Məhkəmə qərarları › İş №2(125)-1572/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1572/2025

31.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1572/2025 31.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İsa oğlunun sədrliyi Həsənov Ariz Arif oğlunun katibliyi ilə, Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ermənistan Respublikası Eçmiadzin rayonu Mehmandar kənd soveti tərəfindən tərtib edilmiş xx.xx.1966-cı il tarixli İ- ZJ 939669 saylı doğum haqqında şəhadətnamənin ona məxsus olması və səhvən yazılan adının "Qonca" kimi deyil Qönçə kimi oxunması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Belə ki, ərizə və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, doğum haqqında şəhadətnamə verilməsi ilə bağlı Ərizəçi 1 saylı X2 xidmət Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə ərizə ilə müraciət etsə də, Qeydiyyat Şöbəsi cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalara əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında qeydiyyat şöbələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Belə ki, Ermənistan Respublikası Eçmiadzin rayonu Mehmandar kənd soveti tərəfindən tərtib edilmiş xx.xx.1966-cı il tarixli l- ZJ 939669 saylı doğum şəhadətnaməsində Ərizəçi adı “Qonça” kimi qeyd edilmiş, lakin AA******* saylı şəxsiyyətini təsdiq edən sənədində isə “Qönçə” kimi yazılmışdır. Həmçinin həmin doğum haqqında şəhadətnamə möhür ilə təsdiq edilməmişdir. Həmin doğum şəhadətnaməsinin bərpası 1 saylı Gəncə regional “ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsində mümkün deyildir. Göründüyü kimi Ərizəçi Ermənistan Respublikası Eçmiadzin rayonu Mehmandar kənd soveti tərəfindən tərtib edilmiş xx.xx.1966-cı il tarixli İ-ZJ 939669 saylı doğum haqqında şəhadətnamənin ona məxsus olması və səhvən yazılan adının "Qonca" kimi deyil Qönçə kimi oxunması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və bunu həmin sənədləri başqa qaydada əldə edə bilməməsi ilə əlaqələndirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə göstərir ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarın 6-cı bəndində qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Belə olan halda məhkəmə hesab edir ki, Ermənistan Respublikası Eçmiadzin rayonu Mehmandar kənd soveti tərəfindən tərtib edilmiş xx.xx.1966-cı il tarixli İ-ZJ 939669 saylı doğum haqqında şəhadətnamənin Ərizəçi məxsus olmasının və səhvən yazılan adının "Qonca" kimi deyil Qönçə kimi oxunmasının hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi yolverilməzdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinin müəyyən etdiyi qaydalara görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2-ci maddəsinin tələblərinə görə, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəlləninn 153.3-cü maddəsində göstərilmişdir ki, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarının hərəkətinin qanuni olub-olmaması məsələlərinin araşdırılması üçün ərizəçi inzibati məhkəməyə müraciət etməli idi. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Ərizəni vermiş şəxsə izah edilsin ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları şəxsin doğumu haqqında şəhadətnamənin verilməsindən əsassız imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Qərardaddan rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar