Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2525/2025 11.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, İddiaçı və Cavabdeh İri Şəhərlərin X7 Xidməti publik hüquqi şəxsin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh İri Şəhərlərin X7 Xidməti publik hüquqi şəxsinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmədə baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, X10 küçəsində yerləşən 67 saylı fərdi yaşayış evinə cavabdeh tərəfindən əsassız hesablanmış 411.54 manat məbləğində pulun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq su ilə bağlı ona 211 manat cərimə yazıldığını və həmin cərimənin də əsassız olduğundan silinməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən ona su pulunun dəyərinin ödənilməmiş 411.54 manatın qəbzi verilmiş və bu pulun ödənilməsi ondan tələb edilmişdir. O, həmin pulun ondan tələb edilməsini əsassız hesab edir. Belə ki, onun evinə su gəlməmişdir. O, suyu maşınla gətirib su çəninə vurmuşdur. Belə olan halda ondan 411.54 manat su pulunun tələb edilməsi tamamilə əsassızdır. Ona görə də əsassız hesablanmış 411.54 manat su pulu məhkəmə qaydası ilə silinməlidir. Məhkəməyə dəvət edəcəyi şahidlər də təsdiq edəcəklər ki, o, suyu həmişə maşınla gətirib su çəninə tökmüşdür. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddianı müdafiə etmiş və təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh İri Şəhərlərin X7 Xidməti publik hüquqi şəxsin nümayəndəsi X6 iştirak etmiş və izahatında bildirmişdir ki, Gəncə şəhəri, X10 küçəsində yerləşən 67 saylı fərdi yaşayış evinə və həmin ünvana qonşu olan fərdi yaşayış evlərinə sayğac 28 dekabr 2023-cü il tarixdə quraşdırılmış və istifadəyə verilmişdir. Lakin ikili xətt mövcud olduğundan həmin küçədə yaşayan İddiaçı və eləcə də digər qonşular ikinci xətdən istifadə edərək sayğac quraşdırılmış xəttə qoşulmamışlar. Belə ki, Gəncə şəhəri, X10 küçəsində yerləşən 57, 60, 62, 65, 69 saylı fərdi yaşayış evlərinin abonent saldosundan da göründüyü kimi rəsmi olaraq xx.xx.2023-cü il tarixdə sayğac quraşdırılsa da, Gəncə şəhəri, X10 küçəsində yerləşən 57 saylı fərdi yaşayış evində yaşayan Saday Əhmədov xx.xx.2024-cü ilə qədər sayğacdan istifadə etməmiş, ikinci xətdən istifadə etmiş, Gəncə şəhəri, X10 küçəsində yerləşən 65 saylı fərdi yaşayış evində yaşayan Nəzmiyə Cəfərova xx.xx.2024-cü ilə qədər sayğacdan istifadə etməmiş, ikinci xətdən istifadə etmiş, Gəncə şəhəri, X10 küçəsində yerləşən 69 saylı fərdi yaşayış evində yaşayan Nizami Məmmədov, Gəncə şəhəri, X10 küçəsində yerləşən 60 saylı fərdi yaşayış evində yaşayan İradə İbayeva və Gəncə şəhəri, X10 küçəsində yerləşən 62 saylı fərdi yaşayış evində yaşayan Qönçə İsmayılova isə 2025-ci ilin mart ayından, yəni ikinci xətt dayandırıldıqdan sonra sayğacdan istifadə etməyə başlamışlar. Eyni qaydada onlar da cərimələnmişlər. Sayğac quraşdırılmış su xəttinə abonentlərin özləri qoşulmalı idilər. Odur ki, iddia əsassızdır və rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Şahid1 ifadə verərək, göstərdi ki, o, Gəncə şəhəri, X10 küçəsində yerləşən 61 saylı fərdi yaşayış evində yaşayır. Neçə illərdir su ilə bağlı problemlər yaşamış, su zəif verildiyindən bəzən öz vəsaitləri hesabına su maşını ilə də çəni doldurmuşlar. İkinci xətdən su gəldiyinə görə sayğaca qoşulmağa ehtiyacları olmamışdır. İkinci xətt dayandırıldıqdan sonra təxminən iki-üç ay olar ki, sayğacdan istifadə edirlər. Hazırda suyun verilməsi ilə bağlı heç bir problemləri yoxdur. Məhkəmədə Şahid2 ifadə verərək, göstərdi ki, İbayeva İradə onun anasıdır. Əvvəllər su ilə bağlı problemlər yaşamış və xəttə verilmiş su çox zəif olduğundan su olmayan vaxtlarda öz vəsaitləri hesabına su maşını çağırmış və evlərini su ilə təmin etmişlər. Sayğac 2024-cü ilin dekabr ayından quraşdırılmış, lakin həmin xəttə onları qoşmamışlar. Ona əsassız yerə borc hesablamışlar. 2025-ci ilin mart ayından təzə xəttə öz vəsaiti hesabına qoşulmuşdur. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməldir. Belə ki, iş materiallarında olan, xx.xx.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Mehdi Şadıyev küçəsi, ev 67 saylı fərdi yaşayış evi X1 xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilən nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X2 xx.xx.1987-ci ildə nikahlarını bağlamışlar. İş materiallarına əlavə edilən “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X2 xx.xx.2021-ci il tarixdə Gəncə şəhərində ölmüşdür. İşdə olan abonent kartından görünür ki, Gəncə şəhəri, X10 küçəsində yerləşən 67 saylı fərdi yaşayış evində abonent 1 nəfər adam sayına görə 2022-ci il üzrə 52 manat 20 qəpik, 2023-cü il üzrə 57 manat 60 qəpik, 2025-ci il üzrə 231 manat 30 qəpik borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Su təchizatı və tullantı suları” haqqında Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin 1-ci bəndinə əsasən Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 saylı Qərarı ilə rəsdiq edilmiş “X4”nın 7.2-ci bəndinə əsasən, STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Həmin qaydaların 7.3-cü bəndinə əsasən, smart-kart tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında STKM tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Həmin qaydaların 7.4-cü bəndinə əsasən, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, İddiaçı ona məxsus Gəncə şəhəri, X10 küçəsində yerləşən 67 saylı fərdi yaşayış evinə 411,54 manat su pulunun artıq hesablandığını və 211 manat cərimənin əsassız olaraq yazıldığını qeyd etmiş və tələbini həmin ünvanda sayğac quraşdırılmazdan əvvəl su xəttində suyun olmaması və daha sonra sayğac quraşdırılsa da yenə də sayğac quraşdırılmış su xəttində suyun olmaması ilə əsaslandırmışdır. İşin araşdırılması zamanı tədqiq edilmiş sübutlarla işin faktiki halı kimi müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə gedən və sayğacın olmadığı (şərti-birinci su xətti) su xəttində daimi olaraq su olmuş və iddiaçı da həmin su xəttindən istifadə etmişdir. Məhkəmə həmin su xəttindən istifadəyə görə hesablanmış borc barədə cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi arayışı borcun məbləğini düzgün əks etdirən mötəbər sübut kimi qəbul edir. Ona görə də, məhkəmə iddianın Gəncə şəhəri, X10 küçəsində yerləşən 67 saylı fərdi yaşayış evinə cavabdeh tərəfindən hesablanmış 411.54 manat məbləğində borcun silinməsi tələbini əsassız sayır. İddianın 211 manat məbləğində cərimənin silinməsi tələbini isə məhkəmə qismən əsaslı sayır. Belə ki, məhkəmədə həm iddiaçı, həm də ifadə vermiş şahidlər göstərmişlər ki, onların yaşadıqları evlərə çəkilmiş və sayğacların quraşdırıldığı (şərti-ikinci su xətti) su xəttində son aylara qədər həmin sayğaclar xəttə qoşulmamış və onlar əsasən, birinci su xəttindən istifadə etmişlər. Yəni, belə nəticə müəyyən edilir ki, iddiaçı da məhz bu səbəbdən birinci su xəttindən istifadə etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçıya 211 manat məbləğində borc hesablamaqda cavabdeh İdarə haqlı olmamışdır. Bununla yanaşı, cavabdeh İri Şəhərlərin X7 Xidməti publik hüquqi şəxsin nümayəndəsi X6 izahatında qeyd etmişdir ki, iddiaçıya akt əsasında hesablanmış borc məbləğinin müəyyən hissəsi 2023-cü ilin dekabr ayından etibarən iddiaçının istifadə etdiyi suya görə hesablanmış borc qalanı isə hesablanmış cərimədir. Cavabdeh İri Şəhərlərin X7 Xidməti publik hüquqi şəxsin nümayəndəsi X3 məhkəməyə təqdim etdiyi məlumatlardan müəyyən olunur ki, iddiaçının evinə su sayğacı quraşdırıldığından əvvəlki qaydada, yəni adambaşına aylıq hesablanmalı olan borcun məbləği 123 manat məbləğini təşkil edir. Qalan məbləği, yəni (211-123)=88 manat məbləğini məhkəmə əsassız hesablanmış borc kimi qiymətləndirir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçıya akt əsasında hesablanmış borc məbləğinin 88 manat hissəsi silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. İddiaçı sahibliyində olan Gəncə şəhəri, X10 küçəsində yerləşən 67 saylı fərdi yaşayış evinə hesablanmış 211 manat məbləğində borcun 88 (səksən səkkiz) manat hissəsi silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-2525/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2525/2025
11.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver