Məhkəmə qərarları › İş №2(125)-2023/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2023/2022

23.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2023/2022 23.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Kəpəz rayonu Şahlar Hüseynov küçəsi, ev 4, mənzil 12-də qeydiyyatda olan, qızı Cavabdeh 8000 (dörd min) manat ödəmək şərti ilə (azyaşlı uşağı X1 ilə birlikdə) istifadə hüquqlarına xitam verilmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Kəpəz rayonu Şahlar Hüseynov küçəsi ev 4,mənzil 12 ona məxsusdur. Evin mülkiyyət sənədləri onun adına qeyd olunub və bu barədə qeydiyyat vəsiqəsi xx.xx.2005-ci ildə verilmişdir. Ev 3 otaqdan ibarət olmaqla, 49.0 kv.m yaşayış sahəsindən ibarətdir. Onun evində qızı - iddia tələbi üzrə cavabdeh olan Cavabdeh və nəvəsi X1 qeydiyyatda qalırlar. Bu da onun artıq kommunal xərci ödəməsinə səbəb olur. O, təqaüdçüdür, pula olan tələbatı çoxdur. Yaşlı vaxtında artıq pul xərci çıxır. Hazırda ürək xəstəsidir, əməliyyata ehtiyacı var. Heç bir yerdən gəliri olmadığından, aldığı təqaüd dərmanlarına sərf olunduğundan, əməliyyat olmağı üçün sözügedən evi satmağa məcbur olmuşdur. Cavabdeh uzun illərdir ki, onun adına olan evdə yaşamır. Bakı şəhərində işləyir, Gəncə şəhərinə tez-tez gəlib-gedir. Onda da Gəncə şəhəri D.Qorqud küçəsi bina 12, mənzil 2-də yaşayır. Onun evi ilə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq, özü də, uşağı da qeydiyyatda qalırlar. Qeyd etdiyi səbəblərdən də qızının və nəvəsinin evdən qeydiyyatdan çıxarılmalarını istəyir. Onlar onun evində formal qeydiyyatda qalırlar. Evdə yaşamaq fikirləri yoxdur. Cavabdehin hərəkətləri üzündən onun ailəsi də dağılmışdır. O, onu bir ata kimi sevmir. Onun bəzi hərəkətlərinə irad bildirdiyi üçün ondan narazı olub. Anası ilə əlaqəsi var, ona bir ana kimi hörmət edir. Cavabdehin könüllü evdən qeydiyyatdan çıxmaq fikri yoxdur. Lakin, onun adına olan mənzilinə də heç bir ehtiyacı yoxdur, İstəsə qeydiyyatdan çıxıb başqa yerə qeydiyyata düşə bilər. O, əziyyət çəksin deyə etmək istəmir. Cavabdeh evdə qeydiyyatda qalması onun mülkiyyəti üzərində olan hüquqlarını məhdudlaşdırır. O, cavabdehin qeydiyyatdan çıxarılmaları üçün Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinə rəsmi ərizə ilə müraciət etmiş, ona izah olunmuşdur ki, onlar çağrışa gəlmirlər, könüllü qeydiyyatdan çıxmırlar, məhkəməyə müraciət etməlidir. O isə cavabdeh qızı olduğundan ona evdən qeydiyyatdan çıxması üçün 4000 manat təzminat ödəmək şərti ilə evindən qeydiyyatdan çıxarmaq istəyir. Buna görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, mübahisəli ev onun ata evidir. Hazırda onun və oğlunun daimi yaşamağa başqa yaşayış sahəsi yoxdur. Bakı şəhərində yaşamır, işi ilə əlaqədar müvəqqəti gedib-gəlir. İddia ərizəsində yazılanlar doğru deyil. Ona təklif olunan kompensasiyanın məbləği ilə razı deyil. Belə ki, təklif olunan məbləğ ayrıca yaşayış sahəsinin satın alınmasına kifayət etmir. Cavabdeh iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, tərəfləri dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan X3 İnventarlaşdırma və MHQİ tərəfindən verilən qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi xx.xx.2005-ci il tarixli bəxşeyiş müqaviləsi əsasında şəxsi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmış, reyestr kitabında xx.xx.2005-ci il tarixdə 15936 nömrə ilə bu barədə qeydiyyat aparılmışdır. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli Arayışdan görünür ki, ünvan 1 ünvanda xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh və xx.xx.2012-ci il təvəllüdlü X1 qeydiyyatdadırlar. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Gəncə şəhəri Texnologiya Universiteti ərazisində yerləşən binaların 3 otaqlı, orta təmirli, əşyasız mənzillərin kirayə haqları təxminən 150-180 manat arasındadır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli rəydən görünür ki, Ş.Hüseynov küçəsi ev 4 ünvanında yerləşən 12 nömrəli mənzilin bazar qiyməti 75000 manat, likvid qiyməti 70000 manatdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, ünvan 2 ünvanda yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçının mülkiyyətindədir. Mənzil iddiaçının mülkiyyətində keçdikdən sonra Cavabdeh mülkiyyətçinin qızı olmaqla onun ailə üzvü kimi həmin evdə yaşamış və qeydiyyata alınmışdır. Onun həmin mənzildən Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən cavabdehin və onun azyaşlı oğlunun iddiaçıya məxsus mənzildən istifadə hüququ yaranmışdır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. İddiaçı hazırda Cavabdeh kompensasiya verməklə onun və azyaşlı oğlunun mənzildən istifadə hüquqlarına xitam verilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinə müvafiq olaraq yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit etdiyindən iddiaçı hazırkı iddianı irəli sürmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, istifadə hüququna xitam verilməsi ödəniləcək kompensasiya məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu yaşayış sahəsinin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Məhkəmə qeyd edir ki, cavabdehə təklif olunan kompensasiya məbləği onun və azyaşlı oğlunun birlikdə davamlı surətdə və müəyyən müddət daxilində həmin yaşayış sahəsinə oxşar digər yaşayış sahəsində yaşamağa imkan verməlidir. Yuxarıda qeyd olunan mütəxəssis rəyinə əsasən məhkəmə hesab edir ki, oxşar mənzillərin aylıq kirayə haqqı orta hesabla 150-180 manatdan götürülsə, təklif olunan kompensasiya məbləği cavabdeh tərəfə birlikdə təxminən 3 ildən artıq başqa yaşayış sahəsində kirayəçi kimi yaşamağa imkan verir. Məhkəmə nəzərə alır ki, çəkişmə prinsipi təmin edilmiş, tərəflərə sübutlarını təqdim etmək hüququ izah edilmiş və bu hüququnu həyata keçirməyə imkan yaradılmışdır. İddiaçı tərəf oxşar yaşayış sahəsi üçün aylıq kirayə haqqını əks etdirən sübutunu məhkəməyə təqdim etsə də, cavabdeh tərəfin təqdim etdiyi rəydə həmin daşınmaz əmlakın bazar və likvid qiyməti qeyd olunmuş, kirayə haqqı göstərilməmişdir. Buna görə, cavabdeh tərəfdən iddiaya etiraz kimi təqdim edilmiş rəy iddianın təmin edilməməsi üçün əsas hesab edilə bilməz. Bundan başqa, müstəqil qiymətləndirici tərəfindən müvafiq rəy təqdim edilməsi üçün məhkəmənin təşəbbüsü ilə ekspertiza təyin edilmiş, lakin tərəflər qiymətləndirmə xərcini ödəməkdən imtina etdikləri üçün mülki iş ekspertiza keçirilmədən geri qaytarılmışdır. Beləliklə, iddiaçının təklif etdiyi kompensasiya məbləği cavabdehin azyaşlı oğlu ilə birlikdə eyni inzibati ərazi vahidində xeyli müddətdə kirayə mənzil haqqını ödəməyə kifayət etdiyindən həmin məbləğ ədalətli olmaqla cavabdeh tərəfin hüquqlarının qorunması baxımından qəbul ediləndir. Təklif olunan məbləğin az olması və cavabdeh tərəfindən ayrıca yaşayış sahəsinin satın alınmasına dair kifayət etməyəcəyi barədə dəlillərə münasibətdə Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülkiyyət hüququ ilə mülkiyyətçinin ailə üzvlərinin mənzilə istifadə hüquqları arasında ədalətli tarazlığa nail olunması baxımından nəzərə alınmalıdır ki, mülkiyyətçiyə məxsus əmlaka istifadə hüququnun mövcud olması heç bir halda qanuni istifadəçinin həmin əmlakın payçısı (şəriki) kimi qəbul olunmasına əsas vermir. Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan qərarında ifadə olunmuş hüquqi mövqedən də göründüyü kimi Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsini və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu vermir. Əks yanaşma özündə Konstitusiya ilə, qanunla və beynəlxalq hüquqla təminat verilən mülkiyyət hüququna əsassız müdaxiləni əks etdirmiş olardı. Ümumi (birgə) mülkiyyətin bölünməsi institutundan fərqli olaraq mənzildən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi institutunun məqsədi və təyinatı ondan ibarətdir ki, mənzildən istifadə hüquqlarına xitam verilən, başqa sözlə mənzildən çıxarılan istifadəçi bununla dərhal ağır şəraitə düşməsin, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanına malik olsun. Həm də belə imkan mülkiyyətçi üçün istifadəçini daimi və ya qeyri-müəyyən müddət ərzində yaşayış sahəsi ilə təmin etmək yükünə çevrilməməli, faktiki olaraq onun öz mülkiyyətindən və ya onun əhəmiyyətli hissəsindən məhrum olması ilə nəticələnməməlidir. Bu baxımdan təklif olunan kompensasiyanın məbləği ilə mülkiyyətçiyə məxsus əmlakın ümumi dəyəri arasında hər hansı paralel aparılması da qanuna uyğun deyildir. Məhkəmə habelə nəzərə alır ki, cavabdehin oğlunun azyaşlı olması özü-özlüyündə iddianın rədd olunmasına əsas vermir. Belə ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Yuxarıda sadalanan maddi hüquq normalarını və həmin normaların mahiyyətindən irəli gələn tələbləri işin müəyyən edilmiş hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif edilən kompensasiyanın məbləği ağlabatan və ədalətli hesab edilməklə cavabdehin azyaşlı oğlu ilə birlikdə təxminən üç ildən artıq başqa yerdə mübahisəli yaşayış sahəsində ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamağa imkan verdiyindən, iddia təmin edilməli, iddiaçı tərəfindən cəmi 8000 manat kompensasiya verilməklə cavabdehin azyaşlı oğlu ilə birlikdə mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, iddia təmin edildiyinə görə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 100 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı tərəfindən 8000 (səkkiz min) manat kompensasiya verilməklə Cavabdeh onun azyaşlı uşağı X1 ilə birlikdə Gəncə şəhəri, Kəpəz rayonu, Şahlar Hüseynov küçəsi, 4 nömrəli evin 12 nömrəli mənzilindən istifadə hüququna xitam verilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 100 (yüz) manat pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar