Məhkəmə qərarları › İş №2(125)-1492/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1492/2023

27.02.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1492/2023 27.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 sədrliyi, X11 katibliyi, ərizəçi X2 və Maraqlı şəxs iştirakları ilə, Ərizəçi X2 barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi X6 barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək onunla Maraqlı şəxs arasında mediasiya prosesində 04 may 2022-ci il tarixdə azyaşlı uşaqları- xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 onun yanında saxlanması və 2022-ci ilin may ayından başlayaraq hər ayın 15-25 tarixlərində azyaşlı uşağın saxlanılması və müayinədən sonra müəyyən olunmuş xəstəlik ilə bağlı müalicə xərclərinə görə ayda 400 manat alimentin ödənilməsinə dair bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, cavabdeh Maraqlı şəxs ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X7 anadan olmuşdur. Xasiyyətlərinin uyğun gəlməməsi nəticəsində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli 2(043)-1636/2022 saylı qətnaməsinə əsasən aralarında olan nikah pozulmuşdur. O və cavabdeh məhkəmədən əvvəl uşağın saxlanılması məsələ ilə bağlı könüllü olaraq mediatora müraciət edib müzakirə etmişlər. xx.xx.2022-ci il tarixdə cavabdehlə barışıq sazişi imzalanaraq birgə nikahdan anadan olmuş xx.xx.2020-ci il təvəllüdlü X3 onun yanında qalması və Maraqlı şəxs 2022-ci ilin may ayından başlayaraq hər ayın 15-25 tarixlərində azyaşlı uşağın saxlanılması və müayinədən sonra müəyyən olunmuş xəstəlik ilə bağlı müalicə xərclərinə görə ayda 400 manat sabit pul məbləğində aliment məbləğini ödəyəcəyini öz öhdəliyinə götürmüşdür. Lakin cavabdeh alimenti ödəmir. Cavabdeh Maraqlı şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X1 üçün hər ay razılaşdırılmış 400 manat məbləğin yarı hissəsini ödəyir. Cavabdeh may ayından başlayaraq hər ay 200 manat aliment ödəyir. Bu günədək 2400 manat ödəniləcək məbləğin cəmi 1200 manat aliment məbləğini ödəmişdir. Lakin bu məbləğ uşağın saxlanılması və müalicəsi üçün kifayət etmir. Cavabdeh barışıq sazişini icra etməyərək alimenti ödəməkdən yayınır. O, işsizdir və bu səbəbdən uşağı saxlamaqda maliyyə çətinlikləri ilə qarşılaşaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi X6 izahat verərək bildirdi ki, maraqlı şəxs 2022-ci ilin may ayından alimenti 200-250 manat ödəyir, yalnız bircə dəfə 400 manat alimenti bütöv şəkildə ödəmişdir. O, alimentin hər ay onun kart hesabına 400 manat ödənilməsini istəyir. Buna görə barışıq sazişinin məcburi icraya yönəldilməsini xahiş edir. Maraqlı şəxs bildirdi ki, o, “N” saylı hərbi hissədə gizir kimi xidmət edir. Aylıq qazancı 1400 manatdır. Alimenti hər ay vaxtında ödəyir. Lakin, barışıq sazişi bağlandıqdan sonrakı dövrdə hərbi hospitalda müalicə aldığı üçün aylıq təminatından tutulmalar olmuşdur. Buna görə də alimenti tam həcmdə ödəyə bilməmişdir. Yalnız bir dəfə 200 manat ödəmiş, bir dəfə 400 manat ödəmiş, qalan aylarda isə hər ay 300-350 manat aliment ödəmişdir. Hazırda barışıq sazişinin təsdiq edilərək məcburi icraya yönəldilməsinə etiraz etmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan, mediasiya prosesinin nəticəsində mediator X5 iştirakı ilə bağlanmış 04 may 2022-ci il tarixli 17237 nömrəli barışıq sazişindən görünür ki, tərəflər 20 fevral 2020-ci ildə anadan olmuş X3 anası X2 yanında saxlanılması və Maraqlı şəxs 2022ci ilin may ayından başlayaraq hər ayın 15-25 tarixlərində azyaşlı uşağın saxlanılması və X3 müayinədən sonra müəyyən olunmuş xəstəlik ilə bağlı müalicə xərclərinə görə hər ay 400 manat sabit pul məbləğində alimenti ödəməyi öhdəsinə götürməsi, X3 müalicəsi bitdikdən sonra alimentin miqdarının yenidən müəyyən edilməsi üçün müraciət etmək barədə razılıq əldə etmişlər. İş materiallarında olan AZ-İV seriyalı 486506 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X3 atası Maraqlı şəxs, anası X4r. İş materiallarında olan Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 2(043)-1636/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı X6 ilə cavabdeh Maraqlı şəxs arasında xx.xx.2018-ci il də Sumqayıt “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində 3511 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Tərəflər arasında qanunvericiliyə uyğun olaraq könüllü şəkildə xx.xx.2022-ci il tarixli barışıq sazişi bağlanılmış, barışıq sazişi qanunun tələblərinə uyğun tərtib edilmiş, lakin Maraqlı şəxs tərəfindən barışıq sazişi tam icra olunmamışdır. Qanunvericiliyin tələbindən göründüyü kimi, əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin təsdiq edilməsi üçün müraciət edə bilər. Buna görə ərizəçinin barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi əsaslı hesab edildiyindən təmin edilməli və barışıq sazişin təsdiq edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Hazırki barışıq sazişinin təsdiq olunması barədə qətnamə alimentin tutulması ilə bağlı olduğundan qətnamə dərhal icra olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. Ərizəçi X6 ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X3 X2 yanında qalması və Maraqlı şəxs 2022-ci ilin may ayından başlayaraq hər ayın 15-25 tarixlərində azyaşlı uşağın saxlanılması və müayinədən sonra müəyyən olunmuş xəstəlik ilə bağlı müalicə xərclərinə görə ayda 400 manat alimentin ödəməsinə dair xx.xx.2022-ci il tarixli 17237 nömrəli barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar