Məhkəmə qərarları › İş №2(125)-17/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-17/2023

14.07.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-17/2023 14.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının nümayəndəsi İddiaçı, Cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdehlər X3 və X1 qarşı “tikilinin sökülməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər X3 və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən mülkiyyət hüququ üzrə iddiaçıya məxsus ünvan 1 ünvanın giriş darvazasının qarşısında tikdirdikləri divarın onların hesabına sökülməsinə və həmin ərazinin cavabdehlərə məxsus inşaat materiallarından və digər əşyalardan təmizlənməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvan İddiaçı məxsusdur. Onun mülkiyyət hüquqları Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyesterindən 29 yanvar 2013-cü il tarixdə Seriya RX ******* saylı çıxarışla qeydiyyata alınmışdır. Cavabdehlərə məxsus ev isə ünvan 3 ünvandır. Ardıcıllığa uyğun olaraq İddiaçı məxsus olan ev cavabdehlərin yaşadığı ünvandan sonrakı evdir. Ancaq cavabdehlər uzun müddətdir ki, özbaşınalıq edərək iddiaçıya məxsus evin darvazasının qarşısında keçərək divar hörmüş, ərazinin onlara məxsus olduğunu deyirlər. Cavabdehlər iddiaçıya darvazanın qarşısım kəsərək divar hördükləri üçün biz hüquqmühafızə orqanlarına müraciət edərək həmin divarın sökülərək iddiaçının öz evinə maneəsiz giriş-çıxışını təmin etmələrini xahiş etmişlər. Ona görə də əraziyə dəfələrlə baxış keçirilmiş və nəticədə cavabdehlərə izah edilmişdir ki, onların hərəkətlərinin heç bir hüquqi əsas yoxdur. Ona görə də divarın sökülməsi cavabdehlərdən tələb olunmuşdur. İddiaçı öz vəsaiti hesabına qeyri-qanuni tikilmiş divarı sökdürmüşdür. Bununla razılaşmayan cavabdehlər Gəncə şəhər Nizami rayon Məhkəməsinə müraciət edərək “yaşayış evinin barısına vurulmuş zərərin bərpa olunması (hörülməsi) tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 12 dekabr 2017-ci il tarixli 2(044)-7630/2017 saylı qətnaməsinə əsasən iddia tələbi əsassız olduğundan təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 07 mart 2018-ci il tarixli 2(104)-1154/2018 saylı qətnaməsinə əsasən Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 12 dekabr 2017-ci il tarixli, 2(044)- 7630/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli qərarı ilə kasassiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin 07 mart 2018-ci il tarixli qətnaməsi qüvvədə qalmışdır. Buna baxmayaraq cavabdehlər məhkəmə qətnamələrinə hörmətsizlik edərək, yenidən bizim həmin ünvanda olmadığımızdan istifadə edərək özbaşınalığını davam etdirmişdir. Cavabdehlər divarı yenidən tikdirmiş, beləliklə bizim Səfəvilər 172 ünvana daxil olmağımızı faktiki olaraq məhdudlaşdırmışdır. Heç bir formada izah edə bilmir ki, ünvan ardıcıllığına uyğun olaraq darvazanın qarşısında divar tikilməsi qeyri-qanunidir, özbaşınalıqdır. Bu mövzu ətrafında söhbət edərkən cavabdehlər təxribat xarakterli hərəkət edirlər ki, bizim tərəfindən hər hansı qeyri-qanuni hərəkətlərə yol verilsin. Bu səbəbdən də, məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Qüdrət Şəfiyev iddiaya etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabheh məhkəmı iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX serialı ******* saylı çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0.0446 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/3616 nomrəli ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı adına qeydə alınmış ünvan 4 ünvanla, 11 aprel 2008-ci il tarixli, 582-17V inventar nömrəli Texniki Pasportda göstərilən torpaq sahəsinin giriş hissəsinin qarşısında inşa edilmiş tikilinin yerləşdiyi torpaq sahəsi, elektron xəritə materiallarına istinadən Bələdiyyə mülkiyyətində yerləşir. Mütəxəssislər tərəfindən keçirilən baxışda cavabdehlər iştirak etməmişdirlər. Bu səbəbdən də, inşa edilmiş tikilini cavabdehlər tərəfindən tikildiyini müəyyən etmək mümkün olmamışdır. Belə ki, iddiaçı iddia edərək naturada təqdim etdiyi tikilinin yerləşdiyi torpaq sahəsi, Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən İddiaçı adına qeydə alınmış ünvan 4 ünvanla, 11 aprel 2008-ci il tarixli, 582-17 V inventar nömrəli Texniki Pasportda göstərilən torpaq sahəsi ilə üst-üstə düşmür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Hazırkı iş üzrə iddiaçı mülkiyyət hüququ üzrə ona məxsus ünvanın giriş darvazasının qarşısında cavabdehlərin tikdirdiklərini bildirdiyi divarın sökülməsini və həmin ərazinin əşyalardan təmizlənməsini xahiş etmişdir. Lakin iş üzrə verilmiş ekspert rəyinə əsasən, cavabdeh tərəfdən üzərində tikinti həyata keçirildiyi iddia edilən torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olması müəyyən edilmişdir. Belə olan halda, iddiaçı hazırkı tələbi irəli sürmək hüququna malik deyildir. Belə ki, həmin ekspert rəyinin əsassız olmasına hər hansı sübut təqdim edilməmişdir. Bundan başqa, cavabdehlərin həmin tikintini həyata keçirmələri və (ya) bununla iddiaçının hüquqlarını pozmalarını təsdiqləyən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli və iş üzrə keçirilmiş ekspertiza xərci olan 50 manat iddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər X3 və X1 qarşı “tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar