Məhkəmə qərarları › İş №2(125)-171/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-171/2022

29.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-171/2022 29.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əqdin etibarsız hesab edilməsi və əmlakın sahibliyə qaytarılması” barədə ilk, Cavabdeh İddiaçı MMC-yə qarşı “əmlakın istifadəyə verilməsi və sair” barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 008 saylı müqavilənin etibarsız hesab edilməsi, əmlakın iddiaçının sahibliyinə qaytarılması, cavabdeh tərəfindən ödənilmiş 30.435 manatdan həmin müqavilənin müvafiq maddəsinə əsasən 10% çıxıldıqdan sonra qalan 27.391 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında Cəmiyyətin ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 4-cü mərtəbəsində, 1 otaqdan ibarət 008 №-li mənzilin (bundan spnra – mübahisəli mənzil) tikintisi haqqında 04 iyul 2019-cu il tarixli, 008 saylı müqavilə bağlanılmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icraçı (iddiaçı) (İddiaçı MMC-nin direktoru Rafiq Tağıyevin şəxsində bir tərəfdən) Abşeron rayon İH başçısının xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 4-cü mərtəbəsində, 1 otaqdan ibarət 008 №-li mənzil, pay kimi 'Payçı”-ya verməyi öhdəsinə götürmüşdür. Sözügedən müqavilənin 3.1-ci bəndinin tələbinə görə mənzil Cavabdeh aid olduğu üçün müqavilənin 1 kv.m dəyəri 500 manatdan ibarətdir. Mənzilin ümumi dəyəri 31.435 manatdır. Cavabdeh tərəfindən müxtəlif zamanlarda gecikdirməklə cəmi 30.435 manat şirkətə ödənilmişdir. Cavabdeh indiyənədək üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və müqavilənin şərtlərini pozmuşdur. Belə ki, cavabdeh müqavilənin şərtlərini pozaraq 30.435 manatdan əlavə heç bir ödəniş etməmişdir. Cavabdeh həmin mənzil üçün tam şəkildə pulu ödəmədiyindən, müqavilənin şərtləri pozulmuş və belə olan halda həmin müqavilə etibarsız hesab edilməlidir. Cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia və əlavə ərizə ilə müraciət edərək Cavabdeh ilə “FAM-88"’ MMC (VÖEN **********) arasında 04 iyul 2019-cu il tarixli, 008 saylı “Mənzil tikintisi haqqında” bağlanmış müqavilənin 1.1-ci maddəsinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə 1 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 4-cü blok (giriş), 4-cü mərtəbəsində yerləşən 008 saylı (əvvəlki 218), 1 (bir) otaqlı, 62.87 kv.m sahəsi olan mənzili həmin müqavilənin 2.1-ci maddəsində qeyd edilmiş şərtlər əsasında və qalıq 500 manat pulu ödəməklə Cavabdeh istifadəsinə verilməsi, həmçinin həmin mənzilin qanunvericiliklə müəyyən edilmiş qaydada Cavabdeh adına mülkiyyət hüquqlarının müvafiq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün zəruri olan bütün sənədləşmə işlərinin cavadehə aid hissəsinin lazımi qaydada icra edilməsi öhdəliyi İddiaçı MMC-nin üzərinə qoyulması, ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında imzalanmış 04 iyul 2019-cu il tarixli, 008 saylı “Mənzil tikintisi haqqında” müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə 1 ünvanında inşa edilmiş çoxmənzilli yaşayş binasının 4-cü blok (giriş), 4-cü mərtəbəsində yerləşən 008 saylı (əvvəlki 218), 1 otaqlı, 62.87 kv.m. sahəsi olan mənzili həmin müqavilənin 2.1-ci maddəsində qeyd edilmiş şərtlər əsasında pay kimi “payçıya” (hazırki qarşılıqlı iddia ərizəsi üzrə iddiaçıya) verməyi öz öhdəsinə götürmüşdür. Lakin qarşılıqlı iddiaçı tərəfindən həmin müqavilənin 3-cü maddəsində nəzərdə tutulmuş qaydada ödənişlər edilməsinə və müqavilənin imzalanmasından uzun müddət keçməsinə baxmayaraq, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən adı çəkilən Müqavilənin maddələrindən və mahiyyətindən irəli gələn öhdəlikləri üzrsüz səbəbdən icra edilməmişdir. Bununla bağlı qarşılıqlı iddia üzrə cavabdehə dəfələrlə qarşılıqlı iddiaçı tərəfindən şifahi müraciətlər edilsə də, müraciətlər cavabsız qalmış, müvafiq addımlar atılmamış, mənzil qarşılıqlı iddiaçının istifadəsinə təhvil verilməmişdir. Şifahi müraciətlər hər hansı bir nəticə vermədiyinə görə qarşılıqlı iddiaçı tərəfindən qarşılıqlı cavabdehə xx.xx.2022-ci il tarixdə yazılı olaraq müraciət edilmiş, pretenziya məktubu göndərilmişdir. Pretenziyaya hər hansı cavab verilməmişdir. Əksinə qarşılıqlı cavabdeh hazırki iş üzrə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılı cavabdeh məhkəməyə iddia ərizəsi ilə müraciət edərək həmin qarşılıqlı iddiaçı ilə aralarında imzalanmış xx.xx.2019-cu il tarixli, 008 saylı müqavilənin etibarsız hesab edilməsi, əmlakın iddiaçının (qarşılıqlı cavabdehin) sahibliyinə qaytarılması, cavabdeh (qarşılıqlı iddiaçı) tərəfindən ödənilmiş 30435 manatdan həmin müqavilənin müvafiq maddəsinə əsasən 10% çıxıldıqdan sonra qalan 27391 manat məbləğində pulun cavabdehə (qarşılıqlı iddiaçıya) qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, qarşılıqlı cavabdeh iddiası əsassızdır və təmin edilməməlidir. Bununla bərabər hesab edirik ki, cavabdeh yuxarıda adı çəkilən Mənzil Tikintisi haqqında müqavilənin tələbləri qaydasında görə öz öhdəliyini icra etməli, bir ay ərzində mənzili qarşılıqlı iddiaçının sahibliyinə verməli və mənzilə dair mülkiyyət hüquqlarının qarşılıqlı iddiaçının adına dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə tələb edilən bütün zəruri sənədləşmə işlərini aparmalıdır. Məhkəmə iclasında cavabdeh və təmsilçisi hər biri ayrı-ayrılıqda ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdeh tərəfi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, ilk iddia rədd, qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İddiaçı MMC Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə 1 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 4-cü blok, 4-cü mərtəbəsində yerləşən 008 saylı, 1 (bir) otaqlı, 62.87 kv.m sahəsi olan mənzili Cavabdeh verməyi, sonuncu isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2-ci maddəsinə əsasən, binanın xarici tərtibatı və daxili arakəsmələrinin layihəyə müvafiq olaraq tikilməsi; giriş seyf qapısının və pencərələrin qarşılıqlı razılaşmadan asılı olaraq qoyulması; razılaşma əsasında “Payçı”nın hesabına arakəsmələrin yerinin dəyişdirilməsi; pay haqqının vaxtında və tam ödəməyi “Payçı”dan tələb etmək; baş kommunikasiya (işıq, su ,qaz) xətlərinin mənzilə qədər çəkilməsi; daimi su təchizatı ilə binanı təmin etmək; müasir standartlara uyğun sürətli,səssiz liftlərin quraşdırılması; həyətyanı sahənin abadlaşdırılması öhdəliklərini icraçı qismində İddiaçı MMC, bu müqavilədə göstərilmiş məbləği razılaşmaya müvafiq olaraq vaxtında ödəmək; bina istismara verildikdən sonra mənzili qəbul etmək; zövqünə uyğun olaraq (baş kommunikasiya xətləri və fasad işləri istisna olmaqla) təmir və quraşdırma işləri aparmaq; divarların suvaq edilməsi; bu müqavilədə göstərilmiş mənzilin sahəsinin layihə sənədlərinin dəqiqləşdirilməsi ilə əlaqədar sonradan əlavə olunan hər kvadrat metr yaşayış sahəsi üçün ödənişləri razılaşdırılmış ilkin qiymətə uyğun olaraq qeyri-şərtsiz ödəmək; mənzildə quraşdırılacaq elektrik, qaz və su sayğaclarının alınması, müvafiq orqanlarda yoxlanılması, möhürlənməsi və quraşdırılması ilə əlaqədar xərcləri “icraçı”dan bu barədə məlumat aldıqdan sonra vəsaiti hesabına “İcraçı”nın vasitəsi ilə həyata keçirilməsi, mənzilə telefon çəkilməsi “Payçı” tərəfindən fərdi qaydada həyata keçirilməsi öhdəliklərini icraçı qismində Cavabdeh öz üzərinə götürmüşdür. Həmin müqavilənin 3-cü maddəsinə əsasən, Mənzilin sahəsi 62.87 kv.m-dir. Mənzilin 1 kv.m-nin dəyəri 500 (beş yüz) AZN-dən ibarətdir. Mənzilin ümumi dəyəri 31435 (otuz bir min dörd yüz otuz beş) manatdır. “Payçı” ilkin olaraq 30435 (otuz min dörd yüz otuz beş) manat avans ödəyir. Kreditin müddəti 2 aydır. Həmin müqavilənin 4-cü maddəsinə əsasən, Müqaviləyə əlavələr, ona dəyişdiklər tərəflərin qarşılıqlı razılığı ilə müəyyənləşdirilir. Dəyişiliklər və əlavələr yazılı formada rəsmiləşdirildikdən və imzalandıqdan sonra qüvvəyə minir. Tərəflər arasında bu müqavilə ilə təmin olunmayan münasibətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə tənzimlənir. Müqavilə üzrə mübahisələr yarandıqda tərəflər bunu danışıqlar yolu ilə həll edirlər. Əks halda mübahisələr qanunvericilikdə müəyyən olunmuş qaydada məhkəmə yolu ilə həll olunur. Həmin müqavilənin 5-ci maddəsinə əsasən, “Payçı” cəmiyyətin üzvlüyündən çıxmaq istədikdə bu barədə “Cəmiyyət’i əvvəlcədən yazılı şəkildə xəbərdar edir. “Payçı”nın üzvlüyünə xitam verildikdə onun ödədiyi pay haqqı mənzil başqa “Payçı”ya satıldıqdan sonra və həmin mənzilin dəyəri sonuncu tərəfindən ödənilən məbləğə uyğun olaraq payçıya qaytarılır; “Payçı” aylıq ödənişi 3 (üç) gündən artıq gecikdirdikdə, mənzilin sahəsinin qiymətlərinə yenidən baxılır, mənzilin aylıq ödəniləcək məbləğindən gecikdirilmiş hər l(bir) gün üçün 1% məbləğində, 1 aya 30% məbləğində cərimə tətbiq olunur. “Payçı” qeyd olunan son ödəniş müddəti bitdikdən sonra mənzilin dəyərini tam ödəməzsə, hətta ödəsə belə, aylıq ödənişlərdən gecikməsi olmuşsa mənzilin qiymətinə yenidən baxılır və yerdə qalan borc məbləği “Payçı” tərəfindən qeyri-şərtsiz həmin günə olan kvadrat metri bazar qiymətinə uyğun ödənilir. “Payçı” mənzili başqa şəxsin adına dəyişdirmək və ya satmaq istəyərsə, mənzilin qiyməti cəmiyyət tərəfindən təyin olunur. Bu müqavilənin qüvvəyə mindiyi vaxtdan etibarən “Payçı” aldığı vahid əmlakı başqa şəxslərin adına keçirtmək və ya digər şəkildə özgəninkiləşdirmək xahişi ilə “İcraçı”ya müraciət etdikdə hüquqi sənədlərin rəsmiləşdirilməsi üçün çəkilən xərclərin əvəzini “Payçı” pul kompensasiyası ilə ödəməlidir. Kompensasiyanın məbləği 1200 (bir min iki yüz) manat həcmində müəyyən olunur. “Payçı’nın və “İcraçı”nın razılıqları olmadan müqavilənin qüvvədə olduğu müddət ərzində vahid əmlakı başqa şəxslərin sahibliyinə və ya istifadəsinə verilə bilməz. Bu müqavilənin 5.1, 5.2. və 5.3-cü bəndlərində qeyd olunan hallar baş verdikdə “Payçı” mənzili yeni qiymətlə almaqdan və cərimə ödəməkdən imtina etdikdə, üzvlükdən çıxdıqda müqavilə “Cəmiyyət tərəfindən bir tərəfli qaydada pozulur və mənzilin dəyərinin payçı tərəfindən ödənilmiş hissəsinin 10%-i miqdannda cərimə məbləği çıxıldıqdan sonra “Payçı”ya qaytarılır. Fors Major halları baş verdikdə tərəflər məsuliyyətdən azad edilirlər. Həmin müqavilənin 6-cı maddəsinə əsasən, Müqavilə hər iki tərəfin imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Bu müqavilənin 3.6-cı bəndinə əsasən tikinti-quraşdırma işləri başa çatdıqdan sonra mənzil Payçıya verilənədək bu müqavilə öz qüvvəsini saxlayır. Müqavilə bərabər hüquqda malik olan 2 (iki) nüsxədə imzalanmış və hər tərəfdə bir nüsxə saxlanılır. İş materiallarında olan qəbzlərə əsasən Cavabdeh tərəfindən İddiaçı MMC-yə xx.xx.2019-cu ildə 30435 manat, xx.xx.2019-cu ildə 500 manat ödəniş edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Belə ki, hazırkı iş üzrə iddiaçı cavabdehlə arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmiş, bu tələbi cavabdehin ödənişləri vaxtında həyata keçirməməsi və cəriməni ödəməməsi ilə əsaslandırmışdır. Lakin etibarsızlıq hesab edilə bilməyə dair aşkar tələbə baxmayaraq, iddiaçı mülki qanunvericiliyin hansı tələbinin pozulmasıyla müqavilənin bağlandığını əsaslandırmamışdır. Bununla yanaşı, Mülki Məcəllənin XİV fəslində əqdin etibarsız hesab edilməli olduğu hallar nəzərdə tutulmuşdur. Halbuki, cərimənin ödənilməməsi müqavilənin etibarsız hesab edilməli olduğu hallar sırasında qanunverciliklə təsbit olunmamışdır. Belə ki, cərimə öhdəliyin vaxtında və lazımınca icrasını təmin etmək məqsədi ilə müqavilə tərəfini hüquqi baxımdan tərbiyələndirməyə xidmət edir. Bundan başqa, sözü gedən müqavilə “Mənzil tikintisi haqqında” adlandırılsa da, mahiyyətini təsbit edən məzmunundan aydın olur ki, podrat müqaviləsidir və qeyd edilən xx.xx.2004-cü il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, etibarlılığı üçün tələb olunan lazımi - səlahiyyətli şəxslərin iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğunluğu ilə bağlanmışdır. Belə olan hazırkı halda, əqdin etibarsız hesab edilməsi üçün əsas müəyyən edilmir. Digər tərəfdən, iddiaçı ödənişlərin gecikdirildidiyinə istinad etsə də, müqaviləyə ödəniş cədvəli əlavə edilməmiş və (ya) bu halın əksini təsdiqləyən sübut təqdim edilməmişdir. Eyni zamanda, bu hal əqdin etibarsız hesab edilməsi üçün əsas olmamaqla yanaşı, hansı tarixdə ödənilməsi şərti müəyyən olmayan pul məbləğinin gecikdirilməsi də qeyri-mümkündür. Habelə, qeyd edilən xx.xx.2021-ci il tarixli qərarda əks olunmuş hüquqi mövqeyə əsasən, tərəflər arasında bağlanmış müqaviləni etibarsızlığına əsaslanaraq mübahisələndirməsi ilə bağlı iradə ifadəsini iddiaçının cavabdehə bildirməsi və (ya) əqdin etibarsızlığı ilə bağlı aralarında mübahisə yarandığı üçün məhkəməyə müraciət etməsi, əhəmiyyətsizliyi ilə bağlı müqavilə tərəflərinin arasında mübahisə yarandığından, əhəmiyyətsizliyin təsdiqi üçün məhkəməyə müraciət edildiyinə dair hər hansı sübut təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən, müqavilənin etibarsız hesab edilməsinə dair əsas tələb, dolayısıyla ondan irəli gələn əmlakın sahibliyə qaytarılması və pulun verilməsi barədə törəmə tələblər təmin edilə bilməz. Bunda başqa, Mülki Məcəllənin: 178.8-ci maddəsinə əsasən, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 769-ci maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifələrinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik tərədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2019-cü ildə bağlanmış müqaviləyə əsasən İddiaçı MMC mübahisəli mənzili 31435 manat ödənilməsi şərtilə Cavabdeh verməyi, sonuncu isə mənzilin dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi 30935 manat ödənilməsi hissəsində yerinə yetirmişdir və qalıq 500 manat hissənin ödənilməsinə hazır olduğunu bildirmişdir, lakin cavabdeh öhdəliyin tam icrasını qəbul etmək üçün lazımi hərəkətləri etməmiş və öz öhdəliyini yerinə yetirməmişdir. Nəticədə, cavabdeh qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilin qalıq 500 manat pulun ödənilməsiylə istifadəsinə verilməsini xahiş etmişdir. Belə olan halda, tikinti-quraşdırma işləri başa çatdıqdan sonra mənzilin payçı Cavabdeh verilənədək müqavilənin öz qüvvəsini saxlaması barədə şərti də nəzərə alınaraq, qarşılıqlı iddia təmin edilməli, qalıq 500 manat iddiaçıya ödənilməklə müqavilə öhdəliklərinə uyğun qaydada mübahisəli mənzil Cavabdeh təhvil verilməlidir. Bundan başqa, qarşılıqılı iddia əsaslı olduğundan, iddiaçının qanundan və müqavilədən irəli gələn gələn öhdəlik qismində mübahisəli mənzilin Cavabdeh adına mülkiyyət hüquqlarının müvafiq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün zəruri olan bütün sənədləşmə işlərinin ona aid hissəsinin lazımi qaydada icra edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Belə ki, Mülki Məcəllənin 178.8-ci maddəsində podratçının binanın tikintisinin başa çatdırmaq və istismarına icazə almaq vəzifəsi nəzərdə tutulmuş, həmin vəzifədən də irəli gələn digər öhdəlikləri öz üzərinə götürməyə dair iddiaçının razılığı isə iradə sərbəstliyi və müqavilə azadlığı əsasında təsdiqlədiyi müqavilədən irəli gəlir. Qeyd edilənlərə əsasən, ilk iddia sübuta yetirilə bilmədiyinə görə rədd, qarşılıqlı iddia qanuni və əsası olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “əqdin etibarsız hesab edilməsi və əmlakın sahibliyə qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə 1 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 4-cü blok (giriş), 4-cü mərtəbəsində yerləşən, 1 (bir) otaqlı, 62.87 kv.m sahəsi olan 008 saylı mənzil həmin Cəmiyyət tərəfindən 500 manat pulun Cavabdeh tərəfindən ödənilməsiylə eyni vaxtda İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 008 saylı müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh təhvil verilsin. İddiaçı tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə 1 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 4-cü blok (giriş), 4-cü mərtəbəsində yerləşən, 1 (bir) otaqlı, 62.87 kv.m sahəsi olan 008 saylı mənzil üzrə Cavabdeh adına mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün tələb olunan və həmin Cəmiyyət tərəfindən təqdim edilməli olan sənədlərin verilməsi öhdəliyi İddiaçı üzərinə qoyulsun. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat pul İddiaçındən tutularaq Cavabdeh ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar