Məhkəmə qərarları › İş №2(125)-2133/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2133/2025

01.10.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2133/2025 01.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X14 İsa oğlunun sədrliyi, Xudaverdiyeva Nilgün Elbrus qızının katibliyi, Ərizəçi X2 və Maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin fəaliyyəti qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1982-cı il tarixdə anadan olmuş oğlu-X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onun əsasladırılmışdır ki, oğlu X7 anadangəlmə birinci qrup müddətsiz əlildir. Oğluna “ uşaq serebral iflici, Spastik diplegik fotma, psixi, nitqi, fiziki inkişafdan qalma. Beyin daxili hipertensizon sindrom” diaqnozu qoyulmuşdur. Oğlu öz hərəkətlərini idarə edə bilmir, geyinə bilmir, çimə bilmir. Üzunu belə onlar qırxır. Zorla başını qataraq çimizdirirlər, üzünü qırxırlar. Hərəkət etmə qabiliyyətindən məhrumdur. Bərk əsəbidir. Bəzən evdə bütün əşyaları qırır. Oğlu onun və qızının himayəsində yaşayır. Onun qayğısına onlar qalır. Beləliklə, oğlu X7 öz hərəkətlərinin mənasını anlaya və dərk edə bilmir, onun qulluğa ehtiyacı vardır. Onun üzərində qəyyumun təyin olunması üçün məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zərurəti yaranmışdır. Məhkəmədə işə baxılarkən Ərizəçi razılığı ilə, əsl olan ərizəçi kimi X6 ərizəçi ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən X6 ərizədə göstərilənlərlə eyni məzmunda izahat verərək ərizəsinin təmin edilməsini, X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iştirak edən Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi X4 ərizənin təmin olunmasına etirazlarının olmadığını bildirmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 xx.xx.1982-ci il tarixdə anadan olmuşdur, atası X8, anası isə Ərizəçi Əlı qızıdır. Belə ki, işdə olan, rus dilində tərtib edilmiş doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 17 avqust 1963-ci il tarixdə anadan olmuşdur, atası X8, anası isə Ərizəçi Əlı qızıdır. Məhkəmə məhkəmədə tədqiq olunmuş, yuxarıda qeyd edilən sübutlara istinad etməklə qeyd edir ki, Ərizəçi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə verilən X3 anası, X6 isə bacısıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Göründüyü kimi, ərizəçi X6 hazırki ərizə ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olan şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyum müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, şəxsi fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etmək üçün iki vacib meyarın (əlamətin) olması gərəkdir. Bu meyarların ikisi də mülki qanunvericiliyin yuxarıda qeyd olunan maddəsində göstərilmişdir. Bunlar hüquqi meyar və tibbi meyardır. Hüquqi meyarın mahiyyəti şəxsin öz hərəkətlərinin mənasını başa düşməməsindən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsindən ibarətdir. Tibbi meyarın mahiyyəti fiziki şəxsin ağıl zəifliyinə malik olmasından və ya psixi xəstə olmasından ibarətdir. Ağıl zəifliyi dedikdə, elə bir psixi xəstəlik başa düşülür ki, bunun nəticəsində fiziki şəxsin əqli fəaliyyəti zəifləyir, aşağı düşür, bu isə həmin şəxsin öz əməllərini düzgün qiymətləndirmək qabiliyyətinə mane olur. Ruhi xəstəlik dedikdə, şizofreniya, epilepsiya, maniakal-depressiv psixoz və digər xəstəliklər başa düşülür. Fiziki şəxsin psixi vəziyyəti məhkəmə-psixiatriya ekspertizası tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 319-cu maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəməpsixiatriya ekspertizası təyin edir. Baxılan işdə şəxsin-X3 pxisi vəziyyətini müəyyən etmək üçün Gəncə şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Həmin qəradad əsasında ekspertiza keçirilmiş, xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsi X10 şöbəsi tərəfindən verilmiş, xx.xx.2025-ci il tarixli 2029 saylı rəydən müəyyən olunur ki, xx.xx.1982-ci il təvəllüdlü X5 hazırda Uşaq serebral iflici nəticəsində orta dərəcəli əqli gerilik (F71) müəyyən edilir. xx.xx.1982-ci ildə anadan olmuş X7 hal-hazırda Uşaq serebral iflici nəticəsində orta dərəcəli əqli gerilik (F71) ilə əlaqədar öz hərəkətlərinin mənasını anlaya bilmək və ya öz hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki, X7 hal-hazırda öz hərəkətlərinin mənasını başa düşmək və onları idarə etmək iqtidarında deyildir. Buna görə də məhkəmə hesab edir ki, xx.xx.1982-ci ildə Gəncə şəhərində anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 320, 321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 21 iyun 1982-ci ildə Gəncə şəhərində anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar