Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-168/2025 19.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, İddiaçı2 nümayəndəsi (vəkili) və iddiaçılar İddiaçı1 və İddiaçı3 vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı «qanunsuz inşa edilmiş hasarın sökülməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı Gəncə şəhəri, Cavadxan qəsəbəsi ərazisində yerləşən Bayandırxan və Məmmədtağı küçəsinin kəsişməsində yerləşən həyətyanı sahəyə açılan giriş darvazısından istifadə qaydalarının müəyyən edilməsini və eləcə də iddiaçıların evlərinin qarşısında cavabdehin özbaşına inşa etdiyi daş hasarın sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı2 nümayəndəsi (vəkili) və iddiaçılar İddiaçı1 və İddiaçı3 vəkili Nümayəndə iddianı müdafiə edərək bildirdi ki, İddiaçı3 və ailəsi 1988-ci il tarixdə Ermənistan Respublikasından qaçqın kimi gəlmişdir və onlara yaşamaq üçün Gəncə şəhərində, Kəpəz rayonunda 0,06 ha torpaq sahəsində yerləşən 1 otaqlı ev verilmişdir. İddiaçı3 və ailəsi sözügedən evdə məskunlaşsalar da onlara həmin ev və torpaqla bağlı hər hansı sənəd verilməmişdir. Belə ki, həmin torpaq sahəsinə bitişik ərazidə Cavabdeh vaqon yerləşdirərək yaşamışdır. 2019-cu ilədək sözügedən ərazidə heç bir məhdudiyyət və daş hasar olmamasına baxmayaraq Cavabdeh 2019-cu ildə hər iki torpaq sahəsinə daxil olmaq üçün ümumi istifadədə olan darvazadan istifadə etməyə imkan verməmişdir. Bununla yanaşı 57 metr uzunluğunda daş hasar hörmüş və nəticədə həyətdə olan və həmişə ümumi istifadədə olan su kranından su götürmələri məhdudlaşmışdır. Bununla bağlı 2022-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə iddia ilə müraciət etsələr də, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1515/2022 nömrəli qətnaməsi əsasında iddiaları baxılmamış saxlanmışdır. Hazırda iddiaçıların mülkiyyəti hüququ pozulur, istifadələrində olan torpaq sahəsindən istifadəyə maneçilik yaradılır. Buna görə də iddiaçılar məcbur olub hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Sonda Nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, Gəncə şəhəri, Kəpəz rayonu, «Əllərin dairəsi» adlanan ərazidə ona atasından miras olaraq 80 sot torpaq sahəsi miras qalmışdır. O, 1980-ci il tarixdə həmin torpaq sahəsində yerləşən vaqonda doğulmuşdur və elə orada da yaşamışdır. Torpaq sahəsinin bir hissəsi dəmir məftillə əhatə olunmuş o isə 2019-cu ildə həmin məfitili sökərək 57 metr uzunluğunda daş hasar çəkmişdir. İddiaçı1, İddiaçı2 və İddiaçı3 özbaşına həmin hasarın 34 metr hissəsini sökdükləri üçün məhkəməyə müraciət etmiş və vurulmuş zərərin əvəzi qismində 500 manat məbləğində pul vəsaitinin iddiaçılardan xeyrinə ödənilməsi qət edilmişdir. Bundan başqa iddiaçılarla onun heç vaxt ümumi dəmir darvazası olmamış, orada hər zaman 60-70 sm enində gediş-gəliş üçün yol olmuş, əlavə olaraq 50 sm öz hesabına, bir az da digər qonşunun güzəştə getməsi nəticəsində 2 metr enliliyində yol yaranmışdır. Hal-hazırda atasından miras qalmış torpaq sahəsi dövlət reyestrində qeydiyyata alınmamışdır. Bununla bağlı sənədləşmə işlərini həll etmək istəyir. Sonda Cavabdeh iddianın əsassız olduğunu göstərərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin ediləməlidir. Belə ki, işdə olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)- 1515/2022 nömrəli qərardadından görünür ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Gəncə şəhəri Kəpəz rayon Bələdiyyəsi) «hasarın sökülməsi və torpaq sahəsinin qaytarılması» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)- 1515/2022 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı «maneənin aradan qaldırılması və əmlakın çıxarılması» tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-74/2024 nömrəli qətnaməsindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1515/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 355 nömrəli arayışdan görünür ki, İddiaçı3 ondan ötrü ki, o, 1988-ci il tarixdə Ermənistan SSRİ-dən zorla çıxarıldıqdan sonra ailə üzvləri anası X3, arvadı X4, qızı X5, qızı İddiaçı1, oğlu X7, oğlu X8 və oğlu X6r. İşdə olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(043)-390/2021 nömrəli qərarından görünür ki, İddiaçı2 xx.xx.2021-ci il tarixdə Cavabdeh məxsus 15 metr uzunluğu 1 metr hündürlüyündə daş hasarı uçurtduğundan İddiaçı2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. İşdə olan məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli 10/4246 nömrəli rəyindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 naturada təqdim etdikləri torpaq sahəsi 0,08 ha təşkil etdiyi müəyyən edilmişdir. İddiaçıların naturada təqdim etdikləri faktiki istifadələrində olan 0,08 ha torpaq sahəsi, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarına istinadən dövlət mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları koteqoriyasına aid olmaqla həyətyanı torpaq sahəsi olduğu müəyyən edilmişdir. Həmin 0,08 ha torpaq sahəsi üzərində tikililər mövcud olduğu müəyyən olunmuşdur. Cavabdeh faktiki istifadəsində olan 0,28 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarına istinadən dövlət mülkiyyətində olan, 0,09 ha hissəsi sənaye,rabitə müdafiə və digər təyinatlı torpaqları kateqoriyasına aid, 0,19 ha hissəsi isə yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla həyətyanı torpaq sahəsidir. Həmin 0,28 ha torpaq sahəsi üzərində tikili mövcud olduğu müəyyən olunmuşdur. Cavabdeh faktiki istifadəsində olan 0,28 ha torpaq sahəsi üzərində inşa edilmiş mübahisəli (daş hasar) tikili, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarına istinadən dövlət mülkiyyətinə aid olduğu müəyyən edilmişdir. İddiaçıların naturada təqdim etdikləri faktiki istifadələrində olan 0,08 ha torpaq sahəsi, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarına istinadən infrastruktur (yollar və küçələr) sahəsi üst-üstə düşmədiyi müəyyən edilmişdir. Cavabdeh faktiki istifadəsində olan 0,28 ha torpaq sahəsi, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarına istinadən infrastruktur (yollar və küçələr) sahəsi ilə üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı Gəncə şəhəri, Cavadxan qəsəbəsi ərazisində yerləşən Bayandırxan və Məmmədtağı küçəsinin kəsişməsində yerləşən həyətyanı sahəyə açılan giriş darvazısından istifadə qaydalarının müəyyən edilməsini və eləcə də iddiaçıların evlərinin qarşısında cavabdehin özbaşına inşa etdiyi daş hasarın sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mübahisəyə məhkəmədə baxılarkən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli 10/4246 nömrəli rəyində İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh faktik istifadələrində olan torpaq sahəsinin dövlət mülkiyyətində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.6-cı maddəsinə görə hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Yuxarda qeyd edilənlərlə yanaşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.1 və 158.2-ci maddələrinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 175.1-ci maddəsinə əgər torpaq sahəsinin mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Həmin Məcəllənin 178.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə görə özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 181.3-cü maddəsinə görə şəxsin qanunvericiliyin tələblərinə əməl etməklə özü üçün hazırladığı və ya yaratdığı yeni əmlaka mülkiyyət hüququnu onun özü əldə edir. Əmlakdan istifadə nəticəsində götürülən bəhərə, məhsula və gəlirə mülkiyyət hüququ bu Məcəllənin 135.12-ci maddəsində nəzərdə tutulan əsaslarla əldə edilir. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi daşınmaz əmlak, eləcə də torpaq sahəsi üzərində mülkiyyət və əmlak hüquqları yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra həmin əmlaka hüquqların pozulmaqdan müdafiəsinə dövlət tərəfindən təminat verilir. Hazırki halda isə tərəflərin faktik istifadələrində olan mübahisəli torpaq sahəsinə mülkiyyət və əmlak hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Həmçinin İddiaçı1, İddiaçı2, İddiaçı3, və X1 mübahisəli torpaq sahəsinə gözlənti hüququna əsas verən ilkin hüquq müəyyənedici sənədlər də mövcud deyildir. Göründüyü kimi istər İddiaçı1, İddiaçı2 və İddiaçı3, istərsə də X1 mübahisəli torpaq sahəsinə mülkiyyət hüququ, mülkiyyətə gözlənti hüququ və əmlak hüquqları olmadığından həmin şəxslərin digər şəxslərə qarşı hər hansı tələb hüquqları yoxdur. Məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, hesab edir ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı «qanunsuz inşa edilmiş hasarın sökülməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının dəyəri qismində 100 manat məbləğində pul vəsaiti iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı «qanunsuz inşa edilmiş hasarın sökülməsi» tələbi barədə iddiası təmin edilməsin. İddiaçı1, İddiaçı2 və İddiaçı3 tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının dəyəri qismində 100 (bir yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-168/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-168/2025
19.09.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver