Məhkəmə qərarları › İş №2(125)-1656/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1656/2024

16.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1656/2024 16.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız tələb olunan borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvana əsassız olaraq borc kimi yazılmış 3085,25 manat pulun Cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvan mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin ünvanda təbii qazdan istifadəyə görə sayğac üzrə ödənişləri vaxtında icra etmişdir və qaz sayğacına heç zaman müdaxilə etməmişdir. 21 dekabr 2021ci il tarixdə Cavabdeh əməkdaşları tərəfindən mülkiyyətində olan mənzilin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akt tərtib edilmiş, "Azəriqaz” İB X7 İstismar İdarəsinin əməkdaşları tərəfindən onlar mənzildə olmadığı vaxt 30 aprel 2023-cü il tarixdə təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılaraq guya qaz sayğacının plastmas borusu deşilməsi müəyyən olunmuş və sayğac istismara yararsız hala düşmüşdür. Bu barədə X7 İstismar İdarəsi tərəfindən ünvanına dəymiş ziyanın bərpasına dair tələbnamə göndərilmişdir. Həmçinin 11 oktyabr 2023-cü il tarixdə bildiriş-xəbərdarlıq göndərərək dəymiş ziyana görə 3085,28 manat ödəməsi tələb olunmuşdur. Mülkiyyət hüququ üzrə ona məxsus mənzildə demək olar ki, ailəlikcə daimi yaşamırlar. Çünki o, özü Rusiya Federasiyasında əmək fəaliyyəti ilə məşğuldur. X5 Polşa Respublikasında tələbədir. X6 isə Bakı şəhərində magistr pilləsi üzrə təhsil almaqdadır. O, həmin aktın tərtib olunmasında iştirak etməmişdir. Sayğac çıxarılan zaman məlumatsız olmuşdur. Tərtib edilmiş aktda istehlakçının nümayəndəsi, onun soyadı Kərimov qeyd edilmiş və imza qrafasında imtina yazılmışdır. Halbuki, akt tərtib edilərkən ünvanda heç kim olmamışdır, nə onun, nə də ailə üzvlərinin Gəncə şəhərində olmadıqları üçün xəbərləri olmamışdır. Onun və ailə üzvlərinin sayğaca hər hansı müdaxilə etməsi, təqsiri nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda ona əlavə pul hesablanması yolverilməzdir. Müdaxilə etdiyi qeyd edilən sayğacın onun faktiki mülkiyyətində olan ərazidə yox, blokda quraşdırılmış olmasını və bu səbəbdən onun sayğacı kənar müdaxilələrdən güdməsi qeyri-mümkündür. Sayğaca müdaxilənin məhz onun və ailə üzvləri tərəfindən edilməsi işin hər hansı bir halı ilə sübuta yetirilmədiyindən, ziyan formal əsaslarla hesablandığından hesablanmış borc qanunsuz və əsassız olmuşdur. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına rəsmi reyestrdə qeydə alınmışdır. Gəncə şəhər MKTİB-nin Təmizlik və Xidmət Sahələri üzrə şöbənin 1 nömrəli Xidmət Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ünvan 6 ünvanında qeydiyyatdadır, onun adına olan mənzildə 2018-ci ildən hal-hazıra kimi ilin az vaxtlarında yaşayış olmuşdur. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, X1 istifadəsində olan İtron tipli, G4 markalı, 1702AZ**********68 nömrəli qaz sayğacı açılaraq, Zenner tipli, G4 markalı, **********5 nömrəli yeni sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi element bitməsi olaraq qeyd edilmişdir. Aktın tərtib olunmasında istehlakçı Kərimov Qurbanın iştirakı göstərilməklə aktı imzalamaqdan imtina etməsi qeyd olunmuşdur. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, aktda qeyd olunmuşdur ki, Cavabdeh 291710-00966-1 nömrəli rəyinə əsasən sayğacın plastmas borusu deşilmişdir, sayğac istismara yararsızdır. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, iddiaçıdan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023cü il tarixli, ******* nömrəli akt üzrə 25920 m3 itirilmiş qaz sərfiyyatına görə dəymiş ziyanın məbləği tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında olan hüquq münasibəti qazın alqı-satqısı barədə müqavilə öhdəliyindən əmələ gələn münasibət olsa da, mübahisə iddiaçının «sayğaca müdaxilə etməsi ilə bağlı itirilmiş qaz sərfiyatına görə dəymiş zərərlə» bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Deliktlərlə əlaqədar yuxarıda şərh olunmuş hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının istifadəsində olan qaz sayğacında olan qüsura görə 25920 m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. Lakin məhkəmə araşdırması zamanı həmin sayğacda yaranmış qüsurun iddiaçının təqsiri nəticəsində baş verməsi sübuta yetməmişdir. Belə ki, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, X1 istifadəsində olan İtron tipli, G4 markalı, 1702AZ**********68 nömrəli qaz sayğacı açılaraq, Zenner tipli, G4 markalı, **********5 nömrəli yeni sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi element bitməsi olaraq qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən isə görünür ki, aktda qeyd olunmuşdur ki, Cavabdeh 291710-00966-1 nömrəli rəyinə əsasən sayğacın plastmas borusu deşilmişdir, sayğac istismara yararsızdır. Lakin abonentin təqsiri nəticəsində baş verməsinin nə ilə təsdiq olunması barədə hər hansı sübut təqdim edilməmişdir. Bununla belə akt tərtib olunarkən istehlakçı həmin akta imza etməmiş və imza etməməsinin səbəbi imtina etməsi kimi göstərilmişdir. Sayğac labarator müayinədən keçərkən istehlakçı məlumatlandırılmamış, iştirakı təmin olunmamış, istehlakçıya labarator müayinədə iştirak etməsi barədə məlumat verilməsinə dair hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.2-ci bəndinə görə istehlakçı -alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Göründüyü kimi, “Qazdan istifadə Qaydaları” istehlakçıları iki qrupa bölmüşdür, bunlar hüquqi və ya fiziki şəxslər olmaqla, İddiaçı fiziki şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı, Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının təbii qazdan istifadə qaydalarını pozması, yəni qaz sayğacına müdaxilə etməsi məhkəmə araşdırması zamanı sübut olunmadığından iddia təmin olunmalı, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 3085,25 manat pul silinməlidir. MPM-in 124.1-ci maddəsinə əsasən iş üzrə ödənilməli olan 50,85 manat dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 3085,25 manat pul silinsin. Cavabdehndən dövlət rüsumu hesabına 50,85 manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar