Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2230/2024 23.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdehnə və X1 İstismarı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən tərtib edilmiş ******* nömrəli akt əsasında hesablanmış 12960 m3 qaz itkisinə görə hesablanmış 1555,20 manat borcunun onun üzərindən silinməsi və cavabdehlər tərəfindən Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən fərdi yaşayış evinə qazın verilməsinin bərpası və yeni qaz sayğacının quraşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə gedişi ərəfəsində iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi – iddianın həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən tərtib edilmiş ******* nömrəli akt əsasında iddiaçıya aid ev üzrə 12960 m3 qaz itkisinə görə hesablanmış 1555,20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən, sözügedən fərdi yaşayış evi iddiaçının istifadəsindədir. Həmin ev üzrə abonent kodu **********20840 olmaqla, abonent kimi iddiaçı qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixdə sözügedən ev üzrə təbii qazdan istifadə qaydalarının pozulması barədə cavabdeh tərəfindən ******* saylı akt tərtib edilmiş, aktda sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olduğu, sayğacın istismara yararsız olduğu barədə qeyd aparılmış, X1 İstismarı İdarəsi tərəfindən itirilmiş qazın bərpası hesabatı aparılaraq qaz itkisinin 12960 m3 (1555,20 manat) olması barədə qərar qəbul edilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən fərdi yaşayış evi ona məxsusdur. Həmin evə qaz xətti çəkilərək qaz sayğacı quraşdırılmışdır. Cavabdeh təşkilat ünvanda quraşdırılmış sayğacı çıxararaq ona məlumat vermədən Dövlət yoxlamasına göndərmişdir. Qaz sayğacı yoxlanıldıqdan sonra sayğacın hesablama mexanizminin qapağının yan tərəfindən əzilməsi və daxili qulaqcıqlarında əzik işlərinin olduğu göstərilmişdir. Bu səbəbdən ona 12960 m3 həcmində dəyəri 1555,20 manat məbləğində qaz sərfi olaraq dəymiş ziyan hesablanmışdır. Ona məxsus evin qaz sayğacına tərəfindən heç bir müdaxilə olunmamışdır. Bundan başqa, sayğacın dövlət yoxlanılması da böyük şübhə doğurur, belə ki, sayğac yoxlamaya göndərilmişdirsə, bu barədə o yazılı xəbərdar edilməli idi, lakin cavabdeh onu bu barədə xəbərdar etməmişdir. Bundan başqa, qaz sayğacın maksimal sərfi 6 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qaz sərfiyyatı 12960 m3 hesablanmışdır. Hesab edir bu hesablamalar da qanunsuzdur. Hesabat müddətinin isə 90 günlük qeyd etmələri heç bir normativ hüquqi akta əsaslanmadığından qanunsuzdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə etdi ki, cavabdeh təşkilatın əməkdaşları qaz sayğacına baxış keçirib, onun iştirakı olmadan sayğacı əvəzləyərək əvvəlki sayğacı çıxarıb aparmışlar, həmçinin sayğac evdən kənarda yerləşir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5-6.7). “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Cavabdeh təşkilat tərəfindən iddiaçıya ünvanlanmış 14-2-2/1-H-7xx-xx/2023-8396 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, sözügedən ünvan AGİS bazasında kod: **********20840 olmaqla İddiaçı adına qeydiyyata alınmışdır, ünvanda quraşdırılmış G-4 markalı sonradan ödənişli Elster tipli 10563278 zavod nömrəli qaz sayğacı çıxarılmış, dövlət yoxlamasına göndərilmişdir. Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5-4231-1 saylı rəyinə əsasən sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzikcızıq izləri var. Bu səbəbdən ona 12960 m3 həcmində dəyəri 1555,20 manat məbləğində qaz sərfi olaraq dəymiş ziyan hesablanmışdır. İş materiallarına əlavə edilmiş, Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli, 727 nömrəli sərəncamı ilə Gəncə şəhəri, Gülüstan yaşayış ərazisində yerləşən iddiaçının istifadəsində olan 620,0 kv.m torpaq sahəsində razılaşdırılmış layihə sənədləri olmadan inşa edilmiş aşağıdakı sahələrdən ibarət tikililər qeydiyyata alınmışdır – ümumi sahə 95,9 kv.m., o cümlədən yaşayış sahəsi 46,8 kv.m. və talvar 59,8 kv.m. İş materiallarına əlavə edilmiş, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, iddiaçının yaşadığı, Gəncə şəhəri, Gülüstan yaşayış ərazisində yerləşən əmlaka quraşdırılmış G-4 markalı, Mexaniki tipli, 10563278 nömrəli sayğac yeni sayğacla – G-4 markalı, Zenner tipli, **********2 nömrəli sayğacla əvəz olunmuş, səbəb isə sayğacın əvəzlənməsi olmuşdur, digər qeydlər hissəsində isə sayğacın hesablama mexanizminin korpusdan biraz aralandığı, sayğacın korpusunun birləşmə hissəsindəki kəmərdə qaz sızmasının olduğu qeyd edilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli xx.xx.2023cü il tarixli aktdan və ona əlavə edilmiş sənəddən görünür ki, istehlakçı kimi iddiaçının adı qeydə alınmış, iddiaçının mülkiyyətində olan və hazırda yaşadığı ünvanda quraşdırılmış G-4 markalı, 10563278 nömrəli qaz sayğacına baxış keçirilmiş, Cavabdeh İB-nin 14-2- 2/3-5-4231-1 nömrəli rəyə əsasən sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olduğu, sayğacın istismara yararsız olduğu qeyd edilmiş və sayğacın dəyərinin ödənilməsi və dəymiş ziyanın 12960 m3 hesablanaraq abonent tərəfindən ödənilməsi qərara alınmışdır. “Dəymiş ziyanın bərpasına dair tələbnamə” adlı xx.xx.2024-cü il tarixli aktdan görünür ki, sözügedən ünvan üzrə icra olunacaq tədbirlər kimi mövcud sayğacın qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Yuxarıda qeyd edilən Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Tərəflər 10563278 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlı mübahisə edirlər. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvan üzrə qaz sayğacı üçün borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə faktı ilə əsaslandırır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvan üzrə quraşdırılan qaz sayğacı evdən kənarda yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3-cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün Cavabdeh İB tərəfindən müvafiq örtüklə örtülməlidir. Şərh olunan normalardan da göründüyü kimi fiziki şəxs olan istehlakçı yalnız plombun toxunulmazlığına görə məsuliyyət daşıya bilər. Sayğaca müdaxilə olunmadan hesablama mexanizmində xəta aşkarlanmışdırsa, buna görə fiziki şəxs olan istehlakçı məsuliyyət daşımır. Bundan başqa, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda qeyd edilən pozuntunun iddiaçının təqsirindən baş verməsini, 10563278 nömrəli qaz sayğacına müdaxilə edilməsini təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, fiziki şəxs olan istehlakçıların sayğacları üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır, cavabdeh Azəriqaz İB tərəfindən 12960 m3 itirilmiş təbii qaz üçün 1555,20 manat borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, 35,55 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən fərdi yaşayış evi (abonent kodu **********20840 olan) üzrə təbii qazın itkisinə görə Cavabdeh tərəfindən hesablanmış 1555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat pul məbləği silinsin. 35,55 (otuz beş manat əlli beş qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-2230/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2230/2024
23.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver