Məhkəmə qərarları › İş №2(125)-2194/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2194/2023

31.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2194/2023 31.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı atalığın müəyyən edilməsi və aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun qeyri-rəsmi nikahlarından xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 adlı uşağının atası Cavabdeh olması faktının müəyyən olunmasına, uşağa ata soyadının verilməsinə və uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 200 manat aliment və uşaq üç yaşına çatana kimi hər ay əlavə olaraq 150 manat pul tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə 2019-cu ildə tanış olmuşdurlar. Qeyri-rəsmi münasibətlərindən xx.xx.2020-ci il tarixdə X3 adlı övladları doğulmuşdur. Uşağın doğum haqqında şəhadətnaməsində də ata qrafasında cavabdehin adı qeyd olunmuşdur. 2019-2021-ci illərdə özlərinin, eləcə də uşaqla çəkilmiş şəkillər vardır. Uşağın 2 yaşına kimi birlikdə Gəncə şəhərində kirayədə yaşamışlar. Cavabdehin anası Moskvada işlədiyinə görə, orada olmuşdur. Hamiləliyi də həmin evdə keçmişdir, cavabdeh həmin vaxt ailəli olmamışdır. Uşağı doğum evindən birlikdə çıxarmışlar, bütün qohum-əqrəbanın xəbəri olmuşdur. 2022-ci ilin dekabr ayının 6dan etibarən onu və uşağını döyməsinə görə cavabdehdən ayrılmışdır. Dəfələrlə bu səbəbdən aralarında söz-söhbət olmuş, polis gəlmiş, qonşular bilmişdir. Hazırda anası evindədir. Cavabdeh məhkəmə tərəfindən təyin olunmuş heç bir ekspertizaya gəlməmişdir. Taksi fəaliyyəti ilə məşğuldur, 2 maşını vardır. 1-ci uşağına 120 manat alimenti necə ödəyirsə, bu uşağına da ödəməlidir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı oğlunun ailəsini dağıtmışdır. Oğlu ziyalı bir qızla ailə qurmuşdur. 35 ildir ki, kirayədə yaşayırlar. Özü Hepatit C xəstəsidir, Moskvada işlədiyinə görə aradabir Gəncə şəhərinə gedib-gəlmişdir. Oğlu Hyundai markalı maşınını satıb maklerə olan 10000 manat borcunu ödəmişdir. Oğlu iddiaçı ilə tanış olduğu zaman iddiaçı ona telefon nömrəsini vermiş, Hacıkəndə, Göygölə yemək yeməyə getmişlər. Həmin vaxt iddiaçı oğlu ilə selfie çəkib, gəlinə atmışdır. Gəlin barışmaq istəsə də, sırf bu hadisədən sonra oğlundan ayrılmışdır. Qeyri-rəsmi münasibətləri olmuşdur, oğlu razı olmadığı halda, uşaq dünyaya gətirib oğluna “uşaq sənindir” demişdir. DNT test analizinin pulunu ödəmədiyinə görə ekspertiza keçirilə bilməmişdir. Anadır, pulu ödəyib, sübut edib, uşağının gələcəyini həll etməlidir. Bioloji ekspertiza düzgün nəticə vermir, əgər DNT test analizi keçirilib, uşağın atasının oğlu Xəyal olduğu sübuta yetirilsə, heç bir söz deməyəcəkdir. Oğlu uşağına soyadını verib, baxmalıdır. Belə olduğu təqdirdə 60 manat aliment ödəməyə razıdırlar. Hazırda oğlu Futbol Federasiyasında mühafizəçi işləyir. 350 manat maaş almaqla, 1-ci uşağının saxlanılması üçün 120 manat aliment ödəyir. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AZ-İV 434855 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə anadan olmuş Mərdin ata qrafasında X2, ana qrafasında anası İddiaçı kimi qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli, MŞG/1-03577 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər xx.xx.2022-ci il tarixdə, saat 09:15-də keçirilən ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2194/2023 nömrəli qərardadına əsasən məhkəmə-tibbi genetik (DNT) ekspertizası təyin edilmiş, lakin məhkəmə-tibbi genetik ekspertizasının keçirilməsi üçün zəruri olan reaktivlərin alınması təmin olunmadığından ekspertizanın keçirilməsi mümkün olmamışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2194/2023 nömrəli qərardadına əsasən iş üzrə məhkəmə-bioloji ekspertizası təyin olunmuş, lakin ekspertizanın keçirilməsi üçün təyin olunmuş gün ərzində İddiaçı uşaqla birlikdə şöbəyə gəldiyi halda, Cavabdeh gəlmədiyinə görə ekspertizanın keçirilməsi mümkün olmamışdır. Göründüyü kimi cavabdeh iddia tələbinə qarşı etiraz edərək xx.xx.2020-ci ildə iddiaçıdan doğulmuş Mərd adlı uşağın atası olmadığını mübahisələndirsə də, təyin olunmuş hər iki ekspertizanın keçirilməsindən yayınmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə cavabdehin ekspertizadan yayınmasını, və nümayəndəsinin izahatında cavabdehin razılığı olmadan iddiaçının uşağı dünyaya gətiməsi barədə göstərdiyi halları nəzərə alaraq hesab edir ki, cavabdehin xx.xx.2020-ci ildə iddiaçıdan doğulmuş Mərd adlı uşağın atası olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 46.2-ci maddəsinə əsasən, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Ailə Məcəlləsinin 186-cı maddəsinə əsasən, atalıq məhkəmə tərəfindən müəyyən edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yerdə qeydə alınır. Ailə Məcəlləsinin 188-ci maddəsinə əsasən, atalığın müəyyən edilməsi haqqında qeyd əsasında uşağın doğulması haqqında ata barəsində məlumat yazılır və doğum haqqında yeni şəhadətnamə verilir. Ailə Məcəlləsinin 71-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur; “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh xx.xx.2020-ci il tarixdə İddiaçı doğulmuş Mərdin atası olması faktı müəyyən edilməli və uşağın doğum akt qeydində soyadı Qarayev, ata qrafasında Cavabdeh kimi qeyd edilməli və xx.xx.2020-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment alınaraq iddiaçı İddiaçı verilməlidir. İddia tələbi uşaq 3 yaşına çatdığı üçün həmin hissədə təmin olunmamalıdır. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixdə İddiaçı doğlulmuş Mərdin atası olması faktı müəyyən edilsin və uşağın doğum akt qeydində soyadı Qarayev, ata qrafasında Cavabdeh kimi qeyd edilsin. xx.xx.2020-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment alınaraq iddiaçı İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar