Məhkəmə qərarları › İş №2(125)-1779/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1779/2024

30.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1779/2024 30.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib olunmuş 30 noyabr 2023-cü il tarixli, ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt nəticəsində hesablanmış 777,60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə abonent kodu **********00150 olmaqla, iddiaçı qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixdə sözügedən evə dair təbii qazdan istifadə qaydalarının pozulması barədə cavabdeh tərəfindən ******* saylı akt tərtib edilmişdir. Aktda sayğacdan qaz keçdiyi, hesablama mexanizminin borusunun deşildiyi barədə qeyd aparılmışdır. Gəncə X2 İdarəsi tərəfindən itirilmiş qazın bərpası hesabatı aparılaraq qaz itkisinin 6480 m3 (777,60 manat) olması müəyyən edilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, hazırda yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. Respublikanın digər sakinlərinə olduğu kimi onun evinə də müqavilə əsasında qaz sayğacı quraşdırılmış və uzun illərdir ki, sərf etdiyi qazın dəyərini ödəyərək ondan istifadə etmişdir. Bu illər ərzində sayğac qaz idarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq yoxlanılmış və hər hansı bir pozuntuya yol verilmədiyi barədə aktlar tərtib olunmuşdur. Lakin 2023-cü ilin noyabr ayında idarənin əməkdaşları yaxınlaşaraq istifadə etdiyi qaz sayğacının istismar müddətinin başa çatması səbəbindən yenisi ilə dəyişdirilməli olduğunu bildirdilər. Onun buna hər hansı bir etirazı olmamış və istifadə etdiyi sayğacını çıxararaq yenisi ilə əvəzləmişlər. Köhnə sayğac götürülən zaman hər hansı bir formada qablaşdırılmamış, sadəcə götürüb getmişlər. Bu zaman sayğacın plombları qaydasında olmuş və ona hər hansı bir uyğunsuzluq barədə məlumat verməmişlər. Bundan sonra yeni sayğacla yenə əvvəlki qaydada işlətdiyi qaza görə ödəmələrini apararaq qazdan istifadə etmişdir. Lakin üstündən bir müddət keçdikdən sonra Cavabdeh Gəncə X2 İdarəsinin əməkdaşları bildirmişlər ki, əvvəllər istifadə etdiyi sayğac yoxlamaya göndərilmiş və məlum olmuşdur ki, sayğacın çıxış plastmas borusu deşilmişdir. Buna görə də onun barəsində akt tərtib olunmuş və akta əsasən 771,60 manat (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) borc hesablanmışdır. Belə ki, sayğac yoxlamaya göndərilən zaman onun nə bundan xəbəri olmuş, nə də ki, hər hansı sənədləşmədə iştirak etməmişdir. Nə yazıblarsa, onun xəbəri olmadan öz istədikləri kimi yazmışlar və lap əgər qəbul edilsə ki, sayğacda göstərilən nöqsan olmuşdur, onun burada hər hansı bir günahı yoxdur. Çünki, sayğac küçədə olduğundan onun vəziyyətinə o gecəgündüz nəzarət edə bilməzdi və bu barədə hər hansı bir məsuliyyət daşımır. Əgər evin daxilində olsa idi, başqa məsələ olardı. Onun bütün bunlardan ümumiyyətlə xəbəri olmamış, yoxlamada iştirak etməmişdir. Buna baxmayaraq, sonradan bir neçə müddət bundan əvvəl sökülmüş qaz sayğacı barəsində akt tərtib olunmuşdur. Bu faktlar sözügedən aktın tamamilə qanunsuz olmasını bir daha təsdiq edir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə etdi ki, cavabdeh təşkilatın əməkdaşları qaz sayğacını yoxlayıb, istismar müddətinin qurtarması, sayğacın keçən qazın həcmini qeyd etməməsi ilə əlaqədar onu dəyişdirmiş, 777,60 manat borc yazmışlar. Cavabdeh təşkilatın əməkdaşları ona sayğacın hesablama mexanizminin deşilməsi barədə məlumat verməmişlər, həmçinin sayğac evdən kənarda yerləşir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İş materiallarına əlavə edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, iddiaçının hazırda yaşadığı ünvan 1 ünvanına quraşdırılmış G-4 markalı, Zenner tipli, **********7 nömrəli sayğac yeni sayğacla – G-4 markalı, Zenner tipli, **********2 nömrəli sayğacla əvəz olunmuş, səbəb isə sayğacın əvəzlənməsi olmuşdur, digər qeydlər hissəsində isə sayğacın çıxış borusunda deşik olduğu qeyd edilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli 30 noyabr 2023-cü il tarixli aktdan və ona əlavə edilmiş sənəddən görünür ki, istehlakçı kimi qeydə alınmış sözügedən ünvanda quraşdırılmış G-4 markalı, **********7 nömrəli qaz sayğacına baxış keçirilmiş, Cavabdehın verdiyi 14-2-2/3-5-12559/Q002 nömrəli rəyə əsasən sayğaca baxış keçirilmiş, sayğacdan qaz keçdiyi, hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi, sayğacın çıxış plastmast borusunun deşici alətlə deşildiyi, sayğacın istismara yararsız olduğu qeyd edilmiş və sayğacın dəyərinin ödənilməsi və dəymiş ziyanın 6480 m3 hesablanaraq abonent tərəfindən ödənilməsi qərara alınmışdır. “Dəymiş ziyanın bərpasına dair tələbnamə” adlı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, sözügedən ünvan üzrə icra olunacaq tədbirlər kimi mövcud sayğacın qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş, ünvan 1 ünvanı üzrə abonent kodu **********00150 olan abonentin saldosundan görünür ki, abonent hesabına 2023-cü ilin yanvar ayında 35 m3, fevral ayında 17 m3, mart ayında 21 m3, aprel ayında 5 m3, may ayında 9 m3, iyun ayında 0 m3, iyul ayında 8 m3, avqust ayında 0 m3, sentyabr ayında 5 m3, oktyabr ayında 0 m3, noyabr ayında 6645 m3, dekabr ayında 490 m3 olmaqla, 2023-cü ilin yanvar ayından 2023-cü ilin dekabr ayına (həmin ay da daxil olmaqla) kimi 7235 m3 sərfiyyat edilmiş, sərfin məbləği 90,60 manat, qalıq və aktlar üzrə 777,60 manat borc hesablanmış və həmin borc üzrə iddiaçı tərəfindən 51,26 manat ödənilmişdir. Yuxarıda qeyd edilən Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Tərəflər **********7 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlı mübahisə edirlər. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvan üzrə qaz sayğacı üçün borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə faktı ilə əsaslandırır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvan üzrə quraşdırılan qaz sayğacı evdən kənarda yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3-cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün Cavabdeh İB tərəfindən müvafiq örtüklə örtülməlidir. Şərh olunan normalardan da göründüyü kimi fiziki şəxs olan istehlakçı yalnız plombun toxunulmazlığına görə məsuliyyət daşıya bilər. Sayğaca müdaxilə olunmadan hesablama mexanizmində xəta aşkarlanmışdırsa, buna görə fiziki şəxs olan istehlakçı məsuliyyət daşımır. Bundan başqa, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda qeyd edilən pozuntunun iddiaçının təqsirindən baş verməsini, **********7 nömrəli qaz sayğacına müdaxilə edilməsini təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, fiziki şəxs olan istehlakçıların sayğacları üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır, cavabdeh Azəriqaz İB tərəfindən 6480 m3 itirilmiş təbii qaz üçün 777,60 manat borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (abonent kodu **********00150 olan) üzrə təbii qazın itkisinə görə Cavabdeh tərəfindən hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat pul məbləği silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar