Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1797/2025 08.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən xx.xx.2022-ci ildə tərtib edilmiş “Qaz istismarı pozuntusu haqqında” ******* nömrəli akt əsasında onun evinə hesablanmış 1440 kub.metr təbii qaza görə 172,80 manat pulun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçının arvadı – X1 xüsusi mülkiyyətindədir. Həmin ev üzrə abonent kodu **********00230 olmaqla, abonent kimi İddiaçı qeydiyyata alınmışdır. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, Gəncə şəhəri, Z.Bünyadov (keçmiş Krılov) küçəsində yerləşən 23 nömrəli fərdi evdə ailəsi ilə birgə yaşayır, ev tam mülkiyyətlərindədir. Uzun müddətdir evinə cavabdeh tərəfindən məişət qazı çəkilmiş, sayğac quraşdırılmışdır və son vaxta kimi qazla bağlı cavabdeh idarə ilə heç bir problemi olmamışdır. Qaz sayğacı “smart” tipli idi, yəni nə ödəyirsən onu da istifadə edirsən. 2021-ci ilin sonlarında qaza əlavə pul ödəmək istəsə də, smart kart bloklandığından ödənişi edə bilməmişdir. Bu haqda aidiyyəti üzrə qaz idarəsinə məlumat vermiş, xx.xx.2021-ci il tarixində gəlib, sayğacı mexaniki sayğacla əvəzləmişlər. Köhnə sayğacın üzərində hələ istifadə olunmamış 4 manatdan bir az çox vəsait qalmışdır. Ona smart kartı ilə qaz idarəsinə yaxınlaşmalı olduğu, onu yeni quraşdırılmış sayğacın balansına köçürməli olduğu bildirilmişdir. Qaz İdarəsinə taksi ilə getmək 2 manat, taksi ilə qayıtmaq 2 manat təşkil etdiyi üçün bunun arxasınca getməmişdir. Yaşlı olduqlarından çox zaman Bakı şəhərində uşaqlarının yanında olurlar. Sonra qaz sərfiyyatı ilə bağlı evinə bildiriş verilərkən guya ki, keçmişdən, yəni sayğac “smart” kartla idarə olunarkən 158 manat borc olduğu qeyd olunmuşdur. Əvvəlcə fikir verməmiş, hesab etmişdir ki, cavabdeh özü nizamlayar. Pensiyaçıdır, ailəsi aztəminatlıdır, imkanı yoxdur. Bu minvalla qarşı tərəf yaratdıqları “yalançı” borcu hər dəfə qaz sərfiyyatına dair bildiriş-xəbərdarlıqda göstərirdi. Bu işə son qoymaq üçün X3 İstismarı idarəsinə getmiş, orada ona dəymiş ziyanın bərpasına dair tələbnamə təqdim etmişlər. Sayğac xx.xx.2021-ci il tarixində dəyişdirilib, qarşı tərəf xx.xx.2022-ci il tarixində onların iştirakı olmadan akt tərtib edib. Eyni zamanda laboratoriyadakı yoxlamanın nəticələrində sayğaca kənar müdaxilə qeyd olunmayıb. Sayğac sərfiyyatı düzgün qeydə almasa belə bu onların günahından deyil. Abonentin saldosu barədə çıxarışdan görünür ki, sayğac dəyişdirilən ayda, yəni 2021-ci ilin dekabr ayında heç bir borcu olmamışdır. Hazırda cavabdeh tərəfindən ünvanına təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci ildə ******* №-li akt və həmin aktla bərabər dəymiş ziyanın bərpasına dair tələbnamə göndərilmişdir. Həmin sənədlərdə qeyd edilir ki, guya onun evinə aid olan sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etməmiş və o qanunsuz olaraq heç bir əsas olmadan 1440 kub.metr “itirilmiş qaz”a görə ziyan ödəməlidir. Bu məsələyə etiraz edir. Belə ki, birincisi evinə aid olan sayğac normal işləyirdi, pulu da karta keçirib qazdan istifadə etmişlər. İkincisi sayğac evin həyətində yox, küçədə, evdən kənarda quraşdırılmışdır. Üçüncüsü xx.xx.2021-ci il tarixə kimi cavabdehin nümayəndələri mütəmadi olaraq sayğaclara baxış keçirmişlər. Bir dəfə də olsun sayğacda hər hansı bir problemin olmasını bildirməmişlər. Yəqin ki, problem osla idi, deyərdilər, tədbir görərdilər və s. Dördüncüsü quraşdırılmış sayğaca kənar müdaxilə olunmayıb (bu haqda nə tərtib olunmuş aktda, nə də ki, dəymiş ziyanın bərpasına dair tələbnamədə heç bir qeyd yoxdur). Bu absurddur. Ona dəyişdirilmiş sayğacda hər hansı bir problem olması bildirilməyib, göstərilməyib, qüsurun mövcud olması barədə məlumat verilməyib. Akta sayğacın çıxarılma səbəbi "istifadə müddəti”nin bitməsi, sayğacın quraşdırılma səbəbi isə “əvəzləndi” qeyd edilmişdir. Beşincisi aktla əlaqədar Gəncə Qaz istismar idarəsində cavabdeh təşkilatın əməkdaşları heç nə izah edə bilməmişlər. Hətta əsassız olaraq 1440 kub.metr qaza görə ziyan yazılsa da, ziyanı hansı yolla, hansı üsulla yerinə yetirməyinin cavabını nə aktdan nə dəki qaz idarəsinin əməkdaşlarından ala bilməmişdir. Evə gəlmiş son bildirişdən yalnız 158 manat məbləği ödəməli olmağı bilinir. Ona görə də məhkəməyə müraciət etmək qərarına qəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə etdi ki, əvvəlki sayğac kartla işləyə-işləyə onu başqa sayğacla dəyişmiş, 3 ay sonra sayğaca borc yazmışlar. Həmçinin sayğac evdən kənarda yerləşir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5-6.7).` İş materiallarına əlavə edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, iddiaçının istifadəsində olan ünvan 2 ünvanına quraşdırılmış G-4 markalı, İtron tipli, 1202AQ**********7 nömrəli sayğac yeni sayğacla – G-4 markalı, Mexaniki tipli, **********1 nömrəli sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi istismar müddəti, sayğacın (plombun) quraşdırılma səbəbi isə əvəzləmə olmuşdur. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli xx.xx.2022ci il tarixli aktdan və ona əlavə edilmiş sənəddən görünür ki, istehlakçı kimi iddiaçının adı qeydə alınmış, sözügedən ünvanda quraşdırılmış G-4 markalı, İtron tipli, 1202AQ**********7 nömrəli qaz sayğacına baxış keçirilmiş, Cavabdeh İB-nin MSK- 29/1710-00072-1 nömrəli rəydə sayğaca baxış keçirildiyi, sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi, sayğacın yaddaş arxivinin oxunduğu, sayğacda istismar müddətində ALARM-1 rejiminin aşkar olunmadığı və dəymiş ziyanın 1440 m3 hesablanaraq abonent tərəfindən ödənilməsi qərara alınmışdır. “Dəymiş ziyanın bərpasına dair tələbnamə” adlı xx.xx.2022-ci il tarixli aktdan görünür ki, sözügedən ünvan üzrə icra olunacaq tədbirlər kimi mövcud sayğacın qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Sözügedən ünvan üzrə G-4 markalı qaz sayğacının maksimal qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 4x12x30=1440 m3 qaz itkisinin olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş, ünvan 3 ünvanı üzrə abonent kodu **********00230 olan abonentə aid saldodan görünür ki, abonent hesabına 2022-ci ilin yanvar ayında 2225 m3, fevral ayında 492 m3, mart ayında 713 m3, aprel ayında 26 m3, may ayında 75 m3, iyun ayında 42 m3, iyul ayında 106 m3, avqust ayında 82 m3, sentyabr ayında 0 m3, oktyabr ayında 28 m3, noyabr ayında 176 m3 və dekabr ayında 501 m3 olmaqla, cəmi 4466 m3 sərfiyyat edilmiş, sərfin məbləği 528,09 manat, qalıq və aktlar üzrə 172,80 manat borc hesablanmış, 7,41 manat ödəniş edilmişdir. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilmiş, xx.xx.2022-ci il tarixdə sözügedən evə dair təbii qazdan istifadə qaydalarının pozulması barədə cavabdeh tərəfindən ******* nömrəli akt tərtib edilmiş, aktda sayğaca baxış keçirildiyi, sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi, sayğacın yaddaş arxivinin oxunduğu, sayğacda istismar müddətində ALARM-1 rejiminin aşkar olunmadığı qeyd edilmiş, X3 İstismarı İdarəsi tərəfindən itirilmiş qazın bərpası hesabatı aparılaraq qaz itkisinin 1440 m3 olması qərara alınmış və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. Göründüyü kimi, tərəflər 1202AQ**********7 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlı mübahisə edirlər. Cavabdeh bilavasitə iddiaçının istifadəsində olan ünvan üzrə qaz itkisinin 1440 m3 olması ilə əlaqədar sözügedən məbləğdə borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə faktı ilə əsaslandırır. Məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün ilk öncə sayğacın işlək vəziyyətdə saxlanılmasına və sayğacın üzərində olan plombların qorunmasına görə istehlakçının, yaxud qazpaylayıcının cavabdehlik daşımasının müəyyən edilməsi vacibdir. “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, sözügedən ünvan üzrə quraşdırılan qaz sayğacı evdən kənarda yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3-cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçıların yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün Cavabdeh İB tərəfindən müvafiq örtüklə örtülməlidir. Şərh olunan normalardan da göründüyü kimi fiziki şəxs olan istehlakçı yalnız plombun toxunulmazlığına görə məsuliyyət daşıya bilər. Sayğaca müdaxilə olunmadan hesablama mexanizmində xəta aşkarlanmışdırsa, buna görə fiziki şəxs olan istehlakçı məsuliyyət daşımır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda qeyd edilən pozuntunun iddiaçının təqsirindən baş verməsini, 1202AQ**********7 nömrəli qaz sayğacına müdaxilə edilməsini təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, fiziki şəxs olan istehlakçıların sayğacları üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşıdığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır, cavabdeh Azəriqaz İB tərəfindən 1440 m3 itirilmiş təbii qaz üçün borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi (abonent kodu **********00230 olan) üzrə təbii qazın itkisinə görə Cavabdeh tərəfindən hesablanmış 172,80 (bir yüz yetmiş iki manat səksən qəpik) manat pul məbləği silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-1797/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1797/2025
08.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver