suyun verilməsinin dayandırılması (su təchizatının dayandırılmasının səbəb və müddəti göstərilməklə) və ya müqavilənin vaxtından əvvəl ləğv olunması (bu Qaydaların 8.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla) barədə STKM-nə yazılı müraciət etdikdə, STKM 2 (iki) iş günü müddətində müvafiq olaraq suyun verilməsinin dayandırılması və ya müqavilənin ləğv edilməsi barədə qərar qəbul etməlidir. İstehlakçıya suyun verilməsi həmin qərarın qəbul edildiyi gündən dayandırılmalıdır və istehlakçı sonuncu günədək istifadə etdiyi suyun dəyərini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə məhkəmə iclasında araşdırılmış sübutları, eləcə də tərəflərin izahatlarını müqayisəli təhqiq edərək, hesab edir ki, İddiaçı öz iddia tələbinin əsası kimi su təchizatına görə borcun artıq hesablanmasına və su təchizatına görə ödədiyi vəsaitin hesaba köçürülməməsinə dair göstərdiyi xüsusatlar ağlabatan olmamaqla, inandırdıcı deyildir, sübutların məcmusu ilə təkzib olunur və buna görə də həmin halların iddianın təmin olunması əsası kimi çıxış edə bilməz. Belə ki, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhəri, Dəmiryolaltı qəsəbəsi, Məh V-4, sahə 30 ünvanında yerləşən fərdi yaşayış evinin su təchizatı su qeydiyyatçısı (sayğac) əsasında aparılmış və SSS-15 markalı 901846 nömrəli 543042 plomb nömrəli sayğac xx.xx.2011-ci il tarixdə həmin fərdi yaşayış evinə gedən su borusunun üzərində quraşdırılmışdır. Həmin sayğac xx.xx.2015-ci il tarixdə yenisi ilə, yəni SSS-15 markalı 811335 nömrəli 384760 plomb nömrəli sayğacla əvəz edilmişdir. Bununla da Gəncə şəhəri, Dəmiryolltı qəsəbəsi, Məh V-4, sahə 30 ünvanında yerləşən fərdi yaşayış evinin su təchizatı xx.xx.2011-ci il tarixdən iddia ərizəsi ilə məhkəmə müraciət edildiyi xx.xx.2024-cü il tarixədək sayğac əsasında aparılmışdır. Digər tərəfdən İddiaçı Gəncə şəhəri, Dəmiryolltı qəsəbəsi, Məh V-4, sahə 30 ünvanında yerləşən fərdi yaşayış evinin su təchizatının sayğac əsasında aparılmadığını bildirsə də, özü xx.xx.2011-ci il tarixli su sayğaclarının qəbulu aktını məhkəməyə təqdim edib, quraşdırılmış su sayğaclarının xətdən açılma tarixlərini xatırlamadığını göstərmişdir. Bundan başqa, Gəncə şəhəri, Dəmiryolltı qəsəbəsi, Məh V-4, sahə 30 ünvanında yerləşən fərdi yaşayış evinin su təchizatı üzrə abonent kartından görünür ki, həmin fərdi yaşayış evinin su təchizatı və çirkab suyunun axıdılmasına görə aylar üzrə müxtəlif məbləğlərdə borc hesablanmışdır. Halbuki, mənzil sayğac quraşdırılmadan su ilə təchiz edildiyi təqdirdə, su təchizatı və çirkab sularının axıdılmasına görə borc adam sayına uyğun olaraq, hər ay sabit məbləğdə hesablanmalı idi. Belə ki, sayğacsız dövr üzrə adam sayına uyğun su təchizatı və tullantı sularının axıdılması ilə bağlı xidmətlərə görə borcun hesablanma qaydası 2016-cı ilin may ayınadək 1 nəfər üçün hər ay 2 manat 25 qəpik ((0.30man+0.15man)x5), 2021-ci ildən sonra isə 4 manat 45 qəpik ((0.60 man+0.30man)*5) olmuşdur. Qeyd olunanlardan əlavə X1 tərəfindən sübut qismində məhkəməyə təqdim edilmiş xx.xx.2011-ci ildə 16 manat 20 qəpik, xx.xx.2012-ci ildə 15 manat, xx.xx.2012-ci ildə 15 manat, xx.xx.2013-cü ildə 10 manat, xx.xx.2013-cü ildə 5 manat, xx.xx.2013-cü ildə 5 manat, xx.xx.2013-cü ildə 5 manat, xx.xx.2013-cü ildə 5 manat, xx.xx.2014-cü ildə 4 manat, xx.xx.2014-cü ildə 3 manat, xx.xx.2014-cü ildə 4 manat, xx.xx.2017-ci ildə 5 manat, xx.xx.2017-ci ildə 4 manat, xx.xx.2017-ci ildə 3 manat, xx.xx.2019-cu ildə 10 manat, xx.xx.2022-ci ildə 15 manat, xx.xx.2022-ci ildə 15 manat, xx.xx.2023-cü ildə 15 manat, xx.xx.2023-cü ildə 15 manat, xx.xx.2023-cü ildə 15 manat və xx.xx.2023-cü ildə 15 manat məbləğində pul vəsaitinin ödənilməsinə dair qəbzlərin iş materiallarında olan abonent kartı ilə müqayisəli tədqiqi zamanı, nəinki həmin pul vəsaitlərinin hesaba köçürüldüyü, hətta ödənilmiş, lakin bunu təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamış ödənişlərin də hesaba köçürüldüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək, habelə mülki işin yuxarıda müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edir ki, İddiaçı «Gəncə Sukanal» TSC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbi barədə iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbi barədə iddiası rədd edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar