Məhkəmə qərarları › İş №2(125)-1914/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1914/2024

15.05.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1914/2024 15.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçinin iştirakı ilə, Ərizəçi – şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.2006-cı il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə X3 xx.xx.2006-cı ildə anadan olmuş, atası X4 və anası Ərizəçidır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi istənilən şəxs ərizəçinin qızıdır. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin qızı X3 xx.xx.2006-cı ildə anadan olmuşdur və anası ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Vahidə anadan olduğu gündən ərizəçinin himayəsində fəaliyyət qabiliyyəti olmayan şəxs kimi yaşayır, ona 1-ci qrup əlillik dərəcəsi müəyyən edilmişdir. Vahidənin yanvar ayında 18 yaşı tamam olmuşdur, lakin buna baxmayaraq onun heç bir fəaliyyət qabiliyyəti yoxdur. Vahidə hazırda da öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə edə bilmir, faktiki olaraq uzun illərdir ki, tam fəaliyyət qabiliyyət olmayan şəxsdir. Hazırda onun yetkinlik yaşına çatması səbəbindən məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi, onu da əlavə etdi ki, ekspert rəyi ilə tanış olmuşdur, rəylə razıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Gəncə şəhər İcra hakimiyyəti başçısı aparatının yanında fəaliyyət göstərən Qəyyumluq və himayəçilik komissiyası nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni, ərizəyə əlavə edilmiş sənədləri və alınmış ekspert rəyini nəzərdən keçirib və ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən ərizəçiyə ünvanlanmış 5-1/1-T-7-099/2024 nömrəli, xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Vahidə Tağızadənin yetkinlik yaşına çatması, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməməsi səbəbilə onun qəyyumluğa verilməsi qanunla nəzərdə tutulmamışdır, odur ki, ərizəçiyə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 hüquqi şəxsi Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 268 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2006-cı il tarixdə anadan olmuş X3 ağır dərəcəli əqli gerilik, uşaq serebral iflicinin qalıq əlamətləri, tetraparez və davranış pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyindən əziyyət çəkir, xx.xx.2006-cı il tarixdə anadan olmuş X3 ağır dərəcəli əqli gerilik, uşaq serebral iflicinin qalıq əlamətləri, tetraparez və davranış pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyi keçirməsi səbəbindən o, öz hərəkətlərinin mənasını başa düşmək və ya özünü idarə etmək və öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyildir. X3 hal-hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd edilənlərdən də göründüyü kimi, X1 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi ilə, habelə işin digər halları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X3 əqli, ruhi və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi, xx.xx.2006-cı il təvəllüdlü X1 anası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2006-cı il təvəllüdlü X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığından, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233.1, 317-321, 357, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.2006-cı il tarixdə Gəncə şəhərində doğulmuş X3 (FİN – 7KLS5J7) fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar