Məhkəmə qərarları › İş №2(125)-2048/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2048/2024

16.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2048/2024 16.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X15 Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktı əsasında ona qeyriqanuni hesablanmış 780 (yeddi yüz səksən) manat borcun silinməsi və bu vaxtadək silinmiş borcun qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Kəlbəcər rayonundan məcburi köçkündür. O, ailəliklə, yəni həyat yoldaşı və 3 övladı ilə birlikdə Gəncə şəhəri, ünvan 1, yeni yaşayış massivində yerləşən qayınatası X2 məxsus evdə yaşayırlar. Yaşadıqları evdə mexaniki qaz sayğacı qoyulmuşdur. Hesab etmişdir ki, sayğac istifadə etdikləri qazın qiymətindən daha çox pul göstərir. Ona görə də idarəyə qaz sayğacının elektron sayğacla əvəz edilməsi barədə ərizə ilə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə onun iştirakı ilə Cavabdeh İB-nin nümayəndələri tərəfindən mexaniki qaz sayğacı götürülüb əvəzində elektron sayğac qoyulmuşdur. Həmin vaxt “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı Akt tərtib edilmiş, o da akta imza etmişdir. Sayğac dəyişdirilən vaxt Cavabdeh İB-nin nümayəndələri mexaniki sayğacı gözdən keçirtmişlər. Onlar sayğacda hər hansı bir zədənin olduğunu aşkar etməmişlər. Lakin, 2024-cü ilin yanvar ayının əvvəllərində qaz sərfiyyatına görə karta pul yükləyəndə görmüşdür ki, ona 780 manat cərimə yazılmışdır. Bununla əlaqədar cavabdeh orqana müraciət etmişdir. Bir neçə gün bundan əvvəl oradan ona xx.xx.2023-cü il tarixdə Cavabdeh İB X16 İstismarı İdarəsi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli Aktın surəti verilmişdir. Aktda göstərilmişdir ki, “sayğacın çıxış plastmas borusu deşilib, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir”. Aktda həmçinin dəymiş ziyanın həcmi 6480 kub metr qaz göstərilmiş, buna müvafiq olaraq 780 manat cərimə hesablanmışdır. Bundan başqa aktda qeyd edilmişdir ki, guya o, akta imza etməkdən imtina etmişdir. Bildirir ki, nə aktın tərtib edildiyindən, nə də cərimə yazıldığından onun xəbəri olmamışdır. Bu barədə cavabdeh orqan ona bildiriş və ya xəbərdarlıq göndərməmişdir. Bundan başqa hər ay idarədən gəlib sayğac yoxlanılmış sərf olunan qaza görə ona qəbz yazılıb verilmişdir. Aktda göstərilən guya aşkar edilmiş nöqsanı adi gözlə də görmək olardı. Halbuki, sayğac sökülüb dəyişdirilərkən nöqsanın olduğu bildirilməmişdir. Əgər sayğac az qaz sərfiyyatı göstərsin, deyə ona gözlə görünməyən zədə yetirmiş olsaydı, özü ərizə yazıb yeni elektron sayğac quraşdırılması barədə cavabdeh orqana müraciət etməzdi. Əksinə onlar hesab etmişlər ki, işlətdikləri qaza görə artıq pul ödəyirlər. Ona görə də sayğacı elektron sayğacla dəyişdirmək barədə müraciət etmişlər. O, sayğaca kənar təsir göstərməmiş, belə bir işi bacarmır da. Ondan götürüləndən sonra sayğaca nə edilibsə xəbəri yoxdur. O, sərf etdiyi qazın pulunu həmişə vaxtı-vaxtında ödəmişdir. Onların maddi cəhətdən vəziyyətləri ağırdır. Özünün evi yoxdur, qayınatasının evində müvəqqəti yaşayırlar. Ailədə yeganə qazanc gətirən odur. Aldığı cüzi əmək haqqı ilə ailəsini çətinliklə dolandırır. Heç bir təqsiri olmadığı halda nəyə görə cərimə ödəməlidir. Ümumiyyətlə, cavabdeh orqanın sonradan, iştirakları və xəbəri olmadan cərimə yazmasından xeyli insanlar narazılıq edirlər. Heç olmasa itkilərini maddi cəhətdən imkanlı şəxslərin üstünə yazsınlar. O, evsiz-eşiksiz məcburi köçkün adamdır, 5 nəfər ailə üzvlərinin çörək pulunu çətinliklə çatdırır. Kiminsə güzəştlə artıq işlətdiyi qazın cəriməsini o, çəkməli deyildir. Eyni zamanda bildirir ki, bu ay qaz pulu keçirən zaman kartından borcun müəyyən hissəsi silinmişdir. Bundan sonra da bu qaydada silinəcəkdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddia tələbini müdafiə edərək əlavə olaraq bildirdi ki, yaşadığı evdə quraşdırılan qaz sayğacında problem olduğu, həddən artıq çox pul yazdığı üçün həmin mexaniki qaz sayğacının dəyişdirilməsi üçün cavabdeh orqanın əməkdaşlarına müraciət etmişdir. Cavabdeh orqanın əməkdaşları tərəfindən sözügedən ünvanda quraşdırılmış qaz sayğacına baxış keçirilmiş və tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli, 12 sentyabr 2022-ci il tarixli aktda sayğacın çıxarılma səbəbi “növbədən kənar dövlət yoxlaması”, sayğacın quraşdırılması səbəbi isə “əvəzetmə” qeyd edilmişdir. Sayğac əvəz edildikdən 10 ay sonra aparılmış yoxlama nəticəsində Cavabdeh İB-nin 14-2-2/3-5-3415/1 əsasən sayğacın çıxış plastmas borusunun deşildiyi, hesablama mexanizmi keçən qazın həcmini qeyd etməməsi aşkar olunmuş və “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, 24 iyul 2023-cü il tarixli akt tərtib edilmişdir. Sözügedən akt tərtib edilən zaman onun iştirakı təmin edilməmiş və aktı imzalamaqdan imtina etməmişdir. Bundan başqa, ona məxsus qaz sayğacı küçədə quraşdırılmış, belə olduğu halda qaz sayğacının işlək vəziyyətdə qalması üçün də məsuliyyəti o, daşımır. Həmçinin, onun tərəfindən qaz sayğacına heç vaxt hər hansı bir müdaxilə edilməmişdir. Belə olduğu halda 780 manat məbləğində cərimənin yazılması absurddur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; AZ-İ seriyalı, 461256 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X4 arasında nikah 22 dekabr 2008-ci il tarixdə Yevlax rayonunun Qoyunbinəsi kənd icra nümayəndəliyində bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 22 dekabr 2008-ci il tarixdə 29 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Əliyev”, arvada “Əliyeva” soyadı verilmişdir. xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5-3415-1 nömrəli aktına əsasən G-4 markalı, **********9 nömrəli sayğacın çıxış plasmas borusu deşilmişdir. Mövcud qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi və itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər icra olunması və G-4 markalı qaz sayğacının maksimal qaz sərfi 6m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğ ödənilməsi 6x12x90=6480 m3 cəmi 6480 m3. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 24 iyul 2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, Gəncə XS TQQ və XS-nin rəisi Avarov Müseyib, mühəndis Hüseynov Vüqar, çilingər Quliyev Atəş iştirakı ilə akt tərtib edilmişdir ondan ötrü ki, istehlakçıya məxsus qeyri yaşayış sahəsində xx.xx.2023-cü il tarixində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və aşağıdakılar müəyyən olunmuşdur: Cavabdeh İB-nin 14-2-2/3-5-3415/1 əsasən sayğacın çıxış plastmas borusu deşilmişdir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Dəymiş ziyanın hesablanması və abonent tərəfindən ödənilməsi tələb edilmişdir. Həmin akt Avarov Müseyib, Hüseynov Vüqar və Quliyev Atəş tərəfindən imzalanmış, istehlakçının nümayəndəsi “İddiaçı” tərəfindən imzalamaqdan imtina edildiyi qeyd edilmişdir. AA seriyalı, 056585 nömrəli, 11 yanvar 2002-ci il tarixli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Əliyev X3 rayonundan məcburi köçkündür. Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi üzrə nümayəndəsi tərəfindən verilmiş 19 yanvar 2024-cü il tarixli, 239 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən Gəncə şəhəri, “Firuzə” şadlıq sarayının arxası, ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. Ailə tərkibi aşağıdakı kimidir: arvadı X6 xx.xx.1987-ci il təvəllüdlü; oğlu X8 xx.xx.2009-cu il təvəllüdlü; qızı X7 xx.xx.2012-ci il təvəllüdlü; qızı X5 xx.xx.2016-cı il təvəllüdlü. Fotoşəkillərdən görünür ki, iddiaçıya məxsus qaz sayğacı onun evinin həyət divarına bitişik, küçədə quraşdırılmışdır. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 12 sentyabr 2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, “Mexaniki” tipli, G-4 markalı, **********9 nömrəli sayğacın çıxarılma səbəbi “növbədən kənar dövlət yoxlaması”, “Zenner” tipli, G-4 markalı, **********710 nömrəli sayğacın quraşdırılma səbəbi “əvəzetmə” qeyd edilmişdir. **********01250 nömrəli abonent saldosundan görünür ki, Gəncə şəhəri, ünvan 2 ünvanında istehlakçı İddiaçı təbii qazdan istifadə qaydalarının pozulmasına görə tərtib edilən akta əsasən ona 777,60 manat borc yazılmışdır. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəsini aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişi ilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 3.1.5-ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimləsi barədə” 28 noyabr 2016-cı il tarixli, 18 nömrəli qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 4.1.1-ci sətrində əhali kateqoriyasına aid istehlakçılar üçün illik istehlak həcmi, yəni təbii qazın bir təqvim ili ərzində istehlak həcmi 1700 m3-dək (1700 m3 daxil) olan hissəsi üçün dəyəri 100,0, (ƏDV ilə, manat/min m3), 4.1.2-ci sətrində 1700 m3-dən çox olan hissəsi üçün dəyəri 200,0 (ƏDV ilə, manat/min m3) müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər İddiaçı faktiki yaşadığı ünvanda quraşdırılan qaz sayğacının çıxış plastmas borusunun deşilməsi, hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi ilə əlaqədar Cavabdeh əməkdaşları tərəfindən iddiaçının sayğaca müdaxilə etməsini mübahisələndirilmiş və hesab edilmişdir ki, Cavabdeh 24 iyul 2023-cü il tarixli, ******* nömrəli aktı tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdeh nümayəndəsi isə məhkəmə iclasında iştirak etmədiyindən iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, Cavabdeh istehlakçı olan iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacı üçün borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə etməsi faktı ilə əsaslandırır. Cavabdeh istehlakçı olan iddiaçıya məxsus qaz sayğacına müdaxilə edilməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Qaz sayğacı çıxarılarkən tərtib edilmiş ******* nömrəli, 12 sentyabr 2022-ci il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktda sayğacın plombunun və digər hissələrinin toxunulmazlığının pozulması, habelə sayğaca müdaxilə olunması barədə heç bir qeyd aparılmamış, sayğac növbədən kənar dövlət yoxlaması ilə əlaqədar çıxarılmışdır. Sayğac çıxarıldıqdan 10 ay sonra aparılmış yoxlama nəticəsində sayğacın çıxış plastmas borusunun deşilməsi, hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi müəyyən edilmiş və 24 iyul 2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Lakin həmin akt qanunla nəzərdə tutulan qaydada tərtib olunmamış, bununla aktın qanuniliyi və onda qeyd edilən xüsusatların həqiqiliyi şübhə yaratmışdır. Eyni zamanda Cavabdeh əməkdaşları tərəfindən iddiaçının yaşadığı ünvanda qaz sayğacının yoxlanılması zamanı İddiaçı iştirakı təmin olunmamış, hal şahidləri baxışın keçirilməsinə cəlb edilməmişdir. Sayğaca müdaxilə olunmadan hesablama mexanizmində xəta aşkarlanmışdırsa, buna görə fiziki şəxs olan istehlakçı məsuliyyət daşımır. Eyni zamanda iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, iddiaçıya məxsus qaz sayğacı evinin həyət divarında bayırda küçədə yerləşir bu da onu deməyə əsas verir ki, aşkarlanmış nöqsanın qaz sayğacına hər hansı kənar şəxslərin müdaxiləsi və ya təbii aşınma nəticəsində olmasını istisna etmir. Cavabdehin abonentə borc hesablaması üçün abonentin təqsiri üzündən təbii qazdan qanunsuz istifadə faktını sübuta yetirməsi lazımdır. Cavabdeh isə həmin halı sübuta yetirə bilməmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş aktda göstərilən qüsur cavabdehə əsas vermir ki, iddiaçının sayğaca müdaxilə etdiyini güman edərək sonuncuya əlavə sərfiyyat hesablasın. İşlək sayğacın quraşdırılması və onun işlək vəziyyətdə qalması üçün məsuliyyət qaz paylayıcısının üzərinə düşdüyündən, cavabdeh öz üzərinə düşən vəzifələri icra etmədiyindən Cavabdeh tərəfindən iddiaçıya borc yazılması heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. Lakin, məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən ona qeyri-qanuni hesablanmış 780 (yeddi yüz səksən) manat borcun silinməsini tələb etsə də, bu hissədə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş **********01250 nömrəli abonent saldosuna əsasən Gəncə şəhəri, ünvan 2 ünvanında istehlakçı İddiaçı təbii qazdan istifadə qaydalarının pozulmasına görə tərtib edilən akta əsasən ona 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat borc yazılmışdır. Belə olan halda cavabdeh tərəfindən iddiaçıya hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat məbləğində borc silinməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən silinmiş borcun qaytarılmasını tələb etsə də, bu barədə məhkəməyə hər hansı mötəbər və əsaslı sübut təqdim etmədiyindən, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən tutarlı əsas gətirilmədən və faktiki olaraq cavabdehin işçilərinin lazımi dəqiqləşmə aparılmaması nəticəsində əsassız 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat borc hesablanmışdır. Cavabdeh tərəfindən borcun yaranması kifayətedici aydınlıqla sübut edilə bilinməmiş və hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini qismən əsaslı sayır və onun qismən təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edə bilmədiyindən Cavabdeh tərəfindən 24 iyul 2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat borc qanunsuz hesablanmış olduğuna görə silinməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi qismən təmin edilsin. Təbii qazdan istifadə qaydalarının pozulmasına görə 24 iyul 2023-cü il tarixli, ******* nömrəli akt əsasında İddiaçı (abonent kodu **********01250) Cavabdeh tərəfindən hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar