Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2121/2024 23.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvan üzrə 12960 m3 həcmində, dəyəri 1555,20 manat məbləğində əsassız hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzrə abonent kodu **********00392 olmaqla, iddiaçı qeydiyyata alınmışdır. Həmin ev iddiaçının mülkiyyətindədir. xx.xx.2023-cü il tarixdə iddiaçının mülkiyyətində olan evə dair təbii qazdan istifadə qaydalarının pozulması barədə cavabdeh tərəfindən ******* saylı akt tərtib edilmiş, aktda sayğacın sayğacın çıxış plastmast borusunun deşici alətlə deşildiyi barədə qeyd aparılmış, X1 İstismarı İdarəsi tərəfindən itirilmiş qazın bərpası hesabatı aparılaraq qaz itkisinin 12960 m3 (1555,20 manat) olması müəyyən edilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, 25 iyun 2023-ci il tarixdə X1 İstismar İdarəsinin xidmət sahəsinin mütəxəssisləri tərəfindən Gəncə şəhəri, Hüseyquluxan Cavad oğlu küçəsi ev 15 (keçmiş Qızıl Hacılı 39b) sayğaca baxış keçirilmiş, müdaxilə faktı aşkarlanmış, 25 iyun 2023-cü il tarixli akt tərtib edilmişdir. Abonent kimi bu aktı qəbul etməmişdir. Sayğac dövlət yoxlamasına göndərilmiş, sayğacın çıxış borusunun deşilməsi müəyyən edilmişdir. Yeni sayğac quraşdırıldıqdan sonra sayğacı quraşdıran şəxslər tərəfindən yenidən həmin mənzilin qaz qurğularına baxış keçirməli və aktda qaz qurğuları haqqında cədvələ qeyd olunmalı idi, edilməmişdir. Hesabat sayğacin çıxarılma aktında qeyd olunan cihazların saatlıq qaz sərfinə uyğun olaraq aparılır. Hesabat mövcud qanunvericilik, Nazirlər kabinetinin qərarı və ARDNŞ-nin hüquqi normativ sənədlərinin bəndlərinə uyğun aparılmalıdır. Hesabat sayğac çıxarılandan sonra 90 gün ərzində aparılır. 25 iyun 2023-cü il tarixli aktda cihazlar bölümündə 1-ədəd mətbəxtipli PQ-2, 1-ədəd suqızdırıcı (Pitiminyutka) və 1-ədəd Radiator sobası qeyd edilib. Halbuki iddiaçıda radiator sobası olmayıb. Sayğacın çıxarılma tarixindən geri 90 gün götürülsə, iyun ayının 25 günü və may ayının 31 günü və aprel ayının 15 günü yay rejimində hesablanmalıdır, belə ki, 25+31+15=71 gün yay və 90-71=19 gün qış rejimində dəymiş ziyan hesablanmalıdır. Yayın istisində heç kim qızdırıcı cihazdan istifadə etmir və niyə görə hesabat aparılmalıdır? Mənzildə bir ədəd PQ-2 olmasına baxmayaraq bir ədəd də dəmir peç məcbur edilərək akta qeyd edilib. Niyə məhz dəmir soba? Çünki dəmir sobanın saatlıq qaz sərfi 1.4 m3/saatdır. Eyni zamanda əgər iddiaçının müdaxiləsi olubsa, niyə sayğacın plombu yerində olmaması barədə akta qeyd edilməyib. Yayın istisində heç kim qızdırıcı cihazdan istifadə etmir, PQ-2 qaz plitəsi isə yemək bişirəndə istifadə olunur. Təbii sual yaranır, niyə görə 24 saatla hesabat aparımalıdır? Akta əlavə cihazlar yazılır və cihazların işlətdiyi qaz hesablanarkən metodiki tövsiyələrə zidd hesablanır, nəticədə dəymiş ziyan xeyli artiq olur. Digər tərəfdən bildirmişdir ki, qeyd olunan ünvanda iddiaçı iki nəfər olaraq ər-arvad yaşayır. İki nəfər istəsə də, cərimədə göstərilən həcmdə qaz istifadə edə bilməz. Onun Göygöl rayonu Qarabulaq kəndində bağ evi var. Hər il may ayından oktyabr ayına kimi bağ evində ailəlikcə yaşayırlar. Xidmət sahəsinin mütəxəssisləri tərəfindən sayğaca baxış keçirən zaman təsadüfən evin gəlini evdə təmizlik işi aparmaq üçün Gəncədə evdə olmuşdur. Ucuz olduğu üçün elektrik qızdırıcıdan istifadə edirlər. Aktda qeyd edilən müddətdə iddiaçı maksimum 100 (yüz) manatlıq qaz istifadə etmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə etdi ki, sözügedən ev onun xüsusi mülkiyyətindədir, həmin evə quraşdırılan sayğac isə evdən kənarda, küçədə yerləşir, sayğaca heç bir müdaxilə olunmayıb, cavabdeh təşkilatın əməkdaşları tərəfindən sayğac aparılan zaman sayğac blomblu vəziyyətdə olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Cavabdeh təşkilat tərəfindən iddiaçıya ünvanlanmış 14-2-2-14/2-B-xx-xx/2023-219 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, sözügedən ünvanda quraşdırılmış G-4 markalı sonradan ödənişli ZENNER tipli, **********2 zavod nömrəli qaz sayğacı çıxarılmış, dövlət yoxlamasına göndərilmişdir. Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5-6764/Q001 saylı rəyinə əsasən sayğaca baxış keçirilmiş, qaz sayğacın çıxış plastmas borusu deşilmişdir, xətalar normaldan artıqdır, hesablama mexanizmi nominal, minimal sərfiyyatda 100% nisbi xətayla işləyir, keçən qazın həcmini qeyd etmir, sayğac istismara yararsızdır, bu səbəbdən 12960 m3 həcmində dəyəri 1555,20 manat məbləğində qaz sərfi olaraq dəymiş ziyan hesablanmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli 25 iyun 2023-cü il tarixli aktdan və ona əlavə edilmiş sənəddən görünür ki, istehlakçı kimi qeydə alınmış sözügedən ünvanda quraşdırılmış G-4 markalı, **********2 nömrəli qaz sayğacına baxış keçirilmiş, Cavabdehın verdiyi 14-2-2/3-5-6764/2023/Q001 nömrəli, 04 iyul 2023-cü il tarixli rəyə əsasən sayğacın sayğacın çıxış plastmast borusunun deşici alətlə deşildiyi, xətaların normaldan artıq olduğu, hesablama mexanizminin nominal, minimal sərfiyyatda - 100% nisbi xətayla işlədiyi, keçən qazın həcmini qeyd etmədiyi, sayğacın istismara yararsız olduğu qeyd edilmiş və sayğacın dəyərinin ödənilməsi və dəymiş ziyanın 12960 m3 hesablanaraq abonent tərəfindən ödənilməsi qərara alınmışdır. “Dəymiş ziyanın bərpasına dair tələbnamə” adlı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, sözügedən ünvan üzrə icra olunacaq tədbirlər kimi mövcud sayğacın qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Yuxarıda qeyd edilən Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Tərəflər **********2 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlı mübahisə edirlər. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvan üzrə qaz sayğacı üçün borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə faktı ilə əsaslandırır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvan üzrə quraşdırılan qaz sayğacı evdən kənarda yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3-cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün Cavabdeh İB tərəfindən müvafiq örtüklə örtülməlidir. Şərh olunan normalardan da göründüyü kimi fiziki şəxs olan istehlakçı yalnız plombun toxunulmazlığına görə məsuliyyət daşıya bilər. Sayğaca müdaxilə olunmadan hesablama mexanizmində xəta aşkarlanmışdırsa, buna görə fiziki şəxs olan istehlakçı məsuliyyət daşımır. Bundan başqa, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda qeyd edilən pozuntunun iddiaçının təqsirindən baş verməsini, **********2 nömrəli qaz sayğacına müdaxilə edilməsini təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, fiziki şəxs olan istehlakçıların sayğacları üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır, cavabdeh Azəriqaz İB tərəfindən 12960 m3 itirilmiş təbii qaz üçün 1555,20 manat borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, 35,55 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi (abonent kodu **********00392 olan) üzrə təbii qazın itkisinə görə Cavabdeh tərəfindən hesablanmış 1555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat pul məbləği silinsin. 35,55 (otuz beş manat əlli beş qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-2121/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2121/2024
23.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver