Məhkəmə qərarları › İş №2(125)-1446/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1446/2024

05.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1446/2024 05.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı sayğacda aşkar edilmiş nasazlıqlara görə tətbiq edilmiş cərimənin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən evinə quraşdırılmış qaz sayğacında aşkar edilmiş nasazlıqlara görə tətbiq edilmiş 1555,10 manat cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, bu günlərdə qaz sərfi üçün sayğaca pul yükləyəndə məlum olmuşdur ki, yüklədiyi məbləğin yarısı tutulur, yarısı sayğaca oturur. Bu barədə Qaz İstismar İdarəsinə müraciət edəndə bildirmişdirlər ki, evlərinə qoyulmuş G- 4 markalı **********98 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan 3 ədəd zavod plastmas plombdan biri üst hissədəki üzərində aşkar olunmamışdır. Bu barədə xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş və dəymiş ziyanın həcmi 12960 kub metr müəyyən edilmişdir. Tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda qeyd olunmuşdur ki, istehlakçının nümayəndəsi kimi o, qaz idarəsinin işçiləri tərəfindən aparılmış yoxlama zamanı iştirak etmiş və aktı imzalamaqdan imtina etmişdir. Halbuki, qaz sayğacı küçədə yerləşdiyindən qaz idarəsinin işçiləri özləri istehlakçının iştirakı olmadan gəlib baxış keçirmiş, akt yazmış və vəziyyətdən çıxmaq üçün də yazmışdırlar ki, guya ev sahibi aktı imzalamaqdan imtina etdi. Təxminən mart ayının axılarında görmüşdür ki, küçədə qaz idarəsinin əməkdaşları tərəfindən sayğaclar dəyişdirilir. Ola bilsin ki, küçədə qoyulmuş qaz sayğacı dəyişdirilərkən qaz idarəsinin işçiləri tərəfindən ya bilərəkdən, ya da ehtiyatsızlıqdan sayğacın hesablama mexanizminin qoruyucusuna toxunulmuş, nəticədə qoruyucu şüşənin üzərindəki plomblardan biri zədələnmişdir. Amma həmin plombun qırılmasında nə onun, nə də ailə üzvlərinin heç bir təqsiri yoxdur. Ümumiyyətlə, qaz sayğacı küçədə quraşdırılmışdır. Buna nəzarət etmək nə onun, nə də ki digər istehlakçıların imkanı daxilində deyildir. Bir istehlakçı kimi ailədən heç kəs bu və ya digər məqsədlə evlərinə gələn qaz xəttinə küçədə quraşdırılmış sayğaca müdaxilə etməmişlər. Həmçinin, ailələri 2 nəfərdən ibarət olmaqla, evlərində cəmi 2 ədəd qaz cihazı, yəni bir ədəd qaz plitəsi, bir ədəd də “ceyran” peçidir. Hamam kalonkası isə onlarla bir həyətdə yaşayan qardaşı oğlunun evindəki sayğaca quraşdırılmışdır. Aktda isə onların evində 3 ədəd qaz cihazı olması göstərilmişdir. Cavabdeh tərəfindən tərtib olunmuş akta görə sayğacda yaranmış nasazlığa görə 12960 kub metr qaz sərf olunmuşdur. Hansı ki, qaz xəttinə, eləcə də qaz sayğacına onlar tərəfdən müdaxilə olunmamışdır. Eləcə də sayğac dəyişdirilərkən də yoxlayıcılar tərəfindən hansısa çatışmazlığın olması barədə ona məlumat verilməmişdir. Əgər sayğacda aşkar edilmiş nasazlıqlar aşkar olunana qədər sayğaca müdaxilə olunmuşdursa, onda nəyə görə həmin tarixə qədər qaz sərfi üçün onlar tərəfindən mütəmadi olaraq pul ödənilmişdir. Ona görə də cavabdeh təşkilatın aidiyyəti işçiləri tərəfindən sayğacın hesablama mexanizmində aşkar olunmuş nasazlıqlar olmamışdır. Bu səbəbdən də cavabdeh təşkilat tərəfindən tərtib olunmuş aktlara əsasən tətbiq olunmuş 1555,10 manat cərimə silinməlidir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verib, sayğaca heç bir müdaxilə olunmadığını və qaz sayğacının 2023-cü ilin may ayında onların xəbəri olmadan dəyişdirildiyini göstərərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan Zenner tipli, G4 markalı, **********8 nömrəli qaz sayğacı açılaraq, İtron tipli, G4 markalı, 1402AZ**********78 nömrəli yeni sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi növbədənkənar dövlət yoxlaması olaraq qeyd edilmişdir. Aktın tərtib olunmasında istehlakçı İddiaçı iştirakı göstərilmiş və istehlakçı aktı imzalamışdır. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, aktda qeyd olunmuşdur ki, Cavabdeh İB-nin 14-2-2/3-5-5026/Q003 rəyinə əsasən sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan üç ədəd zavod plastmas plomblardan biri üst hissədəki üzərində aşkar olunmamışdır. Aktın tərtib olunmasında istehlakçı Nəzərəliyev Səbrayılın iştirakı göstərilərək istehkçı tərəfindən aktın imzalanamasının səbəbi imtina etməsi kimi qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, istehlakçı Cəbrayıl Nəzərəliyevdən 12960 m3 itirilmiş qaz sərfiyyatına görə dəymiş ziyanın məbləği tələb olunmuşdur. Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8- 70-N-1199/2024 nömrəli arayışdan görünür ki, X1 xx.xx.1982-ci ildə ölmüşdür. Qaz sayğacının dövlət yoxlamasından keçirilməsi barədə xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5-5026/Q003 nömrəli aktın surətindən görünür ki, Zenner tipli, G4 markalı, **********8 nömrəli qaz sayğacına xx.xx.2023-cü il tarixində Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş, yoxlama nəticəsində sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan üç ədəd zavod plastmas plomblardan biri üst hissədəki üzərində aşkar olunmamış, sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. **********00050 nömrəli abonentin saldosundan görünür ki, 2023-cü il üçün qaz sərfiyyatı aprel ayında 149 m3, may ayında152 m3, iyul ayında 100 m3, noyabr ayında 210 m3, dekabr ayında 193 m3, 2024-cü ilin yanvar ayında 88 m3 olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında olan hüquq münasibəti qazın alqı-satqısı barədə müqavilə öhdəliyindən əmələ gələn münasibət olsa da, mübahisə iddiaçının «sayğaca müdaxilə etməsi ilə bağlı itirilmiş qaz sərfiyatına görə dəymiş zərərlə» bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Deliktlərlə əlaqədar yuxarıda şərh olunmuş hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının istifadəsində olan qaz sayğacında olan qüsura görə 12960 m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. Lakin məhkəmə araşdırması zamanı həmin sayğacda yaranmış qüsurun iddiaçının təqsiri nəticəsində baş verməsi sübuta yetməmişdir. Belə ki, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan Zenner tipli, G4 markalı, **********8 nömrəli qaz sayğacı açılaraq, İtron tipli, G4 markalı, 1402AZ**********78 nömrəli yeni sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi növbədənkənar dövlət yoxlaması olaraq qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən isə görünür ki, aktda qeyd olunmuşdur ki, Cavabdeh İB-nin 14-2-2/3-5- 5026/Q003 rəyinə əsasən sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan üç ədəd zavod plastmas plomblardan biri üst hissədəki üzərində aşkar olunmamışdır. Lakin abonentin təqsiri nəticəsində baş verməsinin nə ilə təsdiq olunması barədə hər hansı sübut təqdim edilməmişdir. Bununla belə akt tərtib olunarkən aktın tərtib olunmasında istehlakçı Nəzərəliyev Səbrayılın iştirakı göstərilərək istehkçı tərəfindən aktın imzalanamasının səbəbi imtina etməsi kimi qeyd olunmuşdur.Halbu ki, Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-70-N-1199/2024 nömrəli arayışdan görünür ki, X1 xx.xx.1982-ci ildə ölmüşdür. Ümumiyyətlə sayğac labarator müayinədən keçərkən istehlakçı məlumatlandırılmamış, iştirakı təmin olunmamış, istehlakçıya labarator müayinədə iştirak etməsi barədə məlumat verilməsinə dair hər hansı bir sübut təqdim olunmamışdır. Qaz sayğacının dövlət yoxlamasından keçirilməsi barədə xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5-5026/Q003 nömrəli aktda sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan üç ədəd zavod plastmas plomblardan birinin üst hissədəki üzərində aşkar olunmaması və sayğacın istismara yararsız olduğu qeyd edilsə də istehlakçının abonent saldosundan görünür ki, istehlakçı 2023-cü ilin aprel ayında 149 m3, may ayında 152 m3, iyul ayında 100 m3, noyabr ayında 210 m3, dekabr ayında 193 m3, 2024-cü ilin yanvar ayında 88 m3 qazdan istifadə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.2-ci bəndinə görə istehlakçı -alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Göründüyü kimi, “Qazdan istifadə Qaydaları” istehlakçıları iki qrupa bölmüşdür, bunlar hüquqi və ya fiziki şəxslər olmaqla, İddiaçı fiziki şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı, Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının təbii qazdan istifadə qaydalarını pozması, yəni qaz sayğacına müdaxilə etməsi məhkəmə araşdırması zamanı sübut olunmadığından iddia təmin olunmalı, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 12960 m3 itirilmiş qaz sərfiyyatına görə hesablanmış 1555,10 manat pul silinməlidir. MPM-in 124.1-ci maddəsinə əsasən iş üzrə ödənilməli olan 35,55 manat dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 12960 m3 itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 1555,10 manat pul silinsin. Cavabdehndən dövlət rüsumu hesabına 35,55 (otuz beş manat 55 qəpik) manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar