Məhkəmə qərarları › İş №2(125)-2046/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2046/2024

29.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2046/2024 29.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Şakir oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı «pulun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı «pulun silinməsi» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun ünvanından xx.xx.2022-ci il tarixdə sökmüş olduğu qaz sayğacına əsassız olaraq yüklənmiş (laboratoriyanın xx.xx.2023-cü il tarixli tələbnaməsinə əsasən) olan 1555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1974-cü ildə Gəncə şəhərində doğulmuşdur. Xəstədir, tək yaşayır. Məktəbdə fəhlə işləyərək, 308 manat əmək haqqı alır. Xəstəliyi ilə bağlı və maddi imkansızlıqdan qızı X1 qəyyumluğa vermişdir. Qızı göz xəstəsidir, bununla bağlı bankdan pul götürüb, qızının müalicəsinə sərf etmişdir. Əmək haqqından hər ay 135 manat banka kredit ödəyir. Göstərdiyi məbləğdən başqa heç bir yerdən maddi gəliri yoxdur. İşləmə qabliyyəti zəifdir. Gəncə şəhəri, Təbriz küçəsi, 10-cu dalan ev 3”a” onun adına qeydə alınmışdır. Buna görə də evin bütün kommunal xərclərini o, tək ödəyir. Yaşadığı mülkdə hamam yoxdur. Uşaq vaxtından hər iki valideynlərini itirdiyindən, yetimçiliklə böyümüşdür. Evdə tək yaşayır. 2022-ci ilin payız ayına kimi onun mülkünün qaz sayğacı “mexaniki” sayğac olmuşdur. Sayğac onun ünvanına xx.xx.2021-ci ildə qoyulmuşdur. Həmin sayğac onu qane etmədiyindən xx.xx.2022-ci ildə X8 İstismarı İdarəsinə rəsmi ərizə ilə müraciət edərək, mexaniki qaz sayğacının dəyişdirilərək, kart sayğacı ilə əvəz edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə həmin sayğac Qaz İdarəsinin işçiləri tərəfindən çıxarılaraq “Smart” sayğac ilə yəni “Zenier” tipli sayğac ilə əvəz edilmiş, əvvəlki qaz sayğacında olan 115,72 (yüz on beş manat yetmiş iki qəpik) manat məbləğ yeni sayğaca köçürülmüş və sayğacın dəyişdirilməsi ilə bağlı akt da yazılmışdır. Həmin borc pulu o, qaz yükləyən zaman silinmişdir. Pul ödənilib bitdikdən sonra yəni, xx.xx.2023-cü ildən başlayara xx.xx.2023-cü ilə kimi sıfırlanma olmuşdur. Bu ona verilmiş qrafikdə də öz əksini tapır. Bundan qısa bir müddət sonra, onda guya köhnə sayğacdan 30 (otuz) manat məbləğ qalması bildirilmişdir. Narazı olsa da, həmin məbləği də ödəmişdir. xx.xx.2023-cü il tarixdə ona yenidən 1555,20 manat borc çıxarılmışdır. Bununla bağlı maraqlanan zaman ona bildirilmiş ki, guya onun ünvanından cavabdeh təşkilat tərəfindən götürülmüş mexaniki sayğacı “Sənaye və məişət qaz sayğaclarının laboratoriyasına” yoxlanılması üçün göndərilmişdir. Həmin laboratoriya tərəfindən qaz sayğacı yoxlanılmış, xx.xx.2023-cü il tarixli, MSK-14-2-2\3-5-3220-1 nömrəli Akta əsasən G-4 markalı **********4 nömrəli sayğacının hesablanma mexanizminin qoruyucu şüşəsinə vurulan zavod plastmas plomblardan birinin yuvasının ətrafında əzik-cızıq izləri aşkar edilmişdir. Buna görə də ona yenidən 1555,20 manat borc yazılmışdır. Tələbinə əsasən bu barədə arayış da ona təqdim edilmişdir. Ona bir məsələ aydın deyildir ki, uzun müddət keçəndən sonra, hansı borcdan danışmaq olar? Qeyd etmək istəyir ki, sayğac sökülən zaman (onun savadsızlığından istifadə olunmuş) akt tərtib edilməmiş, təkcə yenisi qoyulan zaman akt yazılmışdır. Bunun səbəbinin nədən ibarət olması ona aydın deyildir. Uzun müddət X8 İstismar İdarəsi onun ünvanından söküb apardığı sayğacı özlərində saxladıqdan sonra (bəlkə də başqa yerdə istifadə etdikdən sonra) yoxlamaya göndərməsi nə dərəcədə düzgündür. O, heç bir vaxt sayğacı açmamışdır. Bunu istəsə belə edə bilməz, bu sahə üzrə mütəxəssis deyildir. Belə bir vəziyyətin aşkar edilməsi hesab edir ki, qarşı tərəfin mütəxəssisləri tərəfindən edilmiş ola bilər. O, sayğacı təhvil verəndə təkcə üstündə 115,72 manat məbləğində pul borcu olmuş, bu da yeni sayğaca əlavə ediləndən sonra sıfırlamışdır. Sonradan 30 manat və 1555,20 manat haradan çıxarılması ona aydın deyildir. Hesab edir ki, bu ona əsassız olaraq yazılmış borcdur. O, savadsız olmuşdur, sayğac açılan zaman aktın yazılmasını tələb edə bilməmişdir. Bəs idarə işçiləri nəyə görə sayğacı açan zaman akt yazmamışlar. Belə çıxır ki, işlərinin öhdəsindən gələ bilmirlər, yaxudda kimlərinsə başına sonradan oyun açmaq məqsədi ilə bu aktı vaxtında tərtib etməkdən yayınırlar. O, 30 manata göz yumub ödəmişdir. 1555,20 manat ödəməyə heç cür maddi imkanı yoxdur. Bu borc ona əsəb və sarsıntı gətirir. O, xəstə olduğundan səhhətinə bu xoşagəlməz vəziyyət təsir edir. Maddi imkansızlıqdan özünü müalicə etməyə pul belə tapa bilmir. Qeyd olunan vəziyyətlə bağlı aidiyyəti təşkilatda, o cümlədən də müxtəlif idarələrdə qəbulda olmuşdur. Ona izah edilib ki, bununla bağlı məhkəməyə müraciət etməlidir. Bu səbəbdən də məcburiyyət qarşısında qalıb, hazırkı iddia tələbini qaldırmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddia tələbini müdafiə edərək əlavə olaraq bildirdi ki, RX seriyalı, ******* nömrəli, 03 aprel 2014cü il tarixli, ********** qeydiyyat nömrəli, **********90-10301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 3nı tam pay olmaqla, onun xüsusi mülkiyyətindədir. Sözügedən ünvanda quraşdırılmış mexaniki qaz sayğacı onu qane etmədiyi üçün həmin qaz sayğacının dəyişdirilməsi üçün cavabdeh orqanın əməkdaşlarına müraciət etmişdir. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 21 noyabr 2022-ci il tarixli, ******* nömrəli akta əsasən mexaniki qaz sayğacı çıxarılaraq, smart tipli qaz sayğacı ilə əvəz edilmiş, bu zaman ona 115,72 manat borcu olduğu bildirilmiş, həmin borc yeni sayğaca köçürülmüş və onun tərəfindən həmin borc ödənilərək, sıfırlanmışdır. Bu hadisədən bir müddət keçdikdən sonra cavabdeh orqanın əməkdaşları ona qaz sayğacında 30 manat məbləğində borcun qaldığı bildirilmişdir. Bu dəfə də narazı qalsa da, həmin məbləği də ödəmişdir. Lakin, daha sonra ona mexaniki sayğacın yoxlamaya göndərildiyi və “Azəriqaz” İB-nin 14-2-2/3-5-3220-1 nömrəli rəyinə əsasən sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə qoyulan zavod plastmas plomblarından birinin yuvasının ətrafında əzik-cızıq izlərinin aşkar olunduğu bildirmiş və “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, 26 may 2023-cü il tarixli akt tərtib edilmişdir. Sözügedən aktda guya onun aktı imzalamaqdan imtina etməsi qeyd edilmişdir. Halbuki, sözügedən akt tərtib edilən zaman onun iştirakı təmin edilməmiş və aktı imzalamaqdan imtina etməmişdir. Bundan başqa, ona məxsus qaz sayğacı küçədə quraşdırılmış, belə olduğu halda qaz sayğacının işlək vəziyyətdə qalması üçün də məsuliyyəti o, daşımır. Həmçinin, onun tərəfindən qaz sayğacına heç vaxt hər hansı bir müdaxilə edilməmişdir. Belə olduğu halda 1555,20 manat məbləğində cərimənin yazılması absurddur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; 23 yanvar 2024-cü il tarixli, ******* nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, xx.xx.1974-cü il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. 22 dekabr 2022-ci il tarixli “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ünvanlanmış bildiriş-xəbərdarlıqdan görünür ki, İddiaçı 115,72 manat borcu olduğu və yaranmış borc vaxtında ödənilmədiyi halda sayğac kartının bloklaşdırılacağı bildirilmişdir. İddiaçı tərəfindən “Azəriqaz” İstehsalat Birliyinə ünvanlanmış ərizəsinin surətindən görünür ki, ünvan 3nında olan mexaniki tipli sayğacın smart tipli sayğacla əvəzlənməsinə köməklik göstərilməsi xahiş edilmişdir. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 21 noyabr 2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, “Zenner” tipli, G-4 markalı, **********4 nömrəli sayğacın çıxarılma səbəbi “növbədən kənar dövlət yoxlaması”, “Zenner” tipli, G-4 markalı, **********936 nömrəli sayğacın quraşdırılma səbəbi “əvəzlənmə” qeyd edilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, 26 may 2023-cü il tarixli aktdan görünür ki, Gəncə XS-nin TQQ və XS-nin rəis müavini Turqay Oktay, mühəndis Nəcəfov Kamil, çilingər Hüseynov Hüseyn iştirakı ilə akt tərtib edilmişdir ondan ötrü ki, istehlakçıya məxsus qeyri yaşayış sahəsində xx.xx.2023-cü il tarixində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və aşağıdakılar müəyyən olunmuşdur: “Azəriqaz” İB-nin 14-2-2/3-5-3220-1 nömrəli rəyinə əsasən sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə qoyulan zavod plastmas plomblarından birinin yuvasının ətrafında əzik-cızıq izləri vardır. Dəymiş ziyanın hesablanması və abonent tərəfindən ödənilməsi tələb edilmişdir. Həmin akt Turqay Oktay, Nəcəfov Kamil və Hüseynov Hüseyn tərəfindən imzalanmış, istehlakçının nümayəndəsi “Qurbanov S” tərəfindən aktın imzalanmasından imtina edilməsi qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5-3220-1 nömrəli aktına əsasən G-4 markalı, **********4 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblardan birinin yuvasının ətrafında əzik-cızıq izləri vardır. Mövcud qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi və itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər icra olunması və G-4 markalı qaz sayğacının maksimal qaz sərfi 6m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğ ödənilməsi 6x24x90=12960 m3 cəmi 12960 m3. RX seriyalı, ******* nömrəli, 03 aprel 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********90-10301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 3nı tam pay olmaqla, İddiaçı mülkiyyətindədir. **********00031 nömrəli abonent saldosundan görünür ki, ünvan 3nında istehlakçı İddiaçı təbii qazdan istifadə qaydalarının pozulmasına görə tərtib edilən akta əsasən ona 1555,20 manat borc yazılmışdır. Fotoşəkillərdən görünür ki, iddiaçıya məxsus qaz sayğacı onun evinin həyət divarına bitişik, küçədə quraşdırılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” X5 sayğacının yoxlanılması barədə MSK-14-2-2/3-5-3220-1 nömrəli aktdan görünür ki, “Azəriqaz” İB-nin 14-2-2/3-5-3220 saylı, 28 mart 2023-cü il tarixli məktubuna əsasən 28 mart 2023-cü il tarixində Gəncə RQİİ-dən dövlət yoxlamasına gətirilmiş əhalinin diafraqma tipli qaz sayğaclarına 29 aprel 2023-cü il tarixində Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir: “Zenner” tipli, G-4 markalı, **********4 nömrəli sayğaca baxış keçirilmişdir. Sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblardan birinin yuvasının ətrafında əzikcızıq izləri vardır. Sayğac istismara yararsızdır. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəsini aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişi ilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 3.1.5-ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimləsi barədə” 28 noyabr 2016-cı il tarixli, 18 nömrəli qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 4.1.1-ci sətirində əhali kateqoriyasına aid istehlakçılar üçün illik istehlak həcmi, yəni təbii qazın bir təqvim ili ərzində istehlak həcmi 1700 m3-dək (1700 m3 daxil) olan hissəsi üçün dəyəri 100,0, (ƏDV ilə, manat/min m3), 4.1.2-ci sətirində 1700 m3-dən çox olan hissəsi üçün dəyəri 200,0 (ƏDV ilə, manat/min m3) müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər İddiaçı ona məxsus olan və faktiki yaşadığı ünvan 3nında quraşdırılan qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə qoyulan zavod plastmas plomblarından birinin yuvasının ətrafında əzik-cızıq izlərinin olması ilə əlaqədar “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən iddiaçının sayğaca müdaxilə etməsini mübahisələndirilmiş və hesab edilmişdir ki, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi ******* nömrəli, 26 may 2023-cü il tarixli aktı tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi isə məhkəmə iclasında iştirak etmədiyindən iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi istehlakçı olan iddiaçıya məxsus və onun yaşadığı ünvanda yerləşən qaz sayğacı üçün borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə etməsi faktı ilə əsaslandırır. Lakin, iş materiallarından da görünür ki, cavabdeh istehlakçı olan iddiaçıya məxsus qaz sayğacına müdaxilə edilməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Qaz sayğacı çıxarılarkən tərtib edilmiş 21 noyabr 2022-ci il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktda sayğacın plombunun və digər hissələrinin toxunulmazlığının pozulması, habelə sayğaca müdaxilə olunması barədə heç bir qeyd aparılmamış, sayğac növbədən kənar dövlət yoxlaması ilə əlaqədar çıxarılmışdır. Sayğac çıxarıldıqdan 6 ay sonra aparılmış yoxlama nəticəsində sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə qoyulan zavod plastmas plomblarından birinin yuvasının ətrafında əzik-cızıq izlərinin olması müəyyən edilmiş və ******* nömrəli, 26 may 2023-cü il tarixli akt tərtib edilmişdir. Lakin həmin akt qanunla nəzərdə tutulan qaydada tərtib olunmamış, bununla aktın qanuniliyi və onda qeyd edilən xüsusatların həqiqiliyi şübhə yaratmışdır. Eyni zamanda «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən ünvan 3nında qaz sayğacının yoxlanılması zamanı İddiaçı iştirakı təmin olunmamış, hal şahidləri baxışın keçirilməsinə cəlb edilməmişdir. Sayğaca müdaxilə olunmadan hesablama mexanizmində xəta aşkarlanmışdırsa, buna görə fiziki şəxs olan istehlakçı məsuliyyət daşımır. Eyni zamanda iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, iddiaçıya məxsus qaz sayğacı evinin həyət divarında bayırda küçədə yerləşir bu da onu deməyə əsas verir ki, aşkarlanmış nöqsanın qaz sayğacına hər hansı kənar şəxslərin müdaxiləsi və ya təbii aşınma nəticəsində olmasını istisna etmir. Cavabdehin abonentə borc hesablaması üçün abonentin təqsiri üzündən təbii qazdan qanunsuz istifadə faktını sübuta yetirməsi lazımdır. Cavabdeh isə həmin halı sübuta yetirə bilməmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş aktda göstərilən qüsur cavabdehə əsas vermir ki, iddiaçının sayğaca müdaxilə etdiyini güman edərək sonuncuya əlavə sərfiyyat hesablasın. İşlək sayğacın quraşdırılması və onun işlək vəziyyətdə qalması üçün məsuliyyət qaz paylayıcısının üzərinə düşdüyündən, cavabdeh öz üzərinə düşən vəzifələri icra etmədiyindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı 1555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. Bu baxımdan məhkəmə iddiaçının iddia tələbində qeyd etdiyi dəlilləri ağlabatan hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki,cavabdeh tərəfindən tutarlı əsas gətirilmədən və faktiki olaraq cavabdehin işçilərinin lazımi dəqiqləşmə aparılmaması nəticəsində əsassız 1555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat borc hesablanmışdır. Cavabdeh tərəfindən borcun yaranması kifayətedici aydınlıqla sübut edilə bilinməmiş və hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Buna görə məhkəmə, iddiaçının tələbini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, “Azəriqaz” İstehsalat birliyi tərəfindən təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edə bilmədiyindən cavabdeh “Azəriqaz” İstehsalat birliyi tərəfindən ******* nömrəli, 26 may 2023-cü il tarixli akt əsasında hesablanmış 1555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat borc qanunsuz hesablanmış olduğuna görə silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Təbii qazdan istifadə qaydalarının pozulmasına görə ******* nömrəli, 26 may 2023cü il tarixli akt əsasında İddiaçı (abonent kodu **********00031) cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 1555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borc silinsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar