Məhkəmə qərarları › İş №2(125)-1493/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1493/2025

03.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1493/2025 03.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 30 aprel 2023-cü il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 1555 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Gəncə şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzrə abonent kodu **********00030 olmaqla, abonent kimi iddiaçının adına qeydiyyata alınmışdır. Fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, Gəncə şəhəri, ünvan 2 ünvan mülkiyyət hüququ üzrə ona məxsusdur. Ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Həyat yoldaşı X3 psixoloji cəhətdən problemli insandır. Demək olar ki, hərəkətləri ilə özünü normal idarə edə bilmir. X1 müharibə veteranıdır. Cavabdehlə onun arasında qazın istehlakına dair müqavilə bir abonent kimi onunla bağlanmışdır. Həmin Müqavilənin surəti ona təqdim olunmamışdır. O və ailə üzvləri dövlətə və qanunlara sadiq vətəndaşlardır. Heç bir kommunal xidmət növü ilə problemləri indiyədək olmamışdır. Ancaq cavabdehin əməkdaşları yaşadığı ünvana gələrək həyat yoldaşına sayğaclara baxış keçiriləcəyini bildiriblər. Həyat yoldaşı onların nə etmək istədiklərini anlamadığını bildirsə də, əməkdaşlar ona əhəmiyyət vermədən qaz sayğacına "baxış" keçiriblər. Həmin gün, yəni 30 aprel 2023-cü il tarixdə ******* nömrəli akt tərtib edərək, guya ünvanında quraşdırılmış G-4 markalı, **********9 nömrəli sayğacın çıxış plastmas borusu deşilmişdir. Onun və ailə üzvlərinin heç biri sayğacın işləmə mexanizmi ilə tanış deyildir və tanış olsalar belə sayğaca müdaxilə edə biləcək insanlar deyillər. Tərtib olunmuş aktı əsassız və qanunsuz hesab edir. Sonra yeni sayğac quraşdırılması və guya dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib olunmuş, ancaq nə akt, nə də tələbnamə ona təqdim edilməmişdir. Əgər sayğacda nöqsan aşkar edilmişdirsə, o halda sayğaca baxış keçirilərkən onun iştirakı təmin olunmalı idi. Məntiqə uyğun olmayan, ağlabatan sərfiyyat göstərmədən 6 x 24 x 90 =12960 m3 həcmində ziyan dəyməsini hesablamışlar. Hesablanmış borc məbləği 1555 manat təşkil edir. Sayğaca yerində baxış keçirilməsində müqavilə imzalamış abonent kimi onun iştirakı təmin olunmalı və "qüsur" aşkar edilmiş hissənin fotoşəklini təqdim etməli idilər. Eyni zamanda əsassız hesablanmış borc məbləğinin hesablanmasının hansısa təlimata əsasən hesabladıqlarını qeyd edirlər. Cavabdeh tərəfindən ona qarşı tərtib olunmuş akt və həmin akta əsasən hesablanmış əsassız borc məbləğini qəbul etmir. Akt tərtib edildiyi 30 aprel 2023-cü il tarixdən qaz sərfiyyatı üçün ödədiyi məbləğin bir hissəsi əsassız olaraq hesablanmış borc üçün silinir. Hesab edir ki, cavabdeh tərəfindən hüquqları pozulmuşdur. Borcun silinməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Həmçinin əlavə etdi ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən akt tərtib edilib sayğac dəyişdirilərkən evdə özü yox, psixoloji cəhətdən problemi olan həyat yoldaşı olmuşdur. Sayğac evin daxilində yerləşsə də, sayğaca o və ailə üzvləri tərəfindən heç bir müdaxilə edilməmişdir, sayğacın blombu üzərində olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5-6.7). “Dəymiş ziyanın bərpasına dair tələbnamə” adlı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, sözügedən ünvan üzrə icra olunacaq tədbirlər kimi mövcud sayğacın qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Sözügedən ünvan üzrə G-4 markalı qaz sayğacının maksimal qaz sərfi 6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 6x24x90=12960 m3 qaz itkisinin olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş, Gəncə şəhəri, ünvan 1 üzrə abonent kodu **********00030 olan abonent İddiaçı aid saldodan görünür ki, abonent hesabına 2023-cü ilin aprel ayında 12960 m3 sərfiyyat edilmiş, sərfin məbləği 4,56 manat, qalıq və aktlar üzrə 1555,2 manat borc hesablanmış, 0 manat ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş, istehlakçı kimi iddiaçının adı qeydə alınmış, iddiaçının mülkiyyətində olan və hazırda yaşadığı ünvanda quraşdırılmış G-4 markalı, Zenner tipli, **********9 nömrəli qaz sayğacına baxış keçirilmiş, rəydə sayğacın çıxış plastmas borusunun deşildiyi, xətaların normadan artıq olduğu, sayğacın minimal sərfiyyatda -100 faiz nisbi xətayla işlədiyi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi, sayğacın istismara yararsız olduğu qeyd edilmiş, dəymiş ziyanın 12960 m3 hesablanaraq abonent tərəfindən ödənilməsi qərara alınmışdır. İş materiallarından göründüyü kimi, istehlakçı kimi iddiaçının adı qeydə alınmış, iddiaçının mülkiyyətində olan və hazırda yaşadığı ünvanda quraşdırılmış G-4 markalı, Zenner tipli, **********9 nömrəli sayğac yeni sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi sayğacın sərfiyyatı qeyd etməməsi olmuşdur. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının fərdi yaşayış evində qaz sayğacı dəyişdirilmiş, xx.xx.2023-cü il tarixdə sözügedən evə dair təbii qazdan istifadə qaydalarının pozulması barədə cavabdeh tərəfindən ******* nömrəli akt tərtib edilmiş, aktda sayğacın çıxış plastmas borusunun deşildiyi qeyd edilmiş, X6 İstismarı İdarəsi tərəfindən itirilmiş qazın bərpası hesabatı aparılaraq qaz itkisinin 12960 m3 olması qərara alınmış və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. Göründüyü kimi, tərəflər **********9 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlı mübahisə edirlər. Cavabdeh bilavasitə iddiaçının istifadəsində olan ünvan üzrə qaz itkisinin 12960 m3 olması ilə əlaqədar sözügedən məbləğdə borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə faktı ilə əsaslandırır. Məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün ilk öncə sayğacın işlək vəziyyətdə saxlanılmasına və sayğacın üzərində olan plombların qorunmasına görə istehlakçının, yaxud qazpaylayıcının cavabdehlik daşımasının müəyyən edilməsi vacibdir. “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, sözügedən ünvan üzrə quraşdırılan qaz sayğacı evin daxilində yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3-cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçıların yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik fiziki şəxs olan istehlakçının üzərinə düşür. Lakin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktlarda göstərilən halların sübut edilməsi vəzifəsi cavabdehə aid olsa da, cavabdeh tərəf həmin halların doğruluğunu təsdiq edən sübutları, konkret olaraq təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda qeyd edilən pozuntunun iddiaçının təqsirindən baş verməsini, **********9 nömrəli qaz sayğacına müdaxilə edilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, habelə tələbin həddini nəzərə alaraq məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır, cavabdeh Azəriqaz İB tərəfindən 12960 m3 itirilmiş təbii qaz üçün borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Gəncə şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi (abonent kodu **********00030 olan) üzrə təbii qazın itkisinə görə Cavabdeh tərəfindən hesablanmış 1555 (bir min beş yüz əlli beş) manat pul məbləği silinsin. 35,55 (otuz beş manat əlli beş qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar