Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1686/2024 02.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakimi Quliyev Camal Yusifəli oğlu, İddiaçı İsrafil qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələlər Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestr Xidməti publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi İdarəsinə qarşı «vərəsəlik və mülkiyyət hüququnun tanınması tələbi» barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı İsrafil qızı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələlər Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestr Xidməti publik hüquqi şəxsinin 3 saylı ünvan 1 ünvanında əlavə tikili olan, valideynləri tərəfindən ona cehiz əmlak kimi bağışlanmış evə iddiaçının vərəsəlik və mülkiyyət hüququnun tanınması, bu hüququn qeydə alınması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən iddia ərizəsinin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, ərizədən görünür ki, ərizəçi mərhum anasından qalmış mirasın qəbul edilməsi faktının müəyyən edilməsini və payın müəyyən edilməsini məhkəmədən xahiş etmiş, lakin bununla bağlı notariat ofisinə müraciət etməli olduğu halda, birbaşa məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2-ci və 153.2.1-ci maddələrinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçinin hazırki tələbi məhkəmənin səlahiyyətinə aid deyil və ərizə yolverilməz əsaslarla məhkəməyə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı İsrafil qızı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2023; əməliyyat İD:85020356; qəbzin nömrəsi:26181; terminal nömrəsi: KO127015; GPP qəbz nömrəsi:**********) dövlət büdcəsindən İddiaçı İsrafil qızına qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı İsrafil qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələlər Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestr Xidməti publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi İdarəsinə qarşı «vərəsəlik və mülkiyyət hüququnun tanınması tələbi»nə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. İddiaçı İsrafil qızına notariat ofisinə müraciət etmək hüququnun olması izah edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2023; əməliyyat İD:85020356; qəbzin nömrəsi:26181; terminal nömrəsi: KO127015; GPP qəbz nömrəsi:**********) dövlət büdcəsindən İddiaçı İsrafil qızına qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-1686/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1686/2024
02.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver