Məhkəmə qərarları › İş №2(125)-2272/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2272/2024

19.03.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2272/2024 19.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin məcburi icrasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə Samux şəhərində mediator Raul İsmayılovun iştirakı və möhürü ilə təsdiq edilmiş barışıq saziçinin 2-ci maddəsində göstərilənlərin məcburi icrası ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə el adəti ilə toy edib ailə həyatı qurmuş, nikahlarını Gəncə “ASAN xidmət” mərkəzində xx.xx.2020-ci il tarixli, AZ-İİ 41032 nömrəli nikah haqqında şəhadətnamə ilə rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikahlarından xx.xx.2020-cı il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X6 dünyaya gəlmişdirlər. Maraqlı şəxslə xasiyyətləri uyğun gəlmədiyi üçün faktiki olaraq ayrılmışdırlar. Bu səbəbdən də nikahlarının pozulması və aliment tələb etmək üçün mediasiyaya müraciət etmişdir. Qanunvericiliyin tələbinə əsasən maraqlı şəxsə mediasiya prosesi zamanı uşaqların onun himayəsində saxlanılması və onun aliment ödəməsini təklif etmiş və razılığa gəlmişdirlər. Belə ki, mediasiyada nikahlarının pozulması danışıqları zamanı uşaqların saxlanılması üçün o, maraqlı şəxsdən aliment tələb etməklə nikahlarının pozulmasına razılıq vermişdir. Onlar mediasiyada birgə nikahlarından doğulmuş uşaqların onun himayəsində qalması və xx.xx.2020-cı il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ayın 01-dən, 10-dək 2 uşağa görə qazancın və başqa gəlirlərin üçdə bir hissəsi məbləğində aliment ödənilməsi barədə saziş bağlamışdırlar. Lakin maraqlı şəxs barışıq sazişini icra etməmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verib, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs izahatında göstərdi ki, barışıq sazişinə heç bir etirazı yoxdur. İmkanı olduqca barışıq sazişini icra edir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi zamanı bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, Maraqlı şəxs övladları xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ayın 01-dən 10-dək 2 uşağa görə qazancın və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment ödəyəcəyini öhdəsinə götürmüşdür. AZ-İV 523953 nömrəli və AZ-İV 661152 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2020-ci il tarixdə Seyidəli və xx.xx.2022-ci ildə Əsmər adlı uşaqları anadan olmuşdur. Məhkəmə ərizənin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, ərizəçinin izahatını dinləyib, hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsində göstərilmişdir ki, barışıq sazişi-tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 33-cü maddəsində göstərilmişdir ki, barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.(“Mediasiya haqqında” Qanunun 34.1, 34.2 və 34.3-cü maddələri) İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında “Mediasiya haqqında” Qanuna uyğun olaraq könüllü şəkildə xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanılmışdır. Barışıq sazişi qanunun tələblərinə uyğun tərtib edilmiş, sazişdə hər hansı qanunauyğunsuzluq olmamışdır. Lakin Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsində göstərilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. (Azərbaycan Respublikası MPM-nin 355-25.1. 355-25.2. 355-25.3-cü maddələri) Məhkəmə sadalanan hüquq normaları ilə ərizəni müqayisəli şəkildə təhlil edərək hesab edir ki, barışıq sazişinin təmin edilməsi üçün şərtlər mövcuddur. Çünki maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmiş və sazişlə müəyyən edilmiş müddət keçmişdir. Digər tərəfdən barışıq sazişinin təsdiq edilməsindən imtina üçün əsaslar yoxdur. Belə ki, barışıq sazişi qanuna zidd deyildir, habelə barışıq sazişi üçüncü şəxslərin hüquqlarına toxunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli və barışıq sazişin təsdiq edilməsi barədə qətnamə çıxarılmalıdır. MPM-in 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Hazırki barışıq sazişinin təsdiq olunması barədə qətnamə alimentin tutulması ilə bağlı olduğundan qətnamə dərhal icra olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-23.1, 355-25.1, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış Maraqlı şəxs övladları xx.xx.2020-ci il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ayın 01-dən 10-dək 2 uşağa görə qazancının və başqa gəlirlərinin üçdə bir hissəsini ödəyəcəyi barədə xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar