Məhkəmə qərarları › İş №2(125)-2331/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2331/2024

19.03.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2331/2024 19.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçinin iştirakı ilə, Ərizəçi – mediasiya prosesində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi (Maraqlı şəxs) xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli MŞG/MTO33/2024-00058 nömrəli barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 2024-cü ilin fevral ayının 15-dən başlayaraq hər ayın 15-dən 20-nə kimi hər uşaq üçün 250 (iki yüz əlli) manat, cəmi 500 (beş yüz) manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə Ərizəçi ilə Maraqlı şəxs nikahlarını xx.xx.2017-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsində 1615 nömrəli akt qeydi ilə rəsmiləşdirmişlər. Nikahdan iki uşaq – xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 doğulmuşdur. Uşaqlar hazırda ərizəçinin yanındadır. Ərizəçi məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, maraqlı şəxslə 17 avqust 2017-ci il tarixdə nikahları qeydə alınaraq ailə qurmuşlar. Birgə nikahdan Əlixan və Davud adlı övladları doğulmuşdur. Xasiyyətlərinin tutuşmaması nəticəsində maraqlı şəxs ümumiyyətlə övladlarına baxmaqdan imtina etmişdir. Maraqlı şəxs dəfələrlə xahiş etmişdir ki, ailələrində problemlər olmaması, uşaqlarının hüquqlarının bərpa edilməsi üçün onların saxlanılması üçün pul ayırsın və yaxud ən azı uşaqları maddi və mənəvi təmin etmək üçün əlindən gələni etsin. Təəssüf ki, xahiş etməsinə baxmayaraq maraqlı şəxs, uşaqların saxlanılması üçün ərizəçiyə maddi və mənəvi köməklik göstərməmişdir. Uşaqların saxlanılması hər bir valideynin borcu və vəzifəsidir. Ərizəçi, təkbaşına övladlarının saxlanılmasında maddi olaraq əziyyət çəkir, uşaqları daha yaxşı həyat yaşamağa layiqdir. Onlar ərizəçiyə bağlıdır, ərizəçi isə bir ana olaraq onların yaxşı yaşaması üçün çalışır. Maraqlı şəxs övladları ilə bağlı maraqlanmır, nəinki maddi, mənəvi dəstək belə göstərmir. Uşaqların saxlanılması üçün nəzərdə tutulmuş maddi təminatı ərizəçinin atası verir. Halbuki, atası yox, cavabdeh uşaqların atası olduğu üçün uşaqlarına baxmalıdır. Bununla bağlı məcbur olub Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq, mediasiya təşkilatına müraciət etmiş və nəticədə Maraqlı şəxs ilə aralarında barışıq sazişi bağlanmışdır. Qeyd edilən barışıq sazişinin olmasına baxmayaraq, Maraqlı şəxs bu günə qədər, yəni 04 mart 2024-cü il tarixədək uşaqları üçün nəzərdə tutulmuş alimenti ödəmir. Ərizəçi maraqlı şəxsdən alimenti ödəməyi tələb etsə belə, o, maddi imkanının olmamasını qeyd edir. Halbuki Maraqlı şəxs işləyir və qazancı, rəsmi iş yeri var, o, barışıq sazişini icra etməyərək alimenti ödəməkdən yayınır, ərizəçi işsizdir, bu səbəbdən uşaqlarını saxlamaqda maliyyə çətinlikləri ilə qarşılaşaraq məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, hazırda ata evindədir, 2 aydır ki, maraqlı şəxslə faktiki ayrılmışlar, maraqlı şəxs uşaqlarla maraqlanmır, ona görə də mediasiya prosesində maraqlı şəxslə onun arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq həmin tələb ilə razı olduğunu, iddianı qəbul etdiyini və işə onun iştirakı olamdan baxıb, ərizənin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə, maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, ərizəni və işin faktiki hallarını araşdırıb və işdə olan yazılı sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli MŞG/MTO33/2024-00058 nömrəli barışıq sazişindən müəyyən edilir ki, tərəflər arasındakı razılaşmaya əsasən birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 18 yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 250 (iki yüz əlli) manat olmaqla, ümumilikdə cəmi 500 (beş yüz) manat olmaqla, 2024-cü ilin fevral ayının 15-dən başlayaraq hər ayın 15-dən 20-nə kimi olan tarixdə ata Maraqlı şəxs tərəfindən Ərizəçi adına olan bank kartı hesabına ödənilməsinə dair tərəflər qarşılıqlı razılaşma əldə etmişlər. Həmçinin, barışıq sazişinin 2-ci bəndində qeyd edilmişdir ki, “Hal-hazırda Ərizəçi və Maraqlı şəxs xx.xx.2024-cü ildə keçirilən TMS-ı zamanı gələcəkdə bir-birlərinə qarşı heç bir tələb və iddialarının olmayacaqlarına dair razılıq əldə etdilər.”. “Mediasiya haqqında” qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. MPM-in 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən Maraqlı şəxs birgə nikahdan doğulmuş iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimenti ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, sazişin imzalandığı vaxtdan keçən müddət ərzində aliment öhdəliyini könüllü icra etmədiyindən, eləcə də barışıq sazişinin bu hissəsinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-in 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ərizəçi barışıq sazişinin məcburi icra olunması üçün onun təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bundan başqa, ərizəçi ərizəsində xx.xx.2024-cü il tarixli MŞG/MTO33/2024-00058 nömrəli barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Halbuki, “Mediasiya haqqında” Qanunun 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Qanunun 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. MPM-in 355-26-cı maddəsinin tələblərinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə qeyd edir ki, ərizəçi ilə maraqlı şəxs arasında olan həmin xx.xx.2024-cü il tarixli barışıq sazişinin 2-ci hissəsi, yəni “Hal-hazırda Ərizəçi və Maraqlı şəxs xx.xx.2024cü ildə keçirilən TMS-ı zamanı gələcəkdə bir-birlərinə qarşı heç bir tələb və iddialarının olmayacaqlarına dair razılıq əldə etdilər.” məzmunlu hissəsi qanunaziddir. Ona görə ki, hər hansı şəxsin qeyri-müəyyən dairədə tələblərinin əvvəlcədən məhdudlaşdırılması yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin birinci və ikinci hissələrinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Həmçinin, MPM-in 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Buna görə də qeyd edilən barışıq sazişi həmin hissədə təsdiq edilə bilməz. Əlavə olaraq qeyd edilməlidir ki, sazişin təsdiq edilməyən hissəsinin təsdiq edilən hissədən ayrılması mümkündür. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş qanunazidd olmayan hissədə məhkəmə tərəfindən təsdiq edilməlidir. Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli MŞG/MTO33/2024-00058 nömrəli barışıq sazişi aşağıda göstərilən hissədə, yəni: “Ərizəçi və Maraqlı şəxs aralarında birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 18 yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 250 (iki yüz əlli) manat olmaqla, ümumilikdə cəmi 500 (beş yüz) manat olmaqla, 2024-cü ilin fevral ayının 15-dən başlayaraq hər ayın 15-dən 20-nə kimi olan tarixdə ata Maraqlı şəxs tərəfindən ana Ərizəçi adına olan bank kartı hesabına ödənilməsinə dair tərəflər qarşılıqlı razılaşma əldə etdilər.” hissəsində təsdiq edilməli, qalan hissədə isə təsdiq edilməməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli MŞG/MTO33/2024-00058 nömrəli barışıq sazişi alimentə dair hissədə aşağıdakı məzmunda təsdiq edilsin: “Ərizəçi və Maraqlı şəxs aralarında birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 18 yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 250 (iki yüz əlli) manat olmaqla, ümumilikdə cəmi 500 (beş yüz) manat olmaqla, 2024-cü ilin fevral ayının 15-dən başlayaraq hər ayın 15-dən 20-nə kimi olan tarixdə ata Maraqlı şəxs tərəfindən ana Ərizəçi adına olan bank kartı hesabına ödənilməsinə dair tərəflər qarşılıqlı razılaşma əldə etdilər”. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar