Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1430/2024 06.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində cavabdeh tərəfindən onun adına qanunsuz və əsassız olaraq yazılmış 1957,42 manat cərimənin onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, Gəncə şəhəri, Avtozavod yolu ünvanında yerləşən 0,0322 ha torpaq sahəsi İddiaçı paylı mülkiyyətindədir. xx.xx.2023-cü il tarixdə iddiaçının yaşadığı və abonent kodu **********09690 olan Gəncə şəhəri, Cavadxan qəsəbəsi, 969 saylı evə dair təbii qazdan istifadə qaydalarının pozulması barədə ******* nömrəli akt tərtib edilmiş, aktda abonentin sayğacdan kənar əlavə xətdən rezin boru ilə istifadə etdiyi barədə qeyd aparılmış, X1 İstismarı İdarəsi tərəfindən itirilmiş qazın bərpası hesabatı aparılaraq qaz itkisinin 16416 m3 olması barədə qərar qəbul edilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, ünvan 2 ünvanda yerləşən ev onun xüsusi mülkiyyətindədir, o hər ay adına olan bütün kommunal xərclərini, o cümlədən işlədiyi, istifadə olunmuş qaz xərclərini vaxtlı-vaxtında ödəyir, 30 noyabr 2023-cü ilin tarixində cavabdeh təşkilatın əməkdaşları qaz sayğacına baxış keçirilməsi adı altında ona məxsus evə gələrək baxış keçirib çıxıb getmişlər. Yeni ilin əvvəllərində o Gəncə “ASAN Xidmət” mərkəzinə qaz sayğacının kartını təsdiq etdirmək istəyəndə orada ona demişlər ki, onun guya 1957,42 manat qaz borcu yaranmışdır. Dəfələrlə tələb edəndən sonra ona cavabdeh təşkilatdan ******* nömrəli, xx.xx.2023-cü il tarixli akt vermişlər. Aktla tanış olduqdan sonra ona məlum olmuşdur ki, guya o, həmin akta imza etməkdən itmina etmişdir. Cavabdeh təşkilatın əməkdaşları “təbii qazın istifadə qaydalarının pozulması haqqında aktın” guya sayğacdan qeyri-qanuni qaz xəttinin vasitəsi ilə təbii qazdan istifadə olduğunu göstərmişlər. Halbuki, belə bir hal olmamışdır. Cavabdeh təşkilatın əməkdaşları qanunsuz olaraq onun adına sərf etmədiyi qazı hesablamışlar, bu səbəbdən hesablanmış 1957,42 manat qaz məbləğinin silinməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etdi və əlavə etdi ki, sayğac yaşadığı evdən kənarda yerləşir, cavabdeh təşkilatın əməkdaşları özləri başqa xətt çəkərək qonşuya vermişlər, həmin xəttin onun sayğacına və evinə heç bir aidiyyəti yoxdur, onun qaz xətti qanunidir, o heç bir əlavə qaz xətti çəkməmişdir, özünəməxsus sayğacdan hazırda da istifadə edir. Məhkəmənin baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilərək əsassız hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə etdi ki, iddiaçı onun həyat yoldaşıdır, cavabdeh təşkilatın əməkdaşları iddiaçı evdə olmayanda icazəsiz evə gələrək sözügedən aktı tərtib etmişlər, həmin aktda iddiaçının imzası yoxdur, hər dəfə karta pul yüklədikcə borcdan çıxılır, cavabdeh təşkilatın əməkdaşları onların razılığı olmadan onların divarında yerləşən qonşunun qaz sayğacını qonşunun öz divarına köçürmüşlər, bu zaman qonşunun qaz turbaları onların evindən keçmişdir, yəni qonşuya gedən qaz onların evindən keçir, lakin həmin xəttə onlar tərəfindən heç bir müdaxilə olunmamışdır, əksinə həmin xəttin onların evinin divarından çıxarılması barədə cavabdehə və qonşu şəxsə dəfələrlə müraciət etsələr də nəticəsiz qalmışdır, ümumiyyətlə onların evinə sayğacdan kənar hər hansı qaz xətti yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə işə, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli xx.xx.2023-cü il tarixli aktdan görünür ki, istehlakçı kimi qeydə alınmış sözügedən ünvanda quraşdırılmış G-4 markalı, **********0 nömrəli qaz sayğacına baxış keçirilmiş, abonentin sayğacdan kənar əlavə xətdən rezin boru ilə istifadə etdiyi müəyyən edilmiş, əlavə xəttin ləğv edilməsi və dəymiş ziyanın 16416 m3 (1969,92 manat) hesablanaraq abonent tərəfindən ödənilməsi qərara alınmışdır. “Dəymiş ziyanın bərpasına dair tələbnamə” adlı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, sözügedən ünvan üzrə icra olunacaq tədbirlər kimi mövcud sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, Gəncə şəhəri, Cavadxan qəsəbəsi, bina, mənzil 969 üzrə abonent kodu **********09690 olan abonent İddiaçı saldosundan görünür ki, abonent hesabına 2023-cü ilin dekabr ayında 345,9 m3 sərfiyyat edilmiş, qalıq və aktlar üzrə 1957,42 manat borc hesablanmışdır. Tərəflər abonent kodu **********09690 olan, iddiaçının yaşadığı evə dair təbii qazdan istifadə qaydalarının pozulub-pozulmaması ilə bağlı mübahisə edirlər. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvana verilən itirilmiş 16416 m3 qaza görə 1969,92 manat borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçının sayğacdan kənar əlavə xətdən rezin boru ilə istifadə etməsi faktı ilə əsaslandırır. İş materiallarından müəyyən edilir ki, cavabdehin əməkdaşlarının tərtib etdikləri ******* nömrəli aktda iddiaçının sözügedən evində kənar xətt vasitəsi ilə təbii qazdan istifadə etməsi göstərilsə də, həmin akt əsasında cavabdeh tərəfindən, həqiqətən də mövcud olmuş kənar xəttin kəsilməsi (kənarlaşdırılması) hər hansı formada sənədləşdirilməmiş, bu halı təsdiq edən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən edilməsi halları ciddi şübhə doğurur. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh İB insanların həyatı əhəmiyyətli təbii qazın istehlakı sahəsində inhisarçı mövqeyə malik olduğundan, Cavabdeh İB tərəfindən tərtib edilən aktın qəbul edilməsi üçün əsas olmuş mübahisə predmetini təşkil edən halları sübut etmək vəzifəsi həmin aktı qəbul etmiş subyektin üzərinə düşür. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, tərtib edilmiş həmin aktda abonent kimi qeydiyyata alınmış iddiaçının adı istehlakçının nümayəndəsi bölməsində “İddiaçı Teymur” kimi qeyd edilməklə imzadan imtina etməsi göstərilmişdir. Qeyd edilən əsas cavabdeh tərəfindən tərtib edilmiş aktın mötəbərliyini şübhə altına almağa tam əsas verir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda göstərilən halların sübut edilməsi vəzifəsi cavabdehə aid olsa da, məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olan cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, həmin halların doğruluğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, konkret olaraq iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsini sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. “Qazdan istifadə Qaydaları”nın 5.2-ci maddəsinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacı evdən kənarda yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3-cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün Cavabdeh İB tərəfindən müvafiq örtüklə örtülməlidir. Şərh olunan normalardan da göründüyü kimi fiziki şəxs olan istehlakçı yalnız plombun toxunulmazlığına görə məsuliyyət daşıya bilər. Təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda qeyd edilən pozuntunun iddiaçının təqsirindən baş verməsini, yaxud da iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsini təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, habelə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır, cavabdeh Azəriqaz İB tərəfindən 16146 m3 itirilmiş təbii qaz üçün 1957,42 manat borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. Odur ki, şərh edilənlərə əsasən və iddia tələbinin həddini də nəzərə alaraq məhkəmə hesab edir ki, sözügedən aktda qeyd edilən hallar cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt əsasında hesablanmış borc silinməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, 39,57 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi (abonent kodu **********09690 olan) üzrə təbii qazın itkisinə görə abonent İddiaçı Cavabdeh tərəfindən hesablanmış 1957,42 (bir min doqquz yüz əlli yeddi manat qırx iki qəpik) manat pul məbləği silinsin. 39,57 (otuz doqquz manat əlli yeddi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-1430/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1430/2024
06.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver