Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1559/2025 16.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Əİəstun qızının katibliyi, tərəflərin iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pozulmuş istifadə hüququna görə kompensasiya” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin üzərinə pozduqları istifadə hüququnun kompensasiyası kimi onların hər birinə bir otaqlı mənzil alınması öhdəliyinin qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2-271/2001 nömrəli, 29 mart 2001-ci il tarixli qətnaməsi ilə İddiaçı1 oğlu Fəridlə birlikdə X4 yaşadığı G.Şıxlınski küçəsi 14 saylı mülkdə “B" yaşayış binasına köçürülməsi qət edilmişdir. Məhkəmənin qətnaməsi xx.xx.2002-ci il tarixdə icra edilmiş, iş üzrə icraata xitam verilmişdir, lakin X8 və onun ailəsi məhkəmənin qətnaməsini pozduqlarından o, yenidən Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə qətnamə yenidən icraya yönəldilmişdir. xx.xx.2024-cü il tarixdə həmin ünvana köçürülmüşlər. Həmin zaman akt tərtib edilmiş, məhkəmə icraçıları məhkəmənin qətnaməsində X4 artıq vəfat etdiyini, həmin iş üzrə cavabdeh olan Cavabdeh1 artıq həmin ünvanda yaşamadığını bildirərək, bu barədə qeydi akta əlavə etdilər. Bundan başqa onların köçürülmələrinin həyata keçirildiyi göstərilmişdir. Lakin bildirmişdir ki, məhkəmə icraçıları ilə mübahisəli ünvanda olarkən Cavabdeh1 əlində bıçaqla oğlu Fəridə hücum etmiş və Fərid bundan qorxmuşdur. Həm Cavabdeh1, həm də Cavabdeh2 Firuddun oğlunun dəfələrlə məhkum edilməsi səbəbindən qorxuları labüddür. Bildirmişdir ki, icra vərəqəsi tam icra edilmədiyi halda iş üzrə icraata xitam verilmişdir. Belə ki, köçürülmə yalnız onların həmin ünvana aparılması və bununla əlaqədar aktın tərtib edilməsi demək deyil. Köçürülmə şəxsin həmin ünvanda yaşaması üçün şəraitin yaradılması, onun daimi yaşaması üçün zəruri olan əşyalarla birlikdə həmin ünvana aparılması, həmin əşyaların yerləşdirilməsidir. Bundan başqa, 08 oktyabr 2024-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilmişdir ki, “...həmin ünvana baxış keçirildi. Baxış keçirilən zaman X4 vəfat etdiyi, eyni zamanda icra sənədi üzrə borclu Cavabdeh1 həmin ünvanda yaşamadığı müəyyən edilmişdir.” İcra idarəsinin qeyd edilən qərarında bu məlumatın yazılması təsdiq edir ki, icra məmuru icra vərəqəsini icra etməkdən yayınmaq niyyətində olmuşdur. Qeyd edilən icra vərəqəsi Gəncə Şəhəri Kəpəz rayon Məhkəməsinin 2-271/2021 saylı xx.xx.2001-ci il tarixli qətnaməsinin icrası məqsədilə verilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, "...Şıxlinski küçəsi 14 saylı mülk X9 məxsus olub, ayrıayrılıqda 3 tikilidən ibarətdir. Cavabdeh Abbasov Firuddin "B" yaşayış binasında yaşayır...” Bu, qətnamənin nəticə hissəsində “X4 yaşadığı G.Şıxlinski küçəsi 14 saylı mülkdəki “B" yaşayış binasına köçürülməsi”ni izah edir. Məhkəmə öz qətnaməsində qeyd edilən ünvandakı tikilini nəzərdə tutmaq üçün Abbasov Firuddinin adını qeyd etmişdir. İstifadə hüququnun hətta mülkiyyətçinin dəyişməsi halında beh saxlanılmasını əsas götürərək, borclunun birinin ölməsi, digərinin isə başqa ünvanda yaşaması əsası ilə xitam verilə bilməz. Hazırda cavabdehlər onların istifadə hüququnu pozur, evə köçürülməyinə maneə törədir, onların mənzil hüquqlarını pozur. Mənzil hüquqlarının pozulması nəticəsində qarşı tərəfə iddia qaldırmaq hüquqları yaranmışdır. Məhkəmə tərəfindən tanınan mənzilə istifadə hüquqları bu tələblə müraciət etmək imkanı verir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbinin təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, 1997-ci ilin 6 oktyabrında Cavabdeh1 ilə faktiki nikaha daxil olmuş, qayınatasının adına olan ünvan 1 ünvanına gəlin köçmüşdür. Həmin vaxt cavabdeh Abbasov X3 rayonunda məcburi əməkdə idi. Oğlu İddiaçı2 1 yaşında olarkən atası, yəni Cavabdeh1 onları tərk edərək bir neçə il tüfeyli həyat tərzi sürmüşdür. 1999-cu ildən faktiki olaraq ayrılmış, anasının evinə gəlmişdir. 2001-ci ildə isə uşağının saxlanması üçün Cavabdeh1 aliment tələb etmişdir. 2001-ci ildə həmçinin oğlu Fəridlə birlikdə mərhum X4 yaşadığı ünvan 5na köçürülməsi barədə iddia ilə məhkəməyə müraciət etmiş, iddiası təmin edilmişdir. Evin mülkiyyətçisi qayınatasının atası olmuş, cavabdehlər həmin ünvanda pasport qeydiyyatında olmuşlar. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbinin təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, hazırda 28 yaşı var, ailə qurmaq istəyir. Lakin nənəsinin mənzilində yaşadığı üçün heç kim ona qız vermir. Hesab edir ki, atası və əmisi olan cavabdehlər sözügedə evə köçürülməsinə mane olduqları üçün ona bir otaqlı mənzil almalıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 oğlu iddia tələbinin təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, o həbsdə olan vaxt İddiaçı1 dayısı onun mərhum əmisinin arvadı ilə evlənmişdir. 1996-cı ildə Gədəbəy rayonunda məcburi əməkdə olarkən onun vasitəsilə İddiaçı1 tanımışdır. 1997-ci ildə faktiki olaraq evləndikdən sonra İddiaçı1 Gəncə şəhəri, Abbas Səhhətdə yerləşən 25 nömrəli evin 4 nömrəli mənzilinə köçmüşlər. O, İddiaçı1 atasının evinə gəlin gətirməmişdir. Aralarında nə toy, nə də rəsmi nikah olmayıb. 18 il digər İddiaçı2 üçün aliment vermişdir. Hazırda mübahisəli əmlak babasının adına qalır. Həmin məhlədə dörd əmisi ailəsi ilə yaşayır, atasına düşən pay 1 otaq və 1 aynabənd olmuşdur. Ev mərhum babası Əlinin adınadır. Yenidən ailə qurmuşdur, İddiaçı2 başqa iki oğlu da var, biri Laçında, biri də Kəlbəcərdədir. Qardaşı, yəni digər Cavabdeh2 da həmin 1 otaq və 1 aynabənddə yaşayır, himayəsində 4 yaşlı oğlu və 75 yaşlı anası var. Özü isə heç bir yerdə işləmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinin təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, bir otaqlı evdə həyat yoldaşı, 4 yaşlı uşağı və 75 yaşlı anası ilə birlikdə yaşayır. Ev babasının mülküdür, iddianın ümumiyyətlə ona aidiyyəti yoxdur. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2- 271/2001 nömrəli, xx.xx.2001-ci il tarixli qətnaməsi ilə İddiaçı1 cavabdehlər X6 və Cavabdeh1 qarşı mənzilə köçürmə tələbinə dair iddiası təmin edilmiş, İddiaçı1 oğlu Fəridlə (hazırkı iş üzrə digər iddiaçı) birlikdə X4 yaşadığı ünvan 5na köçürülməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş, icra sənədi icraya yönəldilmiş və icra edilmiş, bu barədə xx.xx.2001-ci il tarixdə və xx.xx.2002-ci il tarixdə akt tərtib olunmuşdur. Gəncə Şəhər Məhkəməsinin 2(043)-271/2001 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının surətindən görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi üzrə icra sənədi yenidən icraya yönəldilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 xx.xx.2024-cü il tarixli «icra sənədi üzrə icraata xitam verilməsi haqqında» qərarına əsasən İddiaçı1 Gəncə şəhəri, G.Şıxlinski küçəsi, 14 saylı mülkdəki «B» yaşayış binasına köçürülmüş və Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli, 2-271/2001 nömrəli icra sənədinin icraatına xitam verilmişdir. Gəncə Şəhər Məhkəməsinin 8(125)-38/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının surətindən görünür ki, İddiaçı1 və İddiaçı2 «icra sənədi üzrə icraata xitam verilməsi» barədə Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsinə dair ərizəsi təmin edilmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli, 2(043)-271/2021 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi barədə Gəncə Şəhəri İcra İdarəsinin xx.xx.2004-cü il tarixli qərarı ləğv edilmiş və Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli, 2(043)- 271/2021 nömrəli icra sənədi üzrə icra hərəkətləri davam etdirilmişdir. İş materiallarında olan, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 3 saylı evə dair inventarlaşdırma zamanı 1988-ci il tarixli Texniki X2 adına işlənilmişdir. Həmin texniki pasportda «B» literli yaşayış binası bir mərtəbə olmaqla, 24,6 m2 - bir otaq, 26,2 m2 örtülü eyvan və tikinti altı sahə-58,7m2 ibarət olduğu qeyd edilmişdir. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21- 3-33/2-3144/2025 nömrəli (məhkəmə sorğusuna cavab) məktubu ilə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair arxiv sənədlərinin surəti məhkəməyə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21- 3-33/2-3176/2025 nömrəli (məhkəmə sorğusuna cavab) məktubunda qeyd edilmişdir ki, Kirovabad şəhər notariat kontorunun 10 iyul 1959-cu il tarixli, 11-1759 reyestr nömrəli müqaviləyə əsasən X7 tərəfindən X1. 1988-ci il tarixdə aparılmış inventarizasiya işləri zamanı fərdi yaşayış evi X10 istifadəsində göstərilmiş, fərdi yaşayış evi tikili “A”-da ümumi sahəsi 105 kv.m olan iki yaşayış otağından, tikili “B”-də ümumi sahəsi 50.8 kv.m bir yaşayış otağından, tikili “V”-də ümumi sahəsi 52 kv.m olan bir yaşayış otağından və tikili “Q”-də ümumi sahəsi 18.2 kv.m olan bir yaşayış otağından ibarət olmuşdur. Fərdi yaşayış evi daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İşin hallarından görünür ki, iddiaçılar istifadə hüquqlarını pozduqlarına görə, kompensasiya kimi onların hər birinə bir otaqlı mənzil alınması öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasını tələb edirlər. Başqa sözlə, iddiaçının tələbi qanuni qüvvədə olan məhkəmə qətnaməsi əsasında ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələrinə cavabdehlərin maneələri ilə bağlıdır. Məhkəmə hesab edir ki, iddiaçılar cavabdehlərə qarşı hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etməkdə haqlı deyildir, onların hazırkı iddia tələblərinin qanuni əsası yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Bundan başqa, Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Həmin qərarda göstərilir ki, Mülki Məcəllənin 11.1-ci maddəsini nəzərə almaqla yaşayış sahəsindən istifadə hüququnun kompensasiya verilməklə xitamına dair bu Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş normanın əvvəllər yaranmış və uzanan xarakter daşıyan münasibətlərə tətbiqinin mümkünlüyü Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarında əks olunmuş mövqelərinə zidd olmamaqla onları tamamlayır. Qeyd edilən müddəalar mülkiyyət hüququnun ən zəruri hüquqlardan biri olmasını müəyyən etməklə, eyni zamandan ondan istifadə imkanlarının hədlərini də müəyyən etmişdir. Mülkiyyət hüququna verilən anlayış və əlamətləri onun digər hüquqlardan sahiblik və istifadə hüququndan üstün olduğunu açıq-aşkar göstərir. Qanunvericilik, həmçinin, mülkiyyət hüququnun toxunulmazlığını, mülkiyyətə müdaxilənin isə yalnız qanun əsasında və məhkəmə qərarı əsasında mümkün olduğunu müəyyən etmişdir. İddiaçılar məhkəmə qətnaməsi əsasında sözügedən evə istifadə hüququna malik olmalarını qeyd etməklə, hazırkı iddia tələbinin faktiki və hüquqi əsası kimi ona istinad etmişlər ki, cavabdehlər məhkəmə qətnaməsinin icrasına mane olmaqla onların istifadə hüquqlarını pozurlar və buna görə də kompensasiya olaraq onların hər birinə bir otaqlı mənzil almalıdırlar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik istifadə hüququnu əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı kimi müəyyən etsə də (MM-nin 152.3cü maddəsi), habelə istifadə hüququnu əmlak hüququ hesab edərək (MM-nin 158.1.2-ci maddəsi), bu hüququn istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməli olmasını (MM-nin 158.4-cü maddəsi) nəzərdə tutmasına baxmayaraq, istifadə hüququ olan şəxsin mülkiyyətçidən istifadə hüququnun əvəzində kompensasiya tələb etməsi kimi bir hüquqa malik olmasını müəyyən etməmişdir. Başqa sözlə, qanunvericilik yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Göründüyü kimi, iddiaçıların istifadə hüququnun əvəzində mülkiyyətçidən kompensasiya tələb etməsi hüququ qanunla müəyyən edilməmişdir. Bu hüquq mülkiyyətçiyə aiddir və yalnız mülkiyyətçi könüllü iradəsi əsasında məhkəmə qaydasında kompensasiya verilməklə istifadə hüququna malik şəxsin belə hüququna xitam verilməsini tələb edə bilər. Bundan başqa, hazırkı işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından həm də görünür ki, həmin fərdi yaşayış evi daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatdan keçməmişdir. 1988-ci il tarixdə aparılmış inventarizasiya işləri zamanı fərdi yaşayış evi cavabdehlərin atası X4 atası X10 istifadəsində göstərilmişdir. Cavabdehlər həmin fərdi yaşayış evinin mülkiyyətçiləri deyil. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehlər ümumiyyətlə hazırkı iddiaya cavab verməli şəxs deyillər. Digər bir tərəfdən, işin mübahisəsiz hallarından görünür ki, məhkəmənin qanuni qüvvədə olan qətnaməsi ilə hazırkı iş üzrə iddiaçıların birlikdə X4 yaşadığı ünvan 5na köçürülməsi müəyyən edilmiş, lakin məhkəmə qətnaməsi hələ də tam icra edilməmişdir. Belə ki, Gəncə Şəhər Məhkəməsinin 8(125)-38/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının surətindən görünür ki, İddiaçı1 və İddiaçı2 «icra sənədi üzrə icraata xitam verilməsi» barədə Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsinə dair ərizəsi təmin edilmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli, 2(043)-271/2021 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi barədə Gəncə Şəhəri İcra İdarəsinin xx.xx.2004-cü il tarixli qərarı ləğv edilmiş və Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli, 2(043)- 271/2021 nömrəli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Göründüyü kimi, iddiaçıların kompensasiya tələb etməsi barədə hazırkı iddia tələbi xarakterinə görə əvvəlki məhkəmə qətnaməsinin icra olunmaması ilə bağlıdır və iddiaçılar sözügedən qətnamənin icra olunması üçün həmin qətnamə üzrə borclu, hazırkı iddia üzrə cavabdeh olan Cavabdeh1 münasibətdə icra orqanına, digər Cavabdeh2 münasibətdə isə yeni iddia ilə məhkəməyə müraciət edə bilər. Beləliklə, yuxarıda sadalanan maddi hüquq normalarını və həmin normaların mahiyyətindən irəli gələn tələbləri işin müəyyən edilmiş hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pozulmuş istifadə hüququna görə kompensasiya” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pozulmuş istifadə hüququna görə kompensasiya” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-1559/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1559/2025
16.04.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver