Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1970/2024 08.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı «təbii qazdan qanunsuz istifadəyə görə hesablanmış borcun silinməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı Cavabdeh tərəfindən Gəncə şəhəri, Məhrəsə bağı massivində yerləşən 15 nömrəli evin 45 nömrəli mənzilində abonent kodu **********00450 olan istehlakçıya əsassız olaraq borc kimi yazılmış olan 777 manat 60 qəpik məbləğində pul silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Gəncə şəhəri, Məhrəsə bağı massivində yerləşən 15 nömrəli evin 45 nömrəli mənzilində faktiki olaraq 2016-cı il tarixdən bəri heç kəs yaşamır. Sözügedən mənzilin qaz təminatı cavabdeh tərəfindən həyata keçirilir və həmin mənzilə qaza dair sayğac quraşdırılan zaman sayğac atasının adına qeyd edilmişdir. Atası isə artıq uzun müddətdir ki, Rusiya Federassiyasında, özü və bacıları isə Türkiyə Respublikasında yaşayır. Bəzən 5-10 günlük gəlirlər. Belə ki, sözügedən mənzildə yaşayış olmamasına baxmayaraq 2023-cü ildə Cavabdeh əməkdaşları tərəfindən qanunsuz olaraq akt tərtib edilmiş və sayğaca müdaxilə ilə əlaqədar 777 manat 60 qəpik məbləğində onlara borc hesablanmışdır. Belə ki, onlar nə sözügedən məbləğ müqabilində qaz sərfiyyatı etmişlər, nə də ki, aktda qeyd edilən kimi sayğaca hər hansı müdaxilə etmişlər. O cümlədən qaz sayğacı olduqca yüksək yerdə quraşdırılmışdır və onların qəsdən istəsələr belə sözügedən sayğaca müdaxilələri mümkünsüzdür. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə mülki işin məhkəmə hazırlıq iclasının keçirilməsindən və məhkəmə baxış iclasına təyin edilməsindən sonra, xx.xx.2024-cü il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək, atası X2 mülki iş üzrə iddiaçı qismində cəlb olunmasını xahiş etmiş, lakin N.Ə.Məmmədovun yaşadığı ünvan və iş üzrə iddiaçı qismində razılığını ifadə edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə əsl olmayan iddiaçının əsl iddiaçı ilə əvəz edilməsinə dair əsasların məhkəmə baxışı gedişində deyil, ondan əvvəl əmələ gəlməsini və cəlb edilməli olan iddiaçının ünvanına, habelə iradəsinə dair hər hansı sübutun təqdim olunmamasını nəzərə alaraq, əsl olmayan iddiaçının əsl iddiaçı ilə əvəz edilməsinə dair vəsatəti təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Cavabdeh nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. İşdə olan Gəncə şəhəri texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş və reyestr kitabında 7637 nömrəsi ilə qeyd olunmuş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Mahrasa bağı massivində yerləşən 15 nömrəli evin 45 nömrəli mənzili Gəncə şəhər X7 İcraiyyə Komitəsinin 25 may 1987-ci il tarixli qərarı əsasında X3 mülkiyyətinə verilmişdir. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, X4, X5, İddiaçı və X1 şəhəri, Nizami rayonu, Məhrəsə bağı massivində yerləşən 15 nömrəli evin 45 nömrəli mənzilində qeydiyyatdadırlar. İş materiallarında olan qazdan istifadəyə görə **********00450 abonent kartından görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı massivində yerləşən 15 nömrəli evin 45 nömrəli mənzildə təbbi qazdan istifadəyə görə Nizami Məmmədova 777 manat 60 qəpik məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. «S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 3 iyul 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Qanununvericiliyin qeyd olunan normalarının tələbinə, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Bu baxımdan subyektiv hüququn üç elementinin mövcudluğu, yəni öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ yoxlanılmalıdır. İddiaçının öz hərəkətlərinə hüquqi ixtiyarı olmadığı halda subyektiv hüququnun digər elementləri yoxlanılmadan iddia rədd edilməlidir. Hazırda İddiaçı Cavabdehnə qarşı Gəncə şəhəri, Məhrəsə bağı massivində yerləşən 15 nömrəli evin 45 nömrəli mənzilində abonent kodu **********00450 olan istehlakçıya əsassız olaraq, borc kimi yazılmış olan 777 manat 60 qəpik məbləğində pul vəsaitinin silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin Gəncə şəhəri, Məhrəsə bağı massivində yerləşən 15 nömrəli evin 45 nömrəli mənzili X3 mülkiyyətindədir. Həmçinin qazdan istifadəyə görə 777 manat 60 qəpik məbləğində borc məhz N.Ə.Məmmədova hesablanmışdır. Qeyd olunanlara əsasən İddiaçı hazırki iddia tələbi üzrə subyektiv hüququnun olmadığı müəyyən edilmişdir. Digər tərəfdən İddiaçı Gəncə şəhəri, Məhrəsə bağı massivində yerləşən 15 nömrəli evin 45 nömrəli mənzilinin onun faktiki mülkiyyətində olduğunu bildirsə də, Gəncə Şəhər Məhkəməsinin iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 2(125)-4009/2023 nömrəli qətnaməsindən görünür ki, digər şəxs X5 da həmin evin mülkiyyətçisi olduğunu bildirməklə, sudan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarına əsasən İddiaçı iddia tələbi üzrə subyektiv hüququnun olmamasını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «təbii qazdan qanunsuz istifadəyə görə hesablanmış borcun silinməsi» tələbi barədə iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı «təbii qazdan qanunsuz istifadəyə görə hesablanmış borcun silinməsi» tələbi barədə iddiası rədd edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-1970/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1970/2024
08.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver