Məhkəmə qərarları › İş №2(125)-160/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-160/2025

15.09.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-160/2025 15.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 İsa oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Cavabdeh2 QSC-yə qarşı qanunsuz və özbaşına tikilinin sökülməsi, inşa edilməli olan evin layihə üzrə smeta dəyərinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Cavabdeh2 QSC-yə qarşı qanunsuz və özbaşına tikilinin sökülməsi, inşa edilməli olan evin layihə üzrə smeta dəyərinin ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında cavabdehlər tərəfindən tikilmiş qanunsuz və özbaşına tikilinin cavabdehlərin hesabına sökülməsi, evinin layihə üzrə smeta dəyərinin ona ödənilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, S.Xasıyev(M.Y.Axundzadə) küçəsi, 8-ci döngə ev 15A DƏDRX-nin **********0 qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışı əsasında onun xüsusi mülkiyyətidir. xx.xx.2020-ci il tarixdə Ermənistan Respublikası silahlı qüvvələrinin Gəncə şəhərinə təcavüzü nəticəsində onun və ailə üzvlərinin yaşadığı S.Xasıyev (M.Y.Axundzadə) küçəsi, 8-ci döngə ev 15A ünvanında yerləşən mülkü tamamilə qəzalı vəziyyətə düşmüşdür. Evi ərazidə fəaliyyət göstərən, tikinti şirkəti olan “CONCO'’ QSC -nin əməkdaşları tərəfindən sökülmüş və ərazidə yeni evlər inşa edilməyə başlamışdır. Cənab Prezidentimizin 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2020-ci il 6 noyabr tarixli 2292 nömrəli Sərəncamının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 yanvar 2021-ci il tarixli 25 S nömrəli Sərəncamının icrasına nəzarət məhz Dövlət Şəhərsalma və Arxutektura Komitəsinə həvalə edilmiş, Cavabdeh2 QSC isə ərazidə podaratçı şirkət olaraq evlər inşa etməyə başlamışdır. Tikinti şirkəti “CONCO'’ QSC tikintisi onun üçün nəzərdə tutulmuş evi tikinti norma və qaydalarına eyni zamanda şəhərsalma və arxitektura norma və qaydalarına uyğun inşa etməmişdir. Belə ki, həmin ev heç bir layihə olmadan inşa edilmiş, bu səbəbdən də aparılmış tikinti işləri tikinti norma və qaydalarına ziddir. Bundan başqa Cavabdeh2 QSC tərəfindən evlərin arasında olmalı olan ara məsafəsi gözlənilməmiş, qanunvericiliyin tələblərinə riayət edilməmiş, öz istəklərinə uyğun evlər inşa edilmişdir. Onun üçün tikintisi nəzərdə tutulmuş evin özünü də tikinti normalarına uyğun inşa etməmişlər. Belə ki, istər evin küçəyə münasibətdə hündürlüyü, zirzəmisinin hündürlüyü, qonşu evə bitişik inşa edilməsi, evin içərisində tikinti normalarına uyğun olmayan işlərin görülməsi bütün bunlar onu deməyə əsas verir ki, tikilmiş evlər qanunsuzdur və şəhərsalma və arxitektura norma və qaydalarına uyğun deyildir. Bu hal bir mülkiyyətçi olaraq onun qanunla qorunan mülkiyyət hüququnun pozulması deməkdir. Tikinti normalarına uyğun inşa edilməyən evlər özləri artıq qəzalı ev hesab edilir və orada yaşamaq hər an təhlükəlidir. Cavabdeh2 QSC ərazidə şəhərsalma və tikintiyə dair normativ sənədlər sistemi olmadan və Azərbaycan Respublikasının “Şəhərsalma və Tikinti Məcəlləsinin’’ müddəalarını pozmaqla inşanı davam etdirməkdədir. Bu barədə dəfələrlə cavabdehlərə xəbərdarlıq etmişdir. Bilirlər ki, hər bir tikili tikinti layihəsi əsasında həyata keçirilir. Lakin, Cavabdeh2 QSC podratçı tikinti şirkəti olaraq tikinti layihəsinə uyğun olmayan, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl etmədən özbaşına tikili inşa etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 izahatında bildirmişdir ki, onların evi tikinti inşaat normalarının tələblərinə cavab vermir. Evi yağışın içindədir. Gətirilib qoyulan materiallar isə qüsurludur. Evin layihə sənədlərini də ala bilmirlər.Ona görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehlər Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Cavabdeh2 QSC-nin nümayəndələri məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsi izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, M.Y.Axundzadə küçəsi, 8-ci döngədə mülkiyyətində olan 0.018 ha torpaq sahəsində yerləşən 15A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə xx.xx.2018-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 136 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında Gəncə şəhəri, Kəpəz rayonu, M.Y.Axundzadə küçəsi, 8-ci döngə, 15A saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “X4 MMC-yə qarşı tikilinin sökülməsi və evin layihə üzrə smeta dəyərinin iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, iddia tələbi təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Məhkəmə bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Baxılan işdə araşdırılmalı olan məsələ İddiaçı adına mülk kimi qeydə alınmış 0.018 ha torpaq sahəsi üzərində Cavabdeh2 QSC-tərəfindən tikilmiş olan fərdi yaşayış evinin şəhərsalma və normativ sənədlərə, həmçinin tikinti layihə sənədlərinə uyğun inşa edilibedilmədiyinin müəyyən edilməsi məsələsi olmuşdur ki, həmin məsələ ilə bağlı məhkəmənin iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə ekspertiza təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti E.Səidov məhkəməyə vəsatət göndərərək, tədqiqat obyektinə dair layihə sənədləri və texniki pasportun təqdim edilməsini və ekspertin iştirakı ilə tədqiqat obyektinə baxışın keçirilməsinin təşkil edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılmasından imtina edilməsi barədə 25 iyul 2025-ci il tarixli məlumatdan görünür ki, tədqiqat obyektinə dair layihə sənədləri və texniki pasport təqdim edilmədiyindən tərəflərin iştirakı ilə tədqiqat obyektinə baxışın keçirilməsi və qərardadla ekspert qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin sübutlarla bağlı tələblərinə əsaslanan məhkəmə hesab edir ki, İddiaçı adına mülk kimi qeydə alınmış 0.018 ha torpaq sahəsi üzərində Cavabdeh2 QSC tərəfindən tikilmiş olan fərdi yaşayış evinin şəhərsalma və normativ sənədlərə, həmçinin, tikinti layihə sənədlərinə uyğun inşa edilmədiyi mötəbər sübutlarla təsdiq olunmur. İddiaçı isə həmin evin tikintisinə hər hansı bir vəsait xərcləməmişdir. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, dövlət vəsaiti hesabına inşa edilmiş evin sökülməsi və dövlət tərəfindən evin inşası üçün ayrılmış vəsaitin iddiaçıya ödənilməsi tələblərinə dair iddia əsassız olduğundan təmin edilməməlidir. Bundan başqa iş materiallarından müəyyən edilir ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia əsaslı sayılmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanan məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Cavabdeh2 QSC-yə qarşı qanunsuz tikilinin sökülməsi, inşa edilməli olan evin layihə üzrə smeta dəyərinin ödənilməsi tələblərinə dair iddia təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar