Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1753/2025 28.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız qeyd edilmiş 2718,23 manat süni borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanda yerləşən evə dair qanunsuz olaraq tərtib edilmiş 2718,23 manat əsassız borcun silinməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, vətən müharibəsi zamanı 2020-ci ilin 17 oktyabr tarixində Gəncə şəhərinə edilmiş raket hücumu nəticəsində evləri məhv edilmişdir. Ailə üzvləri, o cümlədən özü, həyat yoldaşı və 2 yaşlı övladı ciddi psixoloji travma almışlar. İki il kirayə mənzildə qaldıqdan sonra düşmən hücumunda dağıdılmış evlərinin əvəzinə 2022-ci ildə ünvan 1 ünvanda yerləşən ev ailələrinə verilmişdir. İki ildir ki, həmin evdə yaşayır. Lakin təəssüf ki, cavandeh onların ünvanına əsassız borc yazmışdır. Cavabdeh əsassız akt tərtib edərək sayğacın müayinəsini onun iştirakı olmadan apararaq guya sayğaca müdaxilə olunduğunu qeyd etmişdir. Cavabdeh tərəfindən istehlakçı hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, cavabdehin qeyd etdiyi borcun qanuni əsası yoxdur. Cavabdeh böhtan və pozuntu ilə tərtib edilmiş aktın nəticəsində tamamilə tənasübsüz məbləğ qeyd etmişdir. Onlar həmişə sərf etdikləri qazın pulunu ödəmişlər. Lakin abonent saldosundan məlum olmuşdur ki, guya hazırda 2718,23 manat borcları vardır. Əslində 3004 manat süni borc yazılmış və kartından tutmalardan sonra 2718,23 manat borc qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, sözügedən evi dövlət vermiş, 2023-cü ildə həmin evə köçmüşdür. Sayğac əvvəldən orada olmuşdur. Həmin ev əvvəl yarımtikili olmuş, yaşayış olmamışdır. 2022-ci ilin axırlarından başlayaraq evi özü təmir elətdirmişdir. Həmin vaxt sayğac istifadə müddəti bitdiyinə görə və düzgün işləmədiyinə görə dəyişdirilmiş, özü də iştirak etmiş, ancaq heç bir akt imzalamamışdır. Sayğac dəyiçdirildikdən sonra evə köçmüşdürlər, çünki ev təmirdə olmuşdur. Hal-hazıradək həmin ünvanda yaşayır, ödənişləri də vaxtlı-vaxtında bir qismini M-Pay vasitəsilə, bir qismini də Milliön terminalından etmişdir. 2700 manat evin əvvəlki borcu olmuşdur, guya qaz sərfiyyatı olmuş, ancaq ödənilməmişdir. Halbuki həmin ev onlar köçməmişdən qabaq yaşamaq üçün yararsız vəziyyətdə olmuş, evin heç damı belə olmamışdır. Onlardan əvvəl həmin ünvanda özbaşınalıq edilmiş, qazdan istifadə edilmədiyi halda süni borc yazılmışdır. Əvvəl quraşdırılan saygac itron tipli elektron saygac olmuşdur. Ola bilməz ki kart vasitəsi ilə əvvəlcədən ödəniş olunmadan qaz sərfiyyatına görə borc qalsın. Sayğac evin çölündə quraşdırılmış, onun tərəfindən heç bir müdaxilə olunmamışdır, sayğacda olan qüsura görə isə cavabdehlik daşımır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********06-10301 reystr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyətdə olmaqla tam mülkiyyət hüququ üzrə İddiaçı adına rəsmi reyestrdə qeydə alınnmışdır. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, İddiaçı istifadəsində olan İtron tipli, G4 markalı, 1402AZ**********34 nömrəli qaz sayğacı açılaraq, Zenner tipli, G4 markalı, **********196 nömrəli yeni sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi yoxlama müddətinin çatması kimi qeyd edilmiş, digər qeydlər hissəsində sayğacın dövlət plombunun qurdalanması, bağlayıcı klapanının aşkar olunmaması, elementinin bitməsi göstərilmişdir. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, aktda qeyd olunmuşdur ki, Cavabdeh İB-nin 14-2-2/3-5-3210-1 saylı rəyə əsasən sayğacın daxilində göstərici çarxı kənar təsir nəticəsində zədələnmişdir. Aktda istehlakçı İddiaçı iştirakı göstərilsə də, istehlakçı aktı imzalamamış, imzalamamasının səbəbi imtina etməsi kimi göstərilmişdir. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, 12960 m3 itirilmiş qaz sərfiyatına görə dəymiş ziyanın məbləği tələb olunmuşdur. Qaz sayğacının dövlət yoxlamasından keçirilməsi barədə 31 mart 2023-cü il tarixli, MSK-14-2-2/3-5-3210-1 nömrəli aktda göstərilmişdir ki, İtron tipli, G4 markalı, 1402AZ**********34 nömrəli qaz sayğacına xx.xx.2023-cü il tarixində Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş, kipləşdirici rezin təbəqə aşkar edilməmiş, LCD ekranında informasiya əks olunmamış, element qapağı açıldıqda məlum olmuşdur ki, element dövriyyədən çıxarılmış, dövriyyəyə qoşulub informasiya oxunduqda xx.xx.2019-cu il tarixə elektron göstərici 08273 m3 əks olunmuş, daxilində göstərici çarxı kənar təsir nəticəsində zədələnmiş, mexanizm keçən qazın həcmini qeyd etməmiş, mənfiyə işləmiş, xx.xx.2019-cu il tarixində Alarm-1 rejimi aşkar olunmuş, sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında olan hüquq münasibəti qazın alqı-satqısı barədə müqavilə öhdəliyindən əmələ gələn münasibət olsa da, mübahisə iddiaçının «sayğaca müdaxilə etməsi ilə bağlı itirilmiş qaz sərfiyatına görə dəymiş zərərlə» bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Deliktlərlə əlaqədar yuxarıda şərh olunmuş hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının istifadəsində olan qaz sayğacında olan qüsura görə 12960 m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. Digər tərəfdən əvvəlki sayğac üzrə istifadə olunmuş qaz sərfiyatına görə borc hesablanmışdır. Lakin məhkəmə araşdırması zamanı həmin sayğacda yaranmış qüsurun, yəni sayğacın daxilində göstərici çarxının kənar təsir nəticəsində zədələnməsinin iddiaçının təqsiri nəticəsində baş verməsi sübuta yetməmişdir. Belə ki, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, İddiaçı istifadəsində olan İtron tipli, G4 markalı, 1402AZ**********34 nömrəli qaz sayğacı açılaraq, Zenner tipli, G4 markalı, **********196 nömrəli yeni sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi yoxlama müddətinin çatması kimi qeyd edilmiş, digər qeydlər hissəsində sayğacın dövlət plombunun qurdalanması, bağlayıcı klapanının aşkar olunmaması, elementinin bitməsi göstərilmişdir. xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, aktda qeyd olunmuşdur ki, Cavabdeh İBnin 14-2-2/3-5-3210-1 saylı rəyə əsasən sayğacın daxilində göstərici çarxı kənar təsir nəticəsində zədələnmişdir. Lakin abonentin təqsiri nəticəsində baş verməsinin nə ilə təsdiq olunması barədə hər hansı sübut təqdim edilməmişdir. Digər tərəfdən istifadə olunmuş qaz sərfiyatına görə əvvəlki sayğac üzrə borc hesablanmışdır. Halbuki, əvvəlki sayğac elektron tipli sayğac olmaqla qazdan istifadəyə görə ödənişlər əvvəlcədən aparılmalı idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.2-ci bəndinə görə istehlakçı -alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Göründüyü kimi, “Qazdan istifadə Qaydaları” istehlakçıları iki qrupa bölmüşdür, bunlar hüquqi və ya fiziki şəxslər olmaqla, İddiaçı fiziki şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı, Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. Həmin Qaydaların 6.5-ci bəndinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin Qaydaların 6.5-4-cü bəndinə görə qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının təbii qazdan istifadə qaydalarını pozması, yəni qaz sayğacına müdaxilə etməsi məhkəmə araşdırması zamanı sübut olunmadığından iddia təmin olunmalı, İddiaçı hesablanmış 2718,23 manat pul silinməlidir. MPM-in 124.1-ci maddəsinə əsasən iş üzrə ödənilməmiş 47,18 manat dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia təmin edilsin. İddiaçı hesablanmış 2718,23 manat pul silinsin. Cavabdehndən dövlət rüsumu hesabına 47,18 manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-1753/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1753/2025
28.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver