Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2474/2025 21.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh Gəncə X2 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hesablanmış 4320 m2 həcmində qaz sərfiyyatının əsassız hesab edilməsi və faktiki olaraq hesablanmış 518,40 manat dəyərində məbləğin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ona məxsus olan Gəncə şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 14 nömrəli evin 7 nömrəli mənzilinə 4320 m2 həcmində qaz sərfiyyatına görə əsassız hesablanmış 518,40 manat dəyərində məbləğin silinməsinə dair qətnamə qəbul edilməsini, həmçinin cavabdehin əsl Cavabdeh ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçının ərizəsi icraata qəbul edilmiş, həmçinin cavabdeh əsl Cavabdeh ilə əvəz edilmişdir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, ünvan 1 ünvanda yerləşən mənzil daşınmaz əmlakın dövlət reyestrində **********32-05101-093034 reyestr nömrəsi ilə iddiaçının xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. Həmin mənzil üzrə abonent kodu **********00070 olmaqla, abonent kimi iddiaçının adına qeydiyyat aparılmışdır. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, Gəncə şəhərində ona məxsus evdə kiçik övladı və həyat yoldaşı ilə birgə yaşayırlar. Yaşadığı mənzili o, satın alana qədər qaz sayğacı olub və o da mənzili aldıqdan sonra abonent kimi qazdan istifadə edərək mütəmadi olaraq sərfiyyatın dəyərini ödəmişdir. Kiçik mənzildə yaşadıqları üçün qaz sərfiyyatı o qədər də yüksək olmur. Əslində isə o, Samux rayonu Qaraağaclı qəsəbəsində yerləşən "xxxx" MMC-də işlədiyi üçün həftənin altı günü Samux rayonu, Qaraağaclı qəsəbəsində yaşayan valideynlərinin yanına gedir və ailə üzvləri də onunla birgə səhər 08:00-da gedir, axşam saat 18:00-da iş vaxtı bitdiyi zaman ailə üzvləri ilə birgə Gəncə şəhərinə qayıdır, əksər günlərdə isə orada qalır. O səbəbdən də qaz sərfiyyatı aşağı olur. 2023-cü ildə cavabdeh təşkilatın əməkdaşları gəlib bildirmişlər ki, qaz sayğacının istismar müddəti bitibdir və sayğac dəyişdirilməlidir. Təbii ki, o, buna etiraz etməmiş və qanunvericiliyə uyğun olaraq köhnə sayğacın çıxarılıb yeni sayğacın quraşıdırılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixində köhnə sayğac çıxarılmış və yeni sayğac quraşdırılmışdır. Bu zaman bu barədə xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Həmin aktda çıxarılan sayğacın tipi İtron, markası G-4, zavod nömrəsi 1402AQ**********6, qırılan plombun nömrəsi 12298938, sayğacın çıxarılma səbəbi isə dövrü dövlət yoxlaması olaraq göstərilmişdir. Həmin akta baxdıqları zaman müəyyən olunur ki, quraşdırılan yeni sayğacın tipi Zenner, markası G4, nömrəsi isə **********502 olaraq qeyd edilmişdir. Bundan bir neçə ay sonra cavabdeh təşkilatın əməkdaşları ona bildirmişlər ki, guya onun tərəfdən köhnə sayğaca müdaxilə olunub, sayğac düzgün işləməyib və bu səbəbdən də ona cərimə tərtib ediləcək. Sonra cavabdeh təşkilatın əməkdaşları təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt tərtib etmişlər. İşin əsas tragikomik tərəfi də odur ki, həmin akta baxdıqları zaman müəyyən olunur ki, cavabdeh təşkilatın əməkdaşları sayğaca guya elə onun mənzilində baxış keçiriblər və müəyyən ediblər ki, guya sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Həmin aktda ona məxsus yaşayış sahəsində G 4 markalı, zavod nömrəsi 1402AQ**********6 olan sayğaca baxış keçirildiyi göstərilmişdir. Ancaq elə cavabdehin özü xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt tərtib edərək həmin aktda çıxarılan sayğacın tipini İtron, markasını G 4, nömrəsini isə 1402AQ**********6 olaraq göstərmişdir. Bundan sonra həmin akt əsasında cavabdeh təşkilatın əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması tələbnamədə də sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi göstərilmişdir və bunun əsasında ona 4320 m3 həcmində itirilmiş qaz sərfi hesablanaraq 518,40 manat dəyərində borc yazılmışdır. Gülməli tərəf də budur ki, aktda göstərildiyi kimi xx.xx.2023-cü il tarixində guya onun mənzilinə baxış keçirilib qüsur aşkar etdikləri sayğac artıq sayğac 5 ay əvvəl çıxarılıb və yeni sayğac quraşdırılıbdır. Bu da cavabdeh təşkilatın əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması ilə bağlı tərtib edilən bütün sənədlərin saxta olduğunu sübut edir. Ona yazılan 4320 m3 qaz sərfiyyatı tamamilə əsassız, heç bir əsası olmayan qanunsuz bir tədbirdir. Savadsızlıq və ya qərəzli hərəkətlər səbəbindən cavabdeh təşkilatın əməkdaşları onun barəsində həmin tədbirə əl atıblar. Tərtib olunan aktlara görə guya 90 gün ərzində itirilmiş qazın bərpası hesablanmışdır. Eyni zamanda qanunsuzluq etmişdisə və ya onun təqsiri ucbatından qaz itkisi olmuşdursa, niyə onun barəsində prokurorluğa və ya polis orqanlarına müraciət edilməyib. Qanunsuzluq olsaydı, onun barəsində prokurorluğa şikayət verilər, sayğac ekspertizaya göndərilərdi və sayğaca müdaxilə edilibedilməməsi, sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi müəyyən olunardı və elə hal baş vermişdisə, bunun onun təqsiri ucbatından baş verdiyi sübut olunmalıydı. Çünki təbii qazın, elektrik və ya istilik enerjisinin talanması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən cinayət sayılır. Ancaq nə sayğac barədə ekspertiza aparılmayıb, nə də onun barəsində prokurorluğa müraciət edilməyib. Çünki onun günahının olmaması cavabdeh təşkilatın əməkdaşlarına da yaxşı məlumdur. Cavabdeh təşkilatın əməkdaşlarının özünün ona təqdim elədiyi abonent saldosundan görünür ki, hər ay onun tərəfindən ödəniş edilmişdir. Elə bu qeyd etdikləri aktların qanunsuz tərtib edilməsinə, sərfiyyatın əsassız hesablanmasına sübutdur.T əbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli akta əsasen cavabdeh tərəfindən dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnaməni qanunsuz və əsassız hesab edərək yazılan 4320 m3 həcmində qaz sərfiyyatının əsassız hesab edilməsi ve müvafiq olaraq 518,40 manat dəyərində borcun silinməsi üçün məhkəmədə iddia qaldırmışdır. Cərimənin silinməsi ilə bağlı mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edib cavabdehə rəsmi məktub ünvanlamışdır. Cavabdeh tərəfindən müraciətinə baxılaraq xx.xx.2025- d il tarixli, 14-2-2-14/2-S1xx-xx/2025 nömrəli məktubla borcun silinməsindən imtina edilmişdir. Qanunvericilikdə tələb olunan bütün prosesləri keçdiyimə görə artıq məhkəmədə pozulmuş hüquqlarının bərpa edilməsi barədə iddia qaldırmaq hüququndan istifadə etmək qərarına gəlmişdir. Hesab edir ki, cavabdeh təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda qeyd edilən qaz sayğacına istehlakçının müdaxilə etməsini sübut etməlidir və ya sübutları məhkəməyə təqdim etməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə etdi ki, mənzil 2022-ci ilin avqust ayından bəri xüsusi mülkiyyətindədir. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən sayğac problem olduğuna görə yenilənmiş, 2023-cü ilin iyun ayında təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Sayğac üzrə ödənişlər etdikdən sonra ona məlum olmuşdur ki, etdiyi ödənişlərin 50 faizi cəriməyə silinir, bundan sonra cərimədən xəbəri olmuşdur, cərimə hesablandığı barədə cavabdeh təşkilatın əməkdaşları tərəfindən heç bir xəbərdarlıq olunmamışdır. Həmçinin sayğac mənzildən kənarda yerləşir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5-6.7). İş materiallarına əlavə edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, iddiaçının istifadəsində olan ünvan 1 ünvanına quraşdırılmış G-4 markalı, İtron tipli, 1202AQ**********6 nömrəli sayğac yeni sayğacla – G-4 markalı, Zenner tipli, **********502 nömrəli sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi isə dövri dövlət yoxlaması, sayğacın (plombun) quraşdırılma səbəbi əvəzetmə olmuşdur. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli xx.xx.2023cü il tarixli aktdan və ona əlavə edilmiş sənəddən görünür ki, istehlakçı kimi iddiaçının adı qeydə alınmış, sözügedən ünvanda quraşdırılmış G-4 markalı, İtron tipli, 1202AQ**********6 nömrəli qaz sayğacına baxış keçirilmiş, Cavabdeh İB-nin 14-2-2/3-5- 6467 nömrəli rəyinə əsasən sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi qeyd edilmiş və dəymiş ziyanın 4320 m3 hesablanaraq abonent tərəfindən ödənilməsi qərara alınmışdır. “Dəymiş ziyanın bərpasına dair tələbnamə” adlı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, sözügedən ünvan üzrə icra olunacaq tədbirlər kimi mövcud sayğacın qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Sözügedən ünvan üzrə G-4 markalı qaz sayğacının nominal qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 4x12x90=4320 m3 qaz itkisinin olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş, ünvan 3 ünvanı üzrə abonent kodu **********00070 olan abonentin saldosundan görünür ki, abonent hesabına 2023-cü ilin mart ayında 0 m3, iyul ayında 4320 m3, avqust ayında 0 m3 olmaqla, cəmi 4320 m3 sərfiyyat edilmiş, qalıq və aktlar üzrə 518,40 manat borc hesablanmışdır. İddiaçı tərəfindən 2024-cü il üzrə 46,50 manat, 2025-ci il üzrə 60,50 manat ödənilmişdir. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının mülkiyyətində olan mənzil üzrə qaz sayğacı dəyişdirilmiş, xx.xx.2023-cü il tarixdə sözügedən mənzilə dair təbii qazdan istifadə qaydalarının pozulması barədə cavabdeh tərəfindən ******* saylı akt tərtib edilmiş, aktda sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi qeyd edilmiş, Gəncə X2ı İdarəsi tərəfindən itirilmiş qazın bərpası hesabatı aparılaraq qaz itkisinin 4320 m3 (518,4 manat) olması qərara alınmış və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. Göründüyü kimi, tərəflər 1202AQ**********6 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlı mübahisə edirlər. Cavabdeh bilavasitə iddiaçının mülkiyyətində olan mənzil üzrə qaz sayğacı üçün sözügedən məbləğdə borc hesablamışdır. Cavabdeh bu hərəkətini mənzil sahibi tərəfindən qaz sayğacına müdaxilə faktı ilə əsaslandırır. Məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün ilk öncə sayğacın işlək vəziyyətdə saxlanılmasına və sayğacın üzərində olan plombların qorunmasına görə istehlakçının, yaxud qazpaylayıcının cavabdehlik daşımasının müəyyən edilməsi vacibdir. “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, sözügedən ünvan üzrə quraşdırılan qaz sayğacı mənzildən kənarda yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3-cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçıların yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün Cavabdeh İB tərəfindən müvafiq örtüklə örtülməlidir. Şərh olunan normalardan da göründüyü kimi fiziki şəxs olan istehlakçı yalnız plombun toxunulmazlığına görə məsuliyyət daşıya bilər. Sayğaca müdaxilə olunmadan hesablama mexanizmində xəta aşkarlanmışdırsa, buna görə fiziki şəxs olan istehlakçı məsuliyyət daşımır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda qeyd edilən pozuntunun iddiaçının və yaxud mənzil sahibinin təqsirindən baş verməsini, 1202AQ**********6 nömrəli qaz sayğacına müdaxilə edilməsini təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının və ya mənzil sahibinin təqsiri sübut olunmadığından, fiziki şəxs olan istehlakçıların sayğacları üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan və ya mənzil sahibindən tələb etməsi əsassızdır, cavabdeh Azəriqaz İB tərəfindən 4320 m3 itirilmiş təbii qaz üçün 518,4 manat borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən mənzil (abonent kodu **********00070 olan) üzrə təbii qazın itkisinə görə Cavabdeh tərəfindən hesablanmış 518,4 (beş yüz on səkkiz manat qırx qəpik) manat pul məbləği silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-2474/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2474/2025
21.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver