Məhkəmə qərarları › İş №2(125)-240/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-240/2023

27.04.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-240/2023 27.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya ödəməklə cavabdehlərin uşağı ilə birlikdə iddiaçının evində olan istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya ödəməklə cavabdehlərin uşağı ilə birlikdə iddiaçının evində olan istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və uşağı X2 9000 (doqquz min) manat kompensasiya ödəməklə, cavabdehlərin uşağı ilə birlikdə İddiaçı mülkiyyətində olan ünvan 1-dan istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə vasitəsilə “iddia tələbinin həcminin artırılması” barədə ərizə verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 11000 (on bir min) manat kompensasiya verməklə xüsusi mülkiyyətində olan ünvan 1-dan istifadə hüququna xitam verilməsi və onların uşaqları İbrahim ilə birlikdə həmin mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Məhrəsə bağı, ev 16-da yerləşən 30 saylı mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Mənzil 3 yaşayış otağından, hamamdan və dəhlizdən, ayaq yolundan ibarətdir. Cavabdeh1 onun oğlu, Cavabdeh2 isə gəlinidir. X5 isə nəvəsidir. Cavabdehlər Cavabdeh1 və gəlin Cavabdeh2 onu yaşadıqları mənzildə yola vermirlər və tez-tez aralarında söz-söhbət, narazılıq olduğu üçün dəfələrlə polisə müraciət etmişdir. Hazırda həmin mənzildə birgə yaşamaqları qeyri-mümkündür. Odur ki, o, hüquqları pozulduğundan kompensasiya verməklə cavabdehlərin ona məxsus Gəncə şəhəri, Məhrəsə bağı, ev 16-da yerləşən 30 saylı mənzildə olan istifadə hüquqlarına məhkəmə yolu ilə xitam verilməsini istəyir. Cavabdehlər Cavabdeh1 və gəlin-Cavabdeh2 yaşayış binasının tərkib hissəsindən istifadə hüquqlarına xitam verilməsini istəmirlər və notariat qaydasında razılaşma vermirlər. O, özünün hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməsi üçün 9000 (doqquz min) manat pul verir və belə hesab edir ki, bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradar. İddia ərizəsinə əlavə etdiyi Gəncə şəhəri Əmlak Münasibətləri və Hüquqi yardım MMC-nin xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin bazar qiyməti hazırda təxminən 42000-45000 manat, həmin şəraitdə olan boş evlərin aylıq kirayə haqqının isə məbləği isə təxminən 100-120 manat təşkil edir. Məhkəmə iclasında iddia İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, iddiaçı doğma atası, digər cavabdeh isə arvadıdır. O, mübahisəli evdə uşaq vaxtından hal-hazıra kimi yaşayır. Arvadı Aytən mübahisəli evə 2016-cı ildə gəlin köçmüşdür. Mübahisəli ev həmin vaxt dövlət mülkiyyətində olmuş və onun razılığı ilə 2020-ci ildə atası Ələsgərin adına keçmişdir. Onun himayəsində xx.xx.2019-cu il təvəllüdlü İbrahim adlı bir azyaşlı uşağı vardır. Mübahisəli evin bazar qiyməti 60000-70000 manat təşkil edir. 2018-ci ildə o, evi təmir etdirmişdir. İddiaçı ona 30000 manat kompensasiya verərsə, hazırki mübahisənin həllində onunla razılaşar. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli, **********29-05101-093054 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakı Dövlət Reyestrindən Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanı tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1946-cı il təvəllüdlü İddiaçı, xx.xx.1998-ci il təvəllüdlü X3, xx.xx.2000-ci il təvəllüdlü X1 şəhəri, Məhrəsə bağı massivi, ev 16, mənzil 30 ünvanında qeydiyyatdadırlar. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-194/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh2 Aydın qızı, Cavabdeh1 və X2 qarşı istifadə hüququna kompensasiya ilə xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair ilkin iddianın rədd edilməsi, Cavabdeh1 İddiaçı qarşı evin mülkiyyət hüququnun ona verilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2149/2021 nömrəli, 16 iyun 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-194/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aid – İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Aydın qızına və X2 qarşı istifadə hüququna kompensasiya ilə xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair ilkin iddiasının rədd edilməsi-hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1946-cı il təvəllüdlü İddiaçı, xx.xx.2000-ci il təvəllüdlü X1 şəhəri, Məhrəsə bağı massivi, ev 16, mənzil 30 ünvanında qeydiyyatdadırlar. AZ-İİ seriyalı, 261111 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X8 arasında nikah 16 mart 2018-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 16 mart 2018-ci il tarixdə 609 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Ələkbərov”, arvada “Ələkbərova” soyadı verilmişdir. AZ-İV seriyalı, 392207 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə ailə münasibətlərindən 25 dekabr 2019-cu il təvəllüdlü X5 doğulmuşdur. Valideynləri atası – Cavabdeh1, anası – Cavabdeh2dır. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1596/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya ödəməklə cavabdehlərin uşağı ilə birlikdə iddiaçının evində olan istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması” tələbinə dair mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq (müstəqil qiymətləndiricinin) ekspertizası təyin edilməsi qərara alınmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 16 mart 2023-cü il tarixli, 01/23-055 nömrəli rəyindən görünür ki, İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilin bazar qiyməti 70000 (yetmiş min) manat, aylıq icarə haqqı isə 320 (üç yüz iyirmi) manat təşkil edir. Ekspertizanın keçirilməsi üçün müəyyən edilən 400 (dörd yüz) manat xidmət haqqı İddiaçı tərəfindən ödənilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, ünvan 1 ünvanı ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli, **********29-05101-093054 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakı Dövlət Reyestrindən Çıxarışa əsasən tam pay olaraq İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh1 İddiaçı oğlu, digər Cavabdeh2 isə iddiaçının gəlinidir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 rəsmi olaraq nikaha daxil olmuş, onların birgə ailə münasibətlərindən İbrahim Ələkbərov adlı uşaqları dünyaya gəlmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 uşaqları ilə birlikdə mübahisəli evdə iddiaçı ilə birlikdə yaşayırlar. Cavabdehlər ilə aralarında olan münaqişələr səbəbindən, iddiaçı cavabdehlərin yaşayış sahəsindən olan istifadə hüququna kompensasiya verilmək yolu ilə xitam verilməsini istəyir. İddiaçı yaşayış sahəsində istifadə hüququna xitam verilməsi müqabilində, cavabdehlərə 11000 manat kompensasiya təklif edir. Hesab edir ki, bu məbləğ cavabdehlərin ünvan 1 ünvanına olan tələbatının müəyyən müddət daxilində və davamlı olaraq təmin etmək baxımından yetərli məbləğdir. Cavabdeh1 iddia tələbini qəbul etməyərək, onun himayəsində azyaşlı uşağının olduğunu, hazırda yaşadığı mənzilə uyğun şəraitə malik olan mənzildə kirayəçi kimi yaşaması üçün iddiaçının ona 30000 manat kompensasiya verəcəyi təqdirdə onunla razılaşacağını bildirərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Digər Cavabdeh2 məhkəmə iclasında iştirak etmədiyindən onun iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Məhkəmə mövcud olmayan hüquqa xitam verilməsinin mümkün olmamasını və hüquqa xitam verilməsi üçün əvvəlcə hüququn əmələ gəlməsinin zəruriliyini nəzərə alaraq, qeyd edir ki, cavabdehlərin iddiaçıya məxsus mənzildən istifadə hüququna xitam verilməsi məsələsi həll edilərkən, cavabdehlərin həmin mənzildən istifadə hüququnun yaranıbyaranmaması araşdırılmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə mübahisəli mənzildə istifadə hüququna malik olduqlarından, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi kimi, kompensasiya ödənilməklə həmin mənzildən istifadə hüququna malik olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüququna xitam verilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hesab edir ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Bundan başqa, cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə həmin Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikasının qanunvericiliyinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, mülkiyyətçinin (iddiaçının) iradəsinin ziddinə olaraq cavabdehin mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun saxlanılmasının davam etməsi iddiaçının həmin evə olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir. Məhkəmə istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiyanın miqdarını araşdıraraq hesab edir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu yaşayış sahəsinin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. İşin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli yaşayış sahəsində İddiaçı ilə yanaşı digər şəxslərin də istifadə hüquqları mövcuddur. Digər tərəfdən, cavabdehlərə təklif olunan kompensasiya məbləği onların davamlı surətdə və müəyyən müddət daxilində həmin yaşayış sahəsinə oxşar digər yaşayış sahəsində yaşamağa imkan verməlidir. Yuxarıda qeyd olunan ekspert rəyinə əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzillə eyni şəraitli və eyni ərazidə yerləşən mənzillərin aylıq kirayə haqqı 320 (üç yüz iyirmi) manatdan hesablandıqda təklif olunan kompensasiya məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təxminən 3 (üç) il ərzində başqa yaşayış sahəsində kirayəçi kimi yaşamağa imkan verir. Məhkəmə, həmçinin nəzərə alır ki, tərəflər arasında mövcud olan münaqişəli vəziyyət bir tərəfdən tərəflərin yaşayış sahəsindən birgə istifadəsini qeyri-mümkün edir, digər tərəfdən mülkiyyətçinin öz əmlakından istədiyi kimi istifadə etmək hüquqlarını əsassız məhdudlaşdırır. Belə bir vəziyyətdə tərəflərin gələcəkdə eyni yaşayış sahəsində yaşaması onların arasındakı mübahisənin daha da dərinləşməsinə səbəb ola bilər. Yuxarıda sadalanan maddi hüquq normalarını və həmin normaların mahiyyətindən irəli gələn tələbləri işin müəyyən edilmiş hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif edilən kompensasiyanın məbləği ağlabatan və ədalətli hesab edilməklə cavabdehlərin təxminən 3 il ərzində başqa yerdə mübahisəli yaşayış sahəsində ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamağa imkan verdiyindən, iddia təmin edilməlidir. Məhkəmə, həmçinin cavabdehlərin birgə nikahından doğulmuş İbrahim adlı azyaşlı uşağın mübahisəli mənzildən çıxarılması hissəsinə qiymət verərkən qənaətə gəlir ki, iddia həmin hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən nəzərə alır ki, xx.xx.2019-cu il təvəllüdlü İbrahim azyaşlı olmaqla məhkəmədə cavabdeh qismində çıxış edə bilmir. Lakin o, doğulduğu andan hal-hazıra kimi iddiaçının mülkiyyətində olan mübahisəli evdə yaşayır, azyaşlı olduğu üçün isə daim valideyn qayğısına və himayəsinə ehtiyacı vardır. Onun valideynlərinə kompensasiya verilməklə evdən çıxarılması qənaətinə gəlindiyindən azyaşlı İbrahimin də mübahisəli evə heç bir hüququ qalmır və o da həmin mənzildən çıxarılmalıdır. Beləliklə məhkəmənin yekun qənaətinə əsasən, İddiaçı tərəfindən cavabdehlərə 11000 (on bir min) manat məbləğində kompensasiya verilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanından istifadə hüquqlarına xitam verilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, xx.xx.2019-cu il təvəllüdlü azyaşlı uşaqları - X5 ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmalıdırlar. Hazırkı qətnamə mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma ilə kompensasiyanın ödənilməsi eyni vaxtda icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 110 (bir yüz on) manat məbləği tələb etmədiyindən onun özünə aid edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, məhkəmə-əmtəəşünaslıq (müstəqil qiymətləndiricinin) ekspertizasının keçirilməsi üçün müəyyən edilən 400 (dörd yüz) manat xidmət haqqı İddiaçı tərəfindən ödənildiyindən və iddiaçı həmin məbləği tələb etmədiyindən iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı tərəfindən cavabdehlərə 11000 (on bir min) manat məbləğində kompensasiya verilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanından istifadə hüquqlarına xitam verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, xx.xx.2019-cu il təvəllüdlü azyaşlı uşağı X5 ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılsınlar. Hazırkı qətnamə, mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma ilə kompensasiyanın ödənilməsi eyni vaxtda icra edilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 110 (bir yüz on) manat dövlət rüsumu və məhkəmə-əmtəəşünaslıq (müstəqil qiymətləndiricinin) ekspertizasının keçirilməsi üçün müəyyən edilən 400 (dörd yüz) manat xidmət haqqı İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar