Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1868/2025 22.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən **********17780 abonent kodu üzrə Zenner, G4Smart markalı, **********626 saylı sayğaca dair hesablanmış 3110,4 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən onun istifadəsində olan və yaşadığı evin sayğacını xx.xx.2022-ci il tarixində gətirib dəyişdirərək yeni tipli sayğacla əvəz etmişlər. Lakin ona cərimə yazıldığını 2 ildən sonra bilmiş. Çünki çox zaman başqa ünvanda yaşadığından həmin ünvana baş çəkmir və qazı çox istifadə etmir, o, bu barədə 2025-ci ilin yanvar ayında bilmiş. Bununla bağlı ona heç bir bildiriş də bu zamana qədər cavabdeh tərəfindən verilməmişdir. Sonradan gəlib həmin evdə yaşayan zaman qaza pul ödəyəndə baxıb ki, sayğaca pul az yüklənir. Hansı ki köhnə sayğacın zamanında belə bir hal baş verməmişdir. Bununla bağlı X1 idarəsinə müraciət etdikdə ona bildirdilər ki, onun köhnə sayğacda nasazlıq olub, ona görə də ona 3110,4 məbləğində borc yazmışlar. Lakin bu iradla o, heç cür razılaşmamış çünki o, sərf etdiyi qaz üçün hər dəfəsində ödəniş edib hər kəs kimi qaydasında istifadə etmiş. Bu hallar həm əsassız həm də qanunsuzdur. Odur ki, məhkəməyə müraciət etmək qərarına qəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəsində yazılanların izahatı olaraq qəbul edilməsini və tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akta əsasən, sayğacın klapanı işlək deyil, sayğac istismara yararsızdır. Dəymiş ziyan hesablansın və abonent tərəfindən ödənilsin. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Abonent saldosundan görünür ki, **********17780 abonent kodu üzrə 2023-cü ilin aprel ayında (qalıq və aktlar üzrə) 3110.4 manat borc hesablanmışdır. İş materiallarında olan “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 2022-ci il tarixli, aktın surətindən görünür ki, İtron G4 1402AZ********** nömrəli sayğac növbədən kənar dövlət yoxlaması zamanı Zenner G4 **********626 sayğacla əvəz edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf iddiaçıya borc hesablasa da, qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsi və ya həmin borcun əsaslı hesablanması faktını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna hesablanmış 3110.4 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən **********17780 nömrəli abonent kodu üzrə qaz sərfinə görə İddiaçı hesablanmış 3110 (üç min yüz on) manat 40 (qırx) qəpik borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-1868/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1868/2025
22.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver