Məhkəmə qərarları › İş №2(125)-2066/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2066/2024

29.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2066/2024 29.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «təbii qazdan qanunsuz istifadəyə görə hesablanmış borcun silinməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı xx.xx.2023-cü il tarixli, ******* nömrəli «təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt» əsasında 12.960 kub metr həcmində qaz sərfiyyatına görə hesablanmış 1.555 manat 20 qəpik məbləğində borcun silinməsi, cavabdeh tərəfindən Gəncə şəhəri, Sevinc qəsəbəsi, 2-ci küçədə yerləşən fərdi yaşayış evinə qazın verilməsinin bərpası və yeni qaz sayğacının quraşdırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh Gəncə X6 İdarəsinin Cavabdeh ilə əvəz edilməsi, «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında təbii qazdan qanunsuz istifadəyə görə hesablanmış 12.960 kub metr qaz sərfiyyatı üçün hesablanmış 1.555 manat 20 qəpik borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, o, Gəncə şəhəri, Sevinc qəsəbəsi, 2-ci küçədə bir müddət bundan əvvəl fərdi yaşayış evi inşa etməyə başlamış və həmin evin tikintisi yeni başa çatmışdır. Sözügedən evə Cavabdeh tərəfindən qaz sayğacı qurşadırılsa da, evin tikintisi başa çatmadığından orada ümumiyyətlə yaşayış olmamış və sayğacdan istifadə olunmamışdır. Qaz sayğacının göstəriciləri 00002 kub metr olmuşdur. Həmin ünvana gedən qaz borusunun üzərində quraşdırılan «G-4» markalı, «Zenner» tipli, **********8 zavod nömrəli sayğac nasaz olduğundan sökülmüş və dövlət yoxlamasına göndərilmişdir. Qaz sayğacının yoxlanılması barədə MSK-14-2-2/3-5-4786-1 saylı rəyə əsasən sayğacın hesablama mexanizmini hərəkətə gətirən rəqəmli dişli çarxın kənar təsiri nəticəsində yad əşya məftil ilə saxlandığı aşkar olunmuşdur. Bu səbəbdən də 12.960 kub metr qaz sərfiyyatına görə ona 1.555 manat 20 qəpik məbləğində əsassız borc hesablanmışdır. Halbuki onun tərəfindən sayğaca hər hansı müdaxilə, həmçinin sözügedən evdə yaşayış olmadığından təbbi qazdan istifadə də olunmamışdır. Bununla yanaşı sayğacın texniki yoxlanmasından onun hər hansı xəbəri olmamış və sözügedən yoxlamada iştirakı təmin etməmişdir. O dəfələrlə Cavabdehnə bununla bağlı müraciət etsə də heç bir nəticə əldə etməmişdir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində göstərdi ki, o, Gəncə şəhəri, Sevinc qəsəbəsi, 2-ci küçədə yaşayır. İddiaçı oğlu Ramin təxminən bundan 4 il əvvəl onun yaşadığı evin qonşuluğundakı baş torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə başlamışdır. Lakin həmin evin tikintisi başa çatdırılmamış, hətta həmin evin qapıpəncərəsi təxminən 3-4 ay bundan əvvəl qoyulmuşdur. Qeyd olunan ev təmirsizdir və hazırki tarixədək orada yaşayış yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində göstərdi ki, o, Gəncə şəhəri, Sevinc qəsəbəsində yaşayır. İddiaçı oğlu Ramin onun qonşuluğunda fərdi yaşayış evi inşa edir. Həmin fərdi yaşayış evinin bir sıra işləri görülsə də, tikintisi tam olaraq başa çatmamış, qapı-pəncərələri isə 3-4 ay bundan əvvəl quraşdırılmışdır. Qeyd olunan ev təmirsizdir, evdə heç kəs yaşamır və 2-3 aydan bir evə gəlib baş çəkirlər. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli, ******* nömrəli «Təbii qazdan istifadə qaydalarının pozulması» haqqında aktın surətindən görünür ki, sayğacın hesablama mexanizmini hərəkətə gətirən rəqəmli, dişli çarxın kənar təsir nəticəsində yad əşya olan məftillə saxlandığı aşkar edilmişdir. Dəymiş ziyanın hesablanması və abonent tərəfindən ödənilməsi tələb edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 14-2-2/3-5-4786-2023-Q002 nömrəli qaz sayğacının yoxlanılması barədə aktın surətindən görünür ki, «G-4» markalı, «Zenner» tipli, **********8 zavod nömrəli sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmədiyindən plomblar açılaraq daxilinə baxış keçirilmiş, hesablama mexanizmini hərəkətə rəqəmli, dişli çarxın kənar təsir nəticəsində yad əşya olan məftillə saxlandığı aşkar olunmuşdur. Sayğac istismara yararsızdır. İşdə olan xx.xx.2023-cü il tarixli «dəymiş ziyanın bərpasına dair tələbnamə»dən görünür ki, qaz sayğacının normal qaz sərfi 6 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 6x24x90=12.960 m3 qaz itkisinin olduğu müəyyən edilmişdir. İşdə olan **********32570 abonent kodlu İddiaçı aid abonent saldosundan görünür ki, İddiaçı məxsus olan, Gəncə şəhəri, Sevinc qəsəbəsi, 2-ci küçə ünvanında yerləşən fərdi yaşayış evinə gedən qaz xəttinin üzərinə quraşdırılmış qaz sayğacının ümumi hesablanmış borcu 1.555 manat 20 qəpik təşkil edir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, İddiaçı oğlu qaz təchizatı üzrə **********32570 abonent kodlu istehlakçıdır. Gəncə şəhəri, Sevinc ünvanında yerləşən fərdi yaşayış evinə gedən qaz xəttinin üzərində quraşdırılmış «G-4» markalı «Zenner» tipli, **********8 zavod nömrəli qaz sayğacı İddiaçı adına qeydiyyata alınmışdır. Lakin sözügedən evin təmir-tikinti işləri başa çatmadığından orada yaşayış olmamışdır. Cavabdeh əməkdaşları tərəfindən sökülərək yenisi ilə əvəz edilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Lakin həmin akt qanunla nəzərdə tutulan qaydada tərtib olunmamış, bununla aktın qanuniliyi və onda qeyd edilən xüsusatların həqiqiliyi şübhə yaratmışdır. Belə ki, Cavabdeh Gəncə X6 İdarəsinin Gəncə Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən Gəncə şəhəri, Sevinc qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə aid qaz sayğacının texniki baxışının keçirilməsi zamanı İddiaçı iştirakı təmin olunmamışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 13-cü maddəsinin 9-cu hissəsinin tələbinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.4-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qərarın 4.9-cu bəndinin tələbinə görə İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinin tələblərinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mükli dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə (zərərçəkənə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bəhs edilən Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 may 2002-ci il tarixli Qərarında göstərilir ki, zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli ola bilər. Qanunvericiliyin qeyd edilən normalarının tələbindən göründüyü kimi, mülki hüquq münasibətlərinin iştirakçıları arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında müqavilənin mövcudluğu, eləcə də əsassız varlanma zəruri şərt olsa da, belə öhdəliklərin yaranma əsaslarına deliktlər, yəni hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl də daxildir. Deliktlərin yaranması üçün isə Mülki Məcəllənin 1096-cı maddəsinin tələbinə görə üç zəruri amilin mövcudluğu labüddür. Belə ki, deliktlərdən əmələ gələn öhdəliyin yaranması üçün həmin hərəkət təqsirli olmalı, hüquq və ya qanunula qadağan edilməli və başqa şəxsə zərər vurmalıdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının, eləcə də Konstitusiyanın 148-ci maddəsi üzrə Azərbaycan Respublikası qanunvericilik sistemini təşkil edən və yuxarıda qeyd edilmiş normativ hüquq aktların tələbinə görə şəxsin təqsiri müəyyən edilməyən əməllə (hərəkət və ya hərəkətsizliyə) əlaqədar hər hansı (maddi və ya qeyri-maddi) məsuliyyətə cəlb ediməsi qanuna uyğun deyildir və həmin şəxsin təqsirli olmadığı hərəkətlərə görə delikt öhdəlikləri yaranmır. Lakin mülki işin məhkəmə tədqiqi zamanı İddiaçı təqsirli hərəkətləri nəticəsində cavabdehə maddi zərər vurulması, eləcə də təbii qazdan qanunsuz istifadə etmə halları aşkar edilməmişdir. Digər tərəfdən qaz sayğacı İddiaçı yaşamadığı və daim nəzarət altında saxlaya bilmədiyi Gəncə şəhəri, Sevinc qəsəbəsi, 2-ci küçə ünvanında yerləşən fərdi yaşayış evinə gedən qaz borusunun küçə hissəsində quraşdırılmış və bununla əlaqədar həmin sayğaca İddiaçı tərəfindən daimi nəzarət edilməsi mümkün olmamışdır. Həmçinin, həmin sayğacın dövri yoxlaması mütəmadi olaraq, Gəncə X6ı İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.4-ci bəndinin tələbi baxımından onun işlək vəziyyətdə saxlanılmasına cavabdehliyi Cavabdeh İB daşımışdır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Mülki işin məhkəmə tədqiqi zamanı iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh iddia tələbinə öz münasibətini, etirazı olduğu halda isə onun əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı qaz sayğacında yaranmış qüsurla əlaqədar dəymiş ziyanın əvəzi qismində Cavabdeh «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktı əsasında hesablanmış 1.555 manat 20 qəpik məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı qaz sayğacında yaranmış qüsurla əlaqədar dəymiş ziyanın əvəzi qismində Cavabdeh «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktı əsasında hesablanmış 1.555 (bir min beş yüz əlli beş) manat 20 (iyirmi) qəpik məbləğində borc silinsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar