Məhkəmə qərarları › İş №2(125)-2118/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2118/2024

31.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2118/2024 31.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «təbii qazdan qanunsuz istifadəyə görə hesablanmış borcun silinməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Cavabdehnə qarşı «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt əsasında iddiaçıya hesablanmış 518 manat 40 qəpik məbləğində borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı Q.F.Əliyevin vəsatəti əsasında əsl olmayan iddiaçı əsl İddiaçı ilə əvəz edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, o, ünvan 1 ünvanda yerləşən mənzilin mülkiyyətçisidir. Həmin mənzilin qaz təchizatı Cavabdeh İB tərəfindən təmin edilir. Lakin cavabdeh tərəfindən ona qazdan istifadəyə görə əsassız olaraq akt tərtib edilmiş, sayğacın element yuvasının qapağının alt hissəsində sınıq olduğunu və buna görə də ona 518 manat 40 qəpik məbləğində süni borc hesablanmışdır. Cavabdeh nümayəndələri qeyd olunan sayğacı söküb aparmış və bundan 3 ay keçdikdən sonra akt tərtib etmişlər. Bunu akt tərtib edən Gəncə X5 İdarəsinin əməkdaşları əvvəllər, sayğac sökülərkən və ya sonradan müəyyən edə bilərdilər. Lakin sayğacda qüsur olmadığına görə bunu müəyyən etməmişlər. Bundan başqa, Gəncə X5 İdarəsinin məsul işçiləri sayğacları mütəmadi olaraq yoxlamalı olduqları halda, bunu etməmişlər. Bundan başqa sayğacın texniki müayinəsi zamanı da onun iştirakı təmin edilməmişdir. Belə ki, onun və ailə üzvlərinin sayğaca hər hansı müdaxiləsindən söhbət gedə bilməz. Bundan başqa qəsdən olsa belə sayğacın element yuvasının qapağının alt hissəsini sındırmaq onun hər hansı bir mənafeyinə uyğun gəlmir. Sonda İddiaçı iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, işə əlavə edilən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, **********29-05101-093009 nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, 1-ci mikrorayon, ev 4 ünvanında yerləşən 26 nömrəli mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İş materiallarında olan «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, dövri dövlət yoxlaması ilə əlaqədar “İtron” tipli, “G4” markalı 1602AZ**********44 nömrəli sayğac çıxarılmış və “Zenner” tipli, “G4” markalı,**********8 nömrəli sayğacla əvəz edilmişdir. İşdə olan «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh 14-2-2/3-5-12569Q001 nömrəli rəyinə əsasən sayğaca baxış keçirilərkən sayğacın element yuvasının qapağının alt hissədən gövdəyə birləşən hissədən sınıq olması aşkar edilmişdir. Mülki iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, «G4» markalı 1602AZ**********44 qaz sayğacının normal qaz sərfi 4 m3, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 4x12x90=4.320 m3 qaz itkisinin olduğu müəyyən edilmişdir. İşdə olan **********00260 nömrəli abonent saldosundan görünür ki, ünvan 1 ünvanda yerləşən mənzilə dair təbbi qazdan istifadəyə görə qalıq akt üzrə 518 manat 40 qəpik məbləğində borc hesablanmışdır. İş materiallrında olan «Qaz sayğacının yoxlanılması barədə» 14-2-2/3-5- 12569Q001 nömrəli aktdan çıxarışdan görünür ki, «G-4» markalı 1602AZ**********44 nömrəli sayğacın element yuvasının qapağının alt hissədən gövdəyə birləşən hissədən sınıqdır, sayğacın yaddaş arxivi oxunmuşdur. xx.xx.2023-cü il tarixdə Alarm-1 rejimi aşkar olunmuşdur. Sayğac buraxıla bilən xəta ilə işləyir.Sayğac istismara yararsızdır. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, İddiaçı Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 4 nömrəli evin 26 nömrəli mənzilinin mülkiyyətçisidir. İddiaçı məxsus həminmənzilə gedən qaz xəttinin üzərində quraşdırılmış «G-4» markalı 1602AZ**********44 zavod nömrəli qaz sayğacı xx.xx.2023-cü tarixdə dövri yoxlama ilə əlaqədar açılmış və digəri ilə əvəz edilmişdir. Həmin vaxt qaz sayğacı Cavabdeh əməkdaşları tərəfindən yararlı qəbul edilmişdir. Bu barədə «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktda da qeydlər aparılmışdır. Keçirilmiş yoxlama zamanı Cavabdeh əməkdaşları tərəfindən iddiaçının iştirakı təmin olunmamış, qaz xəttindən açılmış qaz sayğacının element yuvasının qapağının alt gövdəyə birləşən hissədən sınıq olması müəyyən edilmişdir. Lakin həmin akt qanunla nəzərdə tutulan qaydada tərtib olunmamış, bununla aktın qanuniliyi və onda qeyd edilən xüsusatların həqiqiliyi şübhə yaratmışdır. Belə ki, Cavabdeh Gəncə X5 İdarəsinin ünvan 2 ünvanında yerləşən 26 nömrəli mənzilə aid qaz sayğacının texniki baxışın keçirilməsi zamanı İddiaçı iştirakı təmin olunmamışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 13-cü maddəsinin 9-cu hissəsinin tələbinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.4-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qərarın 4.9-cu bəndinin tələbinə görə İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinin tələblərinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mükli dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə (zərərçəkənə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bəhs edilən Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 may 2002-ci il tarixli Qərarında göstərilir ki, zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli ola bilər. Qanunvericiliyin qeyd edilən normalarının tələbindən göründüyü kimi, mülki hüquq münasibətlərinin iştirakçıları arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında müqavilənin mövcudluğu, eləcə də əsassız varlanma zəruri şərt olsa da, belə öhdəliklərin yaranma əsaslarına deliktlər, yəni hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl də daxildir. Deliktlərin yaranması üçün isə Mülki Məcəllənin 1096-cı maddəsinin tələbinə görə üç zəruri amilin mövcudluğu labüddür. Belə ki, deliktlərdən əmələ gələn öhdəliyin yaranması üçün həmin hərəkət təqsirli olmalı, hüquq və ya qanunula qadağan edilməli və başqa şəxsə zərər vurmalıdır. Lakin Azərbaycan Respublikası Konstitusiyasının, eləcə də Konstitusiyanın 148-ci maddəsi üzrə Azərbaycan Respublikası qanunvericilik sistemini təşkil edən və yuxarıda qeyd edilmiş normativ hüquq aktların tələbinə görə şəxsin təqsiri müəyyən edilməyən əməllə (hərəkət və ya hərəkətsizliyə) əlaqədar hər hansı (maddi və ya qeyri-maddi) məsuliyyətə cəlb ediməsi qanuna uyğun deyildir və həmin şəxsin təqsirli olmadığı hərəkətlərə görə delikt öhdəlikləri yaranmır. Lakin mülki işin məhkəmə tədqiqi zamanı İddiaçı təqsirli hərəkətləri nəticəsində cavabdehə maddi zərər vurulması, eləcə də təbii qazdan qanunsuz istifadə etmə halları aşkar edilməmişdir. Digər tərəfdən «G-4» markalı 1602AZ**********44 nömrəli sayğac xx.xx.2023-cü il tarixdə yenisi ilə əvəz edilməsinə baxmayaraq, «Qaz sayğacının yoxlanılması barədə» 14- 2-2/3-5-12569Q001 nömrəli aktdan çıxarışdan görünür ki, «G-4» markalı 1602AZ**********44 nömrəli sayğac xx.xx.2023-cü il tarixdə xəttən açılsa da, bundan 1 gün sonra xx.xx.2023-cü il tarixdə «Alarm-1» rejimi aşkar olunmuşdur. Buna görə də həmin sayğacın xx.xx.2023-cü il tarixdə «Alarm-1» rejimində olmasına dair iddiaçının hər hansı müdaxiləsinin olması qeyri-mümkündür. Qeyd olunan xüsusat da sayğacda yaranmış qüsurların xəttən açıldığı tarixdən əvvəl deyil, sonra yarandığı göstərir. Mülki işin məhkəmə tədqiqi zamanı iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni əvəzetmə ilə əlaqədar xx.xx.2023-cü il tarixdə açılaraq, götürülməsini və həmin sayğacın Cavabdeh əməkdaşları tərəfindən yararlı vəziyyətdə qəbul edilməsini, «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın surətini, «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2024-ci il tarixli, ******* nömrəli aktın surətini məhkəməyə təqdim etməklə sübuta yetirsə də, cavabdeh iddia tələbinə öz münasibətini, etirazı olduğu halda isə onun əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktı əsasında qaz sayğacında yaranmış qüsurla əlaqədar dəymiş ziyanın əvəzi qismində İddiaçı hesablanmış 518 manat 40 qəpik məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2024-ci il tarixli, ******* nömrəli aktı əsasında, qaz sayğacında yaranmış qüsurla əlaqədar dəymiş ziyanın əvəzi qismində hesablanmış 518 (beş yüz on səkkiz) manat 40 (qırx) qəpik məbləğində borc silinsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar