Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2316/2023 16.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Əli oğlunun sədrliyi, Bayramova Zöhrə Oktay qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Mikayıl Rəhimov küçəsi, 31A nömrəli evdən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşayış sahəsindən istifadə hüququna 4000 (dörd min) manat kompensasiya məbləği ödənilməklə xitam verilməsinə və digər Cavabdeh3 isə kompensasiya ödənilməməklə, hər üçünün evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 yerləşən ev DƏDRX-nin xx.xx.2021-ci il tarixli ********** saylı Çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Həmin evdə daimi olaraq o, ailəsi ilə birlikdə yaşayır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun qardaşı uşaqları, Cavabdeh3 isə onların anası olmaqla qardaşının nikahdan ayrılmış arvadıdır. X1 xx.xx.2022-ci ildə vəfat etmişdir. Ev köhnə və şəraitsiz ev olmaqla cəmi 197 kv.m torpaq sahəsində yerləşir, 1 otaqdan ibarətdir. xx.xx.2021-ci il tarixli 01/1561 saylı arayışa əsasən evin bazar qiyməti 15 min manat təşkil edir. Evə isə həmin pulu verən yoxdur. Real olaraq 10 min manat təklif edirlər. Cavabdehlər mülkün “A” literli yaşayış sahəsinin 3 otağından istifadə edirlər. O, isə ailə üzvləri ilə birlikdə “B” literli qeyriyaşayış sahəsindən istifadə edir. Cavabdehlər onun mülkiyyət hüququnu pozur və onun mülkündən istifadə və sahiblik hüquqlarını məhdudlaşdırır. Evin heç bir kommunal şəraiti yoxdur, hamam yoxdur, tualet isə həyətdədir. Mətbəx olmadığı üçün yeməyi bayırda açıq havada bişirirlər. Qablar da, bayırda yuyulur. Evlər ciy kərpicdəndir. Dam örtüyü tam köhnəlib, damır. Cavabdehlərlə öz aralarında razılığa gələ bilmirlər. Ona görə də, o, məcbur olub onlara kompensasiya ödənilməklə evdən çıxarılmalarını tələb etmişdir. Cavabdehlərdən Zabit və Aysel həmin evdə rəsmi qeydiyyatdadırlar. Ona görə də, onların istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsini zəruri hesab etmişdir. Digər cavabdeh Zəminənin isə həmin evin yaşayış sahəsindən istifadə hüququ rəsmiləşmədiyinə görə, o, kompensasiya ödənilmədən evdən çıxarılmalıdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan evdən köçürülməsi və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün 4000 (dörd min) manat pul təklif etmişdir. Hesab edir ki, təklif etdiyi həmin məbləğ onların xeyli müddət kirayədə yaşaması üçün yetərli məbləğdir. Çünki yuxarıda qeyd etdiyi evin yaşayış və kommunal şəraiti çox bərbatdır. Gəncə şəhərində onun evinin yerləşdiyi ərazidə həmin şəraitli kirayə evlərinin dəyəri 50-70 manatdır. Bu hesabla ödədiyi 4000 (dörd min) manat kompensasiya məbləği, cavabdehlərin eyni şəraiti olan həyət evlərində 5 il müddətində yaşaması üçün tam yetərlidir. Cavabdeh2 hazırda nişanlı olmaqla ailə qurub ər evinə köçmək ərəfəsindədir. Belə olan halda onun kirayədə yaşaması zərurəti aradan qalxır. Göstərilənlərə əsasən, mülkiyyətində olan Gəncə şəhəri, Mikayıl Rəhimov küçəsi, 31A nömrəli evdən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşayış sahəsindən istifadə hüququna 4000 (dörd min) manat kompensasiya məbləği ödənilməklə xitam verilməsinə və digər Cavabdeh3 isə kompensasiya ödənilməməklə, hər üçünün evdən çıxarılmasına dair qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən ev iddiaçı tərəfindən qanunsuz olaraq mülkiyyətinə keçirilərək DƏDRXnin xx.xx.2021-ci il tarixli ********** saylı Çıxarış alınmışdır. Həmin mənzil iddiaçının mülkiyyətinə keçərkən onların, o cümlədən iddiaçının qardaşı olan onun mərhum atasının hüquqları pozulmuşdur. Onun başqa yerdə yaşamaq hüququ yoxdur. Onun mübahisəli mənzildən istifadə hüququ vardır. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək bildirmişdir ki, ünvan 1 yerləşən ev iddiaçı tərəfindən qanunsuz olaraq mülkiyyətinə keçirilərək DƏDRX-nin xx.xx.2021-ci il tarixli ********** saylı Çıxarış almışdır. Həmin mənzil iddiaçının mülkiyyətinə keçərkən onların, o cümlədən iddiaçının qardaşı olan onun mərhum əmisinin hüquqları pozulmuşdur. Onun başqa yerdə yaşamaq hüququ yoxdur. 4000 manat məbləğində pulla digər yaşayış sahəsi əldə etmək mümkün deyildir. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən ev iddiaçı tərəfindən qanunsuz olaraq mülkiyyətinə keçirilərək DƏDRX-nin xx.xx.2021-ci il tarixli ********** saylı Çıxarış almışdır. Həmin mənzil iddianın mülkiyyətinə keçərkən onların, o cümlədən iddiaçının qardaşı olan onun mərhum atasının hüquqları pozulmuşdur. Onun başqa yerdə yaşamaq hüququ yoxdur. 4000 manat məbləğində pulla digər yaşayış sahəsi əldə etmək mümkün deyildir. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasında iştirak etmədiyindən, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Gəncə şəhəri, Mikayil Rəhimov küçəsi, ev 31A saylı ümumi sahəsi 57.9 kv.m olan 0.0197 ha torpaq sahəsində yerləşən ev tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan DİN-in yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, ünvan 1 ünvanda Cavabdeh2, X2, X3, X4, Cavabdeh1, X5, İddiaçı, X8 və X6 qeydiyyatdadır. İş materiallarında olan fotoşəkillərdən görünür ki, mübahisəli yaşayış sahəsi təmirsiz vəziyyətdədir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Gəncə şəhəri, Mikayıl Rəhimov küçəsi, 31A yerləşən ümumi sahəsi 57.9 kv.m olan 0.0197 ha torpaq sahəsində yerləşən ev tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 isə bildirmişdir ki, təklif olunan kompensasiya məbləği ilə razı deyillər. Məhkəmə ilkin olaraq iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüquqa malik olub-olmaması ilə bağlı qeyd edir ki, İddiaçı mübahisəli evin mülkiyyətçisi olduğundan, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 isə mübahisəli evdə istifadə hüququna malik olduğundan, iddiaçı mübahisəli evin mülkiyyətçisi kimi, kompensasiya ödənilməklə həmin evdən istifadə hüququna malik olan cavabdehlərin istifadə hüquqlarına xitam verilməsini tələb etməkdə subyektiv hüquqa malikdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hesab edir ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Bundan başqa, cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə həmin Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikasının qanunvericiliyinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, mülkiyyətçinin (iddiaçının) iradəsinin ziddinə olaraq cavabdehin mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun saxlanılmasının davam etməsi iddiaçının həmin evə olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir. Məhkəmə istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiyanın miqdarını araşdıraraq hesab edir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu yaşayış sahəsinin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Məhkəmə ilk növbədə iddia tələbinin Cavabdeh3 evdən çıxarılması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tələbində Cavabdeh3 mübahisəli mənzildə istifadə hüququnun olmadığını qeyd edərək evdən çıxarılmasını tələb etmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh3 qeydiyyatda mübahisəli mənzildə olmasa da, ailə qurduqdan sonra mübahisəli mənzilə köçmüş və orada yaşamış və uşaqları da, həmin mənzildə dünyaya gəlmişdir. Bu baxımdan iddiaçının həmin mənzildən istifadə hüququ vardır. Odur ki, iddia tələbi Cavabdeh3 evdən çıxarılması hissəsində təmin edilməməlidir. Həmçinin məhkəmə araşdırması zamanı tərəflərin, o cümlədən cavabdehlərin özlərinin izahatı ilə müəyyən olunmuşdur ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixdə ailə həyatı quraraq yaşamaq üçün başqa ünvana köçmüşdür. Məhkəmə iddia tələbinin Cavabdeh2 4000 manat kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və evdən çıxarılması hissəsi ilə bağlı qeyd edir ki, Cavabdeh2 daimi yaşamaq üçün başqa ünvana köçdüyündən və hazırda mübahisəli mənzildə yaşamadığından həmin hissədə də, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh1 4000 manat kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və evdən çıxarılması hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Cavabdeh1 təklif olunan kompensasiya məbləği onun davamlı surətdə və müəyyən müddət daxilində həmin yaşayış sahəsinə oxşar digər yaşayış sahəsində yaşamağa imkan verməlidir. Məhkəmə hesab edir ki, təklif olunan kompensasiya məbləği Cavabdeh1 uzun müddət başqa yaşayış sahəsində kirayəçi kimi yaşamasına imkan verir. Məhkəmə, həmçinin nəzərə alır ki, iddiaçı ilə Cavabdeh1 arasında mövcud olan münaqişəli vəziyyət bir tərəfdən tərəflərin yaşayış sahəsindən birgə istifadəsini qeyrimümkün edir, digər tərəfdən mülkiyyətçinin öz əmlakından istədiyi kimi istifadə etmək hüquqlarını əsassız məhdudlaşdırır. Belə bir vəziyyətdə tərəflərin gələcəkdə eyni yaşayış sahəsində yaşaması onların arasındakı mübahisənin daha da dərinləşməsinə səbəb ola bilər. Yuxarıda sadalanan maddi hüquq normalarını və həmin normaların mahiyyətindən irəli gələn tələbləri işin müəyyən edilmiş hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif edilən kompensasiyanın məbləği ağlabatan və ədalətli hesab edilməklə Cavabdeh1 uzun müddət ərzində başqa yerdə mübahisəli yaşayış sahəsində ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamağa imkan verdiyindən, iddia həmin hissədə təmin edilməli, İddiaçı tərəfindən 4000 manat kompensasiya verilməklə Cavabdeh1 ünvan 1 nömrəli, ümumi sahəsi 57.9 kv.m olan 0.0197 ha torpaq sahəsində yerləşən evdən istifadə hüququna xitam verilməli və o, həmin mənzildən çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddianın verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun 33 manatı Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı tərəfindən 4000 (dörd min) manat kompensasiya verilməklə Cavabdeh1 Gəncə şəhəri, Mikayıl Rəhimov küçəsi, 31A nömrəli evdən istifadə hüququna xitam verilsin. Cavabdeh1 ödənilmiş dövlət rüsumunun əvəzi kimi 33 manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-2316/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2316/2023
16.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver