Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1473/2022 30.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Tahir oğlunun sədrliyi, Səfərova Leyla Firdovsi qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya verməklə evdən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Yahya qızının ünvan 1 ünvanından 2000 (iki min) manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsinə və mənzildən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh Yahya qızı qardaşı X1 arvadıdır. Cavabdeh 1996-cı ildə qardaşı ilə qeyri-rəsmi ailə quraraq ünvan 2 ünvanına gəlin köçmüş, elə həmin evə də rəsmi qeydiyyata alınmışdır. Faktiki nikah münasibətlərindən iki övladları vardır. Həmin vaxtdan qeyd edilən mənzildə yaşamış olsa da, mənzil onun mülkiyyətindədir. İkinci övladları doğulduqdan sonra qardaşı ilə cavabdehin münasibətləri korlanmış, sonra davamlı söz söhbətlər başlamışdır. Bundan sonra qardaşı ailəsini dolandıra bilmək üçün Rusiya Federasiyasına getməli olmuş və hər ay həm qardaşı, həm də ki, o, cavabdehə artıqlaması ilə pul göndərmişlər ki, həm uşaqlara, həm də ki, onlarla birlikdə yaşayan yaşlı analarına baxsın. 2013-cü ildə anaları xəstələnən zaman ona ziyarət edərkən gəlib görmüşlər ki, anaları yaman gündədir, ümumiyyətlə ona baxılmır, nə təmizliyi, nə də ki qidası yerindədir. Bundan sonra məlum olmuşdur ki, cavabdeh ona göndərilən pulları yığıb özünə ev alıb. Anası sağlığında həmin evi bağışlama ilə onun adına keçirmişdir, həmin vaxt cavabdeh özü də həmin evdə qeydiyyatda olduğu üçün onun da razılığı ilə anası tərəfindən ona bağışlanılmışdır. Bundan sonra o, köhnə tikilini söküb həmin torpaq sahəsində yeni ev inşa etmişdir. Cavabdehin 2013-cü ildən sonra dəfələrlə evdən çıxamasını tələb etsə də, cavabdeh evdən çıxmamış, əksinə qardaşının üzərinə hücum çəkərək onu döymüş, yəni ona fiziki ziyan yetirmişdir. Belə ki, nə o, eyni zamanda qardaşı ata-baba yurdları olan torpaqlarda yerləşən evə daxil ola, həmin evdən istifadə edə bilmirlər. Cavabdeh onları evdən qovaraq ona məxsus olan mənzilə təkbaşına yiyələnmişdir. Bu isə bir mülkiyyətçi kimi hüquqlarını pozur. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, 1988ci ildən bəri həmin evdə yaşayır və evə böyük zəhməti olmuşdur. Uşaqlarını da həmin evdə böyüdüb boya-başa çatdırmışdır. İddiada qeyd edilən 2000 manat kompensasiya məbləği ilə razı deyildir. 25000-30000 manat arası kompensasiya ilə razılaşa bilər. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli elektron çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. 7E-21-12468 reyestr nömrəli ərizənin surətindən görünür ki, Cavabdeh Yəyha qızı qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin Yariyeva (Əhmədova) Fəridə Sarı qızına bağışlanmasına razılıq vermişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçının iddia etdiyi fərdi yaşaış evi onun mülkiyyətindədir. İddiaçı iddia edir ki, cavabdeh onun mülkiyyət hüquqlarını pozaraq evdə yaşamasına imkan vermir,ona görə də 2000 manat kompensasiya qarşılığında cavabdehin evdən istifadə hüququna xitam verməklə evdən çıxarılmalıdır. Cavabdeh tərəf isə iddianı qəbul etməyərək 33 ildir ki, sözügedən evdə yaşadığını və iddiaçının təklif etdiyi kompensasiya məbləğinin çox az olduğunu bildirir. Məhkəmə tərəflərin izahatını, işdə olan sübutları və üçün üçün əhəmiyyətli olan halları araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərarından görünür ki, yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin və digər şəxslərin yaşayış sahəsindən istifadə qaydası, o cümlədən belə istifadəyə xitam verilməsi 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsində müəyyən olunmamışdır. Nəticədə həmin məsələlərlə bağlı mülkiyyətçi ilə bu şəxslər arasında münasibətlər tənzimlənməmiş və hər iki tərəfin hüquqları üçün qeyrimüəyyənlik yaranmışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüquna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirilməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsinin nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzilinə xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bununla yanaşı Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə qeyd edir ki, Cavabdeh 2000 (iki min) manat məbləğində kompensasiya ödənilməklə onun evdən istifadə hüququna xitam verildiyi təqdirdə cavabdeh yaşayış sahəsi əldə etmək imkanından məhrum olunur və cavabdehə ailəsi ilə birlikdə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı kompensasiya verməklə evdən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X3
Məhkəmə qərarları › İş №2(125)-1473/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1473/2022
30.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver