Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1476/2025 12.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Şakir oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı «borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı «borcun silinməsi» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 901.25 (doqquz yüz bir manat iyirmi beş qəpik) manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən ev ********** qeydiyyat nömrəli, 10 mart 2015-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən çıxarışa əsasən ev anası X1 mülkiyyətindədir. O, hazırda həmin evdə yaşayır və həmin evin qaz sayğacının abonenti özüdür. Həmin evin qaz təchizatı cavabdeh X3 tərəfindən təmin edilir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gedən qaz borusunun üzərində quraşdırılmış sayğac X3 əməkdaşları tərəfindən 18 mart 2024-cü il tarixdə baxış keçirilmiş və sayğac çıxarılmış və laboratoriyaya göndərilmişdir. Bununla bağlı X3 əməkdaşları tərəfindən ******* saylı, 18 mart 2024-cü il tarixli akt tərtib edilmiş və sayğacı çıxarılma səbəbi qaz sayğacının elementinin bitməsi qeyd olunmuşdur. Qeyd olunan hadisədən bir müddət sonra, qazdan istifadəyə görə ona cavabdeh tərəfindən 901,25 manat məbləğdə borc hesablandığı məlum olmuşdur. Bununla bağlı cavabdehə müraciət etmişdir. X2 əməkdaşları tərəfindən verilmiş cavabda sayğacın klapanının işlək vəziyyətdə olmadığını, elementin bitdiyi qeyd edilmiş və itirilmiş qaz sərfiyyatının olduğu bildirilmişdir. Sayğacın daxilində qüsurların onun təqsirli hərəkətləri ilə yaranmasının mümkün olmadığı nəzərə alınmamışdır. Qeyd olunan səbəblərdən o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sözügedən akt onun iştirakı olmadan tərtib edilmiş, həmin aktdan onun xəbəri olmadığı halda onun əvəzinə imza hissəsində “imtina” kimi qeyd edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddia tələbini müdafiə edərək əlavə olaraq bildirdi ki, ünvan 2 ünvanında yaşayır. Sözügedən evdə quraşdırılmış qaz sayğacına cavabdeh orqanı əməkdaşları tərəfindən baxış keçilmiş və sayğacın elementinin bitdiyi aşkar edilərək “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli, 18 mart 2024-cü il tarixli akt tərtib edilmişdir. Sayğac laboratoriyada yoxlanılan zaman sayğacın klapanının işlək olmadığı, elementinin bitdiyi, kamera ilə daxilinə baxış keçirilən zaman fiziki təsir izinin aşkar edilmədiyi və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. Sayğacın işlək vəziyyətdə qalması üçün məsuliyyəti o, daşımamaqla yanaşı elementinin bitməsinin də günahkarı o, deyildir. Belə olduğu halda 901.25 manat məbləğində cərimənin ona yazılması absurd və qanunsuzdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; - 10 mart 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********36-10302 reyestr nörməli, RX seriaylı, ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrdən Çıxarışdan görünür ki, ünvan 3 ünvanında ümumi sahəsi 0.0246 ha olan torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi fərdi yaşayış evi X1 xüsusi mülkiyyətindədir. - “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli, 18 mart 2024-cü il tarixli aktın surətindən görünür ki, “İtron” tipli, G-4 markalı, 1402AZ**********81 nömrəli sayğacın çıxarılma səbəbi “element bitib” göstərilmiş və “Honeywem” tipli, G-4 markalı, 13803322 nömrəli qaz sayğacı quraşdırılmışdır. Sayğacın quraşdırılma səbəbi “əvəzləmə” qeyd edilmişdir. - **********00050 nömrəli abonent saldosundan görünür ki, istehlakçı İddiaçı təbii qazdan istifadə qaydalarının pozulmasına görə tərtib edilən akta əsasən ona 901.25 manat borc yazılmışdır. - AKT M 0590 nömrəli, 28 iyun 2024-cü il tarixli qaz sayğacılarının yoxlamadan keçirilməsi barədə aktdan görünür ki, 1402AZ**********81 nömrəli sayğaca baxış keçirilmişdir. Sayğacın klapanı işlək deyildir. Qayka plombu üçün nəzərdən tutulmuş qulaqcıq qırıqdır. Sayğacın elementi bitib və müvəqqəti element quraşdırılmışdır. xx.xx.2023-cü il tarixə elektron göstərici 33506 m3 olmuşdur. Sayğacın yaddaş arxivi oxundu. Sayğacda istismar müddətində ALARM-1 rejimi aşkar olunmayıb. Xətalar təyin edilə bilmədi. Sayğacın membranı fasilələr ilə işlədiyindən sınaq qurğusunda yoxlamaq mümkün olmadı. Kamera ilə daxilinə baxış keçirildi və fiziki təsir izi aşkar edilmədi. Sayğac istismara yararsızdır. - “Azəriqaz” İstehsalat Birliyinin 15 aprel 2025-ci il tarixli, 14-2-2/142-429/2025 nömrəli sorğuya cavab məktubunda G-4 markalı, 1402AZ**********81 nömrəli qaz sayğacının 18 mart 2024-cü il tarixdə abonentin ünvanında AKT ******* saylı aktla yenisi ilə əvəz edilən zaman qaz sayğacının elementinin bitdiyi və sayğacın üzərində olan 3605 kubmetr dəyəri ödənilməmiş qaz sərfinin mövcud olduğu, həmin 3605 kubmetr abonentin istifadə etdiyi təbii qazın 901.25 manat dəyəri olduğu və abonentin hesabına bərpa edildiyi bildirilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəsini aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 3.1.5-ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimləsi barədə” 28 noyabr 2016-cı il tarixli, 18 nömrəli qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 4.1.1-ci sətirində əhali kateqoriyasına aid istehlakçılar üçün illik istehlak həcmi, yəni təbii qazın bir təqvim ili ərzində istehlak həcmi 1700 m3-dək (1700 m3 daxil) olan hissəsi üçün dəyəri 100,0, (ƏDV ilə, manat/min m3), 4.1.2-ci sətirində 1700 m3-dən çox olan hissəsi üçün dəyəri 200,0 (ƏDV ilə, manat/min m3) müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər İddiaçı faktiki yaşadığı ünvanda quraşdırılan qaz sayğacının elementinin bitməsi və 3605 kubmetr dəyəri ödənilməmiş qaz sərfinin mövcud olması ilə əlaqədar “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən iddiaçıya borc yazılmasını mübahisələndirmiş və hesab edilmişdir ki, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən aktı tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi isə məhkəmə iclasında iştirak etmədiyindən iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi isteklakçı olan iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacı üçün borc hesablamışdır. Cavabdeh bu hərəkətini xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktda qeyd edilənlər ilə əsaslandırır. Belə ki, qaz sayğacı çıxarılarkən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktda sayğacın plombunun və digər hissələrinin toxunulmazlığının pozulması, habelə sayğaca müdaxilə olunması barədə heç bir qeyd aparılmamış, sayğac elementin bitməsi ilə əlaqədar çıxarılaraq əvəzlənmişdir. Həmçinin, AKT M 0590 nömrəli, 28 iyun 2024-cü il tarixli qaz sayğacılarının yoxlamadan keçirilməsi barədə aktda 1402AZ**********81 nömrəli sayğaca baxış keçirildiyi, sayğacın klapanının işlək olmadığı, qayka plombu üçün nəzərdən tutulmuş qulaqcığın qırıq olduğu, sayğacın elementinin bitdiyi, müvəqqəti element quraşdırıldığı, xx.xx.2023-cü il tarixə elektron göstərici 33506 m3 olduğu, sayğacın yaddaş arxivinin oxunduğu, sayğacda istismar müddətində ALARM-1 rejimi aşkar olunmadığı, xətaların təyin edilə bilmədiyi, sayğacın membranının fasilələr ilə işlədiyindən sınaq qurğusunda yoxlamaq mümkün olmadığı, kamera ilə daxilinə baxış keçirildiyi və fiziki təsir izinin aşkar edilmədiyi, sayğacın istismara yararsız olduğu qeyd edilmişdir. Bundan başqa, cavabdeh istehlakçı olan iddiaçıya məxsus qaz sayğacına müdaxilə edilməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Sayğaca müdaxilə olunmadan sayğac işlək vəziyyətdə deyilsə, buna görə fiziki şəxs olan istehlakçı məsuliyyət daşımır. Cavabdehin abonentə borc hesablaması üçün abonentin təqsiri üzündən təbii qazdan qanunsuz istifadə faktını sübuta yetirməsi lazımdır. Cavabdeh isə həmin halı sübuta yetirə bilməmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş aktda göstərilən qüsur cavabdehə əsas vermir ki, iddiaçının sayğaca müdaxilə etdiyini güman edərək sonuncuya əlavə sərfiyyat hesablasın. İşlək sayğacın quraşdırılması və onun işlək vəziyyətdə qalması üçün məsuliyyət qaz paylayıcısının üzərinə düşdüyündən, cavabdeh öz üzərinə düşən vəzifələri icra etmədiyindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı 901.25 (doqquz yüz bir manat iyirmi beş qəpik) manat borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. Bu baxımdan məhkəmə iddiaçının iddia tələbində qeyd etdiyi dəlilləri ağlabatan hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki,cavabdeh tərəfindən tutarlı əsas gətirilmədən və faktiki olaraq cavabdehin işçilərinin lazımi dəqiqləşmə aparılmaması nəticəsində əsassız 901.25 (doqquz yüz bir manat iyirmi beş qəpik) manat borc hesablanmışdır. Cavabdeh tərəfindən borcun yaranması kifayətedici aydınlıqla sübut edilə bilinməmiş və hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Buna görə məhkəmə, iddiaçının tələbini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, “Azəriqaz” İstehsalat birliyi tərəfindən təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edə bilmədiyindən cavabdeh “Azəriqaz” İstehsalat birliyi tərəfindən 28 iyun 2024-cü il tarixli, M 0590 nömrəli akt əsasında hesablanmış 901.25 (doqquz yüz bir manat iyirmi beş qəpik) manat borc qanunsuz hesablanmış olduğuna görə silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. 28 iyun 2024-cü il tarixli, M 0590 nömrəli akt əsasında İddiaçı (abonent kodu - **********00050) cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 901.25 (doqquz yüz bir manat iyirmi beş qəpik) manat məbləğində borc silinsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-1476/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1476/2025
12.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver