Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-152/2024 31.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 (eyni zamanda digər Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi) və Cavabdeh3, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərin mənzil üzərində istifadə hüquqlarına 10000 manat kompensasiya verilməklə xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərin mənzil üzərində istifadə hüquqlarına 10000 manat kompensasiya verilməklə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumilikdə 10000 manat kompensasiya verilməklə ona məxsus olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 34 nömrəli evin 47 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil onun mülkiyyətindədir. Cavabdehə qarşı ev üzərində istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılma tələbi ilə bağlı Gəncə Şəhər Məhkəməsinə müraciət etmək məcburiyyətindədir. Belə ki, cavabdehə qarşı mediasiya təşkilatına müraciət etsə də, cavabdeh mediasiyaya gəlməkdən imtina etmişdir. Belə ki, cavabdehlə 2002-ci il tarixdə nikaha daxil olmuşdur, qeyd olunan mənzili cavabdehlə nikaha daxil olmamışdan əvvəl eldə etmişdir. 22 fevral 2021-ci il tarixdə nikahları Gəncə şəhər Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Sonradan cavabdehin qanunsuz hərəkətləri nəticəsində mülkiyyətində olan mənzili məcburi olaraq tərk etmişdir. Cavabdeh evə köçdükdən sonra nikahlarından 2 övladları Cavabdeh2 və Cavabdeh3 dünyaya gəlmişdir. Hazırda cavabdeh həmin evdə yaşamasına baxmayaraq o, öz mülkiyyətində olan mənzildə yaşaya bilmir. Məcburiyyət qarşısında kirayədə yaşayır. Cavabdehlə aralarında ailə münasibətlərinə xitam verildiyindən və birgə yaşamaqları mümkün olmadığından mülkiyyətçi olaraq cavabdehlərin evdən 10000 manat kompensasiya verilməklə çıxarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdehlə mülkiyyətində olan evdə yaşadığı müddətdə cavabdehlə onun arasında dəfələrlə mübahisələr yaranmış və bu mübahisənin davam etməsi ağır nəticələrə səbəb olmaması üçün mənzildən çıxdığından hazırki iddianın qaldırılmasına məcburdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, cavabdehlərə ümumilikdə 10000 manat kompensasiya verə bilər. Kompensasiya məbləğini artırmaq niyyəti yoxdur. Odur ki, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 (eyni zamanda digər Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi) iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı ilə 2002-ci ildə evlənərək mübahisəli evə gəlin köçmüşdür. İddiaçı ilə birgə nikahından 2 uşaqları – Ziya və Yusif doğulmuşdur. İddiaçı ilə münasibətləri pisləşdiyindən ayrılmışlar. Hazırda o, digər cavabdehlərlə birlikdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 34 nömrəli evin 47 saylı mənzilində yaşayır. Hazırda hər iki oğlu Ziya və Yusif ali məktəbdə təhsil alır. Həmçinin oğlu Ziya Bakı şəhərində təhsil aldığı üçün orada kirayədə qalır. Mübahisəli evin real bazar qiyməti hazırda 58000 manat civarındadır. Həmçinin həmin evlə oxşar evin kirayə haqqı 300 manatdır. İddiaçının ona və digər cavabdehlərə təklif etdiyi kompensasiya məbləği ilə razı deyildir. Hesab edir ki, iddiaçı ona və digər cavabdehlərə hər biri üçün 15000 manat cəmi 45000 manat kompensasiya məbləği təklif edərsə mübahisəli evdən istifadə hüquqlarına xitam verilməsinə razı olar. Belə ki, o, mübahisəli evdə xeyli təmir işləri aparmışdır. Odur ki, iddia tələbinin əsassız olduğundan rədd edilməsini istəyir. Məhkəmə iclasında Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə təmsil etdiyi şəxsin qeyd etdiklərinə uyğun izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 da iddia tələbini qəbul etməyərək Cavabdeh1 qeyd etdiklərinə uyğun izahat verib iddia tələbinin əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında 07 iyun 2002-ci il tarixdə Goranboy rayon VVADQ şöbəsi tərəfindən 10 nömrəli akt qeydi ilə rəsmləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh2 və xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh3 anası Cavabdeh1 himayəsində saxlanılması, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment alınaraq (tutularaq) Cavabdeh1 verilməsi qət edilmişdir. Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ********** qeydiyyat nömrəli, 29 mart 2023-cü il tarixli, 200011001-05101-093003 reyestr nömrəli çıxarışdan görünür ki, ümumi sahəsi 64.40 kvadratmetrdən ibarət olan ünvan 2 İddiaçı xüsusi mülkiyyətindədir. “Daşınmaz əmlakın qiymətləndirilməsi” barədə 27 dekabr 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 9 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşən binanın 3 otaqlı mənzilin müqayisə yanaşması ilə 28 dekabr 2023-cü il tarixə real bazar dəyəri 48650 (qırx səkkiz min altı yüz əlli) manat təşkil edir. “Daşınmaz əmlakın qiymətləndirilməsi” barədə 27 dekabr 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 9 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşən binanın 3 otaqlı mənzilin müqayisə yanaşması ilə 28 dekabr 2023-cü il tarixə aylıq kirayə haqqı 200 (iki yüz) manat təşkil edir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, İddiaçı Cavabdeh1 ilə 2002-ci ildə ailə qurmuş, onların birgə nikahından xx.xx.2003-cü ildə Ziya, xx.xx.2005-ci ildə isə Yusif adlı uşaqları doğulmuşdur. İddiaçı ilə Cavabdeh1 arasında olan rəsmi nikah 22 fevral 2021-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur. ünvan 2 ünvanında yerləşən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Həmin ünvanda hazırda cavabdehlər yaşayırlar. İddiaçı ümumilikdə 10000 (on min) manat kompensasiya verməklə cavabdehlərin mübahisəli mənzilə olan istifadə hüquqlarına xitam verilməsini xahiş etmiş, həmin məbləğin artırılması niyyətində olmadığını bildirmişdir. Cavabdehlər hər biri ayrı ayrılıqda kompensasiya məbləği ilə razı olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiya məbləğinin miqdarını araşdıraraq hesab edir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Göründüyü kimi, kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir. Məhkəmə hesab edir ki, cavabdehlərin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi müqabilində iddiaçı tərəfindən təklif edilən kompensasiya, ona davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli yaşayış sahəsi ilə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı təmin edə biləcək məbləğ deyil və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində cavabdehlərin hər biri heç gözləmədikləri bir halda yaşayış sahəsi ilə təminatsız qalacaqlar. Yuxarıda sadalanmış meyar və prinsiplərə əsaslanmaqla məhkəmə belə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi müqabilində onlara iddiada göstərilən məbləğdə kompensasiyanın ödənilməsi hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilməz. Təklif olunan kompensasiya cavabdehlərə davamlı surətdə və müəyyən müddət ərzində başqa yerdə əvvəlki yaşayış sahəsinə xas olan şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir. Əksinə təklif edilən kompensasiya məbləği yetərli deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərin mənzil üzərində istifadə hüquqlarına 10000 manat kompensasiya verilməklə xitam verilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək belə qənaətə gəlir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərin mənzil üzərində istifadə hüquqlarına 10000 manat kompensasiya verilməklə xitam verilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmədə iddia qaldırılması məqsədilə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-152/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-152/2024
31.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver