Məhkəmə qərarları › İş №2(125)-1635/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1635/2024

06.06.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1635/2024 06.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzilə köçürülmə və cavabdehlərin mənzildən çıxarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, tam mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 2 saylı fərdi yaşayı evinə köçürülməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin fərdi yaşayış evindən çıxardırılaraq, onlar tərəfindən həyata keçirilən qanunsuz sahibliyə son qoymaqla, fərdi yaşayış evinin onun sahibliyinə və istifadəsinə qaytarılmasına (verilməsinə) dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, Səmədağa küçəsi 103 saylı ev tam mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin torpaq sahəsini və fərdi yaşayış evini 30 dekabr 2019-cu il tarixli 18 saylı bələdiyyə qərarı əsasında əldə edib sənədləşdirərək çıxarış almışdır. Cavabdehlərdən Cavabdeh1, yəni atası 30 dekabr 2019cu il tarixli 18 saylı bələdiyyə qərarı mübahisələndirmiş və sonda Ali Məhkəmənin qərarı ilə iddia mümkünsüz sayılmışdır. Cavabdehlərdən Cavabdeh1 onun atası, Cavabdeh2 qardaşı, Cavabdeh3 isə qardaşı Sahilin oğludur. Mülkiyyət hüququ əsasında ona məxsus evdə cavabdehlərdən Cavabdeh3 və Cavabdeh1 ilə aralarında şiddətli mübahisə olmuş və onlar polisə düşmüşlər. 22 sentyabr 2021-ci il tarixli qərarla cinayət işi başlamış və o, sonda onları bağışlamış, məcbur qalaraq həmin evdən daha şiddətli cinayət baş verməsin deyə çıxmışdır. Cavabdehlərdən Cavabdeh2 bütün məhkəmə iclaslarında iştirak edərək həmin evin ona məxsus olmamasını, onun orada yaşamağa haqqının olmamasını bildirərək, daim etirazını bildirmişdir. Cavabdehlərdən Cavabdeh2 məxsus fərdi yaşayış evi mülkiyyət hüququ əsasında ona məxsus evlə barı qonşusudur və arada kiçik bir qapı vardır ki, həmin qapı vasitəsi ilə ona məxsus evə rahatlıqla girib-çıxırlar və onun həyətində toyuq-cücə saxlamaqdadırlar. Davamlı olaraq ona məxsus evdə yaşamasalar da, istənilən vaxtı həmin evdə qalır, istənilən vaxtı isə öz evlərində. Hazırda orada yaşamağına icazə vermədiklərindən, nə vaxt qalıb-qalmamaları barədə dəqiq məlumatlı deyildir. Davamlı olaraq qalmasalar belə, evin və məhlənin açarını dəyişərək ələ keçirməklə hazırda faktiki istifadə və sahibliyi onlar həyata keçirirlər. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının təmsilçisi ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının təmsilçisini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışının surətindən görünür ki, Gəncə şəhəri, Səmədağa Kəsəmənli küçəsində yerləşən 103 nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Qeyd olunan müddəaların mənasına görə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, mübahisəli ev tam mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Mübahisəli mənzildə yaşayan cavabdehlər iddiaçının qeyd edilən yaşayış sahəsindən istifadə hüquqlarını pozur. Mülki icraat qaydasında formal həqiqəti müəyyən etməli olan məhkəmə çəkişmə prinsipini təmin etmiş, lakin cavabdehlər mübahisəli yaşayış sahəsinə hüquqlarının yaranmasını təsdiqləyən hər hansı dəlil təqdim etməmişlər. Bununla yanaşı, cavabdehlərin həmin mənzilə aidiyyatı və (ya) hüququ tədqiq edilmiş edilmiş iş materialları ilə müəyyən olunmur. İddiaçı mülkiyyətində olan evdən öz mülahizəsinə görə sahiblik və istifadə etmək hüququna malikdir, lakin cavabdehlərin hərəkətləri ona mülkiyyətində olan əmlaka dair qanundan irəli gələn hüquqlarının həyata keçirməsinə mane olur. Odur ki, iddiaçı mülkiyyətində olan evdən cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, mövcud şərtlər daxilində iddiaçının iradəsinə zidd olaraq cavabdehlərin iddiaçının mülkiyyətindəki mənzildə yaşaması iddiaçının əmlakı üzərində hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, ünvan 1 nömrəli fərdi yaşayış evində cavabdehlərin qalması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdıran hal olduğundan, iddia tələbi təmin edilməli, cavabdehlər iddiaçının mülkiyyətində olan mənzildən çıxarılmalı və İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsınlar və həmin evə İddiaçı köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar