Məhkəmə qərarları › İş №2(125)-1706/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1706/2025

11.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1706/2025 11.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə və Gəncə regional Qaz istismarı idarəsinə qarşı əsassız hesablanmış 220 manat 32 qəpik məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Gəncə regional Qaz istismarı idarəsinin cavabdehlər siyahasından çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Gəncə şəhəri, Ə.Ü.Gəncəvi küçəsi, 2-ci döngədə yerləşən 3 nömrəli fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Həmin evin qaz təminatı Cavabdeh tərəfindən aparılır. Belə ki, Cavabdeh İB ona məlumat vermədən xx.xx.2024-cü il tarixdə təbii qazdan qanunsuz istifadə ilə əlaqədar onun barəsində akt tərtib etmiş və ona 220 manat 32 qəpik məbləğində borc hesablanmışdır. Həmin aktda sayğacın daxilinə kamera ilə baxış keçirildiyi, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin alt hissədən deşici alətlə deşildiyinin aşkar edildiyi göstərilmişdir. Lakin bu onun təqsiri ucbatından baş verməmişdir. Halbuki, həmin sayğac evin küçə hissəsində quraşdırılmışdır və ona daim nəzarət etmək mümkünsüzdür. Bundan başqa, cavabdeh tərəf onun təqsirliliyinə dair ona hər hansı sübut təqdim etməmişdir. Bununla bağlı Cavabdehnə dəfələrlə müraciət etsə də onun bu tələblərinə məhəl qoyulmamış, Cavabdehnə öz məsuliyyətsiz hərəkətlərinin nəticələri ilə ona əlavə öhdəliklər yaratmağa çalışmışdır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, **********33-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, X1 küçəsi, 2-ci döngə ünvanında yerləşən 3 nömrəli fərdi yaşayış evinin 1/2 hissəsi İddiaçı mülkiyyətindədir. İşdə olan xx.xx.2024-cü il tarixli, ******* nömrəli «Qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» aktın surətindən görünür ki, növbədən kənar dövlət yoxlaması zamanı Gəncə şəhəri, Kəpəz rayonu, X1 küçəsi, 2-ci döngə ünvanında yerləşən 3 nömrəli fərdi yaşayış evində Zenner tipli G4 markalı **********7 nömrəli sayğac çıxarılaraq, GCZ tipli G4 markalı ******* nömrəli sayğacla əvəz edilmişdir. İş materiallarında xx.xx.2024-cü il tarixli, ******* nömrəli «Təbii qazdan istifadə qaydalarının pozulması» haqqında aktın surətindən görünür ki, Cavabdeh İB-nin nümayəndələri reyd zamanı Gəncə şəhəri, Kəpəz rayonu, X1 küçəsi, 2-ci döngə ünvanında yerləşən 3 nömrəli fərdi yaşayış evinə baxış keçirilərkən abonentin ünvanında sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin alt hissədən deşici alətlə deşildiyi aşkar edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli tələbnamənin surətindən görünür ki, İddiaçı sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin alt hissədən deşici alətlə deşildiyinə görə cəmi 1.836 kub metr qaz sərfiyyatı hesablanmışdır. İş materiallarında olan **********00030 nömrəli abonentin saldosundan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, X1 küçəsi, 2-ci döngədə yerləşən 3 nömrəli fərdi yaşayış evində qazdan istifadəyə görə borc 2023-cü il üzrə 220 manat 32 qəpik təşkil edir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, İddiaçı qaz təchizatı üzrə **********00030 abonent kodlu istehlakçıdır. İddiaçı təbii qazdan istifadə etdiyi Gəncə şəhəri, Kəpəz rayonu, X1 küçəsi, 2-ci döngədə 3 nömrəl fərdi yaşayış evində sayğacın növbədən kənar dövlət yoxlaması zamanı «Zenner» tipli, «G4» markalı, **********7 nömrəli qaz sayğacı «GCZ G-4 Diafaqram» tipli, GCZ0304061 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Həmin vaxt «Zenner» tipli, «G4» markalı, **********7 nömrəli qaz sayğacında hesablayıcı mexanizmin qoruyucu qapağının alt hissəsində deşik aşkar olunduğu göstərilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə 04007192 nömrəli «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» akt tərtib olunmuş, İddiaçı 220 manat 32 qəpik məbləğində borc hesablanmışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 8-1 maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. ««Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli Fərmanının 2-15-ci maddəsinə görə həmin Qanunun 6-3-cü maddəsinin 5-ci hissəsinin birinci cümləsində, 6- 5-ci maddəsinin 1-ci, 2-ci və 4-cü hissələrində, 7-ci maddəsinin 4-cü hissəsində və 13-cü maddəsinin 8-1-ci hissəsinin ikinci cümləsində «orqan (qurum)» dedikdə Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə görə Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Şəxsin inzibati xəta törətməkdə təqsiri hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı, cinayət törətməkdə təqsiri isə məhkəmənin hökmü ilə təsdiq edilməlidir. Mülki işin məhkəmədə tədqiqi zamanı Cavabdeh İB hazırki mübahisə üzrə şəxsin təqsirliliyinə dair hər hansı inzibati xəta haqqında qərarı və məhkəmə hökmünü məhkəməyə təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələbi baxımından qaz xəttinə qanunsuz qoşulma, eləcə də sayğaca müdaxilə halı yalnız şəxsin təqsirliliyinə dair inzibati xəta haqqında qərar və məhkəmə hökmü ilə təsbit edilə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mükli dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə (zərərçəkənə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bəhs edilən Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 may 2002-ci il tarixli Qərarında göstərilir ki, zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli ola bilər. Qanunvericiliyin qeyd edilən normalarının tələbindən göründüyü kimi, mülki hüquq münasibətlərinin iştirakçıları arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında müqavilənin mövcudluğu, eləcə də əsassız varlanma zəruri şərt olsa da, belə öhdəliklərin yaranma əsaslarına deliktlər, yəni hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl də daxildir. Deliktlərin yaranması üçün isə Mülki Məcəllənin 1096-cı maddəsinin tələbinə görə üç zəruri amilin mövcudluğu labüddür. Belə ki, deliktlərdən əmələ gələn öhdəliyin yaranması üçün həmin hərəkət təqsirli olmalı, hüquq və ya qanunula qadağan edilməli və başqa şəxsə zərər vurmalıdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının, eləcə də Konstitusiyanın 148-ci maddəsi üzrə Azərbaycan Respublikası qanunvericilik sistemini təşkil edən və yuxarıda qeyd edilmiş normativ hüquq aktların tələbinə görə şəxsin təqsiri müəyyən edilməyən əməllə (hərəkət və ya hərəkətsizliyə) əlaqədar hər hansı (maddi və ya qeyri-maddi) məsuliyyətə cəlb ediməsi qanuna uyğun deyildir və həmin şəxsin təqsirli olmadığı hərəkətlərə görə delikt öhdəlikləri yaranmır. Lakin mülki işin məhkəmə tədqiqi zamanı Gəncə şəhəri, Ə.Ü.Gəncəvi küçəsi, 2-ci döngədə yerləşən 3 nömrəli fərdi yaşayış evinə gedən qaz borusunun üzərində quraşdırılmış «Zenner» tipli, «G4» markalı, **********7 nömrəli qaz sayğacının fərdi yaşayış evinin daxilində və həyətyanı ərazisində deyil, küçə hissəsində quraşdırıldığı, bununla əlaqədar sayğacın işlək vəziyyətdə saxlanılmasına Cavabdeh məsuliyyət daşıdığı müəyyən edilmişdir. Həmçinin İddiaçı təqsirli hərəkətləri nəticəsində Cavabdeh İB-nə maddi zərər vurulması, eləcə də təbii qazdan qanunsuz istifadə etmə halları aşkar edilməmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İB-nin «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt əsasında İddiaçı hesablanmış 220 manat 32 qəpik məbləğində borc silinməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Qanunun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsum ödəməkdən azad edilməsi ilə əlaqədar ödənilməmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdeh İB-dən dövlət nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktı əsasında İddiaçı hesablanmış 220 (iki yüz iyirmi) manat 32 (otuz iki) qəpik məbləğ silinsin. Cavabdehndən ödənilməli dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti dövlət büdcəsi nəfinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar