Məhkəmə qərarları › İş №2(125)-1535/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1535/2025

20.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1535/2025 20.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh İri Şəhərlərin X4 Xidməti publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh İri Şəhərlərin X4 Xidməti publik hüquqi şəxsinə qarşı “cavabdeh tərəfindən su sərfiyyatı üçün hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, X5 küçəsi, 1-ci döngə, ev 49 Yeni qaydalarla AZ 2002, ünvan 1 ünvanına quraşdırılmış su sayğacına (abonent hesabı **********000) hesablanmış 252 manat borcun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 17 iyul 2024-cü il tarixdə ipoteka saxlayan "xxxx" ASC, satıcı X3 və alıcı olaraq o - İddiaçı arasında İG/258 saylı alqı-satqı və ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Gəncə şəhəri X5 küçəsi, 1ci döngə, ev 49 Yeni qaydalarla AZ 2002, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini almışdır. Sözügedən fərdi yaşayış evini 17 iyul 2024-cü il tarixdə almış olsa da, lakin cari ilin sentyabr ayından orada yaşamağa başlamışdır. Başqa sözlə, 2024-cü ilin iyul-sentyabr aylarında evdə yaşayış olmamışdır. Ona məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə 22 avqust 2024-cü il tarixdə "xxxx" ASC Gəncə Sukanal TSC-nin hesab fakturası daxil olmuş və fakturada qeyd edilmişdir ki, 2024-cü ilin avqust ayı üzrə 162 kubmetr su sərfiyyatı olmuşdur və həmin sərfiyyata görə ödənilməli olan 145.80 manat borc abonent hesabına yazılmışdır. Fərdi yaşayış evinə quraşdırılmış su sayğacı üzrə hesabatı aparılan abonent kartını Gəncə Sukanal TSC-dən almış və abonent kartında xx.xx.2024-xx.xx.2024-cü il tarixlər üzrə cəmi 1 kubmetr, xx.xx.2024-xx.xx.2024 (hələ gələcək tarix) tarixlərdə isə 162 kubmetr su sərf edilmiş olduğu göstərilmişdir. Halbuki, yuxarıda da qeyd etdiyi kimi o, sözügedən fərdi yaşayış evini xx.xx.2024-cü il tarixdə almış və xx.xx.2024 - xx.xx.2024-cü il tarixlərdə evdə ümumiyyətlə yaşayış olmamışdır ki, hələ bir sudan da istifadə edilsin. Hətta Azərbaycan Dövlət X1 “İri Şəhərlərin X4” Xidməti publik hüquqi şəxsi Gəncə Şəhər Sukanal İdarəsi ona ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdən də əlavə olaraq 117 kubmetr su sərf edilmişdir və həmin sərfiyyata görə ödənilməli məbləğ də 105.30 təşkil edir. Beləliklə, cəmi borc 252 manatdır. Bildirmişdir ki, su sayğacı quraşdırılan sahə fərdi yaşayış evidir. Yəni, su sayğacı sudan çox istifadə edilən hər hansı ictimai iaşə obyektinə (avtoyuma məntəqəsi, təmizləmə obyektləri və.s) qoşulmamışdır ki, xx.xx.2024 - xx.xx.2024-cü il tarixləri əhatə edən bir ay müddət ərzində 162 kubmetr su sərf edilsin. Həmçinin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan 24 gün ərzində də 117 kubmetr su sərfiyyatı olsun. Hamıya bəllidir ki, bir ay ərzində fərdi yaşayış evində bu miqdar su istehlak edilə bilməz. Fərdi yaşayış evinin onun əvvəlki mülkiyyətçilərinin evə sahib olduğu zamanlarda belə evdə bu qədər su sərfiyyatı olmamışdır. Bu hal cavabdeh təşkilat tərəfindən verilmiş abonent kartı ilə öz təsdiqini tapır. Bunları deməkdə məqsədi odur ki, ona məxsus fərdi yaşayış evinin su abonent hesabına 252 manat borc yazılması tamamilə qanunsuz olmuşdur. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmunuda izahat vermiş və sonda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə cavabdeh İri Şəhərlərin X4 Xidməti publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirak etmiş və iddiaya etiraz edərək, borc məbləğinin düzgün hesablandığını bildirmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan abonent kartından görünür ki, ünvan 4 ünvanında abonent İddiaçı sayğac göstəriciləri əsasında 252 manat borc hesablanmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı X3 ona məxsus Gəncə şəhəri X5 küçəsi, 1-ci döngə, ev 49 Yeni qaydalarla AZ 2002, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı alıcı İddiaçı satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Su təchizatı və tullantı suları” haqqında Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin 1-ci bəndinə əsasən Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qanunun 5-ci maddəsinin 3-cü bəndinə əsasən, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər X2 ilə tənzimlənir. X2 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 saylı Qərarı ilə rəsdiq edilmiş “X2”nın 7.2-ci bəndinə əsasən, STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Həmin qaydaların 7.3-cü bəndinə əsasən, smart-kart tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında STKM tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Məhkəmə qeyd edir ki, İddiaçı ona məxsus Gəncə şəhəri X5 küçəsi, 1-ci döngə, ev 49 Yeni qaydalarla AZ 2002, ünvan 1 ünvanına 252 manat su pulunun əsassız hesablandığını qeyd etsə də, işin faktiki halı kimi təsdiq olunur ki, iddiaçının yaşadığı evə hesablanmış sərfiyyat həmin evə gedən su xətti üzərində quraşdırılmış suölçən cihazın göstəricilərinə əsasən hesablanmışdır. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçının mülkiyyətində olan, Gəncə şəhəri X5 küçəsi, 1-ci döngə, ev 49 Yeni qaydalarla AZ 2002, ünvan 1 ünvana hesablanmış su pulu borcu düzgün hesablanmışdır, ona görə də iddia tələbinin təmin edilməsi üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilməsin. İddiaçı, onun mülkiyyətində olan, Gəncə şəhəri X5 küçəsi, 1-ci döngə, ev 49 Yeni qaydalarla AZ 2002, ünvan 1 ünvanına hesablanmış 252 manat su pulunun silinməsi tələbinə dair iddia əsassız olduğundan təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar