Məhkəmə qərarları › İş №2(125)-208/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-208/2023

17.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-208/2023 17.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh X1, cavabdehin nümayənəsi (vəkili) Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «kompensasiya verilməklə, cavabdehin mənzildə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X10 cavabdeh X2 qarşı cavabdehə 4.320 manat kompensasiya ödənilməklə iddiaçının mülkiyyətində olan ünvan 1 evə istifadə hüququna xitam verilməsi, cavabdehin himayəsində olan 18 sentyabr 2006-cı il tarixdə anadan olmuş X11, 22 avqust 2007-ci il tarixdə anadan olmuş X9 və əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçı X10 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehə 8.000 manat kompensasiya ödənilməklə iddiaçının mülkiyyətində olan ünvan 1 mənzilə istifadə hüququna xitam verilməsi, cavabdehin himayəsində olan 18 sentyabr 2006-cı il tarixdə anadan olmuş X11, 22 avqust 2007-ci il tarixdə anadan olmuş X9 və əşyaları ilə birlikdə həmin evdən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, ünvan 1 ev iddiaçı S.N.Qəhramanovun mülkiyyətindədir. Cavabdeh G.Ə.Qəhramanova iddiaçının keçmiş arvadıdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 05 may 2015-ci il tarixli, 2(044)-1365/2015 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş və birgə nikahdan 18 sentyabr 2006-cı il tarixdə anadan olmuş X11 və 22 avqust 2007-ci il tarixdə anadan olmuş X9 anaları X1 himayəsinə verilmişlər. Həmçinin Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 29 sentyabr 2015-ci il tarixli, 2(044)-3414/2015 saylı qətnaməsi ilə Cavabdeh X7 qarşı evdən istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddiası təmin edilərək Cavabdeh ünvan 1 ünvanda yerləşən evdən istifadə hüququ tanınmaqla azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülmələri qət edilmişdir. S.N.Qəhramanov həmin qətnamədən apellyasiya şikayəti vermişdir. X15 Məhkəməsi Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 29 sentyabr 2015ci il tarixli, 2(044)-3414/2015 saylı qətnaməsini dəyişdirmədən saxlamışdır. S.N.Qəhramanov sözügedən mənzildə anası, qardaşı və qardaşının ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdehin həmin mənzilə istifadə hüququnun olması mülkiyyətçi kimi S.N.Qəhramanovun iradəsinə ziddir və onun mülkiyyətindən istədiyi kimi istifadə edə bilməsinə mane törədir. Buna görə də cavabdehə kompensasiya verilməklə onun istifadə hüququna məhkəmə qaydasında xitam verilməsi məqsədəmüvafiqdir. Sonda Nümayəndə1 iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh G.Ə.Qəhramanova məhkəmədə iddianı qəbul etməyərək bildirdi ki, o, 10 ildir ki, kirayə mənzildə yaşayır və aylıq 150 manat kirayə haqqı ödəyir. ünvan 1 evdə ona məxsus əşyalar qalmışdır. O, yalnız 22.000 manat məbləğində kompensasiya ödənilməsi şərti ilə ünvan 1 evə istifadə hüqunun xitam verilməsinə razıdır. Sonda Cavabdeh iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə2 məhkəmədə cavabdehin izahatını müdafiə edərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini, cavabdehi və cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.1991-ci il tarixli 5528 saylı qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 evə İddiaçı hüquqları qeydə alınmışdır. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 05 may 2015-ci il tarixli, 2(044)-1365/2015 saylı qətnaməsinin surətindən görünür ki, X4 ilə X5 arasında olan nikahın pozulması, 18 sentyabr 2006-cı il tarixdə anadan olmuş X11 və 22 avqust 2007-ci il tarixdə anadan olmuş X3 anaları X1 yanında saxlanmaları qət edilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin 30 noyabr 2015-ci il tarixli, 2(104)- 2093/2015 saylı qətnaməsinin surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 29 sentyabr 2015-ci il tarixli, 2(044)-3414/2015 saylı qətnaməsi ilə X1 ünvan 1 ünvanda yerləşən evə istifadə hüququ tanınmaqla azyaşlı uşaqları 18 sentyabr 2006-cı il tarixdə anadan olmuş X11 və 22 avqust 2007-ci il tarixdə anadan olmuş X9 ilə birlikdə həmin evə köçürülməsi qət edilmişdir. X5 həmin qətnamədən verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 29 sentyabr 2015-ci il tarixli, 2(044)-3414/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Gəncə şəhər Statistika İdarəsi tərəfindən verilmiş 31 may 2022-ci il tarixli, 205 nömrəli məktubundan görünür ki, 2020-2021-ci illərin ölkə üzrə 1 otaqlı mebelsiz mənzillərin orta kirayə 100-120 manat aralığında pul məbləği təşkil etmişdir. İşdə olan 23 oktyabr 2022-ci il tarixli, LP-153/2022 nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 86.3 kvadrat metr olan mənzilin orta bazar qiyməti 21.000 manat, likvid qiyməti 17.500 manat, aylıq kirayə haqqı isə 150-170 manat təşkil edir. ünvan 1 ünvanında yerləşən mənzilə yaxın coğrafi ərazidə 1 yaşayış otaqlı, əşyasız, pəncərəsiz və köhnə təmirli mənzilin bazar qiyməti 7.300 manat, likvid qiyməti 6.800 manat, aylıq kirayə haqqı isə 60-70 manat təşkil edir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş mübahisələndirilməyən hallarından görünür ki, İddiaçı və Cavabdeh xx.xx.2006-ci ildə nikaha girmiş, onların birgə nikahlarından 18 sentyabr 2006-cı il tarixdə X11 və 22 avqust 2007-ci il tarixdə X9 anadan olmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 05 may 2015-ci il tarixli, 2(044)- 1365/2015 saylı qətnaməsi ilə X4 və X10 arasında olan nikahın pozulması, 18 sentyabr 2006-cı il tarixdə anadan olmuş X11 və 22 avqust 2007-ci il tarixdə anadan olmuş X3 anaları X1 yanında saxlanmaları qət edilmişdir. Bundan başqa, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 29 sentyabr 2015-ci il tarixli, 2(044)-3414/2015 saylı qətnaməsi ilə X1 ünvan 1 ünvanda yerləşən evə istifadə hüququ tanınmaqla azyaşlı uşaqları 18 sentyabr 2006-cı il tarixdə anadan olmuş X11 və 22 avqust 2007-ci il tarixdə anadan olmuş X9 ilə birlikdə həmin evə köçürülməsi qət edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 30 noyabr 2015-ci il tarixli, 2(104)-2093/2015 saylı qətnaməsi ilə X5 həmin qətnamədən verdiyi apellyasiya şikayəti təmin edilməmişdir. Məhkəmə mövcud olmayan hüquqa xitam verilməsinin mümkün olmamasını və hüquqa xitam verilməsi üçün əvvəlcə hüququn əmələ gəlməsinin zəruriliyini nəzərə alaraq, qeyd edir ki, cavabdehin iddiaçıya məxsus fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi məsələsi həll edilərkən, cavabdehin həmin evdən istifadə hüququnun yaranıbyaranmaması araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Buna görə məhkəmə hesab edir ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 29 sentyabr 2015-ci il tarixli, 2(044)-3414/2015 saylı qətnaməsi ilə Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzilə istifadə hüququnun olduğu müəyyən edildiyinə görə, həmin şəxsin qeyd olunan mənzildə istifadə hüqunun olub-olmamasına dair halların mübahisələndirilməsinə əsas, habelə yenidən sübut edilməsinə və araşdırılmasına zərurət yoxdur. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı mübahisəli evin mülkiyyətçisi, Cavabdeh isə mübahisəli evdə istifadə hüququna malik olduğundan, iddiaçı mübahisəli evin mülkiyyətçisi kimi, kompensasiya ödənilməklə həmin evdən istifadə hüququna malik olan Cavabdeh istifadə hüququna xitam verilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hesab edir ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu baxımdan yanaşılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Bundan başqa, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır. Avropa İnsan Hüquqları Məhkəməsi «Marks Belçikaya qarşı» iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. «Sporronq və Lonnpot İsveçə qarşı» işdə isə həmin Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Azərbaycan Respublikasının qanunvericiliyinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, mülkiyyətçinin (iddiaçının) iradəsinin ziddinə olaraq cavabdehin mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun saxlanılmasının davam etməsi iddiaçının həmin evə olan mülkiyyət hüququnu «şərti və qeyri-sabit» xarakterli edir. Məhkəmə istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiyanın miqdarını araşdıraraq hesab edir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu yaşayış sahəsinin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarında göstərilir ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş «bazar qiyməti ilə müvafiq kompensasiya» ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.3-cü maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxslərin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə qeyd edir ki, Cavabdeh təklif olunan kompensasiya məbləği onun davamlı surətdə və müəyyən müddət daxilində həmin yaşayış sahəsinə oxşar digər yaşayış sahəsində yaşamağa imkan verməlidir. Yuxarıda qeyd olunan mütəxəssis rəylərinə əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzillə eyni şəraitli və eyni ərazidə yerləşən evlərin aylıq kirayə haqqı orta hesabla 150-170 manat hesablandıqda təklif olunan kompensasiya məbləği Cavabdeh təxminən 4 il ərzində başqa yaşayış sahəsində kirayəçi kimi yaşamağa imkan verir. Məhkəmə həmçinin nəzərə alır ki, tərəflər arasında mövcud olan münaqişəli vəziyyət bir tərəfdən tərəflərin yaşayış sahəsindən birgə istifadəsini qeyri-mümkün edir, digər tərəfdən mülkiyyətçinin öz əmlakından istədiyi kimi istifadə etmək hüquqlarını əsassız məhdudlaşdırır. Belə bir vəziyyətdə tərəflərin gələcəkdə eyni yaşayış sahəsində yaşaması onların arasındakı mübahisənin daha da dərinləşməsinə səbəb ola bilər. Həmçinin Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 05 may 2015-ci il tarixli, 2(044)-1365/2015 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından 18 sentyabr 2006-cı il tarixdə anadan olmuş X8 və 22 avqust 2007-ci il tarixdə anadan olmuş X3 anaları X1 yanında saxlanmaları qət edilmişdir. Yuxarıda sadalanan maddi hüquq normalarını və həmin normaların mahiyyətindən irəli gələn tələbləri işin müəyyən edilmiş hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif edilən kompensasiyanın məbləği ağlabatan və ədalətli hesab edilməklə Cavabdeh təxminən 4 il ərzində başqa yerdə mübahisəli yaşayış sahəsində ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamağa imkan verdiyindən, İddiaçı tərəfindən 8.000 manat kompensasiya verilməklə Cavabdeh Gəncə şəhəri, Nəriman Nərimanov küçəsi, 168A ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməli, Cavabdeh himayəsində olan xx.xx.2006-cı il təvəllüdlü X11 və xx.xx.2007-ci il təvəllüdlü X9 ilə birlikdə həmin mənzildən çıxarılmalı, həmçinin Cavabdeh Gəncə şəhəri, Nəriman Nərimanov küçəsi, 168A ünvanında yerləşən mənzildə olan əşyaları – 1 ədəd masa, 4 ədəd oturacaq, 1 ədəd ikimərtəbəli uşaq çarpayısı, 2 ədəd döşək, 1 ədəd dolab, 1 ədəd güzgülü şkaf (servant), 1 ədəd soyuducu, 1 ədəd 4 ocaqlı qaz sobası, 2 ədəd mətbəx rəfi, 1 ədəd mətbəx tumbası, 2 ədəd xalça, 1 ədəd çilçıraq, sökülmüş köhnə mebel hissələri, 1 ədəd kapron dekor palma ağacı, 1 ədəd güldan, 6 ədəd bakal, 6 ədəd fincandan və 1 ədəd çaynikdən ibarət çay dəsti, 1 ədəd göy rəngli qrafin və 4 ədəd su stəkanı (rumka), yumşaq əşyalar yığılmış 1 ədəd bağlama və qab-qacaq yığılmış 3 ədəd polietilen paket çıxarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə mütəxəssis rəyinin verilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 300 manat məbləğində pul vəsaiti iddiaçıdan «Legal Prime» məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı tərəfindən 8.000 (səkkiz min) manat məbləğində kompensasiya verilməklə Cavabdeh Gəncə şəhəri, Nəriman Nərimanov küçəsi, 168A ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilsin. Cavabdeh himayəsində olan xx.xx.2006-cı il anadan olmuş X11 və xx.xx.2007-ci ildə anadan olmuş X9 ilə birlikdə həmin mənzildən çıxarılsın. Cavabdeh Gəncə şəhəri, Nəriman Nərimanov küçəsi, 168A ünvanında yerləşən mənzildə olan əşyaları – 1 ədəd masa, 4 ədəd oturacaq, 1 ədəd ikimərtəbəli uşaq çarpayısı, 2 ədəd döşək, 1 ədəd dolab, 1 ədəd güzgülü şkaf (servant), 1 ədəd soyuducu, 1 ədəd 4 ocaqlı qaz sobası, 2 ədəd mətbəx rəfi, 1 ədəd mətbəx tumbası, 2 ədəd xalça, 1 ədəd çilçıraq, sökülmüş köhnə mebel hissələri, 1 ədəd kapron dekor palma ağacı, 1 ədəd güldan, 6 ədəd bakal, 6 ədəd fincandan və 1 ədəd çaynikdən ibarət çay dəsti, 1 ədəd göy rəngli qrafin və 4 ədəd su stəkanı (rumka), yumşaq əşyalar yığılmış 1 ədəd bağlama və qab-qacaq yığılmış 3 ədəd polietilen paket həmin mənzildən çıxarılsın. Qətnamə Cavabdeh istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması hissəsində kompensasiyanın ödənilməsi ilə eyni vaxtda icra edilsin. İddiaçı X6 iş üzrə mütəxəssis rəyinin verilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 300 (üç yüz) manat məbləğində pul vəsaiti «Legal Prime» məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar