Məhkəmə qərarları › İş №2(125)-2377/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2377/2024

20.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2377/2024 20.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Şakir oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində əsassız hesablanmış 532,80 (beş yüz otuz iki manat səksən qəpik) manat borc məbləğinin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X1 tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli akta əsasən müəyyən edilmişdir ki, hazırda yaşadığı Gəncə şəhəri, Zülfüqar Məmmədov küçəsi, 35 nömrəli evdə sayğacsız və uçotsuz qazdan istifadə olunmuş və həmin aktın əsasında 532,80 manat dəymiş ziyan hesablanmışdır. Halbuki, sayğac X4 əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixdə onun evinə köhnəsi dəyişdirilərək, yeni qaz sayğacı quraşdırılmışdır. Birliyin əməkdaşları heç bir xəbərdarlıq edilmədən onun və ya digər şəxslərin iştirakı olmadan dəyişdirilərək yenisi ilə əvəz edilmişdir. Əvvəlki sayğacın hansı səbəbdən dəyişdirilməsi, müayinə olunması üçün laboratoriyaya göndərilməsi və yeni sayğacın dəyərinin onun tərəfindən ödənilməsi barədə ona hər hansı bir məlumat verilməmişdir. Sayğac həyətdən kənarda ümumi istifadədə olan məhəllədə yerləşdiyindən ev sahibi olaraq onun sayğacın təhlükəsizliyini təmin etməsi faktiki olaraq mümkün deyildir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək, əlavə olaraq izahatında bildirdi ki, yeni qaydada Gəncə şəhəri, Zülfüqar Məmmədov küçəsi, 23 nömrəli fərdi yaşayış evində (köhnə qaydada Gəncə şəhəri, X3 küçəsi, ev 35) qaz xətti olsa da, sayğac olmamışdır. Daha sonra cavabdeh olan orqanın əməkdaşlarına müraciət etmiş, sayğac quraşdırılmış və sayğac quraşdırıldıqdan sonra ona əsassız olaraq, 532,80 manat məbləğində cərimə yazmışlar. Onun tərəfindən təbii qazdan sayğacdan kənar istifadə edilməmişdir. Belə olduğu halda Cavabdeh əməkdaşları onu əsassız yerə cərimə etmişlər. Eyni zamanda Cavabdeh əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt tərtib edilərkən onun iştirakı təmin edilməmişdir. Onun heç bir təqsiri və günahı olmadığı halda 532,80 manat məbləğində cərimənin yazılması absurddur. Həmçinin, cavabdeh orqan ona qarşı istifadə edilmiş təbii qazın dəyərinin,532,80 manatın ödənilməsi tələbinə dair iddia qaldırmış, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2659/2019 nömrəli, 04 dekabr 2019-cu il tarixli qətnaməsinə əsasən iddia rədd edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1781/2020 nömrəli, 04 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilməmiş və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2659/2019 nömrəli, 04 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; 27 fevral 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********80-10301 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Gəncə şəhəri, X3 küçəsi, ev 35 (yeni qaydalarla ünvan 1 ünvanı tam pay olmaqla, İddiaçı xüsusi mülkiyyətindədir. “Dəymiş ziyanın bərpasına dair” 26 aprel 2019-cu il tarixli tələbnamənin surətindən görünür ki, fərdi evdə (müəssisədə, istixanada) “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. Qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün, QSSQ (80 litr) maksimal saatlıq qaz sərfi 0,8 m3/saat, orta günlük iş rejimi 10 saat və hesabat müddəti 180 gün, radiator sobasının maksimal saatlıq qaz sərfi 0,8 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması 0,8x6x180=864 m3; 0,8x10x180=1440 m3; 0,8x18x180=2592 m3. Fotoşəkillərdən görünür ki, iddiaçıya məxsus qaz sayğacı onun evinin həyət divarına bitişik, küçədə quraşdırılmışdır **********00350 nömrəli abonent saldosundan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi evində yaşayan istehlakçı İddiaçı təbii qazdan istifadə qaydalarının pozulmasına görə tərtib edilən aktla bağlı 532,80 manat borc yazılmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Gəncə RQİİ-nin, İSQNŞ-nin rəisi Süleymanov E, böyük mühəndislər Ələkbərov V, Hüseynov V, Şükürov M, Bəxtiyarov X iştirakı ilə akt tərtib edilmişdir ondan ötrü ki, istehlakçıya məxsus qeyri yaşayış sahəsində xx.xx.2019-cu il tarixində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və aşağıdakılar müəyyən olunmuşdur: sayğacsız, uçotsuz qazdan istifadə olunmuşdur. Birləşmə, qaynaqla ləğv edilməsi, itirilmiş qazın həcminin hesablanması, dəyərinin ödənilməsi tələb edilmişdir. Həmin aktda isə istehlakçı İddiaçı aktı imzalamaqdan imtina etdiyi qeyd edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2659/2019 nömrəli, 04 dekabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qızına qarşı istifadə edilmiş təbii qazın dəyərinin, 532,80 manatın ödənilməsi tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1781/2020 nömrəli, 04 iyun 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2659/2019 nömrəli, 04 dekabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəsini aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 3.1.5-ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimləsi barədə” 28 noyabr 2016-cı il tarixli, 18 nömrəli qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 4.1.1-ci sətrində əhali kateqoriyasına aid istehlakçılar üçün illik istehlak həcmi, yəni təbii qazın bir təqvim ili ərzində istehlak həcmi 1700 m3-dək (1700 m3 daxil) olan hissəsi üçün dəyəri 100,0, (ƏDV ilə, manat/min m3), 4.1.2-ci sətirində 1700 m3-dən çox olan hissəsi üçün dəyəri 200,0 (ƏDV ilə, manat/min m3) müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər İddiaçı məxsus olan yeni qaydada Gəncə şəhəri, Zülfüqar Məmmədov küçəsi, 23 (köhnə qaydada Gəncə şəhəri, X3 küçəsi, ev 35) ünvanında sayğacsız və uçotsuz qazdan istifadə olunması ilə əlaqədar Cavabdeh əməkdaşları tərəfindən ona cərimə yazılmasını mübahisələndirilmiş və hesab edilmişdir ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktı tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdeh nümayəndəsi isə məhkəmə iclasında iştirak etmədiyindən iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, Cavabdeh istehlakçı olan iddiaçıya məxsus ünvanda sayğacsız və uçotsuz qazdan istifadə olunması ilə əlaqədar borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçının sayğacdan kənar təbii qazdan istifadə etməsi faktı ilə əsaslandırır. Cavabdehin abonentə borc hesablaması üçün abonentin təqsiri üzündən təbii qazdan qanunsuz istifadə faktını sübuta yetirməsi lazımdır. Lakin, iş materiallarından da müəyyən olunur ki, cavabdeh istehlakçı olan iddiaçının sayğacdan kənar təbii qazdan istifadə etməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Aparılmış yoxlama nəticəsində iddiaçının qazdan sayğacsız və uçotsuz istifadə etdiyi müəyyən edilmiş və xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Lakin həmin akt qanunla nəzərdə tutulan qaydada tərtib olunmamış, bununla aktın qanuniliyi və onda qeyd edilən xüsusatların həqiqiliyi şübhə yaratmışdır. Eyni zamanda Cavabdeh əməkdaşları tərəfindən yeni qaydada Gəncə şəhəri, Zülfüqar Məmmədov küçəsi, 23 (köhnə qaydada Gəncə şəhəri, X3 küçəsi, ev 35) ünvanında yoxlanılma aparılan zaman İddiaçı iştirakı təmin olunmamış, hal şahidləri baxışın keçirilməsinə cəlb edilməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 532,80 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacdan kənar təbii qazdan istifadə edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Cavabdeh tərəfindən tərtib edilmiş aktda göstərilən qüsur cavabdehə əsas vermir ki, iddiaçının sayğacdan kənar təbii qazdan istifadə etdiyini güman edərək sonuncuya əlavə sərfiyyat hesablasın. Məhkəmə həmçinin qeyd edir, ki, Cavabdeh İddiaçı qarşı istifadə edilmiş təbii qazın dəyərinin, 532,80 manatın ödənilməsi tələbinə dair iddia qaldırmış, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2659/2019 nömrəli, 04 dekabr 2019-cu il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1781/2020 nömrəli, 04 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilməmiş və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2659/2019 nömrəli, 04 dekabr 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Başqa sözlə, İddiaçı sayğacdan kənar təbii qazdan istifadə etməsi faktı sübut olunmadığından Cavabdeh tərəfindən İddiaçı 532,80 (beş yüz otuz iki manat səksən qəpik) manat borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. Bu baxımdan məhkəmə iddiaçının iddia tələbində qeyd etdiyi dəlilləri əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki,cavabdeh tərəfindən tutarlı əsas gətirilmədən və faktiki olaraq cavabdehin işçilərinin lazımi dəqiqləşmə aparılmaması nəticəsində əsassız 532,80 (beş yüz otuz iki manat səksən qəpik) manat borc hesablanmışdır. Cavabdeh tərəfindən borcun yaranması kifayətedici aydınlıqla sübut edilə bilinməmiş və hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Buna görə məhkəmə, iddiaçının tələbini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edə bilmədiyindən Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 532,80 (beş yüz otuz iki manat səksən qəpik) manat borc qanunsuz hesablanmış olduğuna görə silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Yeni qaydada - Gəncə şəhəri, Zülfüqar Məmmədov küçəsi, 23 (köhnə qaydada Gəncə şəhəri, X3 küçəsi, ev 35) ünvanında yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə qaydalarının pozulmasına görə xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt əsasında İddiaçı (abonent kodu **********00350) Cavabdeh tərəfindən hesablanmış 532,80 (beş yüz otuz iki manat səksən qəpik) manat məbləğində borc silinsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar