Məhkəmə qərarları › İş №2(125)-1854/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1854/2024

19.02.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1854/2024 19.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Əli oğlunun sədrliyi Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Gəncəbank ASC-nin ləğv edicisi Əmanətlərin sığortalanması Fonduna, Cavabdeh2 və Gəncə şəhər 4 saylı notariat kontoruna, 3-cü şəxs ƏMDKY-da DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Gəncəbank ASC-nin ləğv edicisi Əmanətlərin sığortalanması Fonduna, Cavabdeh2 və Gəncə şəhər 4 saylı notariat kontoruna, 3-cü şəxs ƏMDKY-da DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Gəncəbank ASC ilə X2 arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 298/i saylı müqaviləsinin etibarsız hesab edilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri şərtlərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, iddiaçı cavabdehlər Gəncəbank ASC-nin ləğv edicisi Əmanətlərin sığortalanması Fonduna, Cavabdeh2 və Gəncə şəhər 4 saylı notariat kontoruna və 3-cü şəxs ƏMDKY-da DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, iddia ərizəsində Gəncə şəhər 4 saylı notariat kontoruna qarşı tələb göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsində iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya iddiaçınin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizamasalınmasına riayət edilməsinə dair məlumat, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin iş materiallarından görünür ki, iddiaçı ərizəyə xx.xx.2022-ci il tarixli qəbzlə ödənilmiş dövlət rüsumunu əlavə etmişdir. Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından isə görünür ki, həmin qərardadla İddiaçı cavabdehlər Gəncəbank ASC, X1 və Gəncə şəhər 4 saylı notariat kontoruna qarşı ipotekaya xitam verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli qəbzlə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılmışdır. Göründüyü kimi iddiaçı artıq geri qaytarılmış qəbzlə ödənilmiş rüsumu ərizəyə əlavə etmişdir. Məhkəmə hesab edir ki, ərizə Azərbaycan Repsublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədən verildiyindən, yəni cavabdeh Gəncə şəhər 4 saylı notariat kontoruna qarşı yönələn tələb qeyd edilmədiyindən, həmçinin ərizəyə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdehlər Gəncəbank ASC-nin ləğv edicisi Əmanətlərin sığortalanması Fonduna, Cavabdeh2 və Gəncə şəhər 4 saylı notariat kontoruna və 3-cü şəxs ƏMDKY-da DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsini vermiş şəxsə izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar