Məhkəmə qərarları › İş №2(125)-1794/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1794/2025

08.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1794/2025 08.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanına **********10010 nömrəli abonent kodu üzrə hesablanmış 280.25 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xüsusi mülkiyyətində ünvan 2 ünvanında yaşayış evi vardır. Cavabdeh Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən həmin evə qaz sayğacı quraşdırılmış, qaz sərfiyyatına görə sayğacda göstərilən qazdan istifadəyə görə hesablanmış borcları uzun illərdir həmişə vaxtında və avans qoymaqla ödənilmişdir. 2023cü ilin sonlarında qaz sayğacında yaranmış problemlə bağlı cavabdeh təşkilata özləri müraciət etmişlər. Cavabdeh Dövlət Neft Şirkəti Cavabdeh əməkdaşları müraciətləri əsasında göstərilən ünvana gələrək qaz sayğacına baxış keçirmişlər. Baxış zamanı qaz sayğacı xarab olduğu, yəni sayğacın kipləşdiyi, qazı ötürmədiyi məlum olmuşdur. Bu səbəbdən xx.xx.2023-cü il tarixli Akt tərtib etilmiş, sayğac yenisi ilə əvəz edilmişdir. AKT-ın özündə sayğacın dəyişdirilməsinin səbəbi göstərilmişdir, abonentin təqsirinin olmadığı AKT-dan görünür. O, həmişə ödənişləri artıqlaması ilə edib, 2024-cü ilin sonlarında ödəniş edəndə isə, onun göstəricilərində 65.3 manat avans məbləğinin olması göstərilmişdir. 2024-cü ilin sonlarında Cavabdeh əməkdaşları zəng edib evin qaz sərfiyyatına görə 280 manat borc məbləği olduğunu bildirdilər və həmin məbləğin ödənilməsini tələb etdilər. Cavabdeh təşkilatdan həmin borcları əks etdirən abonentin saldosunu dəfələrlə tələb etdikdə ona sənədləri təqdim etmədilər. Sonradan isə əməkdaşlar tərəfindən ona təkliflər edilməyə başladı, dedilər ki, 280 manat yox 190 manat ödəyərsiz bəs edər. Dəfələrlə cavabeh təşkilatla əlaqə saxladıqdan sonra və sənədləri tələb etməyini görüb bundan sonra ona təxminən 5-6 gün keçmiş tələm-tələsik sənədləri, həmçinin 2024-cü ilin martdekabr aylarının abonent saldosunu və 31 dekabr 2024-cü ilə qədər olan bildiriş xəbərdarlığı təqdim etdilər. 2024-cü ilin sentyabr ayını ümumiyyətlə saldoda göstərməmişlər və həmin ay üçün ona pul hesablamamışlar. Həmçinin 2024-cü il ərzində Cavabdeh ərazi nəzarətçilərindən bir dəfə də olsun gəlib sayğaca baxan və qeydiyyat aparan olmayıb, evə heç kim gəlməyib, zəng də etməyiblər. İlin yekunu üçün 31 dekabr 2024-cü il tarixdə verilmiş Cavabdeh bildiriş xəbərdarlığına isə inansaq belə orada 879 kub metr istifadə edilmiş qaza görə 20 qəpikdən hesablanılmaqla 175 manat 80 qəpik, 679 kub metr istifadə edilmiş qaza görə 25 qəpikdən hesablanılmaqla 169 manat 75 qəpik, yəni ümumilikdə 345 manat 55 qəpik borcumuzun olduğu görünür, həmin məbləğdən də 65.30 manatı çıxıb ona 280.25 manat borcum olmasını bildirirlər. Cavabdeh təşkilatın adına yazdığı borcun yaranmasında onun və ailə üzvlərinin heç bir təqsiri yoxdur. Belə ki, tərəflərindən sayğaca hər hansı müdaxilə edilməmiş, borcun yaranmasına səbəb olan hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. O, adına olan borcları vaxtı-vaxtında ödəyib və hətta hesabında həmişə əlavə pul da olmuşdur. Odur ki, məhkəməyə müraciət etmək qərarına qəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəsində yazılanların izahatı olaraq qəbul edilməsini və tələbin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Abonent saldosundan görünür ki, **********10010 abonent kodu üzrə 2023-cü ilin dekabr ayında (qalıq və aktlar üzrə) borc hesablanmamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Abonent saldosundan görünür ki, **********10010 abonent kodu üzrə 2024-cü ilin dekabr ayında (qalıq və aktlar üzrə) 280.25 manat borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildiriş-xəbərdarlıqdan görünür ki, **********10010 abonent kodu üzrə 2024-cü ilin dekabr ayında qalıq borc qrafasında “-65.3 manat” göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf iddiaçıya borc hesablasa da, qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsi və ya həmin borcun əsaslı hesablanması faktını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna hesablanmış 280.25 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən ünvan 3 ünvanına **********10010 nömrəli abonent kodu üzrə qaz sərfinə görə İddiaçı hesablanmış 280 (iki yüz səksən) manat 25 (iyirmi beş) qəpik borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar