Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1680/2024 08.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı «təbii qazdan qanunsuz istifadəyə görə hesablanmış borcun silinməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh İB-nə qarşı cavabdeh tərəfindən hesablanmış 1.582 manat 05 qəpik məbləğində borcun silinməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı1 məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, Gəncə şəhəri, Faiq Mahmudov küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evi əvvəl onun mülkiyyətində olmuş, daha sonra bağışlama müqaviləsi əsasında oğlu İddiaçı2 mülkiyyətinə keçmişdir. Həmin fərdi yaşayış evinə qaz təhcizatı cavabdeh tərəfindən təmin edilmişdir və qaz sayğacı isə onun adına rəsmiləşdirilmişdir. xx.xx.2023-cü ilidə sayğacların yenisi ilə əvəzlənməsi məqsədi ilə onların qaz sayğacı yenisi ilə əvəz edilmişdir. Belə ki, həmin vaxt nəinki onun, o cümlədən küçədə olan bütün qonşuların istifadəsində olan qaz sayğacları yenisi ilə əvəz edilmiş və demək olar ki, hər kəsə «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» qanunsuz akt tərtib edilərək borc hesablanmışdır. Halbuki o, heç vaxt qaz sayğacına müdaxilə etməmiş və sayğacın nasaz olmasından xəbəri olmamışdır. Cavabdeh orqanın nümayəndələri ona sayğacın plombunun işlək vəziyyətdə olmadığını bildirsə də, onun təqsirinə dair hər hansı sübutu təqdim edə bilməmişlər. Bundan başqa, qaz sayğacı sözügedən evin küçə hissəsində yerləşdirilmiş və ona daimi nəzarət etmək vəzifəsi Cavabdeh İB-nin nümayəndələrinə məxsus olmuşdur. Bununla əlaqədar o, Cavabdeh İB-nin Gəncə Regional İdarəsinə dəfələrlə müraciət etsə də, ona əhəmiyyət verilməmişdir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı1 iddianın təmin olunmasını və əsassız olaraq cavabdeh tərəfindən təbbi qazdan istifadəyə görə hesablanmış 1.582 manat 60 qəpik məbləğində borcun silinməsini məhkəmədən xahiş etdi. İddiaçı2 və Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçı dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, işdə olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, **********88-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Faiq Məmmədov küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evi İddiaçı2 məxsusdur. İşdə olan «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, «növbədən kənar dövlət yoxlaması» səbəbindən «Mexanik» tipli «G4» markalı **********7 nömrəli sayğac çıxarılmış və «Zenner» tipli «G4» markalı **********139 nömrəli sayğacla əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, sayğacın çıxış plasmas borusunun kənar təsir nəticəsində deşildiyi aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, G-4 markalı qaz sayğacın maksimal sərfi 6 m3/saat, orta günlük iş rejimi - 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 6 x 24x 90 =12.960 m3 qaz itkisinin olduğu müəyyən edilmişdir. İşdə olan «Qaz sayğacının yoxlanılması barədə» MSK-14-2-2/3-5-6544/2023/Q001 nömrəli aktın surətindən görünür ki, G-4 markalı **********7 nömrəli sayğacın çıxış plasmas borusunun deşildiyi, xətaların normadan artıq olduğu, sayğacın minimal sərfiyyatda 100 faiz nisbi xətayla işlədiyi, hesablama mexanizminin açıq vəziyyətdə olduğu, qaz sərfiyyatının qeydə alınmadığı və sayğacın istismara yararsız olduğu qeyd edilmişdir. İş materiallarında olan **********00100 abonent kodlu İddiaçı1 aid abonent saldosundan görünür ki, İddiaçı1 qalıq akt üzrə 1.555 manat 20 qəpik məbləğində borc hesablanmışdır. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, Gəncə şəhəri, Faiq Məmmədov küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinin mülkiyyətçisi əvvəl İddiaçı1, daha sonra isə İddiaçı2 olmuşdur. Həmin fərdi yaşyış evi İddiaçı1 mülkiyyətində olarkən, İddiaçı1 qaz təchizatı üzrə **********00100 abonent kodlu istehlakçı kimi qeydə alınmış, qaz təchizatı «Mexanik» tipli «G-4» markalı **********7 nömrəli qaz sayğacı əsasında aparılmışdır. Qazdan istifadəyə görə həmin sayğacla hesablanmış abonent borcu İddiaçı1 tərəfindən ödənilmişdir. xx.xx.2023-cü il tarixdə qeyd olunan qaz sayğacı xətdən açılmış və digəri ilə əvəz edilmişdir. Bu barədə «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktda da qeydlər aparılmış, həmin sayğacın «növbədən kənar dövlət yoxlaması» məqsədi ilə xətdən açıldığı göstərilmişdir. Keçirilmiş texniki yoxlama zamanı Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçının iştirakı təmin olunmamış, qaz xəttindən açılmış qaz sayğacının çıxış plastmas borusunun kənar təsir nəticəsində deşildiyi, qaz sərfiyyatının qeydə alınmadığı və istismara yararsız olduğu müəyyən edilmişdir. Lakin həmin akt qanunla nəzərdə tutulan qaydada tərtib olunmamış, bununla da aktın qanuniliyi və onda qeyd edilən xüsusatların həqiqiliyi şübhə yaratmışdır. Belə ki, Cavabdeh Gəncə X2 İdarəsinin Gəncə Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən Gəncə şəhəri, Faiq Məmmədov küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinə aid qaz sayğacına texniki baxışın keçirilməsi zamanı iddiaçılar İddiaçı2 və İddiaçı1 iştirakı təmin olunmamışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 13-cü maddəsinin 9-cu hissəsinin tələbinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.4-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qərarın 4.9-cu bəndinin tələbinə görə İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mükli dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə (zərərçəkənə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bəhs edilən Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 may 2002-ci il tarixli Qərarında göstərilir ki, zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli ola bilər. Qanunvericiliyin qeyd edilən normalarının tələbindən göründüyü kimi, mülki hüquq münasibətlərinin iştirakçıları arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında müqavilənin mövcudluğu, eləcə də əsassız varlanma zəruri şərt olsa da, belə öhdəliklərin yaranma əsaslarına deliktlər, yəni hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl də daxildir. Deliktlərin yaranması üçün isə Mülki Məcəllənin 1096-cı maddəsinin tələbinə görə üç zəruri amilin mövcudluğu labüddür. Belə ki, deliktlərdən əmələ gələn öhdəliyin yaranması üçün həmin hərəkət təqsirli olmalı, hüquq və ya qanunula qadağan edilməli və başqa şəxsə zərər vurmalıdır. Lakin Azərbaycan Respublikası Konstitusiyasının, eləcə də Konstitusiyanın 148-ci maddəsi üzrə Azərbaycan Respublikası qanunvericilik sistemini təşkil edən və yuxarıda qeyd edilmiş normativ hüquq aktların tələbinə görə şəxsin təqsirli (hərəkət və ya hərəkətsizliyə) görə hər hansı (maddi və ya qeyri-maddi) məsuliyyətə cəlb ediməsi qanuna uyğun deyildir və həmin şəxsin təqsirli olmadığı hərəkətlərə görə delikt öhdəlikləri yaranmır. Lakin mülki işin məhkəmə iclasında tədqiqi zamanı İddiaçı1 və İddiaçı2 təqsirli hərəkətləri nəticəsində cavabdehə maddi zərər vurulması, eləcə də təbii qazdan qanunsuz istifadə etmə halları aşkar edilməmişdir. Digər tərəfdən qaz sayğacı İddiaçı1 və İddiaçı2 daim nəzarət altında saxlaya bilmədiyi Gəncə şəhəri, Faiq Məmmədov küşəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinə gedən qaz borusunun küçə hissəsində quraşdırılmış, bununla əlaqədar həmin sayğaca İddiaçı1 və İddiaçı2 tərəfindən daimi nəzarət edilməsi mümkün olmamışdır. Həmçinin, həmin sayğacın dövri yoxlaması mütəmadi olaraq, Gəncə X2ı İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmişdir. Mülki işin məhkəmə tədqiqi zamanı iddiaçılar öz iddia tələbinin əsası kimi istinad etdiyi halları, «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətini, «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətini və xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməni məhkəməyə təqdim etməklə sübuta yetirsə də, cavabdeh iddia tələbinə öz münasibətini, etirazı olduğu halda isə onun əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, qaz sayğacında yaranmış qüsurla əlaqədar dəymiş ziyanın əvəzi qismində Cavabdeh «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktı əsasında hesablanmış 1.555 manat 20 qəpik məbləğində borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, mülki işin məhkəmə iclasında müəyyən edilmiş halları ilə «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında iddia tələbində qeyd olunan qaydada 1.582 manat 05 qəpik məbləğində deyil, 1.555 manat 20 qəpik məbləğində borc hesablandığı müəyyən edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddianin təmin edilmiş hissəsinə mütənasib olaraq, ödənilməli dövlət rüsumunun əvəzi qismində 35 manat 55 qəpik məbləğində pul vəsaiti cavabdehdən dövlət büdcəsi xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 və İddiaçı2 iddiası qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı1 və İddiaçı2 «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktla hesablanmış 1.555 (bir min beş yüz əlli beş) manat 20 (iyirmi) qəpik məbləğində borc silinsin. İddiaçı1 və İddiaçı2 iddiası qalan hissədə təmin edilməsin. İş üzrə ödənilməmiş 35 (otuz beş) manat 55 (əlli beş) qəpik məbləğində pul vəsaiti Cavabdehndən dövlət büdcəsi nəfinə tutulmalıdır. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-1680/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1680/2024
08.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver